AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Səidə SADIQOVA
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
ƏKRƏM CƏFƏR RÜBAİ JANRI VƏ
FÜZULİ RÜBAİLƏRİNİN VƏZNİ HAQQINDA
Açar sözlər:
rübai vəzni, Füzuli rübailəri, Əkrəm Cəfər, rübainin ölçüləri,
rübainin vəzn növləri
Key words:
rubai rhythm, Fuzuli’s rubais, Akram Jafar, dimensions of rubai,
types of rubai rhythm
Ключевые слова:
ритм рубаи, рубаи Физули, Акрам Джафар, размеры
рубаи, виды ритм рубаи
Füzuli orta əsrlər Azərbaycan ədəbiyyatında Azərbaycan ədəbi
dilinin, qəzəl janrının və əruzun zirvəsi olduğu kimi, eyni zamanda
rübai janrının da görkəmli yaradıcısıdır. Bu sözü deməyə, bizə onun
bu janrda yazdığı əsərlərin həm məna və məzmun, həm də forma
xüsusiyyətləri imkan verir. Eyni zamanda bizə elə gəlir ki, Füzuli
Azərbaycan ədəbiyyatı tarixində kəmiyyət baxımından da ən çox rübai
qələmə almış şairlərimizdən biri və yaxud da birincisidir. Bu mənada,
təbii ki, Füzuli rübailərinin vəzni haqqında söz demək, eyni zamanda
bütövlükdə Azərbaycan rübaisinin vəzni haqqında söz deməkdir. Bu
işi isə sadəcə olaraq, görkəmli əruzşünas Əkrəm Cəfər (1905-1991)
gördüyü üçün biz burada onun fikirlərini nümunə gətirməklə kifa-
yətlənirik. Bu mənada Əkrəm Cəfərin rübai haqqında fikirlərinə onun,
ümumiyyətlə, rübai vəznləri və Azərbaycan rübaisinin özünəməxsus
cəhətləri haqqında dediyi fikirlərlə başlamaq istəyirik: “Rübai vəznləri
əruz vəzninə daxil deyil. Əruzu ərəblər, rübai və onun ölçülərini
farslar yaratmışlar. Rübainin özünəməxsus şəkli və ölçüləri var.
Fars, tacik, özbək, türk dilli rübailərdə nəzəri olaraq 24 ölçü var:
on ikisi əxrəb (məf”Ulü) dilpərdə şəcərəsini, on ikisi əxrəm
(məf”Ulün-dildildil) şəcərəsi təşkil edir. Lakin bu 24 ölçünün heç
birisi qısa heca ilə bitmir. Azərbaycan rübailərində isə hər addımda
240
qısa heca ilə bitən misralara təsadüf edirik... Ərəb, fars və türkdə
işlənən qəliblər Azərbaycan rübaisində olan bütün misraların ölçülə-
rini dəqiq göstərmək imkanından məhrumdur” [1, s. 193].
Daha sonra rübainin nəzəri əsasları və Füzuli rübailərinin vəzni
haqqında fikirlərini davam etdirən Əkrəm Cəfər 1984-cü ildə çap et-
dirdiyi “Məhəmməd Füzuli. Seçilmiş əsərləri” adlı kitabında rübaidən
bəhs edərkən yazır: “Azərbaycan rübailərində vəznin 12 növü və
bunların 36 variantı var: on səkkizi (məf’Ulü) dilpərdə, on səkkizi
(məf’Ulün) dildildil ölçülərindədir. Bunun səbəbi Azərbaycan dilinin
zəngin saitlər sistemidir. Dilimizdə olan doqquz qısa və orta sait bizdə
vəzn qəliblərinin sayını artırır. Lakin bu, nəzəri olaraq belədir.
Əməliyyədə isə bu ölçülərin hamısı işlənmir. Bunların çox işlənənləri,
az işlənənləri və demək olar ki, heç işlənməyənləri var.
Burada bir nöqtəni də nəzərə almaq lazımdır: rübainin bu
ölçüləri ayrılıqda bütöv rübaiyə aid deyil, rübainin ayrı-ayrı misrala-
rına aiddir. Yəni rübainin içində 2, 3, hətta 4 ölçü ola bilər. Dörd
misrası da eyni ölçüdə olan rübaiyə rast gəlmək çətindir.
Biz burada yalnız Füzulinin bu “Seçilmiş əsərləri”ndə olan alt-
mış iki rübainin ölçülərini göstəririk. Gətirdiyimiz ölçülər rübainin
müxtəlif misralarına aiddir.
Rüxsarı -na eyb etmə nigah etdi -yimi
dilpərdə qələmpərdə qələmpərdə nüvə
Qəddinə dedim ki, sər -vi bostandır bu
dilpərdə qələmqələm qələmdildil nü
Pünhan qə -mimi alə -mə izhar et -mə
dilpərdə qələmpərdə qələmdildil nü
Zəhri-qə -mi-ruziga -rı kar etdi mənə
dilpərdə qələmqələm qələmpərdə nüvə
Bu dörd ölçü sırf Azərbaycan əruzuna aiddir. Ərəb, fars, tacik
əruzlarında nə “nü” ünsürünü, nə də “nüvə” ünsürünü əvəz edən təfi-
lələr yoxdur. Aşağıdakı ölçülər isə müştərəkdir. Yəni bizdə də, onlar-
da da işlənir.
Yox aşi -qə səndən öz -gə aləmdə qərəz
dilpərdə qələmqələm qələmpərdə qələm
məf’Ulü məfA’ilün məfA’İlü fə’əl
Məcnun o -dayandı şö -leyi-ahi -lə pak
dilpərdə qələmqələm qələmpərdə nücAn
241
məf’Ulü məfA’ilün məfA’İlü fə’Ul
Kimdirki qəmində na -leyi-zar et -məz
dilpərdə qələmqələm qələmdildil dil
məf’Ulü məfA’ilün məfA’İlün fə’
Sərmənzi -li hər mura -da rəhbərdir eşq
dilpərdə qələmqələm qələmdildil cAn
məf’Ulü məfA’ilün məfA’İlün fA’
Ey cövhə -ri-eşqin ə - səri cismü ərəz
dilpərdə qələmpərdə qələmpərdə qələm
məf’Ulü məfA’İlü məfA’İlü fə’əl
Qovğayi - qiyamətdə duram məstü xərab
dilpərdə qələmpərdə qələmpərdə nücAn
məf’Ulü məfA’İlü məfA’İlü fə’Ul
Üşşaqə deyil qeydi - əlayiq la -yiq
dilpərdə qələmpərdə qələmdildil dil
məf’Ulü məfA’İlü məfA’İlün fə’
Xak oldu -lar onlar, mə -nəm indi ol xak
dilpərdə qələmpərdə qələmdildil cAn
məf’Ulü məfA’İlü məfA’İlün fA’
Burada təqtilərini verdiyimiz bu on iki qəliblə Füzulinin bu
kitabda (“Məhəmməd Füzuli. Seçilmiş əsərləri”, Bakı-1984 kitabı
nəzərdə tutulur –
S.S.
) olan bütün rübailərini ölçmək mümkündür” [1,
s. 193-195].
Doğrudur, Əkrəm Cəfər gətirdiyimiz sitatda bütövlükdə Azər-
baycan rübaisində on iki vəzn növünün və bunun otuz altı variantının
işləndiyini söyləsə də, Füzuli yaradıcılığı əsasında bunlardan ancaq on
ikisini nümayiş etdirir. Yəni biz onun bu sitatında bütövlükdə Azər-
baycan rübaisinin vəznlərinin ümumi mənzərəsini görmürük. Onun
1958-ci ildə yazdığı “Füzuli şeirinin vəzni” adlı məqaləsində bütün
Azərbaycan rübailərinə, o cümlədən Füzuli rübailərinə aid etdiyi
vəznlərdə isə bəzi ziddiyyətli məqamlarla da rastlaşırıq. Məsələn, o
yazır: “...Azərbaycan ədəbiyyatında, o cümlədən Füzulidə rübai vəzn-
cə altı növdə yazılmışdır. Bu altı növ rübai vəzni xüsusiyyətlərinə
görə üç cütə bölünür. Birinci cütə birinci və ikinci növlər daxildir.
I növ – məf’Ulü məfAilün məfaİlü fəul
II növ – məf’Ulü məfaİlü məfaİlü fəul
Rübai vəzninin növlərinin ikinci cütünə üçüncü və dördüncü
növlər daxildir.
III növ – məf’Ulü məfAilün məfaİlün fa’
242
IV növ – məf’Ulü məfaİlü məfaİlün fa’
Rübai vəzninin növlərinin üçüncü cütünə beşinci və altıncı
növlər daxildir.
V növ – məf’Ulü məfAilün məfaİl fəul
VI növ – məf’Ulü məfaİlü məfaİl fəul” [2, s. 127-131].
Daha sonra Əkrəm Cəfər üçüncü cütə, yəni V, VI növlərə aşağı-
dakı rübailəri misal verir:
Saqi, kə / -rəm et, şəra / -bi-gülfam / yürüt
məf’Ulü məfAilün məfaİl fəul
Gülfam(i) / şərabə ver / -mə aram / yürüt
məf’Ulü məfAilün məfaİl fəul
Bəzm içrə / hübabi-əş / -ki gülgunum / dan
məf’Ulü məfAilün məfaİlün fa’
Min cam(i) / yürütmə, ca / -n üçün cam / yürüt
məf’Ulü məfAilün məfaİl fəul
Gül dövrü / xoş ol kim, tu / -ta gülfam / qədəh
məf’Ulü məfaİlü məfaİl fəul
Bəzmində / dəmi tutma / -ya aram / qədəh
məf’Ulü məfaİlü məfaİl fəul
Hər sübh(i) / ki, xurşid(i) / -sifət qaldı / -ra baş
məf’Ulü məfaİlü məfaİlü fəul
Bəzmin bə / -zəyib gəzdi / -rə ta şam / qədəh
məf’Ulü məfaİlü məfaİl fəul
Qeyd edək ki, Əkrəm Cəfərin göstərdiyi rübainin vəzn növlə-
rinin üçüncü cütü, yəni V, VI növlər, ümumiyyətlə, rübai vəznləri sı-
rasına daxil deyildir. Əkrəm Cəfər bu növləri Azərbaycan rübaisinin
növləri kimi təqdim etsə də, əslində bu növlər praktika ilə uyğun gəl-
mir. Bu faktı elə onun öz nümunələrində də görürük. Məsələn, birinci
rübaidə ikinci misranın birinci sözü olan “gülfam” sözündəki “fam”
hecası ikiyə parçalanaraq, kor heca əmələ gətirirsə, bu heca birinci
rübainin birinci misrasının üçüncü bölümündə və yenə də ikinci rü-
bainin birinci misrasının üçüncü bölümündə nədənsə parçalanmır.
Bizcə, bu hecalar parçalanmalı və təfilə məfaİl deyil, məfA’İlü şək-
lində olmalıdır. Belə qəlib isə rübai vəzninin şəcərələri içərisində öz
əksini tapır.
Lakin burada biz belə məqamların üzərində ətraflı dayanmaq
istəmirik. Çünki Əkrəm Cəfərin rübai haqqında olan fikirləri arasında
243
uzun zaman fasiləsi durduğundan, bunlar arasında da müəyyən ziddiy-
yətli məqamların və eyni zamanda inkişafın olması təbiidir. Əkrəm
Cəfərin Füzuli rübailəri və ümumiyyətlə, rübailər haqqında 1958-ci
ildə qələmə aldığı “Füzuli şeirinin vəzni” və “Füzulinin “Hədiqətüs-
süəda”sında olan mənzum əsərlərin vəzni” adlı məqalələrində dediyi
fikirlərlə [3], 1993-cü ildə çap olunmuş “Rübai” risaləsi [4] və yaxud
da 1984-cü ildə çap olunmuş “Füzulinin seçilmiş əsərləri”ndə rübai
haqqında olan fikirləri arasında böyük bir zaman kəsiyi durur. Bu
səbəbdən də biz daha çox Əkrəm Cəfərin “Rübai” risaləsi və
“Seçilmiş əsərlər”ində olan fikirlərə söykənirik. Bu məqalələrdə,
ümumiyyətlə, Əkrəm Cəfərin rübai haqqında olan fikirlərində bizi
daha çox bir rübai çərçivəsində işlənən vəznlərin müxtəlifliyi maraq-
landırır. Bu baxımdan isə Əkrəm Cəfərin rübai haqqında olan əsərləri
olduqca maraqlı faktlar verir. Əkrəm Cəfərin Azərbaycan rübai
vəznlərinin aktiv-passivliyi haqqında dediyi fikirlər də maraqlıdır.
Belə ki, o, bizim demək olar ki, qəbul etmədiyimiz, amma onun
Azərbaycan rübaisinin üçüncü cütü və V, VI növləri adlandırdığı
vəznləri əvvəlki vəznlərə nisbətən passiv vəznlər hesab edir. Bu ba-
rədə danışarkən o yazır: “Bunu da qeyd etmək lazımdır ki, Azəri
rübaisi vəzninin bu növləri (V və VI növləri) az fəal, yəni seyrək
tətbiq olunan növlərdir” [2, s. 130]. Daha sonra isə o, deyır: “Füzuli
Azərbaycan dilində 76 rübai yazmışdır. Bunlardan 71 divanında (I
cildində), üçü “Leyli və Məcnun” poemasının başlanğıcında, ikisi
müəmmalarındadır. Bunların hamısı 304 misra olur. Bunlardan 79
misra rübai vəzninin birinci növündə..., 64 misra ikinci növdə..., 79
misra üçüncü növdə..., 60 misra dördüncü növdə..., 15 misra beşinci
növdə..., yalnız 7 misra altıncı növdə yazılmışdır. Buradan anlaşılır ki,
üçüncü cüt – beşinci və altıncı növlər Azərbaycan rübaisi vəzninin
passiv növləridir. Bunların ahəngi Azərbaycan dilinin fonetik tələb-
lərinə uyğun gəlmir. Maraqlıdır ki, “Hədiqətüs-süəda”da olan 13
rübainin 52 misrasından tək bir misra da bu növlərdə yazılmamışdır”
[2, s. 132]. Qeyd edək ki, bu fikirlər Əkrəm Cəfərin 1958-ci ildə de-
diyi fikirlərdir. Lakin o, yuxarıda adını çəkdiyimiz “Məhəmməd Füzu-
li. Seçilmiş əsərləri” kitabında rübai vəznlərindən danışarkən, əvvəlki
fikirlərindən bir qədər daşınaraq, Azərbaycan rübaisinin vəznlərinin
altı deyil, on iki növü və bunların otuz altı variantı olduğunu qeyd
etdikdən sonra yazır: “Əməliyyədə isə bu ölçülərin hamısı işlənmir.
Bunların çox işlənənləri, az işlənənləri və demək olar ki, heç işlən-
məyənləri var” [1, s. 193].
Qeyd edək ki, Əkrəm Cəfərin rübai vəznləri haqqında belə nə-
244
zəri müddəaları təkcə Azərbaycan rübaisinin vəzni haqqında deyildir.
O, təbii ki, bütün Azərbaycan rübailərini və rübai vəznini tədqiq
etdikdən sonra, bu qənaətə gəlmişdir. Bu mənada, onun fars rübai
vəznlərinin aktiv-passivliyi haqqında dediyi fikirlər də maraq doğurur.
O, Qeys Razinin “əl-Möcəm” əsəri əsasında rübai vəznlərinə yekun
vurduqdan sonra, həmin vəznləri öz “Rübai” risaləsində nümunə
gətirərək, Qeys Razinin sıralanmasını nəzərdə tutub, aşağıdakı fikirləri
yazır: “...“əl-Möcəm”in bu şəcərələrində qəliblərin təfilələri üzrə
müəyyən ardıcıllığa və simmetriyaya riayət edilməmişdir. Gah fə’-fA’
qəliblərində əvvəl fA’ qəlibi, sonra fə’ qəlibi gəlir, gah da əksinə
olaraq, əvvəl fə’ qəlibi, sonra fA’ qəlibi gəlir (bax, əxrəb şəcərəsində
1, 2, 7 və 8-ci qəliblərə). Həmçinin fə’əl-fə’Ul qəliblərində də gah
əvvəl fə’ qəlibi, sonra fə’Ul qəlibi gəlir. Gah da əksinə olaraq, əvvəl
fə’Ul, sonra fə’əl qəlibi gəlir (bax, məsələn, əxrəm şəcərəsində 5, 6,
11, 12-ci qəliblərə). Bunlardan əlavə bu şəcərələrdə vəznlərin aktivlik-
passivlik üzrə sıralanma prinsipi gözlənilməmişdir. Məsələn, əxrəm
şəcərəsində 5 və 6-cı qəliblər, daha da artıq 7 və 8-ci qəliblər ən passiv
qəliblər ikən, bunlar şəcərənin ortasında, 9 və 12-ci qəliblər onlardan
daha aktiv qəliblər olduqları halda şəcərənin sonunda yerləşdirilmiş-
dir” [4].
Rübai vəznlərinin aktiv-passivliyi haqqında hələ Qeys Razi “əl-
Möcəm” əsərində müxtəlif qeydlər etmişdir. Belə ki, o, vəznlərin
aktiv-passivliyindən bəhs edərkən, təkcə hansı ölçünün daha aktiv,
hansı ölçünün daha passiv olduğunu sadəcə olaraq, qeyd etməklə ötüb
keçməmiş, eyni zamanda onların səbəblərini də açıb göstərmişdir.
Belə ki, Qeys Razinin fikirlərinə görə, əxrəb şəcərəsi vətədlərinin
nizamlı düzülüşünə görə əxrəm şəcərəsindən daha ürəyəyatımlıdır.
Lakin əxrəb şəcərəsində məf’Ulü məfA’İlün məf’Ulün fə’ qəlibi daha
ağır vəzndir ki, bunun da səbəbi bu qəlibin tərkibində altı səbəbin
ardıcıl olaraq gəlməsidir. Eyni zamanda əxrəm şəcərəsində də ən ağır
qəlib məf’Ulün məf’Ulün məf’Ulün fə’ qəlibidir ki, Qeys Raziyə görə
də bu qəlibin ağır olması onun başdan ayağa səbəblərdən təşkil
olunmasındadır [5, s. 121].
Qeyd edək ki, rübai vəznləri sırasında biz bəzən əxrəb və əxrəm
şəcərələrinin qarışdırıldığını da görürük. Yəni başqa sözlə desək, əs-
lində doğru olmasa da, şairlər bəzən bir rübai çərçivəsində bəzi mis-
raları əxrəb, bəzi misraları əxrəm və yaxud da əksinə olaraq, qələmə
almışlar. Təbii ki, bu hal yolverilməzdir. Lakin poeziyada, təcrübədə
belə faktlara rast gəlindiyi üçün nəzəriyyəçilər, alimlər bu haqda da
söz sözləməyə, fikir deməyə məcbur olmuşlar. Professor Rafael Hü-
245
seynov yazır: “Hətta əxrəb və əxrəmin müəyyən vəznlərini qarşılaş-
dırmaqla yazılmış rübailər bəllidir. Həm də bu rübailər hansısa ikinci-
üçüncü dərəcəli şairlərin deyil, Rudəki, Xəyyam kimi böyük sənət-
karların yaradıcılığında yer almaqdadır” [6, s. 105]. Bu mənada, hələ
Qeys Razi ilk dəfə olaraq, bu barədə fikir söyləmiş və belə halların
məqbul olmadığını qeyd etmişdir. Məsələn, o, əxrəb şəcərəsinin yün-
gül vəzni ilə əxrəm şəcərəsinin ağır bir vəzninin qarışdırıldığını qeyd
edib, onlara bir beyt nümunə gətirməklə, belə halların xoşagəlməz
olduğunu nümayiş etdirməklə bərabər, eyni zamanda şairləri ayıq
olmağa çağırmış, belə səhvlərə yol verməməyi məsləhət görmüşdür.
Qoftəm ki dəhan nədari, ey miskinək?
məf’Ulü məfA’ilün məfA’İlün fə’
Qofta darəm, qoftəm ku? Qoft inək.
məf’Ulün məf’Ulün məf’Ulün fə’
(Dedim ki, ağzın yoxdur, ey miskin?
Dedi varımdır, dedim hanı? Dedi budur) [5 s. 121].
Beləliklə, gördüyümüz kimi, tədqiqatçılar istər farsdilli rübai
vəznləri və istərsə də türkdilli, azərbaycandilli rübai vəznləri haqqında
olduqca qiymətli fikirlər söyləmiş, onların kəmiyyəti, keyfiyyəti haq-
qında mühüm tədqiqatlar aparmışlar. Belə ki, bu tədqiqatlardan mə-
lum olduğuna görə, istər farsdilli və istərsə də türkdilli poeziyada
əxrəb şəcərəsi daha çox işləkdir. Lakin eyni zamanda, bu tədqiqlərdən
o da məlum olur ki, əxrəb şəcərəsində yer tutan vəznlərin özləri də bu
poeziyalarda işlənmə tezliklərinə görə fərqlənir.
Rübai vəznlərindən danışarkən, rübai vəzninin özəlliyi kimi bir
rübai çərçivəsində bir neçə rübai vəzninin işlənə biləcəyini də söylə-
mişdik. Həqiqətən də bu fakt rübai vəznini əruz vəznindən ayıran və
ümumiyyətlə, onun özünəməxsusluğunu şərtləndirən əsas amillərdən
biridir. Farsdilli və türkdilli poeziyadan gətirilən nümunələrdə də bunu
əyani şəkildə gördük. Lakin poeziyada az da olsa, bütün misraları eyni
vəzndə yazılmış, eyni ölçüdə olan rübailərə də rast gəlirik.
Ey kəsbi- kəmalə e -tiqadın na -qis!
Təhsili- kəmalə ic -tihadın na -qis!
Ar etmə tələbdə, qıl həzər ondan kim,
Kamillə -r içində o -la adın na qis.
məf’Ulü məfA’ilün məfA’İlün fA’ [2, s. 131]
246
Beləliklə, gördüyümüz kimi, Füzuli rübailərinin timsalında Azər-
baycan rübaisinin vəzn xüsusiyyətlərini ümumiləşdirməyə çalışan və
eyni zamanda Füzuli rübailərinin vəzni haqqında qiymətli fikir yü-
rüdən Əkrəm Cəfər, həmçinin bu istiqamətdən bütövlükdə rübai şəcə-
rələrinin aktiv-passivlik məsələlərinə də toxunmuş və istər Azərbay-
can dilli, istərsə də fars dilli poeziyada bu vəznlərin işlənmə dərəcə-
lərini müəyyən etmişdir.
Dostları ilə paylaş: |