Azərbaycanlıların vəziyyətləri və onların gələcəyinin səciyyəsi Bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlı indiyə qədər az tanınır, onların
etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzlərı indiyə qədər ciddi tədqiqatların
mövzusu olmayıb. Bu da həqiqətdir ki, həmin vəziyyətin əsl günahkarı Azərbaycanda
yüz il hakimiyyət sürən rus rejimidir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını
ruslaşdırmağa, onu öz milli xarakterindən məhrum etməyə çalışırdı.
Digər tərəfdən, azərbaycanlıların səciyyəvi xüsusiyyəti olan hədsiz
təvazökarlıq həmişə onları özünüreklama doğru atıla biləcək hər bir addımdan
saxlamışdır. Azərbaycanlılar özlərini gözə soxmağa, başqalarına nisbətən paylarına
daha çox düşən dərd fəlakətlər haqqında uca səslə danışmağa, hamıya çatdırmağa
öyrənməmişlər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat
vasitəsilə bütün dünyaya car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-
sıtqımadan öz içərilərində çəkirlər.
Bu vəziyyət bir neçə nöqteyi-nəzərdən qüsur sayılmalıdır: məhz
azərbaycanlıların təbiətindəki həmin xüsusiyyət onların bir sıra fəlakətlərinin
mənbəyinə çevrilmiş və bu xalqa özünün milli simasını bütün dolğunluğu ilə
göstərməyə mane olmuşdur. Azərbaycanlılar haqqında Avropanın və Amerikanın
mətbuat orqanlarında bir sıra yalan məlumatların yayılmasına da həmin şərait əsas
vermişdir. Azərbaycanla bağlı yayılan yanlış fikirlərin müəllifləri bir sıra hallarda
fantaziyaya güc vermiş, bəzi təsadüflərdə ictimaiyyətin diqqətinə təqdim etmək
iddiasında olduqları məsələyə nabələdliklərini nümayiş etdirmiş, əksər hallarda isə
belə materiallar bizim xalqa düşmənçilik məqsədi ilə, onu qəsdən gözdən salmaq
niyyəti ilə meydana çıxarılmışdır. Belə yazıların müəllifləri öz siyasi korluqları
56
ucbatından Azərbaycan xalqına gücləri çatan qədər ziyan vurmaq istəmiş və bu yolla
da öz millətlərinə fayda gətirəcəklərini düşünmüşlər.