Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə88/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   84   85   86   87   88   89   90   91   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Sevinc AYAZQIZI (HEYDƏROVA) 
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 
jsevinj@mail.ru
 
 
1960-1970-ci İLLƏR ƏDƏBİYYATIMIZDA ÜMUMİ NƏZƏRİ 
MƏSƏLƏLƏR VƏ YARADICILIQ METODU PROBLEMİ 
(1960-1970-ci illər “Ədəbiyyat və incəsənət”
qəzetinin materialları əsasında)
 
 
Açar sözlər:
“Ədəbiyyat və incəsənət” qəzeti, ədəbi tənqid, ədəbiyyat nə-
zəriyyəsi, ədəbi proses 
Key words:
the newspaper “The literature and the art”, literary criticism, 
theory of literature, literary process 
Ключевые слова:
газета «Литература и искусство», литературная 
критика, теория литературы, литературный процесс
1960-1970-ci illər Azərbaycan ədəbiyyatı tarixində yeni bir 
mərhələ olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığının da yeni bir 
pilləyə yüksəldiyi dövrdür. M.F.Axundzadənin elmi yaradıcılığından 
başlayan müasir ədəbiyyatşünaslıq və nəzəriyyə fənni yüz il ərzində 
böyük inkişaf yolu keçmişdir. Şirindil Alışanov yazır: “Təşəkkül və 
inkişafının regional və milli özünəməxsusluğu ilə seçilən Azərbaycan 
ədəbi-nəzəri fikrinin təkamül yolu özünün sistemli təhlilini 60-cı 
illərdə tapır. Burada da tənqid və ədəbiyyatşünaslığın inkişaf yolu 
Azərbaycan ictimai-fəlsəfi fikri kontekstində araşdırılır...” [1, s. 78-
79]. 
Dövrün ədəbiyyatşünaslıq və ədəbi-nəzəri fikrinin araşdırılması 
üçün 1960-1970-ci illərin “Ədəbiyyat və incəsənət” qəzeti zəngin 
material verir. Belə ki, bu illərdə qəzet bir tərəfdən yeni tədqiqatlara, 
ədəbiyyatşünaslıq və tənqidi monoqrafiyalara ardıcıl diqqət cəlb et-
məklə, onlar haqqında resenziya və məqalələr dərc etməklə humanitar 
elmin inkişafına təkan verirdi. Bu sıradan üçcildlik “Azərbaycan 
ədəbiyyatı tarixi” haqqında M.Ə.Əsgərovun [2], Əkbər Ağayevin şeir-


231 
şünaslıqdan bəhs edən “Sənətkarlıq məsələləri” kitabı haqqında H.Ba-
bayevin [3], Hidayət Əfəndiyevin “Azərbaycan bədii nəsrinin tari-
xindən” monoqrafiyası haqqında Abuzər İsmayılovun [4], Bəkir Nəbi-
yevin “Firidun bəy Köçərli” monoqrafiyası haqqında Xeyrulla Məm-
mədovun [5], Məmməd Cəfərin M.F.Axundov haqqında “Mütəfək-
kirin şəxsiyyəti” tədqiqatına (1966) dair Y.Qarayev və Ə.Xəlilovun 
[6], Pənah Xəlilovun “SSRİ xalqları ədəbiyyatı” 2 cildliyi (1966, 
1968) haqqında Qulu Xəlilovun [7], Mir Cəlal Paşayev və F.Hüsey-
novun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi (1969, 1974) 
haqqında Abbas Hacıyevin [8], Davud Hacıyev və Bağır Bağırovun 
[9], Azadə Rüstəmovanın “Epik şeirin inkişaf yolları” monoqrafiyası 
haqqında Mirzə İbrahimovun [10] və M.Cəfərin [11], Aristotelin 
“Poetika”sının Azərbaycan dilinə tərcüməsi haqqında Vəkil Hacıyevin 
[12], Qulam Məmmədlinin “Azərbaycan teatrı” salnaməsi haqqında 
M.Aslanovun [13], M.Cəfərin ikicildliyi haqqında A.Vəfalının [14], 
Firidun bəy Köçərlinin “İlk Azərbaycan ədəbiyyatı tarixi” haqqında 
Elçin və Şamil Salmanovun [15] məqalələrini göstərmək olar. 
Resenziyalar qismində yazılmış bütün bu məqalələr əslində, 
dövrün ədəbiyyatşünaslığının nəzəri bazasına diqqət cəlb edir, səviy-
yəsini nümayiş etdirirdi. Belə ki, haqqında danışılan monoqrafiya və 
kitablar 1960-1970-ci illərdə ədəbiyyat tarixçiliyi, tənqidşünaslıq və 
ədəbiyyat nəzəriyyəsi sahəsində fundamental əsərlər olub, ədəbiyyatı-
mızın inkişafına böyük təkan vermişdir.
Digər tərəfdən, 1960-1970-ci illərdə “Ədəbiyyat və incəsənət” 
qəzeti ədəbi-nəzəri fikrə bilavasitə meydan verir, polemikalar, müza-
kirələr təşkil etməklə, yaxud elmi tədbirləri səhifələrində geniş işıq-
landırmaqla tənqidçi və ədəbiyyatşünasların qaldırdığı konkret elmi 
problemlərin həllinə yardım edirdi.
1960-1970-ci illər ədəbiyyatşünaslığının irəli sürdüyü, həll 
etməyə çalışdığı bir sıra mühüm nəzəri problemlər ictimai laboratoriya 
olaraq məhz “Ədəbiyyat və incəsənət” qəzetində süzgəcdən keçmiş, 
ədəbi fikirdə təsdiqini tapmışdır. Həmin məsələlər sırasında yaradı-
cılıq metodu, şeirşünaslıq, janr və üslub, ədəbi tənqidin statusu, milli 
mədəniyyət və intibahşünaslıq problemlərini, ayrı-ayrı janrlar – ro-
man, hekayə, poema ətrafında gedən nəzəri diskussiyaları göstərmək 
olar.
1960-1970-ci illər ədəbiyyatşünaslığında aktuallaşan ən ümdə 
problem yaradıcılıq metodu məsələsi idi. Çünki hər bir ədəbiyyatın 
nəzəri mahiyyətini ifadə edən bu problemi öyrənmədən, onun sistemli 
dərki mümkün deyildir. Belə ki, 1960-cı illərin əvvəllərində bütöv-


232 
lükdə sosializm realizmi metoduna əsaslanan ədəbiyyat artıq yeni nə-
zəri ölçülər axtarmaqda idi. Bu isə özünü ədəbiyyatın bədii təcrübə-
sində göstərdiyi kimi, elmi-nəzəri dərkində də büruzə verirdi.
1968-ci ilin 29-31 may tarixində Bakıda Zaqafqaziya ədəbiyyat-
şünasları və tənqidçilərinin “Müasir ədəbi tənqidin vəziyyəti və və-
zifələri” mövzusunda müşavirəsi keçirilmişdir. Müşavirə barədə məlu-
mat “Ədəbiyyat və incəsənət” qəzetinin 25 may tarixli sayında, mü-
şavirə materialları və tədbirin geniş icmalı isə “Ədəbiyyatşünasların 
və tənqidçilərin böyük məclisi” başlığı ilə qəzetin 8 iyun 1968-ci il 
tarixli sayında verilmişdir.
Qəzetin təqdim etdiyi icmaldan belə görünür ki, müşavirənin 
keçirilməsində məqsəd, əslində, Qərb ədəbiyyatı ilə qarşıdurmada 
olan sovet ədəbiyyatının böhranlı vəziyyətini təhlil etmək, çıxış 
yollarının axtarışında ədəbi-nəzəri fikrə istiqamət verməkdir. Belə ki, 
müasir dünya ədəbiyyatında gedən modern tendensiyaların milli ədə-
biyyatlara da sızması sovet ideologiyasının ciddi narahatlığına səbəb 
olurdu.
Sosialist realizmi yaradıcılıq metodu inqilabi səciyyəsini, həyata 
bağlılığını və oxuculara təsir imkanlarını getdikcə itirdiyindən, ədə-
biyyatşünas və tənqidçilər qarşısında bir sıra mühüm nəzəri prob-
lemlər çevrəsi yaratmışdı. Müşavirənin məqsədlərindən danışarkən, 
giriş sözündə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mirzə 
İbrahimov vurğulayırdı: “Əlbəttə, bizim müşavirədə bədii yaradıcı-
lığın realizm, xəlqilik, partiyalılıq kimi əsaslı problemləri, həmişə 
maraqlı və aktual olan novatorluq və ənənələr, forma və mündəricə, 
ustalıq və sənətkarlıq, ədəbiyyatların qarşılıqlı əlaqəsi, bir-birindən 
öyrənməsi, ayrı-ayrı janrların xüsusiyyətləri və inkişafı, ədəbi qəhrə-
man və s. bu kimi məsələlər diqqət mərkəzində duracaqdır... Biz bədii 
yaradıcılığın qanadlarını qıran, yaradıcı fikri və fantaziyanı məhdud 
çərçivələrə salmağa cəhd edən köhnəlmiş ehkamçılığa qarşı çıxmaqla 
bərabər, hər cür mütərəqqi ənənələri, aydın fikri-fəlsəfi pozisiyanı, 
ideyalılığı və xəlqiliyi rədd edən Qərb burjua modernizminin müxtəlif 
çürük təzahürləri ilə də barışa bilməyəcəyik” [16]. 
Qəzetin təqdim etdiyi icmaldan da görünür ki, tənqidçilərin mü-
şavirəsi göstərilən məsələlərin hər birinin incəliklərinə baş vura 
bilməsə də, başlıca məqsədinə, yaradıcılıq metodu məsələsi ətrafında 
söhbətlərə meydan verir: “Ədəbiyyatın nəzəri məsələlərinin, yaradı-
cılıq üsullarının və bədii üslubların, xüsusən sosializm realizmi meto-
dunun tədqiqi indi həmişəkindən daha çox vacibdir. Çünki bütün 
bunlar təkcə nəzəri-ideoloji məna daşımır, eyni zamanda ədəbi pro-


233 
sesin bədii təcrübəsinin inkişafı üçün zəruridir” [17].
Tənqidçi və ədəbiyyatşünas Seyfulla Əsədullayev isə məruzə-
sində Azərbaycan ədəbi tənqidinin tarixindən, xüsusən son dövrdə 
görülmüş işlərdən danışmış, üçcildlik Azərbaycan ədəbiyyatı tarixi, 
bir cilddə rus dilində ədəbiyyat tarixi, 2 cilddə Azərbaycan sovet ədə-
biyyatı tarixi və s.-dən bəhs etmişdir. Ədəbi tənqidin diqqət mərkə-
zində saxladığı nəzəri məsələlər – ənənə və novatorluq, incəsənətdə 
müasirlik problemləri, milli və ümumbəşəri, forma və məzmun, müs-
bət qəhrəman, ədəbiyyatın beynəlxalq əlaqələri məsələləri xatırlanır. 
Eyni zamanda məruzəçi tənqiddə təsvirçilik, qoyulan məsələlərin nə-
zəri mahiyyətinə nüfuz olunmaması məqamlarına toxunur, “moderniz-
min inkarı”nı təqdir etməklə yanaşı, tənqidçilərin bu sahədə uğur-
suzluğunu da gizlətmirdi: “Lakin bu inkar çox zaman səthi xarakter 
daşıyır, tənqidçilər modernizmin estetik prinsiplərini lazımınca şərh 
etməyi bacarmadıqlarından oxucuları da öz fikirlərinə inandıra bil-
mirlər. Ümumiyyətlə, nədənsə, bizim tənqidçilər müasir ədəbiyyatın 
estetik-nəzəri problemlərinə çox ehtiyatla, mən deyərdim ki, ürkək-
liklə yanaşırlar. Halbuki indi bunsuz keçinmək mümkün deyildir. 
Bizdə hələlik romanın, habelə poemanın bir janr kimi tarixi və başqa 
nəzəri məsələlər barədə sanballı tədqiqat işləri yoxdur” [18]. Məru-
zədə qaldırılan problemlər ədəbi prosesin irəli sürdüyü, həlli zəruri 
məsələlər idi. 
Məruzələr ətrafında çıxış edən tənqidçi və ədəbiyyatşünaslar da 
ədəbi prosesin həlli vacib bu və ya digər nəzəri məqamlarına diqqət 
yönəltmişdilər. Yaşar Qarayev ədəbi tənqiddə janr və üslub, forma 
əlvanlığı və intellektual səviyyədən, Z.Kedrina tənqiddə kadr prob-
lemindən, G.Əlibəyova gənc kadrlara qayğıdan, Cəlal Məmmədov 
ədəbi tənqidin mübarizlik keyfiyyətlərini itirməsindən söz açırsa, 
V.Oqnev yeni ədəbi tənqid nəslinin yetişdiyini vurğulayır: “Onlar öz-
ləri ilə ədəbiyyata, bədii forma sahəsinə maraqlı fikirlər, qiymətli 
müşahidələr gətirirlər”. Beləliklə, onlarla ədəbiyyatşünas və tənqid-
çinin bir araya gəldiyi elmi məclisi Mirzə İbrahimov yekunlaşdıraraq 
tədbirin ümumi səmərəsini vurğulayır, “ümumi prinsiplərin” mövcud 
olduğu “ədəbiyyatın vahid daxili proseslərinin onu möhkəmləndir-
diyinə” diqqət cəlb edir. Bu isə “sovet tənqid və ədəbiyyatşünaslığının 
düzgün yolu”nun rəhnidir [17]. 
Ədəbi tənqid və ədəbiyyatşünaslığın vəziyyətinə həsr olunmuş 
müşavirənin əsas önəmi o oldu ki, ədəbi-nəzəri fikri yaradıcılıq me-
todu məsələlərinin öyrənilməsinə yönləndirdi. Bir il sonra Azərbaycan 
SSR Elmlər Akademiyasının “Müasir dövrdə dünya ədəbiyyatının 


234 
inkişaf qanunauyğunluqları” problem şurasının keçirdiyi “Azərbaycan 
ədəbiyyatında realizm” müşavirəsi də bunu təsdiq edir. Şuranın sədri 
filologiya elmləri doktoru Kamal Talıbzadə müşavirənin elmi məqsədi 
barəsində deyirdi: “Realizm – müasir dünya ədəbi-nəzəri fikrini ən 
çox məşğul edən aktual problemlərdən biridir. Xüsusən, 1957-ci ildə 
Dünya ədəbiyyatı və 1962-ci ildə Asiya xalqları İnstitutunun təşkil 
etdikləri realizm müşavirələrindən sonra bu problem sovet filologiya-
sının ən çox tədqiq və təhlil edilən nəzəri məsələləri sırasına keç-
mişdir. Azərbaycan realizminin bir metod və ədəbi məktəb kimi geniş 
öyrənilməsi tarixi, şübhəsiz, daha gəncdir... Lakin onu da nəzərə 
almaq lazımdır ki, son on ildə alimlərimizin Azərbaycan realizminin, 
xüsusən sosialist realizminin ayrı-ayrı problemlərinə həsr etdikləri 
yeni tədqiqatlar və bu tədqiqatlardakı mübahisə və müzakirə tələb 
edən mülahizələr də belə bir müşavirənin keçirilməsinə ehtiyac ya-
ratmışdır” [19].
1969-cu il 3-5 iyun tarixində üç gün sürən müşavirə barədə ilk 
məlumatı “Ədəbiyyat və incəsənət” qəzeti 24 may 1969-cu il sayında, 
müşavirənin geniş proqramını 31 may sayında, 7 iyun 1969-cu il 
sayında “Azərbaycan ədəbiyyatında realizm” başlıqlı ətraflı informa-
siya təqdim edilmiş, 14 iyun 1969-cu il sayında isə “Ədəbiyyatımızda 
realizm (mühüm bir problem ətrafında mülahizələr, mübahisələr)” 
sərlövhəsi ilə tədbirin icmalını vermişdir. Tədbirin əsas əhəmiyyəti 
görkəmli alim və tədqiqatçıları, aparıcı elmi qüvvələri bir problem 
ətrafında səfərbər etməsi, onu hərtərəfli təhlil etməyə imkan yarat-
masında idi. Müşavirədə akademik M.A.Dadaşzadə “Tənqidi realizm 
ənənələri və sosialist realizmi”, professor M.Quluzadə “Orta əsrlər 
Azərbaycan ədəbiyyatında bədii metod problemi”, fil.e.n. Araz Dadaş-
zadə “Azərbaycan realizminin təşəkkülü və XVIII əsr poeziyası”, 
fil.e.n. Əziz Mirəhmədov “Azərbaycan realizminin inkişafında satira-
nın rolu”, Azərbaycan EA müxbir üzvü M.Cəfər Cəfərov “XX əsr 
Azərbaycan romantizminin ictimai təbiəti və estetik problemləri”, 
Kamal Talıbzadə “XX əsr Azərbaycan tənqidində realizm problemi”, 
fil.e.n. Arif Hacıyev “Azərbaycan ədəbiyyatında romantizm və 
realizm”, fil.e.n. Tofiq Hacıyev “Realizm və milli ədəbi dil problemi”, 
fil.e.n. Yaşar Qarayev “Azərbaycan realizminin inkişaf mərhələləri” 
mövzusunda məruzələr etmiş, akademik F.Qasımzadə, professor 
M.H.Təhmasib, fil.e.n. Əkbər Ağayev, fəl.e.n. Asif Əfəndiyev, fil.e.d. 
Əkrəm Cəfər, filologiya elmləri namizədləri H.Orucəli, B.Hüseynov, 
X.Əlimirzəyev, Q.Cahani və b.-ları məruzələr ətrafında fikirlər söy-
ləmişlər. 


235 
Məruzələrdə qoyulan məsələlərin hər biri özlüyündə fundamen-
tal olub, həm elmi problemin tədqiqi səviyyəsinə diqqət cəlb edir, həm 
də müasir ədəbiyyatşünaslığın üfüqlərindən gələcək araşdırmalara yol 
açırdı. Təsadüfi deyil ki, həm Azərbaycan realizmi bir sistem və ədəbi 
cərəyan kimi, həm də ümumən yaradıcılıq metodu məsələsi məhz 
bundan sonra ədəbiyyatşünaslığımızda tam milli məcrada öyrənilməyə 
başlandı. Azərbaycan ədəbiyyatşünaslığına həsr olunmuş ən son tədqi-
qatlardan olan “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyat-
şünaslığı” monoqrafiyasında fil.e.d. Şirindil Alışanlı həmin dövrdə 
“Moskvada və Bakıda realizm probleminə həsr edilmiş müşavirələr”in 
nəticələrini belə qiymətləndirir: “Realizm, ümumən yaradıcılıq meto-
du probleminin tədqiqi sahəsində əsas irəliləyiş ümumi nəzəri kon-
sepsiya ilə milli ədəbiyyatların tarixi təcrübəsi arasındakı qeyri-mütə-
nasibliyi aradan götürməyə yönəlmişdi. Realizm yaradıcılıq tipi, bədii 
metod kimi Azərbaycan ədəbiyyatşünaslığında da geniş tədqiq olun-
mağa başlandı. Realizmin tipoloji tədqiqi baxımından 1960-70-ci illər 
üçün yeni olan mülahizələr ortaya çıxdı. 1960-70-ci illərin nəzəri-
estetik fikrində realizm və romantizm yaradıcılıq metodlarının geniş 
tədqiqi bədii metodun genezisi, təşəkkülü və tipologiyası və s. nəzəri 
problemlər ətrafındakı elmi mülahizələrin dürüstləşməsinə zəmin 
yaradır” [1, s. 201]. Həqiqətən də, nəticələr özünü çox gözlətmədi. 
Realizmə həsr olunmuş Bakı müşavirəsindən iki il sonra Bakıda daha 
bir realizm müşavirəsi keçirildi – həm də daha geniş kontekstdə: 
“Sovet Şərq xalqları ədəbiyyatlarında realizm problemləri” mövzu-
sunda. Yenə də Elmlər Akademiyasının “Müasir dövrdə dünya ədə-
biyyatının inkişaf qanunauyğunluqları” problem şurasının təşkil etdiyi 
elmi məclisi “Ədəbiyyat və incəsənət” qəzeti daha sanballı şəkildə 
oxucu auditoriyasına təqdim edir. 1972-ci ilin oktyabrın 16-19-da ke-
çirilən müşavirə ərəfəsində qəzet “Sovet Şərq xalqları ədəbiyyat-
larında realizm problemləri” ümumittifaq müşavirəsi qarşısında rubri-
kasında Məmməd Arifin “Realizm problemləri” [20], Yaşar Qara-
yevin “Realizm: mübahisələr və həqiqətlər” [21], Kamal Talıbzadənin 
“Realizmi necə öyrənirik?” [22] məqalələrini dərc edir, Azərbaycan 
alimlərinin az bir zamanda problemin dərinliklərinə nüfuz etdiyinə 
diqqət cəlb edir.
Tədbir haqqında məlumat “Ədəbiyyat və incəsənət” qəzetinin 21 
oktyabr 1972-ci il tarixli sayında getmiş, 28 oktyabr sayında isə qəzet 
müşavirənin icmalını “Realizm problemləri” başlığı altında dərc et-
mişdir. Azərbaycan EA prezidentinin müavini M.A.Dadaşzadənin aç-
dığı elmi məclisdə Azərbaycan alimləri A.Hacıyev, M.İbrahimov, 


236 
Ə.Cəfər, M.Quluzadə, A.Dadaşzadə, K.Talıbzadə, M.C.Cəfərov, 
Y.Qarayev, Ə.Ağayev, B.Nəbiyev, H.Babayev, S.Əsədullayev, 
A.Əfəndiyevlə yanaşı, tanınmış simalar İ.Braginski, G.Lomidze, 
Z.Kedrina (Moskva), habelə Şərq xalqları respublikalarından olan 
M.Düysenov (Alma-ata), N.Otdayev, K.Cumayev, D.Nurəliyev (Aş-
qabad), A.Xayatmetov, Ə.Əbdülqafurov (Daşkənd) məruzə və çıxışlar 
etmiş, müzakirələrin gedişi və mündəricəsini qəzet oxucularına da 
çatdırmağa çalışmışdır [23]. 
Qeyd etmək lazımdır ki, “Ədəbiyyat və incəsənət” qəzetinin 
realizm və yaradıcılıq metodu probleminə diqqəti yalnız elmi təd-
birləri işıqlandırmaqla qalmır. Azərbaycan alimlərinin bu sahədə fikir 
və mülahizələri, elmi məqalələri geniş ictimai auditoriyalara ilk 
növbədə məhz “Ədəbiyyat və incəsənət” qəzeti vasitəsilə çatırdı. Belə 
ki, həmin problem 1960-1970-ci illərdə qəzetin ən ardıcıl şəkildə 
izlədiyi, qabartdığı nəzəri məsələdir. O cümlədən Mirzə İbrahimovun 
realizm probleminə ardıcıl marağını ifadə edən “Realizmin gücü” [24] 
və “Realist dramaturgiyanın tədqiqi” [25], Kamal Talıbzadənin 
“Realizmin həyati qüdrəti” [26] və s. kimi məqalələr problemlə bağlı 
nəzəri fikirləri əks etdirir. 
Realizm problemləri ilə yanaşı, təbii ki, romantizm yaradıcılıq 
metodu və ədəbi cərəyanı da aktuallıq qazanmışdır. Uzun illər sovet 
ideologiyasının sosializm realizmi yaradıcılıq metodu zəminində 
realizmə diqqət yetirib, romantizm cərəyanını keçmiş burjua cəmiy-
yəti ilə bağlaması 1960-cı illərdə də təsirini göstərməyə bilməzdi. 
Doğrudur, Məmməd Cəfərin 1963-cü ildə işıq üzü görən “Azərbaycan 
ədəbiyyatında romantizm” monoqrafiyasından sonra vəziyyət bir qə-
dər dəyişir, romantizmin tədqiqi elmdə aktuallaşdığı kimi, qəzet səhi-
fələrində də görkəmli sənətkarların yaradıcılığına maraq artır. Digər 
klassiklər sırasında M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq və b. roman-
tiklər də məqalələrlə yad olunur.
Bununla belə, romantizmə ögey münasibətin izləri sovet döv-
ründə ona sistemli şəkildə yanaşmağa mane olur. Həmin tarixi əda-
lətsizliyə yalnız müstəqillik illərində, romantizmin baniləri Əli bəy 
Hüseynzadənin, Əhməd bəy Ağayevin və digər qadağan olunmuş 
klassiklərin ədəbi irsinin qayıtmasından sonra son qoyulur, romantizm 
ədəbi cərəyanını bütün zənginliyi ilə öyrənməyə imkan yaranır. 
Amma bu da bir həqiqətdir ki, adıçəkilən klassiklərin adı anılmasa da, 
1970-ci illərdən, milliləşmə dövründə, xüsusən Hüseyn Cavidin yara-
dıcılığı timsalında romantizm bədii metodunun araşdırılması dərin-
ləşir.


237 
Xüsusən 1982-ci ildə Ümummilli lider, Ulu öndər Heydər 
Əliyevin ölməz sənətkar Hüseyn Cavidin nəşinin uzaq Sibir torpaq-
larından gətirilib Vətən torpağına tapşırılması klassik romantizm irsi-
nə münasibəti kökündən dəyişir. 1980-ci illərdə Azərbaycan ədəbiy-
yatşünaslığında H.Cavidlə bağlı geniş araşdırmaların, elmi monoqra-
fiyaların meydana çıxmasının bünövrəsi məhz 1970-ci illərdə qoyul-
muşdu. 
1960-1970-ci illər ədəbi prosesində yaradıcılıq metodu problemi 
ətrafında cərəyan edən müzakirələr “Ədəbiyyat və incəsənət” qəze-
tində bütün dolğunluğu ilə əksini tapmış, Azərbaycan ədəbiyyatşü-
naslığının elmi səviyyəsini göstərməklə yanaşı, problemlərinə də ayna 
tutmuşdur.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə