58
Leynin və cənab Offenheymin gətirdikləri kapitalın müqabilində onlara külli miqdarda müftə neft çıxarmaq
hüququ bəxş edilməsinə bərabər olacaqdır".
Yermolov bu fikrini hər iki layihənin müzakirəsi üçün çağırılmış xüsusi müşavirədə söyləmişdi. 1899-cu
ilin fevral ayının axırlarında keçirilən həmin müşavirə ingilis layihələrini rədd etmiş və ingilislər bu qərarla
razılaşmaq istəməyərək təkrarən, çar hökumətinə müraciət etmişdilər.
Elə həmin vaxt İngiltərə tərəfinə İngilis—rus bankının layihəsi təklif edildi. Rotşteynin fikrincə, bu bank
Britaniya kapitalının bu işdə maraqlı olmasından istifadə edərək onu Rusiya sənayesinin, o cümlədən neft
müəssisələrinin maliyyələşdirilməsi qəbilindən olan işlərə cəlb etməli idi. Beynəlxalq bank ingilislərə təklif
edirdi ki, onlar beynəlxalq bank tərəfindən layihələşdirilmiş "Sənaye kredit bankı"nın fəaliyyətində iştirak
etsinlər və İngiltərədəki rus sənaye müəssisələrinin aktivlərini və istiqrazlarını yerləşdirmək məqsədilə
Londonda bu bankın şöbəsini açsınlar.
Əcnəbilərin iştirakı ilə bank yaratmaq ideyası Rotşteyni çoxdan maraqlandırırdı. Çox güman ki, Bakıda
müştərək ticarət bankı yaratmaq ideyası fransızların "Əsas cəmiyyəti" yaradılandan daha əvvəl — 1896-cı ilin
əvvəllərində Tağıyevin müəssisələrinin maliyyələşdirilməsi barədə Rotşildlərlə danışıqlar yenicə başlayan vaxt
yetişmişdi. Yeri gəlmişkən Nobeldən 10 il sonra, yəni 1883-cü ildə Bakıya gəlmiş, özlərinin fəaliyyət miqyasına
görə ikinci şirkətin sahibi olmuş məşhur Paris bankiri Rotşild haqqında ayrıca qeyd etmək istərdik.
Öz fəaliyyətini genişləndirmək üçün o, hər şeydən öncə 1883-cü ildə "Bakı neft sənaye cəmiyyəti"nin
səhmlərinin xeyli hissəsini, sonradan 1885-ci ildə isə "Batum neft sənaye və ticarət cəmiyyəti" (BNSTC) şirkə-
tinin bir hissəsini satın aldı. Hər iki müəssisəni ruslar yerli kapital hesabına yaratmışdılar. 1893-cü ildə Rotşild
BNSTC-ni "Xəzər — Qara dəniz ticarət və sənaye cəmiyyəti"nə çevirdi. 1898-ci ildə o, "Mazut" cəmiyyətini
təşkil etdi. Bu 2 cəmiyyətin köməyi ilə Rotşild, demək olar ki, bütün Rusiya neft sənayesinə öz təsirini
genişləndirməyə və bununla da həm daxili, həm də beynəlxalq bazarlarda böyük rol oynamağa nail oldu.
"Bakı neft sənaye cəmiyyəti" və BNSTC-nin Rotşild şirkətinin sərəncamına keçməsi belə olmuşdur.
"Bakı neft sənaye cəmiyyəti" özünün yaranmasından az sonra kəskin maliyyə çətinliklərinə məruz qaldı və daha
güclü şirkətlərlə rəqabət aparmaq iqtidarında olmadığından, onun fəaliyyəti ildən ilə zəiflədi. Belə ki, onun
1874-cü ildə 7,5 mln. rubl olan ilkin kapitalı 1877-ci ildə 4 mln. rubladək, 1891-ci ildə 3,2 və 1894-cü ildə 2
mln. rubladək azalmışdı. Fəaliyyəti zəiflədikcə bu cəmiyyət tədricən öz müstəqilliyini itirib, Rotşildin Paris
bankir evinin güclü təsiri altına düşdü. 1907-ci ildə "Bakı neft sənaye cəmiyyəti"nin səhmləri Paris fond
birjasında kotirovka edildi və bunun nəticəsində fransız kapitalı burada öz mövqelərini daha da möhkəmlətdi.
Bundan bir qədər sonra cəmiyyət öz fəaliyyətini genişləndirmək məqsədilə yeni səhmlər buraxmağı qərara aldı,
buna görə də növbəti buraxılışa təminat vermək xahişilə kredit müəssisələrinə müraciət etdi. Rotşild ona qəti
müəyyən edilmiş səhmlər paketi verilməsinə və bu cəmiyyətin idarəsinin yenidən təşkil edilməsinə nail olaraq,
yeni səhmlər buraxılışını təmin etdi. Beləliklə, həmin vaxtdan etibarən "Bakı neft sənaye cəmiyyəti" öz
müstəqilliyini itirərək Rotşildin bank kapitalından tam asılı vəziyyətə düşdü. BNSTC-yə gəldikdə isə, onun
aqibəti də sözü gedən cəmiyyətin aqibətilə eyni oldu. BNSTC-nin ilkin kapitalı cəmi 1,5 mln. rubl idi. Belə
nisbətən kiçik məbləğ ona öz fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna görə də, yaranmasından lap az
keçdikdən sonra BNSTC 750 min rublluq səhmlər buraxdı. Bunların demək olar ki, hamısı 2 illiyə baron
Feleyzenə girov şəklində verildi. Lakin həmin müddət bitdikdən sonra cəmiyyət öz səhmlərini satın ala
bilmədiyindən baron Feleyzen özünün payçı kimi cəmiyyətə daxil olması və onun işlərinin birgə idarə edilməsi
barədə BNSTC rəhbərləri ilə razılığa gəldi.
Sonradan Feleyzen cəmiyyətin fəaliyyətinin daha da zəiflədiyini görərək, Rotşildpə saziş bağladı və öz
səhmlərinin hamısını nominal dəyərindən aşağı qiymətlə ona verdi. Beləliklə, 1885-ci ildən başlayaraq Rotşild
bu cəmiyyətin əmlakının böyük hissəsinin mülkiyyətçisi oldu. BNSTC-nin Rotşildin sərəncamına keçməsindən
sonra onun 1883-cü ildə 1,5 mln. rubl olan ilkin əsas kapitalı 1895-ci ildə 6 mln. və 1913-cü ildə 10 mln.
rubladək artdı.
Nəhəng kapitala və kredit-ticarət əməliyyatları təcrübəsinə malik olan Rotşildin şirkəti öz fəaliyyətini
sürətlə genişləndirərək Azərbaycandakı sahibkarlara güclü təsir göstərdi. Rotşild özünün özəl mədən və
zavodlarını həddən artıq genişləndirmək yolu ilə getmək "istəmirdi". O, əsasən, kredit-ticarət əməliyyatları ilə
məşğul olmağı daha sərfəli sayırdı. Rotşild özünün bütün işgüzar əməliyyatlarını "Xəzər— Qara dəniz ticarət və
sənaye cəmiyyəti" vasitəsilə aparırdı. "Mazut" cəmiyyəti isə onun ən iri neft ixracı və neft ticarəti şirkəti idi.
Belə ki, misal üçün o, "Xəzər—Qara dəniz ticarət və sənaye cəmiyyəti" vasitəsilə bir çox neft emalı
zavodlarının sahiblərinə kreditlər verərək, müqaviləyə əsasən onlar üzərinə belə bir öhdəlik qoymuşdu ki,
istehsal etdikləri ağ nefti xarici bazarlarda satış üçün irəlicədən müəyyən edilmiş qiymətlərlə ona təhvil
versinlər. Beləliklədə, Rotşildə borcları olan onlarca zavod sahibi ondan tam asılı vəziyyətdə qalaraq, öz
kreditorlarının bütün tələblərini itaətlə yerinə yetirirdilər.
1910-cu ildə Rusiyanın "Neft" şirkətinin paylarının mühüm hissəsi—təxminən 1 mln. rublluğu fransız
kapitalistlərinin əlinə keçdi, o biri il isə onlar "Q.M.Lianozov və oğulları" şirkətinin də təxminən elə bu
məbləğdə paylarını ələ keçirdilər. Yuxarıda sadalanan cəmiyyət və şirkətlərin əksəriyyətinin səhmləri Paris
birjasında kotirovka olunurdu.