Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Nəriman Nərimanovun “Bahadır və Sona” əsərinin təhlili



Yüklə 39,98 Kb.
səhifə4/4
tarix10.06.2022
ölçüsü39,98 Kb.
#89253
1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Ədəbiyyat tarixi)

Nəriman Nərimanovun “Bahadır və Sona” əsərinin təhlili.

N.Nərimanov öz xalqının özünəməxsusluğu, identikliyi haqqında fikirlərini əvvəllər millətin ayrı-ayrı dərdləri fonunda açıqlayırdısa, sonralar həmin problemi nəzəri cəhətdən təhlil edib, fəlsəfi mahiyyətini açmağa çalışır. Bu, onun anlayışların mənalarım dəqiqləşdirmək cəhdində də özünü göstərir. «Bahadır və Sona» dramında (1915) XX əsrin əvvəllərində (hətta indinin özündə də bəzən) qarışıq işlənən millət, din, qövm (xalq) məfhumlarına aydınlıq gətirir. Burada o, milləti «bir dində bulunan camaat» kimi izah etməklə, əslində ərəb mənşəli «millət» sözünün daşıdığı «əhali, xalq, camaat» və «dini icma, cəmiyyət» mənalarını bir tərifdə birləşdirir.


Əsər öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır.
Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi.
"Bahadır və Sona" əsərində romantizm estetikasının nəinki təzahürlərini, hətta bütün "izm"in izlərini görmək mümkündür. Məlumdur ki, romantizm estetikasının bədii düşüncədəki ifadə yolları vətən, millət, azadlıq, hürriyyət anlayışları üzərindən olmuşdur. Bu cəhətdən hətta onlar realistlərlə birləşirdilər. "Bahadır və Sona" romanında da bu problemdən ikisi-vətən və millət açıq şəkildə qoyulmuşdur. Yalnız azadlıq və hüriyyət burada öz əksini tapmır ki, bu da tarixi şəraitdən asılı idi. Bunu əsərin romantizm nümunəsi kimi qiymətləndirilməsinə elə bir təsiri olmamalıdır. Çünki XX əsrin əvvəllərində də elə romantiklər vardır ki, onların şeirlərində də azadlıq və hüriyyət məsələsi başlıca yer tutmurdu. Ə.Cənnəti, A.Müniri və başqa romantiklərin yaradıcılığında daha çox vətən, millət, keçmiş, dini təəssübkeşlik kimi faktorlar bədii təsvir obyekti olurdu. Romanın süjet xəttində Bahadırla Sonanın sevgi münasibətləri qurmasına baxmayaraq, yazıçının məqsədi başqa bir millətdən olan Sona ilə vətən və millət amilini müqayisəli şəkildə təsvir etmək olmuşdur. Vətən və millət ideyası romanın əsas qəhrəmanı Bahadır və Sonanın həyat kredosudur. Ən çox da Bahadır xalqının, millətinin, vətəninin bu gündə olması ilə barışmaq istəmir. Əslində, onun faciəsi də buradan qaynaqlanırdı: "Bir gün Bahadır millət sözünü bəyan edərkən fikrə gedib ah çəkdi və yavaşdan farsca bunu dedi: - Biçarə millətim!
Bunu deyib rəngi təğyir tapdı. Sona bunun sözünü yaxşı eşitməyib sual etdi:
- Nə üçün siz ah çəkdiniz və nə dediniz? Bahadır bir az fikirdən sonra dedi:
- Sizə dair bir söz demədim, ona görə təvəqqe edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz" (Nərimanov N. Seçilmiş əsərləri. B., 1973, s.215).

Bahadırın çəkdiyi ahın səbəbi millətpərəstlik olduğu bildirilir. Buradan da onun xalqını, vətənini dərindən düşünən bir ziyalı olduğunu görürük. O, millətlə bağlı yalnız ah çəkməklə kifayətlənmir, həm də onu gələcəyə aparmanın yollarını arayır, xristian aləmi ilə müsəlman dünyasını müqayisə edir. Bahadırın adını çəkmədiyi islam filosofunun "Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz", - fikirlərində geriliyin səbəbi kimi dini və mollaları görürdü. O, təkcə öz millətinin yox, bütün müsəlman aləminin tənəzzülünün səbəblərini axtarırdı. Hətta bir çox fikirlərində bütün bəşəriyyəti düşünür, ona səslənirdi. Bu cür yanğı yalnız M.Hadinin, A.Səhhətin, A.Şaiqin romantik şeirlərində öz əksini tapır. Bahadırın bəşəriyyətə üz tutması romantizmin görkəmli nümayəndəsi A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz!" məşhur misrasını xatırladır.


Beləliklə, N.Nərimanovun "Bahadır və Sona" əsərində sonralar romantizmin əsas xüsusyyətinə çevrilən ictimai mövzu və problematika, millət, vətən anlayışları və ona sevgi, ülvi, saf məhəbbət, bəşəri hisslərin təsviri başlıca yer tutur. Həm Bahadır, həm də Sona həyata, hadisələrə baxışları, dünyagörüşləri etibarilə romantizm estetikasının tələblərinə tamamilə uyğun gəlir. Romantizm estetikasına məxsus olan milli mövqe, üsyankarlıq, tərəqqi, şəxsi azadlıq, vətənpərvərlik kimi keyfiyyətlər "Bahadır və Sona" qəhrəmanlarının da əsas xüsusiyyətlərindəndir.
Yüklə 39,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə