Azərbaycan mühacirət irsi
95
mdur ki, Marks nəzəriyyəsi yüz ildən bəri yaşayır. Bütün məmlə-
kətlərdə əhalinin proletarlaşması və kapitalistlər ilə proletariat
arasında ziddiyyətin hədləri aşaraq proletar inqilabına çevrilməsi
üçün yüz illik bir dövr kifayət idi. Xüsusən, bunu son illərdə Sovet
İttifaqı yaşamaqdadır. Stalinin dediyinə görə, Sovet İttifaqı öz
mövcudluğu ilə bütün məmləkətlərin kütlələrini revolyusionlaşdı-
rır (inqilablaşdırır). Dünya proletar inqilabının bu ocağı, sadə
mövcudluğu ilə başqa məmləkətlərdə kommunist inqilabını qızış-
dırmaqla kifayətlənməyib, bu iş üçün milyardlar sərf edirdi.
Buna rəğmən, başqa məmləkətlərdə proletar inqilabı baş
vermədi. Orta təbəqələrə gəlincə, onlar bu müddət ərzində
artdılar, zənginləşdilər və sağlamlaşdılar. Marks dövründəki
proletarlara artıq rastlanmır. Indi proletar yox, getdikcə evlərə
və bağçalara sahib olan işçilər var. Beləliklə, bu uzun müddət
dövründə proletarlaşma, Sovet İttifaqını çıxmaqla, heç bir
məmləkətdə görünməmişdi. Xüsusən, bizim zamanımızda,
müəssisələrin aksiyalarına sahib olan, demək ki, gəlirlərdə
paydaş olan işçilərin sayı getdikcə artmaqdadır. Görünür ki,
kapitalizm sosializmə əsla hamilə deyil və proletar inqilabını,
yəni “qanlı toxumu” və xüsusən bu “qanlı toxumun qanlı
meyvəsi” olan proletar diktatorluğunu gözləmək faydasızdır.
İndi dövlət nəzəriyyəsi məsələsinə keçək. Marks nəzəriyyəsinin
suya düşməsi və dəyişdirilməsi bu məsələdə bütün çılpaqlığı ilə
meydana çıxır. Kapitalizmdən sosializmə, sonra isə sosializm-
dən kommunizmə keçid dövründə dövlətin mahiyyəti, onun in-
kişaf yolları probleminin xüsusi əhəmiyyəti vardı. Bütün başqa
məsələlərdən, artıq, həqiqətən bu qətedici məsələdə qarşılıqlı
hökm sürürdü. Məlumdur ki, dövlət nəzəriyyəsi məsələsində,
bolşeviklər Engelsə istinad edirlər.
Engelsə görə isə: “İtaət altında olması vacib sayılan ictimai
siniflər olmadığı zaman, bir sinifin o biri sinif üzərində hökm-
ranlığına ehtiyac qalmadığı kimi, dövləti hökumətə də ehtiyac
olmayacaq”.
Azərbaycan mühacirət irsi
96
Qısası, Engelsə görə, dövlət bir sinifin əlində o biri sinif
üzərində hökmranlıq etmək üçün bir silahdır. Bu fikirdən
aydındır ki, proletar diktatorluğu ictimai sinifləri aradan qaldır-
dıqdan sonra əlac tapmalıdır, sönüb getməlidir, çünki ona
ehtiyac qalmır. Siniflər uzlaşdırıla bilməz, sinfi zidiyyət
olmadığı təqdirdə, onların meyvəsi olan dövlət də ola bilməz.
Məlumdur ki, Sovet İttifaqında guya proletariata antaqonist
olan burjua sinfi çoxdan bəri məhv edilmişdir. İntellegentlər,
qolçamaqlar, qolçamaq quyruqları, milliyətçilər, “barışçılar”,
“iki üzlülər”, ayrı-ayrı müxaliflər, partiyanın baş xəttindən
uzaqlaşanlar hamısı məhv edilmişdir. Görünür ki, məhv,
ləğv, öldürmə məsələləri “Staxanov sürəti” ilə, həm də ar-
tıqlaması ilə həll olunmuşdur. Bu haqda, 1936-cı ildə
Sovetlərin VIII qurultayında Stalin özü dedi ki: “Bütün is-
tismarçı siniflər məhv edilmiş, işçi sinifi qalmış, kəndli sinifi
qalmış”. Beləliklə, Marksın nəzəriyyəsinə görə, Sovetlər İttifa-
qında dövlətin zaval tapması üçün bütün şərait yaranmış.
Zavaltapma məsələsini bir tərəfə qoyaq, Sovet İttifaqında döv-
lətin cəzalandırıcı funksiyalarında azacıq bir zəifləmə əlaməti
görünürmü? Əksinə, Sovet İttifaqında, insaniyyət tarixində gö-
rünməyən qəddar və vəhşi, cəzalandırıcı funksiyaları getdikcə
artan, bir hökmranlıq mövcuddur. Dünya qarşısında Sovet İt-
tifaqında hökmranlığın yaşamasına və sağlamlaşmasına nəzəri
baxımdan haqq qazandırmaq lazım idi. Bu da ki, bu formula ilə
ifadə edilirdi: “Dövlətin zaval tapması onun zəifləməsi nəticə-
sində deyil, onun qüvvətlənməsi və sağlamlaşması nəticəsində
olmalıdır”. Bu formula haqda Stalin komsomolçu İvanovun
məktubuna verdiyi cavabda uzun-uzun danışır.
Bu haqda Stalin 1939-cu ilin mart ayında keçirilən 18-ci
partiya qurultayında danışıb. O, ordunun kəşfiyyat orqanlarının,
daha da sağlamlaşmasını tələb etdi. Bu qurultayda çıxış edən
“Stalin filosofu” Mitin, Stalinin bu sözlərini yaltaqca öyərək,
Marksizm xəzinəsinə verilən ən böyük sərvət deyə adlandırdı.
Azərbaycan mühacirət irsi
97
Bolşeviklərə Marksizmdən yan keçmək, ömürlərini davam etdi-
rib hökmranlıq sürməyə, yenə də diamat yardım etdi.
“DİAMAT”
Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşevik-
lərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son
sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializ-
min metoduna istinad edərək kainatı, bütün hadisələri öyrən-
mək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər in-
kişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində
oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük
ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə
etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey,
Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq
bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializm-
dən xəbərləri belə olmadan, heç güman etmədən onun
metodları ilə faydalanırmış.
Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik
materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna
görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın
materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik
ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta
buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da
bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş.
Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa,
Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriy-
yəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzə-
riyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə
görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri
deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə
baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində bo-
ğuldu.
Dostları ilə paylaş: |