Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,66 Mb.
səhifə18/28
tarix15.03.2018
ölçüsü2,66 Mb.
#32166
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

23. QİSMƏTDƏN QAÇMAQ OLMAZ
Bir də o vaxtlar bir adam Musa peyqəmbərə deyir ki, mənim qismətimi de, mən nə yeyəjəm? Deyir kətəməz yeyəjəhsən. Dəəndə deyir ki, a kişi, sən nə danışırsan, mən bu yaşa gəlmişəm, kətəməz yeməmişəm. Musa peyqəmbər deyir ki, ta sən qismətini istədin, mən də dedim. Özün bilərsən.

Hə, bu örüşdən evə gəlmir. Deyir: “Günorta evə getmiyəjəm, bir də axşam gedəjəm. Görüm, bu maa qismət olur, yoxsa yox”.

Hə, bu gününü keçirirmiş. Bir çoban da qoyun otarırmış, bircə dənə bunun heyvanı varıymış özünün. Bu heyvanın doğmağına az qal­mışımış. Əvvəldən də deyifmiş ki, Allah-tala mənim bu qoyu­num­nan maa bir bala versin, and olsun pərvərdigara, onun kətə­mə­zini dodağıma vurmuyajam. Onun kətəməzini yolnan keçənə verəjəm.

Hə, bu gəlif bunun yanınnan keçir. [Çoban] deyir ki, qağa, hara gedirsən?

Deyir:

– Evə gedirəm?



Deyir:

– Ə, heç hara getmə, gəl bəri, mən Allahnan əhdi-peyman bağ­la­mışdım ki, qoyunum doğsun, onun kətəməzini yolnan gedənə verəjəm.

Deyir:

– Ə, get, işinnən-peşənnən məşqul ol. Mən hələ anadan olannan ağzıma kətəməz vurmamışam.



Çoban qəzəblənir. Deyir ki, helə şey olar? Mən Allahnan əh­di-peyman bağlamışam, səni hara boşduyuram? Bu deyir, yemi­yəjəm, o deyir, yeyəssən. Çoban ağacı hərriyir ki, bunun kürəyinə bir ağac çəkə. Ağacı göydə tutur, deyir ki, ə, bir kətəməzə görə məni öldürəjəksən, qoy yeyim. Deyir ki, xudavəndi aləm, şükür sənin böyüklüyünə. Deyir, demək qisməti qəbul eliyən eliyir, eləmiyəni məjbur elətdirillər.
24. ŞAH ABBAS VƏ NAXIRÇI QIZI
Şah Abbas öz vəkilini götürüf gedir çıxır öz vilayətinə gəzmə­yə ki, görək camaatımız nətərdi. Gün batabatda bir komaya gedif çıxıf. Görüf bir qadındı. Deyif ki, qonax isdiyərsiz, Allah qonağı. Deyif:

Allaha da qurban, qonağına da.

– Bəs, – deyib, – ev sahibi hanı, yoldaşın?

Deyif:


– Naxırdadı, camaatın naxırını otarır. İndi çörəyə gedif, bu saatı gəlif tökəcəh nahırı kəndə, uje şər qarışır dana, gün batır.

Bu dəkgədə də kişi gəlir. Bulara yerdən palaz atır, döşəh qoyur. Kişi də gəlir, salamlaşıllar, filan-bəsməkan, azdan-çoxdan, çaydan-çörəkdən. Arvad da hamilə imiş. Bulara çay-çörək qoyuf addıyıf o biri otağa. O biri otağa addıyanda arvadın ağrısı tutuf, ara­dan üş dəyqə, beş dəyqə keçənnən sonra o Şah Abbasın böyründə oturan vəzir gülür. Güləndə deyir:

– Ə, nəyə gülürsən?

Deyir:


– Ə vallah, siz görmədiz, mən gördüm ey. Taleh yazan getdi, o uşağın talehini yazmağa getdi.

Bular başdadılar çörəh yeməyə, bir də gülür bu. Deyir:

– İndi nəyə güldün?

Dedi:


– O taleh yazan qayıtdı. Dedi ki, bu qız uşağıdı. Bunun talehini yazdım Şah Abbasın filan vilayətdə oğlu oldu, ona yazdım.

Deyir:


– Bu taleh yazan olsun, mən də Şah Abbas olum. Bunun tale­hini mən pozaram.

Tezdənnən durullar, çay-çörək yeyillər. Bu kişiyə deyir neçə övaldın var. Deyir ki, altı qızım var, biri də oldu yeddi. Deyir gəl sən bunu ver maa, qızılnan bərabər sənnən alıram. O tərəzinin bir gözünə bunu qoyacam, bir gözünə qızıl, verəcəm saa. Deyir:



  • Qoy arvadıma bir gəyişim.

Gəlir arvadına deyir ki, bəs hal-qəziyə belə-belə. Deyir:

– Booy, əşi, ayağıı ətini yeyirsən, yediyimiz canımıza yatmır. Ver dana.

Bunu tərəziyə qoyur, qızı bunnan alır, götürür gedir. Bir az ayana gedənnən sora vilayətin, bu qəsəbənin paççahın çağırır. De­yir ki, əyə, iki dənə maa cəllad gətirginən. İki dənə atdı cəllad gətirir. Bu bilmir e, bu Şah Abbasdı. Bu çağanı verir buna, deyir:

– Bını torpağızdan çıxardırsız, qətl eliyif atırsız, çıxıf gedir.

Bular deyillər ki, baş üstə, baş üstə. Körpəni verillər, bular tərpənir. Orda gedir, bırda gedir, orda gedir, bırda gedir. Öz torpax­larınnan çıxannan sora görür ki, vallah, çinar ağacının divində yaşıl bulaxlığ, göy çəmənnik, filan. Bular atdarı örüklüyüllər bura, özdəri düşüllər çayda, suda-zadda yuyunuf eliyillər, duruf atı minillər, ça­ğa qalır yerdə. Çağa qalır yerdə, bular tərpənir. Bu vilayətdə də bir dənə tacir varmış, bının uşağı olmurmuş. Anadangəlmə uşağı-zadı yoxuymuş. Bu, qəflə-qatırnan gəlif gedirmiş İrana-Turana alverə. Hamıdan qabağ gəlif görüf ki, bir uşağ ağlıyır. Uşağı götürüf qayıdır, öz camaatına deyir ki, qayıdın geri, tay getmirəm alverə.


  • Ə, nə danışırsan?

  • Yox, qayıdın.

Qayıdır, çaparax atnan gəlir evinə. Arvadını çağırır:

– Arvad, arvad.

Deyir:

– Nədi?


Deyir:

– Allah bizə bir uşağ verif.

– Əşi, ə danışırsan, hardan verdi, nətər verdi?

Deyir:


– Hal-qəziyə belə-belə. Vallah, getdim bulağın üsdünə, ordan tapdım.

Bu uşağı götürüb burda saxlıyıllar. Əməlli-başdı uşağ böyü­yür, qız böyüyür. Şah Abbasın da oğlu burda böyüyür. Amma taleh yazan kişiyə deyifdi ki, o qız ona gedəcək, bir yerdə olacaxlar, amma əli dəyməyəcək əlinə. Çırağ hiss bağlıyacağ, çırağa belə bir çırtma vuracağ, o çırtmadan düşən kül bir canavar oluf onu parçalı­ya­cağ. Onun əli ələ dəymiyəcək. Şah Abbas bunu da fikirləşib. Qırx dənə otağ tikif hamısı da dəmirdən, ağzı da qıfıldan. Bu oğlanı böyüdüf, böyüdüf, on yeddi-on səkgiz yaşına çatanda atı verif deyif:

– Get özüvə şikar axtar.

Oğlan bırda gedir, orda gedir, bir dəfə gedir, hərrənir gəlir. Deyir:

– Yox, ata, tapmadım.

İkinci səfər həmən vilayətə gedəndə görür ki, bir bulağın üsdündə bir qız çiynində su aparır. Deyir:

– O suyunnan maa verərsən bir iskan.

Töküb verəndə elə göz-gözə dəyəndə, – həmən qızdı ey, taleh yazan ha, yadında qalsın, – qıza burda vırılır. Qayıdır gəlir. Qızdan soruşur ki, kimsən, kimin nəyisən? Deyir ki, mən fılan tacirin qızı­yam. Qayıdır gəlir atasıynan görüşür, eliyir. Deyir:

– Ata, bəs mən şikarımı tapmışam.

Deyir:


– Harda?

Deyir:


– Filan vilayətdə.

– Ə, kimin qızıdı?

Deyir ki, filan tacirin qızı. O saatdarı Şah Abbas vəzirdən, vəkildən göndərir gedir ora. Deyir:

– Ə, onun nə həddi var atkaz eliyə.

Deyir:

– Əşi, qurbandı. O nə deyən sözdü.



Təşkil eliyir, bının toyunu eliyir, xeyriynən, şəriynən götürüf gəlillər. Gəlillər bu dəmir qapılardan bir-bir, bir-bir, bir-bir aça-aça aparıf qoyur qırxıncı otağa. Qəşəhcənə bular qalıllar burda. Qapıları kilitdiyə-kilitdiyə, kilitdiyə-kilitdiyə gəlir haçarı götürür, gedir evə. Gəlir girir evə. Səhər tezdənnən duruf gələndə görür nə? Görür oğlu al qan içində ölüf, qız da bürüşüf duruf orda gərdəhdə.

– Hal-qazi­yə nədi bala, bu nə hakk hesabdı?

Deyir:

– Hal-qaziyə belə-belə. Çırağ bir az qurum bağladı, oğlun belə əliynən vırdı, o qurumun biri düşdü yerə canavar oldu, oğlanı parçaladı, sora da qəhətə çıxdı.



Barmağını dişdiyir, deyir:

– Örgənin görün bu qız kimdi?

Şah Abbas durur əmr verir. Deyir:

– Təcili taciri gətirin bura.

Tacirin arvadını gətirillər. Deyir:

– Qızı havaxt doğmusan, havaxt anadan olub, hangi tarixdə, hangi vaxtda.

Deyir:

– Mən bunu doğmamışam. Ərim filan ayın filan tarixində filan yerdən gətirif.



Həmən vilayətdən danışır, həmən dediyi toçkadan danışır. Paççah onda barmağını dişdiyir ki, deməli mən talehi pozmamışam. Talehi yazan yazır, Allahın əmridi bu, Allahın əmrini mən poza bilə­rəm. Burda bunu dəqiqləşdirir, həmən iki cəllad vardı, o cəllatdarı çağırtdırır. Deyir:

– Neynədız, filan tarixdə sizə belə bir çağa verdik.

Deyir:

– Şah sağ olsun, vallah, getdik orda yedik, işdik, əlmizi-zadı yuduğ. Elə gözəl yer idi, elə bil cənnətdeydik. Uşax da yadımızdan çıxıb qalıf orda, çıxdıx gəldik.



Şah Abbas onnan sora inanıfdı ki, Allaha inanan adamdı, Allah yazanı bəndə poza bilməz. Deməli, heylə bir taleh yazan olufdu. İndi kimin qismətini Allah yazıfsa bala, onu nə ata, nə ana, nə xala, nə bibi, nə dayı, nə əmi – heş kim poza bilməz.
25. ƏCƏLDƏN QAÇMAQ OLMAZ
I mətn

Bir qadın, bir də İsa peyğəmbər olur. Bu qadının üç qızı olur. Qadın həmişə arzuluyur ki, ilahi-pərvərdigarə, məəm bir oğlum olsun. Bir gün qadın yuxuda görür ki, Allah mına deyir ki, sənin bir oğlun olejehdi, amma on dokquz yaşına çatan günü mən onu sənin əlinnən alajam. Qadın razı olur, təki el töhmətinnən qurtarsın. – Köh­nə vaxtı kəntdə-kəsəhdə çox qızı olana sonsuz deyərdilər, ar­xan yoxdu deyərdilər. – Qadın deyir, ona razıyam, kaş məəm bir oğlum olsun, təki on dokquz il desinnər onun oğlu var da.

Bir gün gəlir bı qadının bir oğlu olur. Bı yekəlir, böyüyür, on dokquz yaşına günnər qalır, sahatdar qalır. Qadın gəlir peyğəmbə­rin yanına, yalvarır, düşür ayağına, sürünür.

– İlahi, mana belə bir səda gəlifdi, mənim uşağımı on dokquz yaşına çatan kimi məəm əlimnən alajehlər. Sən mana köməh elə.

Peyğəmbər bının sızıltısına, bının ahına, naləsinə dözə bilmir, deyir:

– Ay xanım, mən səən uşağını saxlıyajam, sən uşağını gəti, qoy məəm yanımda dursun.

Bı uşağını – oğlunu gətirir bının yanında saxlıyır. Nəysə, oğ­la­nın on dokquz yaşı tamam olan gün olur. Axşamçağı olur. Görür ki, göy gurulduyur, ildırım çaxır. Peyğəmbər elə təsəvvür eliyir ki, yəqin bını ildırım vurajehdi. Tez bı oğlanı çağırır gətirir, basır qava­ğına, iki əlli bı uşağı qucaxlıyıf saxlıyır. Qəfil sel gəlir. Ca­maa­tın yarsı selin bir üzündə qalır, peyğəmbərnən uşax bir üzündə qalır. Uşağı peyğəmbər qucağında sıxıf saxlıyır. Sıxıf saxlıyır, elə bilir ki, qucağında saxlıyıfdı. Sel yatır. Sora arvat yüyürüf gəlir. Deyir ki, bə məəm uşağımı saxlıya bildinmi?

Peyğəmbər deyir:

– Hə, saxlamışam.

Axı, paltar qucağındadı kişinin. Deyir:

– Di ver.

Peyğəmbər əl atır ki, paltarı qalıf qucağında, uşağ özü yoxdu, sel aparıfdı. Deyir:

– Ey peyğəmbər, bəs sən mana söz verdin ki, sənin balanı saxlıyajem. Bəs noldu?

Deyir:


– Sən gör ki, paltarı qucağımdadı, amma uşağın özünü sel aparıf. Demək, yazıya, pozu yoxdu. Sənin balanı Allah aldı apardı, mən onu nətər saxlıya bilərdim.
II mətn

Bir qadın olub, onun bircə uşağı oluf, özü də sevimli uşağı oluf. Neçə dəfələrnən oğlu anadan olub ölüb, biri qalıb. Azreyilə Allah-talla tərəfinnən əmr gəlib ki, o uşağın canını al. Azreyil deyir ki, qurban olum, neçə ildir mən sənə qulluğ eliyirəm, amma mən onu ala bilmərəm. O aylənin elə bil çırağı sönə-sönə, sönə-sönə gəlif, burda indi şamdı yandırmışdı. İndi sən deyirsən onu söndür, mən onu ala bilmərəm.

Deyib:

– Ə, ağlın olsun. Mən deyirəm, Allahın əmridi, amma elə eliyəcəm ki, səndə olmuyacax günah.



Kişi də bir dənə dana saxlıyırmış qapısında. O qədər gözəl heyvanmış, yaraşıxlı. Uşax da bir yaşına, iki yaşına keçibmiş. Bu dananın yanında hərrənirmiş ayna-bayna. Uşağı götürüf qoyur dana­nın üsdünə ki, həvəsdənsin dana. Dana nətər tullanıb-düşürsə, uşax yerə düşən kimi canını tapşırır. Allah Azeriyilə deyir ki, gördün, gü­na­hı səndə görmədi. Onnan sora müsibətə bax dana. Kişi özünü öldü­rür, arvad, uşax. Mən niyə götdüm qoydum dananın üsdünə. Fi­kir verirsən, Allahın verdiyi əmri heş kim geri qaytara bilməz, qurban olum Allaha. Onun hökmü elə hökmdü ki, ağlın paççahlara, şahlara getməsin. Olar böyün verdiyi fərmanı səhər geri oxuyullar.
III mətn

Məşəd Kərim kişi var idi, o danışırdı ki, Əmirəlmöminin Əleyhüssəlam bir gün bir ərəbin evində qonağ oldu, gejəni qaldı. Amma ərəb bilmədi ki, bu Əmirəlmöminindi. Dedi ki, gejə bu evdə bir oğlan dünyaya gəldi. Allahın məlaikəsi getdi bunun taleyini yazdı, qayıdıf gələndə Əmirəlmöminin bunun ətəyinnən tutdu. Dedi ki, nəyə gəlmişdin bura? Dedi ki, ya Əli, bəs, bu evdə bir uşağ dünyaya gəldi.

Dedi:

– Onun taleyini nejə yazmısan?



Dedi:

– O uşağın taleyini yazmışam ki, həddi-buluğa çatıf toy günündə o uşağ dünyasını dəyişib sükuta qərq olajaxdı.

Əmirəlmöminin buna heş nə demir. Səhər açılır, olannan, ol­maz­­dan yeyillər, içillər. Deyir ki, bu gejə sizin evinizdə bir şad­ya­na­lığ varıydı, ərəb qardaş, o nə şadyanalığıydı? Deyir ki, bu gejə mə­nim bir oğul uşağım dünyaya gəlifdi. Deyər ki, çox gözəl, çox mü­barək. Amma sənnən bir təvəqqəm var mənim. Bu uşağ böyü­sün, həddi-buluğa çatsın, evlənən vaxtı məni o uşağın toyuna dəvət eliyərsən.

Deyir:


– Ərəb qardaş, mən sənin ünvanını tanımıram, bilmirəm harda olursan, ünvanını bilmirəm, səni mən nə təər çağıra bilərəm?

Deyir ki, bir dəfə çıxarsan bir təpənin üsdünə, deyərsən “ya Əli, ədrəxnə”*.

Hə, bu uşağ böyüyür, həddi-buluğa çatır. Bu kişi bunu evlən­dir­məh məqamında, günorta olmuşumuş, keçirmiş. Hə, bullar gedil­lər bəy dostlarınnan gəlinin pişvazına. Bu adamın ayləsi deyir ki, bəs sən bir adamnan əhdi-peyman bağlamışdın ki, onu toya dəvət eliyəsən. Niyə dəvət eləmirsən?

Deyir:


– Ay sağ olmuş, nə biləh o, hardadı, ünvanını bilmirih, çağırmağnan eşidəjəh, gələjəh, gəlmiyəjəh.

Dedi ki, yox, əhdi-peyman bağlamısan, söz vermisən, əhdini yerinə yetirməlisən. Bir dəfə çağır, gələr gələr, gəlməz gəlməz.

Deyir:

– Ya Əli, ədrəxni, ya Əli, ədrəxni, ya Əli, ədrəxni.



Aradan bir xeyli vaxt keçir. Əmirəlmöminin Düldülə süvar oldu gəldi. Soruşdu ki, bəs bəy hanı, niyə məclisə gəlmədi? Dedilər ki, bəy gedib gəlinin pişvazına dostlarınnan. Deyir ki, hansı tərəfə? Səmtini deyillər. Ata suvar olub bu da gedir. Gedir ki, bəyin dostları çox pəjmürdə gəlillər. Dedi ki, nə olufdu, nə hadisə üz verif? Dedilər ki, bəs bəyi sel apardı. Atı sürür, Düldülü sürür çaya ki, çayın üzüynən bu oğlanı su aparır. Atı sürdü, bu uşağı əlinə götürəndə baxdı ki, bu uşağ döyül balıxdı. Atdı suya. Suya atan ki­mi, balıx aralaşır, baxır ki, insandı, həmən oğlandı. Üçüncü dəfə əl atır ki, bu uşağı götürsün. İlahidən – Allah-tala tərəfinnən səda gəl­di ki, ya Əli, sən mənim yazımı poza bilməzsən. Çünki Allah-tala buyurufdu ku, mənim hər şeyə güjüm, qüdrətim çatır, bircə mən yazdığım yazını poza bilmirəm.
26. İNSANIN TAMAHI
Dünyada tamahdan mundar şey yoxdu. İnsanın başını alçax eliyif, insanı camaat içində öldürüf yerə salan tamahdı.

Günnərin bir günü paççah vəzirini çağırır, deyir:

– Vəzir, mundarın mundarını tapginən, gəl maa de. Qırx gün də saa möhlət verirəm. Tap gətir.

Bu gedir arvadınnan oturuf fikirrəşir. Ağıllarına gələn, başda­rına gələn şeyi gəlif padşaha deyir. Deyir ki, yox.

Deyir:

– Arvad, onsuz da boynumu vurdurajax. Bir az çörəhdən, sudan qayır, mən gedim.



Bir sumka çörək-su götürüf düşür yola. O dərə mənim, bu təpə sənin. Bir gün vaxdı qalır. Gəlir ki, bir dağın döşündə çoban qoyun otarır. Gərməşov ağacınnan qəşəh təsbeh düzəldir. – Özü­müz də düzəldirdih. Yağda qızardırdıx, çox gözəl görükürdü. Tö­kür­düh yağın içinə, qoyurduh qızarırdı. Yaxşı da əldə oynuyur. – Oturur, deyir:

– Çoban, mənə bir az çörəhdən-sudan tap ver, yeyim.

Deyir:

– Verərəm.



Bir dolça süd sağır, verir. Bunnan irəli quruşqalar misdən olurdu. Bunu doldurur südnən, bunu da içir. Deyir:

– Qardaş, yaman fikirrisən.

Deyir:

– Savah boynum vurulajax.



Deyif:

– Niyə?

Çoban təsbehi əlində oynadır ha. Vəzirin göz düşüf təsbehə. Deyir ki, o təsbehi maa verə bilərsənmi?

Deyir:


– Yox. Mən bunu zulumnan düzəltmişəm, bu qiymətdi şeydi. Mən bunu əldən vermərəm axı. Günümü bunnan keçirirəm.

Deyir:


– Nə versəm onu maa verərsən?

Deyir:


– Nə versən də, vermərəm.

Var da civində. Əlini saldı civinə, bir xışma qızıl çıxardır. Deyir:

– Bunu verim, təsbehi ver maa.

Deyir:


– Yox, yox, heç beş o qədər də versən, vermərəm.

Deyir:


– Çoban, mən dünyada mundarın mundarını gəzirəm. O təs­behi ver, aparım verim.

Deyir:


– Mundarın mundarı nə şeydi ki, onu gəzirsən. Mən on saniyəyə deyərəm, nə var onda.

Deyir:


– Əşi, nə danışırsan, alimlər tökülüf onu tapmıyıf. Sən hardan tapassan?

Deyir:


– O nə sözdü ki, onu bilmiyən adam ola.

Deyif:


– Yaxşı, onda təsbehi ver maa.

Təsbeh vəzirin yadınnan çıxmır ey. Hələ boynuun vurulmağı yadına düşmür. Deyir:

– Gəl saa bir məslahat eliyim. Burda heş kim yoxdu. Ordan bir yer qazım, bir qavca süd sağım töküm oraya, mənim bu iki itim, bir də sən – üçünüz də orda onu yala, bu təsbehi verim saa. Yazıx vəzir o yana, bu yana baxır. Bu dağda adam yox, bir şey yox, bunu kim görəcəh. Deyir ki, nolar. Sağıf gətirif töküf oraya. İki it bir tərəfdən, bu da bu tərəfdən başını salıf oraya, o itin dilini yalıyıf, bu itin dilini yalıyıf. Torpağı da yalıyıf qutarıllar. Duruf deyir:

– Təsbehi ver.

Deyif:

– Vermiyəjəm.



Deyif:

– Bəs sən deyirdin verəjəm.

Deyif:

– Bilirsən nəyə vermirəm? Get paççahına denən ki, dünayada mundarın mundarı tamahdı.



Deyir ki, təsbehi vermirsən? Deyif:

– Yox.


Bu gəlif deyir:

– Arvat, filan dağın döşündə savatsız çoban vardı. Maa bir söz deyif, gedif padşaha onu deyəjəm. Onsuz da boynum vurulajax. Hallaşax, bu gün gedəjəm. Halallaşır, görüşüf gedir.

Deyir:

– Paççahı-aləm sağ olsun. Bütün eli-obanı gəzdim, heş bir şey tapa bilmədim. Mənə çoban bir söz deyif. Bilmirəm yalandı, gerçəhdi, demək ola, olmuya.



Deyif:

– Denən.

Deyif:

– Paççahı-aləm sağ olsun, çoban dedi ki, dünyada mundarın ən mundarı tamahdı.



Deyif:

– O, çox ağıllı adamdı. O hardadı, tapın gətirin bura.

Ay dədə, evi yıxıldı bu yazığın. Burdan duruf yığışıf gedir çobanın yanına. Deyir:

– Sənin öyünü Allah tiksin, məni balaya salmısan. Bəs paççah deyir onu götür gəl bura.

Çoban duruf düşür böyrünə. Gedir oturur. Deyir:

– Çoban qardaş, sən nə bildin dünyada mundarın mundarı tamahdı.

Deyir:

– Bəy sağ olsun, o təsbehi gərməşov ağacınnan düzəltmişəm. O heş zaddı. Çöllərdə bitən ağacdı. İntaası onu yağda qızartmışam, o qızaranda çox gözəl görünür. Dedi ki, onu ver maa. Bir ovuş qızıl çıxartdı, vermədim. Dedi gəl nə isdiyirsən verim, çobançılıxdan qutarım. Vermədim. Tamah onu nətər allatdısa, getdi mənim iki kö­pəyimlə süd yaladı. Mən fikirrəşdim ki, dünayada mundarın mun­darı tamahdı.



Deyir:

– Vəzir, sən çobanın yerinə çoban, çoban mənim yanımda vəzir işdiyir.

O çoban da orda kasıfçılığın daşını atır, ağ günə çıxır.

Söyləyici bu nağılı anasınnan eşidib.
27. KASIB OĞLAN
Biri varıydı, biri yoxuydu, bir ana-bala varıydı. Ana-bala kasıblıxla birtəhər başlarını girriyirdilər*. Elə ki, oğlan boy-buxuna dolub həddi-buluğa çatdı, anası ona dedi:

– Oğul, daha əl-ayağın yer tutur, get padşahın qoyun-quzusuna çobannıx elə, bir parça çörəyimiz olsun.

Oğlan anasının dediyi kimi də elədi. Padşahın sürüsünü otarıb əvəzində gündə bir çörəh aldı. İndi eşit padşahın qızınnan. Padşahın qızı çöldə gəzəndə oğlanı görüb onnan xoşu gəlmişdi. Odu ku, xəlvətcə hər gün bir çörəh gətirib çobana verirdi. Ana-bala bu çörəyi yeyib şükrannıx eliyirdilər. Bir gün oğlan ha gözlədisə qız gəlib çıxmadı. Axşam tək bir çörəhlə evə qayıdıb qızın gəlmədiyini anasına söylədi. Anası əlini dizinə vurub yanıxlı-yanıxlı dedi:

– Eh, ay bala, şahın qızı yoxdu, qəfildən ölüb.

Oğlan hal-vəziyətdən agah olub gözlədi, gecə yarı olanda xəlvətcə durub getdi qəbirstannığa. Axtarıb qızın qəbrini tapdı, qəbri yarıb, qızın meyidini çıxarıb gətirdi evə. Ana-bala onu orta­lığa qoyub ağlamağa başladılar.

İndi xəbər tut ayrı bir xəbərdən. Deyir “yara sağalacax olsa, təbib qənşər gələr”. İndi də eyzən* elə oldu. Qız naxoşlayanda pad­şah uzax məmləkətdən loğman çağırmışdı, amma loğman gecikib vaxdında özünü yetirə bilməmişdi. Gəldiyi elə indi idi. Loğman şəhərə varid olub yolla gedirdi ki, birdən qulağına bir daxmadan ağlaşma səsi gəldi. Fikirrəşdi ki, bəlkə bir köməyim dəydi, qoy gedim görüm nə müsibətdi belə. Loğman şəhərə varid olub yolla gedirdi. Loğman yaxınnaşıb qapını asdadan tıkqıldatdı. Anaynan oğul gecənin yarısı qapının döyüldüyünnən bərk qorxuya düşdü. Dedilər yəqin padşahın adamlarıdı, işdən duyux düşüblər, indi gəlib ikimizi də öldürəcəhlər. Oğlan cəld qızı kilimə büküb taxtın altına soxdu. Sora ürəyi uçuna-uçuna gedib qapının cəfdəsini qaldırdı. Baxdı ki, qapıda ağ saçlı, ağ sakqallı nurani bir adam durub.

– Oğul, uzax yerdən gəlmiş qərib bir qocayam. Mümkün varsa, məni bu gecəliyə qonax saxla.

Oğlan bir az ürəklənən kimi oldu.

– Yerim var, gəl içəri, kasıb olsax da, ürəyimiz genişdi.

Loğman baxdı ki, bu bir yaxşı oğlandı, ürəyinnən keçirdi ki, müşkülü varsa, gərəh asan eləyim. Bir qurtum çay içib bir tikə çörəh kəsənnən sora loğman üz tutub oğlannan soruşdu:

– Oğul, mən sizin evin yanınnan keçəndə içəridən ağlaşma səsi gəlirdi. De görüm, nə müsibətiniz var. Mənnən çəkinmə. Mən müşkülləri asan eliyən loğmanam, de dərdini.

Oğlan bir az o yana baxdı, bir az bu yana baxdı, baxdı, öz-özünə dedi ki, ölməh ölməhdi, xırıldamax nə deməhdi, gəl aç dərdini de, bəlkə çarə qıldı. Oğlan əlini sinəsinə çarpazlayıb köks ötürdü:

– Ey loğman ata! Mənim başıma bir qəziyə gəlib. Eşit gör nə müsibətə düşmüşəm.

Beləcə əhvalatı necə mən sizə nəql eləmişdimsə həmən qay-daynan başdan hamısını loğmana danışdı. Loğman dedi:

– Oğul, tez ol qızın cəsədini gətir ortalığa.

Oğlan durub taxtın altında gizlətdiyi cəsədi gətirdi. Loğman dikqətnən qıza baxıb dedi:

– Padşah da elə məni bu qızdan ötəri çağırtdırıb. Gecikib vax­dında yetişə bilməmişəm. Amma bu qız ölməyib. Sətəlcəmnən quru­yub. Ona görə də ölüyə oxşuyur. İndi mən nə buyursam, sən əməl elə, tədbirini qılıb dirildəh. Belə elə, iri bir çən gətir, içini suynan doldur.

Oğlan çəni gətirdi, ana-bala isdi su düzəldib çəni doldurdular. Loğman qızı isdi suyla ovuşdurmağa başladı. Ovuşdurduxca da bildiyi dava-dərəmanı yerli-yerində məlhəmə döndərib qızın bədə­ni­nə sürtdü. Yarım saatmı deyim, bir saatmı deyim, qərəz nə qədər­sə vaxt ötdü, hannan-hana qız asqırıb durdu ayağa. Ana-bala, bir də qız loğmanın bu möcuzatına mat qalıb ona dil-ağız elədilər, əl-ayağınnan öpdülər.

Səhər açıldı, cəmi səhərlər üzünüzə xeyirriyə açılsın. Loğman daha padşahın sarayına getməyib üz qoydu öz məmləkətinə.

İndi eşit şah qızıynan ana-balanın bunnan belə başına gələn­nər­dən. Bunnar üçlühdə oturub fikirrəşdilər ki, neyləsinnər, neylə­mə­sinnər. Şah qızı dedi:

– Mənim dirilməyimin xəbərini hələ atama yetirməh olmaz. O saat ürəyi partdıyar.

Bəli, bunnar xəbəri bir kimsəyə yaymayıb genə də kasıbçılıx­la­rında oldular. Bir gün qonşularındakı sövdəgər oğlanı yanına çağırdı:

– Baxıram ki, çox halal adamsan, gəl mənə mal aparıb gətir­məh­də köməh elə. Muzdunu da halal isdəsən bir abbası, haram isdəsən bir tümən verərəm.

Oğlan bir abbasıyla razılaşdı. Bunnar yük götürüp başqa bir şəhərə yollandılar. Oğlan mənzil başında muzdunu alıb fikirə get­mişdi ki, sövdəgər soruşdu:

– Oğul, nə xəyala getmisən?

Oğlan dedi:

– Fikirrəşirəm ki, bu abbasıyla nə alım ki, Allaha xoş getsin.

Sövdəgər ona bir yol salğadı*:

– Bax, bu yolnan gedərsən. Gedib bir qoca kişiyə rast gələcəhsən. Görəcəhsən ki, qabağına üç nar qoyub satır. Üçünü bir abbasıya verəcəh. Alıb gələrsən.

Oğlan sövdəgər deyən kimi elədi, narlar əlində qayıdıb gəldi. İsdədi narın birini kəssin ki, yeyələr, sövdəgər dedi:

– Saxla, evə qayıdanda kəsib nənənlə yeyərsən.

Qərəz, sövdəgər alış-veriş eləyib oğlanla geri qayıtdı. Oğlan narları da, pulu da gətirib anasının qabağına qoydu. Dedi:

– Ana, bu pulu xərclik eləyib dolanın, narları da kəsib qıznan yeyin.

Belə deyib genə sövdəgərlə səfərə yollandı. Bu getməyində olsun, eşit evdəkilərdən. Elə ki, oğlan anasıyla vidalaşdı getdi, qız narın birini kəsdi, baxıb gördülər, bay-bay, narın içi tamam ləl-cəva­hir məkanıdı! Tez ləl-cəvahiri yığıb gizlətdilər ki, neyləsinnər. Axırda bu qərara gəldilər ki, ev tikdirsinnər. Usda çağırıb ev binəsi qoy­durdular. Ev də nə ev, yar-yaraşıx, cah-cəlalı şahlara yaraşan ev.

Bunnar burda mülk tikməhdə olsunnar, indi kimdən xəbər verəh, oğlannan. Oğlan bu dəfə də sövdəgərlə oturub fikirrəşməyə başladı ki, bir abbasıya nə alsın, nə almasın? Sövdəgər məsləhət elədi ki:

– Bax, bu yolnan get, üçüncü döngəyə çatanda görəcəhsən ki, bir qoca kişi üç pişih satır. Həmən pişihləri alıb geri qayıt.

Oğlan isdədi deyə ki, a kişi, mən bir parça çörəyə möhtac adamam, pişiyi-zadı neynirəm. Amma bir söz deməyib bu dəfə də sövdəgər deyəni elədi. Alış-verişi qurtarıb təzədən üz qoydular geriyə. Yolda sövdəgər dedi:

– Gəlsənə, bir dayanıb dincimizi alax. Bu yaxınnıxda mənim bir dosdum var, gedəh onun mülkünə.

Yollandılar sövdəgər deyən yerə. Dosdu sövdəgəri xoş-beşlə qarşıladı. Yeyib-işməh məclisi quruldu. Bunnar süfrə başında əylə­şən­də baxdılar ki, dörd yanlarında əli ağaclı çoban adamlar düzü­lüb. Sövdəgər təəccüblə soruşdu:

– Bu nə işdi belə?

Dosdu dedi:

– Əşi, siçannarın əlinnən göz aça bilmirih. İmkan tapsalar süfrədə nə var hamısını talan eliyəllər. Əli ağaclı oğlannar onnarı qovmax üçün düzülüflər.

Sövdəgər güldü:

– Dərd təki siçan dərdi olsun. Ona əncam eləməh mənim əlimdə.

Belə deyib oğlana işarə elədi ki, get zəmbildəki pişihləri gətir. Oğlan gətirib pişihləri buraxdı. Bir göz qırpımında pişihlər siçan­narın axırına çatdı. Ev yiyəsi sevincəh dilləndi:

– Bunun müqabilində mən də sizə bir dəvə yükü qızıl peşkəş eliyirəm.

Bəli, gecəni qalıb sübh tezdən oğlannan sövdəgər öz məmlə­kət­lərinə yola düşdülər. Mənzil başında sövdəgər qızıl yüklü dəvəni oğlana bağışdadı. Oğlan gəlib evlərinə çatanda baxdı ki, uçux-sö­kük daxmaları yoxdu. Onun yerində bir imarət ucaldıblar ki, deyər­sən şah sarayıdı. Elə bildi yolu çaşıb, isdədi geri qayıtsın. Anasıy­nan şah qızı akuşkadan əl eləyib onu çağırdılar. Oğlan gəlib məsə­ləni örgəndi. Bir dəvə yükü qızılı da yerbəyer elədi. Başladılar kef-damax içində yaşamağa. Oğlanın anası molla çağırıp qızla oğlunun kəbinini kəsdirdi. Şad-xürrəm ömür sürüllər.

Beş-altı ildən sora bunnarın bir bölüh çolma-cocuğu oldu. Bir gün qız dedi:

– Gəl atamı qonax çağırax.

Bəli, şah, başında da əyan-əşrəfi oğlangilə qonax gəldi. Uşax­ları görən kimi şahın onnara qanı qaynadı. Başdadı onnarı öpüb-oxşamağa. Oğlan açıb əhvalatı şaha danışdı. Şah baxdı ki, qızının evinə qonax gəlib, çox xoşhal oldu. Öz qızını çağırıb bağrına basdı. Şah da qırx gün, qırx gecə toy vurdurdu. Mən də həmin toydaydım. Yedim, işdim, yolla geri qayıdanda bir də baxdım ki, budu ha, göydən üç alma gəlir. Almanın biri mənim, biri özümün, biri də nağıl danışanın. Siz sağ, mən salamat.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə