Dədə Qorqud ● 2015/I 120
S.Ə.Şirvani, S.S.Axundov, A.Şaiq, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndiyev, F.Kö-
çərli kimi görkəmli şəxslərin ədəbi – pedaqoji fəaliyyətinə diqqət etsək görərik
ki, onların hamısının tərbiyə xarakteri daşıyan əsər və məqalələrinin əsasında
məhz xalqdan seçilib götürülən folklor materialı durmuşdur. Başqa sözlə desək,
onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb
seçmiş, yenidən canlandırmışlar.
Ötən əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar ola-
raq folklor ana dili, xalq dili məsələləri ilə sıx bağlı idi. Şifahi xalq ədəbiyyatı
ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilin-
dən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ,ilk növbədə, folklorun dilini –
ana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm
bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. «Molla Nəs-
rəddin»in xalq ədəbiyyatına, demək olar ki, hər nömrəsində müraciəti, C. Məm-
mədquluzadənin «Anamın kitabı», «Kamança» pyeslərində folkloru, xalqın dün-
yagörüsü, Ü.Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsasında əsərlər
yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F.Köçərli,
A.Şaiq, R.Əfəndiyev, Y.V.Çəmənzəminli və başqalarının bir sıra məqalə və
məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi.
XX əsr tarixə, eləcə də folklora, ədəbiyyata, mədəniyyət və incəsənətə öz
tələbləri, mürəkkəbliyi və ziddiyyətləri ilə qədəm qoydu. Bu yüzillik öz dina-
mikliyi, vüsəti, mütərəqqi baxışları ardıcıl təbliğ etməsi, xalqı ictimai gerilikdən
qurtarmağa çalışması ilə yadda qalan bir əsr oldu. Qələmin müqqəddəs vəzi-
fəsini xalqa xidmətdə görən Azərbaycan şair və yazıçıları C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, Y.V. Çəmənzəminli, Ü.Hacıbəyov,
S.S.Axundov, A.Şaiq, S.Vurğun və b. bir amal – xalqının azadlığı, tərəqqisi uğ-
runda birləşdilər. Siyasi həyat, sinfi mübarizənin bütün mövzuları ədəbiyyatın
başlıca obyektinə çevrilməyə başladı. “Azərbaycan tarixində bədii ədəbiyyat heç
zaman XX əsrin əvvəlləri qədər günün zəruri, ictimai məsələləri ilə sıx əlaqədə
olmamışdı. Bədii ədəbiyyat heç bir zaman bu məsələləri XX əsrdə olduğu dərə-
cədə əhatə etməmişdir. Heç bir zaman ədəbiyyat bu qədər oxunmamış, cəmiy-
yətdə belə tez və geniş əks-səda oyatmamışdı. İndi ədəbiyyat çox kəskin siyasi
silah olmuşdu” (5, 70).
M.Arif yazırdı ki, “Azərbaycan nəsrinin bəhrələndiyi ən mühüm qaynaq-
lardan biri xalq ədəbiyyatıdır. …Azərbaycan xalqının ədəbi ənənələrinin inkişafı
da özünəməxsus bir varislik yolunun aparıcısı kimi diqqəti cəlb edir. Onun baş-
lıca mahiyyətinin dərinliyində isə zəngin folklor ənənələri aydın nəzərə çarp-
maqdadır” (6).
XX əsrdə folklor elementləri nəsrimizin məzmununa və mahiyyətinə elə
dərindən hopmuşdu ki, bunu C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdi-
yev, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov, S.S.Axundov, A.Şaiq və başqalarının
yaradıcılığında daha aydın duymaq olurdu. Folklor elementləri bu ədiblərin
Dədə Qorqud ● 2015/I 121
nəsrinin görünən məzmununda və görünməyən alt qatında açıq əks olunurdu. Bu
isə nəsrin folklor qaynaqları ilə tarixi və varislik ənənələri ilə sıx bağlı idi. Azər-
baycan nəsrində folklor elementlərinin, folklorizmin əksi təbii ki, heç də bütün
dövürlərdə eyni səviyyədə qorunub saxlanmamış, yaxud əks oluna bilməmişdir.
N.Nərimanovun nəsrində folklorizm, folklor elementləri bəzən açıq, bəzən
də üstörtülü məzmunda nəzərə çarpırsa, C.Məmmədquluzadənin nəsrində bunlar
yeni görüntülər silsiləsi yaradır. “Molla Nəsrəddin” ədəbi məcmuəsində folklor
süjetləri ifadə formasını dəyişir. Bu məcmuədə, folklorizmin müxtəlif çalarların-
dan istifadə isə, bütövlükdə XX əsr nəsrinə yeni qəliblər, ölçülər gətirir. Xalq
qəhrəmanları qaçaq hərəkatı, milli-mənəvi dəyərlər, mərasim və rituallarla bağlı
məzmun nəsrdə özünü göstərməyə başlayır. Y.V.Çəmənzəminlinin “Qızlar bula-
ğı” (7, 345-450), S.Rəhimovun “Aynalı” (8, 3-184) əsərlərində folklor məzmunu
bir qədər standart qəliblərdə təkrarlanmağa başlayır. Bu, əslində Azərbaycan
nəsrində folklorizm hadisəsinin yeni şəkildə, bir qədər geniş ölçüdə davamı idi.
Folklorizmlər M.İbrahimovun, İ.Əfəndiyevin, M.S.Ordubadinin, İ.Şıxlının
və başqa ədiblərin yaradıcılğında daha qabarıq nəzərə çarpdı. 60-cı illərin baş-
lancığında isə nəsrimizdə milli dəyərlərə yeni bir qayıdış meyli özünü göstərdi.
Sovetlər dövrünün tələblərindən fərqli olaraq, nəsr yeni məzmun gəlməyə
başladı. İ.Əfəndiyevin, İ.Şıxlının, S.Əhmədovun, Ə.Mustafayevin yaradıcılığın-
da sistemsiz halda nəzərə çarpsa da yeni məzmunun yeni daşıyıcıları folklorizmi
bütün çalarlarında nəsrə gətirməyə həvəsli qüvvələr yetişməyə başladı. Ancaq
folklorizim ənənələrini gözə çarpan və gözə çarpmayan qəliblərdə nəsrə gətirən,
ilk hekayələrdən başlayaraq ən böyük romanlarından biri olan “Mahmud və
Məryəm”ə qədər milli-mənəvi və əxlaqi dəyərləri önə çəkən ədiblərdən ən məh-
suldarı Elçin oldu.
Elçinin nəsrində folklorizmin yeni qayıdış elementləri tarixi-xronoloji ar-
dıcılığla əsaslanır. Elçin bu işi çox ehtiyyatla ilk hekayələrindən başlayaraq son-
rakı dövrdə qələmə aldığı nəsr əsərlərində bir növ bərpa edir. Azərbaycan nəs-
rində folklorizm görüntülərinə yenidən qayıdır, əsərlərini folklor elementləri və
folklor süjetlərini zənginləşdirməklə oxucu qəlbinə yol tapır.
İşin elmi yeniliyi. Bir sıra ədiblərin folklor süjetlərindən öz əsərlərində is-
tifadəsini əks etdirən bir çox tədqiqatların aparılmasına baxmayaraq folklorla
yazılı ədəbiyyatın geniş tədqiqinə, demək olar ki, indi-indi başlanılmışdır. Bu
problemin məqalədə geniş şəkildə öyrənilməsi məqalənin elmi yeniliyidir.
Tətbiqi əhəmiyyəti. Məqalədən Azərbaycan ədəbiyyatında folklor dəyər-
ləri ilə yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi ilə məşğul olan mütəxəssislər, ali
məktəb tələbələri istifadə edə bilərlər.
Dostları ilə paylaş: |