Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


XVII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT MÜNASİBƏTLƏRİNİN ƏSASLARI



Yüklə 3,91 Mb.
səhifə36/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

XVII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT MÜNASİBƏTLƏRİNİN ƏSASLARI
17.1. Valyuta sistemi və onun elementləri
Valyuta sistemi – valyuta münasibətlərinin təşkilinin hüquqi for­masıdır və tarixən təsərrüfat münasibətlərinin beynəlmiləlləşməsi əsa­sında formalaşmışdır. Müxtəlif dövlətlər arasında iqtisadi, siyasi, mədəni və digər münasibətlər əldə olunan əmtəə, xidmət, verilən borc, kredit, ka­pitalın hərəkəti və digər məsələlər üzrə valyuta münasibətləri yaradır.

Beynəlxalq valyuta münasibətləri – valyutanın xarici iqtisadi dövriyyədə işlənməsi zamanı yaranan ictimai münasibətlərin məc­mu­su­dur. Valyuta sistemi burada beynəlxalq iqtisadi münasibətlərin intensiv­li­yi­nin artması və ya azalmasına əhə­miy­yətli dərəcədə təsir edir. Valyuta sis­temi vasitəsilə iqtisadi resurslar bir ölkədən digərinə axır (və ya bu pro­ses dayandırılır), istehsal və əməyin beynəlxalq bölgüsü üçün əlverişli şərait yaranır.

İctimai təkrar istehsal əmtəələrin, xidmət və kapitalın beynəlxalq dövriyyəsini yaradaraq valyuta münasibətlərinin obyektiv əsasına çev­rilir. Valyuta münasibətləri təkrar istehsala münasibətdə törəmə müna­si­bət olsa da, ona güclü təsir edir. Təsərrüfat münasibətlərinin beynəl­mi­ləl­ləşdiyi dövrdə təkrar istehsalın xarici faktorlardan asılılığı artır: dün­ya istehsalının dinamikası, beynəlxalq ticarətin inkişafı, xarici ka­pitalın axını.

Beynəlxalq iqtisadi münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə valyuta sisteminin xüsusiyyətləri və onun institutlarının səmərəli işləməsindən asılıdır.

Valyuta sisteminin xarakterik cəhəti onun daim dəyişməsi, inkişaf etməsidir. Bu dəyişikliklərin ən ümumi səbəbləri: dünya təsərrüfat mü­na­sibətlərinin dərinləşməsi, onun mexanizmlərinin mərhələlərlə dəyiş­məsi, valyuta münasibətlərinin növlərinin formalaşmasına təsir etmək üçün dövlətlərin iqtisadiyyatlara müdaxilələri sahəsində müxtəlif isti­qamətli proseslər və sair.

Milli, regional və dünya valyuta sistemləri fərqləndirilir.

Təsərrüfat münasibətlərinin beynəlmilələşməsi əsasında ilk əvvəl milli valyuta sistemi yaranır. Milli valyuta sistemi dedikdə döv­lətin digər dövlətlərlə beynəlxalq valyuta münasibətlərini təşkil etməsinin müəyyən qaydası nəzərdə tutulur. O, tarixən yaranır və formalaşması döv­lətin iqtisadi və xarici iqtisadi münasibətlərinin inkişafından asılıdır. Döv­lətin milli valyuta sistemi pul-kredit münasibətlərini əhatə edir və dövlətin xarici iqtisadi münasibətlərinə xidmət etməsi üçün valyutanın işlək olmasını təmin edir. Milli valyuta sistemi hüquqi cəhətdən beynəl­xalq hüquq normalarını nəzərə almaqla dövlətin hüquqi aktları ilə möh­kəmləndirilir.

Beynəlxalq valyuta sistemini aşağıdakı elementlər xarakterizə edir:



  • Milli valyuta;

  • Milli valyutanın konvertasiya edilmə şərtləri;

  • Milli valyutanın valyuta pariteti rejimi – iki valyuta arası mü­nasibətlər;

  • Milli valyutanın məzənnə rejimi (fiksasiya edilən, müəyyən hədlərdə sərbəst üzən);

  • Valyuta məhdudiyyətlərinin olub-olmaması;

  • Ölkənin beynəlxalq valyuta likvidliyinin milli tənzimi;

  • Beynəlxalq kredit dövriyyə vasitələrindən istifadənin tənzimi;

  • Ölkənin beynəlxalq hesablaşmalarının tənzimi;

  • Milli valyuta bazarının və qızıl bazarının rejimi;

  • Ölkənin valyuta münasibətlərini idarə edən və tənzimləyən milli orqanlar (mərkəzi bank, maliyyə nazirliyi, xüsusi orqanlar).

Azərbaycan Respublikasının mili valyuta sistemi dünya valyuta sisteminin prinsipləri nəzərə alınmaqla formalaşdırılır, çünki ölkə dünya təsərrüfatına inteqrasiya yolu seçmişdir, 1992-ci ildən BVF üzvüdür və digər beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarına daxildir. Əsas pul və milli valyuta sistemi Azərbaycan ma­na­tıdır. Hazırda Azərbaycan manatı məhdud konvertasiya qaydalarına ta­bedir, amma ölkənin strateji məqsədi planlaşdırır ki, iqtisadiyyat sta­bil­ləşdikcə azad konvertasiya rejiminə keçsin. Çoxlu valyuta məzənnələri rejimi əvəzinə ölkə 1993-cü ildə vahid Azərbaycan manatı kursuna keçdi. Qanunverici orqan qay­daları müəyyən etdi: beynəlxalq ödəniş dövriyyəsinin həyata keçirilməsi və valyuta resurslarından, beynəlxalq kreditlərdən istifadə; valyuta bazarının fəaliyyəti və onun iştirakçılarının tər­kibi; valyuta əmə­liy­yat­larının qaydaları və sair. Valyuta tənzimini hə­yata keçirən orqanların sta­tusu, valyuta siyasətinin əsas prinsipləri, həm­çinin Azərbaycan Res­pub­li­ka­sının beynəlxalq valyuta likvidliyinin tən­zimlənməsi qaydası müəyyən olunmuşdur. Milli valyuta sistemi da­xili pul, kredit və maliyyə sistemi ilə qarşılıqlı asılı vəziyyətə gətiril­miş­dir.

Regional valyuta sistemi – bir sıra dövlətlərin inteqrasiya pro­ses­lə­rini stimullaşdırmağa, milli valyutaların məzənnələrinin dəyişməsinin tən­zim­lənməsinə və regionun valyuta stabilliyi zonasına çevrilməsinə yö­nəl­miş, valyuta sahəsində təşkilati-iqtisadi münasibətlər formasıdır. Regio­nal valyuta sistemi valyuta münasibətlərinin tənzimlənməsində öz mexanizmlərinə, əsas valyutalarına və beynəlxalq hesablaşma vahid­lə­rinin təsirinin və rolunun məhdudlaşdırılmasına əsaslanır. Avropa val­yu­ta sistemini, Asiya, Afrika və Latın Amerikasının regional inkişaf banklarını, Asiya Klirinq İttifaqını və sairi göstərmək olar.

Milli və regional valyuta sistemlərinin fəaliyyəti və təsirinin məqsəd və şərtləri müxtəlif ölkələrin iqtisadiyyatlarının inkişafına və müxtəlif dövlət və dövlət qruplaşmalarının maraqlarının uzlaşdırılmasına yönəlib.



Beynəlxalq valyuta sistemi – dünya təsərrüfatının təşəkkülü nəticəsində meydana çıxmış və dövlətlərarası razılaşmalarla hüquqi cəhətdən möhkəmlənmiş beynəlxalq valyuta münasibətlərinin təş­ki­latlanma formasıdır. Ümumdünya valyuta sistemi xarici iqtisadi müna­si­bətlərə, dövlətlərarası valyuta tənzimlənməsi sisteminə xidmət edən mər­kəzi banklar vasitəsilə milli valyuta sistemləri ilə bağlıdır və dövlətlərin val­yuta siyasətlərinin koordinasiya edilməsi nəticəsində mövcuddur. Milli və beynəlxalq valyuta sistemlərinin əlaqəsi və fərqi bu sistemləri xa­rakterizə edən elementlərdə də özünü göstərir. Ümumdünya valyuta sisteminin aşağıdakı elementləri vardır:

  • Dünya pulunun funksional formaları (qızıl, ehtiyat valyutalar, beynəlxalq hesablaşma valyuta vahidləri);

  • Valyutaların qarşılıqlı konvertasiyası şərtləri;

  • Valyuta paritetlərinin və valyuta məzənnələrinin unifikasiyası rejimi;

  • Valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimi;

  • Beynəlxalq valyuta likvidliyinin dövlətlərarası tənzimi;

  • Beynəlxalq kredit dövriyyə vasitələrindən (veksel, çek və s.) istifadə qaydalarının və beynəlxalq hesablaşma normalarının unifikasiyası;

  • Dünya valyuta bazarlarının və qızıl bazarlarının rejimi;

  • Dövlətlərarası valyuta tənzimini həyata keçirən beynəlxalq təşkilatlar.

Bu elementlər dünya iqtisadiyyatının vəziyyətinin yeni istiqa­mət­lə­ri­nə müvafiq olaraq inkişaf edir.
17.2. Dünya valyuta sisteminin təkamülü

Valyuta sisteminin inkişafı milli və dünya iqtisadiyyatının inkişafı və ehtiyacları, onların strukturlarının quruluş prinsiplərinin dünya və milli təsərrüfatlarının qurulması prinsipi və dünya təsərrüfatının əla­qələri ilə müəyyən olunur. Buna görə də, dünya valyuta sisteminin bir neçə növü (inkişaf mərhələsi) fərqləndirilir .



Paris valyuta sistemi 19-cu əsrdə, sənaye inqilabından sonra və mü­vafiq olaraq dünya ticarətinin genişlənməsi ilə hüquqi cə­hətdən isə bu sistem 1867-ci il Paris konfransında qəbul olunmuş dövlət­lər­arası razılaşma ilə formalaşdı. O, qızıl monometallaşmasına əsaslanırdı, qızıl­pul standartını tətbiq edirdi. Qızılpul standartı sistemi əla­mət­lərlə xa­rak­terizə olunur: hər bir valyutanın qızıl təminatı vardı, bazar tələb-tək­lifindən asılı olan, amma qızıl ehtiyat həddində sərbəst dəyişən valyuta məzənnəsi müəyyən edilirdi, valyutalar qızıla konvertasiya edilə bilirdi, qızıl ehtiyat-ödəniş vasitəsi kimi istifadə olunurdu, qızılın ölkədən-ölkəyə sərbəst idxal-ixracına icazə verilirdi.

Qızılpul standartı müəyyən dərəcədə təbii tənzimləyici rolunu oynadı, onunla istehsal, xarici iqtisadi münasibətlər, pul dövriyyəsi, ödəniş ba­lansları və beynəlxalq ödəmələr hesablaşırdı. Qızılpul standartı valyuta mə­zənnəsinin və ödəniş balansının bazar bərabərləşməsi mexanizminin işlədiyi birinci dünya müharibəsinə qədər nisbətən səmərəli idi. Lakin zaman içində böyüyən təsərrüfat münasibətləri miqyasının tələblərinə və bazar iqtisadiyyatının tənzimlənməsi şərtlərinə cavab verə bilmədi. Bi­rinci Dünya müharibəsi dövründə əksər ölkələrdə kağız pulların qızıla sər­­bəst dəyişdirilməsi dayandı və daxili qızıl dövriyyəsi ləğv olundu. Bi­rinci Dünya müharibəsi dünya valyuta sisteminin böhranı ilə əlamətdar oldu. Qızılpul standartı artıq işləmədi.

Genuya valyuta sistemi 1922-ci il Genuya beynəlxalq iqtisadi kon­fransında qəbul olunmuş razılaşma ilə rəsmiləşdi. Bu sistem qızıl­deviz65 standartı tətbiq etdi; qızıla və qızıla konvertasiya olunan val­yu­taya əsaslanırdı.

Milli kredit pulları qızıl paritetinin saxlanması ilə beynəlxalq ödəniş-ehtiyat vasitəsi kimi istifadə edilməyə başlandı. Valyuta qızıla həm birbaşa, həm də dolayı – xarici valyuta vasitəsilə - konvertasiya edilə bi­lər­di. Valyuta məzənnələrinin sərbəst dəyişməsi rejimi bərpa edildi, amma indi qızıl ehtiyatı tələb olunmurdu. Valyuta sisteminin tənzim­lən­mə­si sistemi işləndi – aktiv valyuta siyasəti yürüdülür, beynəlxalq kon­franslar təşkil olunurdu. Ehtiyat valyuta statusu – konvertasiya olunan val­yutaların xüsusi kateqoriyası – heç bir valyutaya xüsusi olaraq ve­ril­məmişdi. Buna görə də, dövlətlər bu mövqe üçün gərgin rəqabət apa­rırdılar və nəticədə müxtəlif valyuta blokları yarandı.

1929-1933-cü illər dünya iqtisadi böhranı dünya maliyyə böhranı ilə müşayiət olundu. Genuya valyuta sistemi nisbi sabitliyini itirdi. Da­xi­li dövriyyədə kağız pulların qızıla mübadiləsi dayandırıldı, amma mərkəzi bankların razılaşması ilə valyutaların qızıla xarici mübadiləsi sax­landı. Beynəlxalq valyuta sistemi müxtəlif valyuta bloklarına bölündü.

Valyuta blokları beynəlxalq ödəniş vasitəsi kimi həmin bloka başçılıq edən dövlətin valyutasında istifadə edən dövlət qruplaşmalarını təmsil edir. Valyuta blokları bir neçə dövlətin güclü dövlətdən iqtisadi, valyuta və maliyyə asılılığına əsaslanırdı. Həmin blokların xüsu­siyyətləri vardır:


  • Asılı valyutaların məzənnələri qrupa rəhbərlik edən dövlətin valyutasına bağlıdır;

  • Beynəlxalq hesablaşmalar lider dövlətin valyutasında aparılır;

  • Blokun üzvlərinin valyuta ehtiyatları lider dövlətdə saxlanır;

  • Asılı valyutaların təminatı lider dövlətin xəzinə vekselləri və dövlət borc kağızları idi.

Əsas valyuta blokları funt-sterlinq və dollar blokları idi. Onlar dollar standartının ABŞ və Böyük Britaniyada ləğv edilməsindən sonra yarandı.

Dünya valyuta sistemlərinin bir sıra müstəqil valyuta bloklarına bölünməsi, valyutanın qızılla birbaşa əlaqəsinin aradan qalxması, onların həddən artıq etibarsız olması xarici iqtisadi münasibətlərin inkişafına çox mənfi təsir etdi. Valyuta sferası gərgin dövlətlərarası mübarizənin, rəqa­bətin və qarşıdurmaların sahəsi oldu. İkinci Dünya müharibəsi Genuya valyuta sisteminin çökməsini gücləndirdi. Buna görə də müharibədən sonrakı dövrdə dövlətlərarası valyuta münasibətlərini tənzimləyəcək bey­nəlxalq normaların yaradılması ehtiyacı yarandı.



Bretton-Vuds valyuta sistemi 1944-cü il müqaviləsi ilə rəsmiləşdi. Təbiətcə həmin sistem qızıl-deviz standartını xatırladırdı, amma ehtiyat val­yuta statusu hüquqi olaraq ABŞ dolları və funt-sterlinqə verildi. Bundan əlavə, valyutaların məzənnəsi və qızıl pariteti sabit müəy­yən­ləş­dirildi (dəyişiklik paritetin 1% ətrafında, Qərbi Avropada isə 0.75%); dollar eh­tiyatının xarici mərkəzi banklar tərəfindən Amerika xəzinə­dar­lığı vasitəsilə rəsmi qiymətə qızıla dəyişdirilməsi mümkün idi. O zaman beynəlxalq valyuta tənzimini həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı.

Beləliklə, qeyri-sosialist ölkələrdə valyuta münasibətlərini sa­bitləşdirəcək, valyuta məzənnələrini möhkəmləndirəcək və beynəlxalq valyuta əməkdaşlığını təmin edəcək sistem yaradıldı. Lakin bu sistem ABŞ üçün birtərəfli üstünlüklər və faydalar yaratdı. Belə ki, ABŞ dol­larına ümumi ödəniş vasitəsi və valyuta ehtiyatı statusu verildi. Dollar valyuta prioritetlərinin əsasında durdu, beynəlxalq hesablaşmalar, valyuta müdaxilələri və ehtiyat aktivlər vasitəsi oldu. ABŞ öz mövqelərini dün­yada möhkəmləndirmək üçün digər ölkələrdən istifadə etməyə başladı.

Bretton-Vuds valyuta sisteminin fəaliyyəti bütün qeyri-sosialist ölkələrinin ABŞ-dan asılılığına əsaslanırdı. Sənayeləşmiş ölkələr hərbi po­tensialını bərpa etdikcə, Qərbi Avropa və Yaponiya iqtisadiyyatları sabitləşdikcə ABŞ-ın rəqiblərinə çevrildilər və buna görə də Bretton-Vuds valyuta sistemi 1971-1976-cı illərdə dağılmağa başladı: nəticədə dol­ların qızıla dəyişdirilməsi dayandı; qızılın rəsmi qiyməti ləğv olundu; sabit valyuta məzənnələri üzən məzənnələrlə əvəzləndi; valyuta zonaları aradan qalxdı.

Hazırda fəaliyyət göstərən Yamayka valyuta sistemi 1976-cı ildə Beynəlxalq Valyuta Fondu üzvləri tərəfindən qəbul olunan və 1978-ci ildə qüvvəyə minən Beynəlxalq Valyuta Fondunun Yeni Nizamnaməsi ilə yaradıldı. Qızıldeviz Standartı SDR standartı ilə əvəzləndi. Yeni valyuta sisteminin əsasında rəsmi tanınan SDR dururdu – o yeni bey­nəlxalq hesablaşma vasitəsi idi. Beynəlxalq Valyuta Fondu üzv-döv­lət­ləri onun əsasında öz valyutalarının paritetlərini müəyyən etməli idilər. Lakin faktiki olaraq SDR dəyər vahidi, əsas beynəlxalq hesablaşma və ehtiyat vasitəsinə çevrilmədi. SDR-in tətbiq sahəsi Beynəlxalq Valyuta Fondunun əməliyyatları ilə məhdudlaşdı. SDR-ə təhkimlənən val­yu­taların sayı azalır. Yəni əslində dollar standartı qüvvədə qaldı. Dol­lar əvvəlki kimi beynəlxalq ödəniş və ehtiyat vasitəsi kimi istifadə olunur və SDR valyuta səbətinin bir hissəsi onun payına düşür.

Yamayka valyuta sistemi çərçivəsində əslində qızılın puldan ayrılması baş verdi: onun rəsmi qiyməti aradan qalxdı; onun dollara dəyişdirilməsi dayandı; Beynəlxalq Valyuta Fondu və onun üzvləri ara­sında dollardan hesablaşma vasitəsi kimi istifadə dayandı; milli val­yu­taların qızıla bərkidilməsindən imtina qanuniləşdirildi; Beynəlxalq Val­yuta Fondunun qızıl ehtiyatı qismən istifadə olundu (və ya üzvlərin hə­min ehtiyatdakı payı geri qaytarıldı).

Valyuta məzənnəsi rejimini seçmək hüququ ölkələrə verildi: ya üzən məzənnə sisteminə keçərək məzənnənin dəyişməsinə heç bir məh­du­­diyyət qoymamaq ya da milli valyutanın stabil məzənnəsini təyin et­mək və saxlamaq. Lakin hələ 1973-cü ildə Beynəlxalq Valyuta Fondu üzv­ləri praktiki olaraq birinci varianta keçmişdilər, çünki bu metod daha çevikdir.

Əvvəlki kimi BVF dövlətlərarası valyuta tənzimlənməsini möh­kəmləndirməli və valyuta məhdudiyyətlərinin aradan qaldırılması yolu ilə valyuta münasibətlərini liberallaşdırmalıdır. Yamayka valyuta sistemi təkmilləşməkdə və dünya dövlətlərinin valyuta münasibətlərindəki prob­lem­ləri həll etməkdə davam edir. Xüsusilə də bu problemləri: SDR standartının səmərəsizliyi; qızılın puldan hüquqi cəhətdən ayrılması ilə onun fövqəladə dünya pulu rolu arasındakı ziddiyyətlər; üzən mə­zən­nələrin təkmil olmaması; dövlətlərin dünya valyuta sistemindəki bərabər olmayan mövqeləri; dünya mərkəzləri arasındakı valyuta-siyasi koor­dinasiyanı gücləndirmək və valyuta mexanizmlərini möhkəmləndirmək.

Beynəlxalq (regional) valyuta sistemi – Avropa valyuta sistemi (AVS) 1979-cu ildə yaradıldı: inteqrasiya pro­ses­lərini möhkəmlən­dir­mək; Avropa siyasi, iqtisadi və valyuta sistemini – Avropa İttifaqını – ya­rat­maq; Qərbi Avropanın mövqelərini möhkəm­lən­dir­mək; Avropanın öz val­yutası ilə stabillik zonasını yaratmaq; Avropa ümumi bazarını dol­ların müdaxiləsindən qorumaq.

AVS dünya valyuta sisteminin altsistemidir. Qərbi Avropanın in­teq­rasiya prosesləri AVS-nin müqəddəratını həll edir və bununla da Yamayka valyuta sisteminin prinsiplərindən fərqlənir. SDR-in əvəzində EKYU – Avropa Valyuta Vahidi (1979-1998) buraxıldı. EKYU nəinki döv­lət, həm də özəl sahədə işlənirdi, o cümlədən bankların depozit və borc vasitəsi, özəl firmaların beynəlxalq ödəniş vasitəsi kimi və sair. Qızıl və dollar EKYU-nun buraxılma mexanizmlərinə daxil oldu və üzv döv­lətlərin qızıl-dollar ehtiyatlarının 20% özündə cəmləşdirdi. Qızılla əməliyyatlar bərpa olundu. Qarşılıqlı üzən valyuta məzənnəsi rejiminə AVS üzvləri valyutalarının bir-birinə nisbətdə üzmə hədləri müəyyən olundu (“Avropa valyuta ərazisi”).

Beynəlxalq Valyuta Fondunun əleyhinə Avropanın öz valyuta tən­zimləyicisi 1979-cu ildə yarandı – Avropa Valyuta Əməkdaşlığı Fon­du. 1994-cü ildə onun funksiyaları Avropa Valyuta İnstitutuna, 1998-ci ildə isə Avropa Mərkəzi Bankına keçdi. 7 fevral 1992-ci ildə Nider­land­da imzalanan və 1 noyabr 1993-cü ildə qüvvəyə minən Maastrixt müqa­vi­ləsinə əsasən Avropa Birliyi Avropa İttifaqı adlanmağa başladı.



Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mər­hə­lələrlə yaradılmasını nəzərdə tuturdu.

Birinci mərhələ (1 iyul 1990 – 31 dekabr 1993) iqtisadi və valyuta itti­faqının, o cümlədən hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tu­turdu. Xüsusilə, ölkələrin iqtisadi inkişaf səviyyələrinin bərabər­ləş­diril­məsi gedir, inflyasiya tempi aşağı salınır, büdcə kəsirləri azaldılır, valyuta məzənnələri stabilləşdirilir, dövlət maliyyələşməsi sağlam­laş­dırı­lırdı. Bu illərdə valyuta məhdudiyyətlərinə tam son qoyuldu, kapitalın ittifaq daxili və üçüncü ölkələrlə sərbəst hərəkəti başladı. Bu tədbirlər avronun vahid valyuta kimi tətbiqinə hazırlıq idi.

İkinci mərhələ (1 yanvar 1994 – 31 dekabr 1998) avronun tət­bi­qi­ni yaxınlaşdırmaq üçün Avropa İttifaqı üzvlərindən daha konkret təd­birlər tələb edirdi. Artıq qeyd edildiyi kimi, Avropa Valyuta İnstitutu 1998-ci ildə fəaliyyətə başladı. O, milli hökumətlərdən və milli höku­mət­lərdəki Avropa orqanlarından asılı deyildi. O, avronun bura­xıl­ma­sından əvvəl lazımi hazırlığı görməli idi. İşlərin nəticələri: milli Mər­kəzi banklar arasında əməkdaşlıq gücləndi; Avropa İttifaqı ölkələri ara­sında valyuta siyasəti uzlaşdırıldı, Avropa İttifaqı çərçivəsində val­yu­taların dəyişməsinə etibarlı nəzarət, valyuta tənzimlənməsi və ödəniş sis­temi yaxşılaşdı, Avropa Mərkəzi Bankının yaradılmasına zəmin hazırlandı (hüquqi, təşkilati və maddi-texniki). Dövlət müəssisələrinin mərkəzi bankları tərəfindən maliyyələşdirilməsini, dövlət borclarının mərkəzi banklarına ötürülməsini tənzimləyən (qadağan edən), mərkəzi bankların dövlətdən asılılığını aradan qaldıran qaydalar qəbul edildi.

Beləliklə, Avropa Valyuta İnstitutu Avropa Mərkəzi Bankının yara­dılması üçün əsas oldu. 1998-ci ildən fəaliyyətə başlayan Avropa Mər­kəzi Bankının əsas məqsədi qiymətlərin stabilliyini və müvafiq ola­raq vahid valyutanı qorumaq idi.



Üçüncü mərhələ - (1999-2002) vahid valyuta olan avroya keçidi nəzərdə tuturdu. 1 yanvar 1999-cu ildən Avropa İttifaqı üzv ölkələrinin milli valyutalarına münasibətdə avronun sabit kursu müəyyən edildi və avro ümumi valyuta elan edildi. 2002-ci ilədək milli valyutalar paralel iş­ləndi. 1 yanvar 2002-ci ildən avro banknotları və sikkələri buraxılmağa baş­landı və yerli valyutaları əvəz etdi. 2002-ci ilin iyulunda üzv-döv­lət­lərin təsərrüfatlarının vahid valyutaya keçidi başa çatdı.

Avropa mərkəzi banklarının sistemi işə başladı. Ona Avropa Mər­kəzi Bankı və avrozona ölkələrinin mərkəzi bankları daxil idi. Avropa mərkəzi banklarının sisteminin məqsədlərinə daxildir:



  • Avropa İttifaqı ölkələrində vahid valyuta siyasətinin yürüdülməsi;

  • Avronun digər dünya valyutalarına münasibətdə məzən­nəsinin saxlanması;

  • İttifaq ölkələrinin xarici ehtiyatlarından istifadə;

  • Avrozonada beynəlxalq ödəniş sisteminin işləkliyini təmin etmək;

  • Avro banknotlarının buraxılışını idarə etmək;

  • Hər bir mərkəzi bankın emissiya kvotasını müəyyən etmək;

  • Ümumavropa maliyyə sisteminin stabilliyini təmin etmək üçün Avropa İttifaqı maliyyə institutlarına nəzarət.

Dördüncü mərhələ - 2003-cü ildən başladı və iqtisadi valyuta itti­fa­qının valyuta sisteminin inkişafı üçün yeni istiqamətlər müəyyən edir. Avronun tətbiqi iqtisadi və valyuta ittifaqında olan dövlətlər arasındakı əlaqələri və qarşılıqlı asılılığı artırmalı, onların valyuta və iqtisadiyyat üzrə hərəkətlərini regiondakı əsas tərəfdaşları ilə koordinasiya etməyə sövq etməlidir.

Avronun tətbiqi beynəlxalq maliyyə-kredit münasibətlərinin işti­rakçısı və beynəlxalq təşkilatların üzvü kimi Azərbaycan Respublikasının da beynəlxalq valyuta-maliyyə münasibətlərinə ciddi təsir edir. Bundan əlavə, Azərbaycan Respublikasının ticarət tərəfdaşlarından bəziləri av­rozona üzvləridir. Azərbaycan Respublikası Mərkəzi Bankı 4 yanvar 2000-ci ildən avronun katirovkasına və Bakı Fond Birjasında avro alqı-satqısına başladı. Təsərrüfat subyektləri və əhali avroda hesab aça, he­sablaşmalar və köçürmələr apara, depozitlər saxlaya, konvertasiya edə və digər əməliyyatlar apara bilərdilər. Azərbaycan bank sistemi nizamnamə kapitalını avroda saxlaya bilər, xarici bank əməliyyatlarını avroda və digər valyutalarda apara bilər.


17.3. Valyutaların konvertasiya qabiliyyəti
Milli valyutanın konvertasiya qabiliyyəti – dövlətin müdaxiləsi olmadan onun xarici valyutaya və geriyə mübadilə edilməklə sərbəst çevrilməsidir. Pul mütləq vasitəçi rolunda xarici iqtisadi fəaliyyəti for­ma­sının inkişafına xidmət edir və beynəlxalq əmtəə mübadiləsinin bütün sahələrində iştirak edir. Valyutaların konvertasiya edilməsi mexanizmi ilə beynəlxalq ödəniş vasitəsi problemi və bir dövlətin valyutasının digə­rinin ərazisində istifadə edilməsi problemi aradan qalxır.

Ölkə daxilində və dünya miqyasında yalnız eyni dəyərli qızıla əsas­lanan pul dövriyyəsi özündə dövrilik mexanizmi ehtiva edər və bir val­yutadan digərinə keçid üçün heç bir xüsusi vasitə və mübadilə me­todları tələb etməzdi. Azad və qeyri-məhdud konvertasiya öz-özlüyündə nəzərdə tutulmuş olardı.

Qızılın puldan ayrılması, banknotların qızıla sərbəst dəyişdiril­mə­sinin dayandırılması, kağız pul və kredit pullarına əsaslanan pul sis­te­minin işə salınması ilə vəziyyət köklü surətdə dəyişdi. 1929-1933-cü illər­dəki dünya iqtisadi böhranı bütün dünya ölkələrinin valyuta siste­minə qarşısıalınmaz təsir etdi və valyutaların konvertasiya edilmə qabi­liy­yətini əsl problemə çevirdi.

Milli valyutaların konvertasiya olunmasına keçməsi kifayət qədər özü­nəməxsus bir proses oldu. Bunun üçün müəyyən iqtisadi zəmin ya­ran­­malıdır: idxal-ixrac əməliyyatları inkişaf etməli, rəsmi qızıl valyuta ehti­yatları formalaşmalı, inflyasiyanın qarşısı alınmalı, dövlət büd­cə­si­nin kəsirləri azaldılmalı, ödəmə balansı azaldılmalı, ölkənin xarici borcu idarə olunmalı, ölkədəki sosial-iqtisadi vəziyyət stabil olmalıdır.

Ən arzuolunan variant lazımi şərait yarandıqca sərbəst kon­ver­tasiyaya tədricən keçməkdir. Lakin volyuntarist (qəfil) variant da möv­cuddur. Bu halda milli valyutanın məzənnəsi dərhal düşür, rəsmi valyuta eh­tiyatları tükənir, idxal bahalaşır, inflyasiya güclənir, xarici borc ödə­nərkən valyuta itkisi artır.

Konvertasiya edilən valyutaya keçid problemlidir və seçim mə­sə­ləsidir: konvertasiya edilən mərhələləri, kimin üçün nəzərdə tutulması (rezi­dent ya qeyri-rezident), əməliyyatların növü, valyuta məhdu­diy­yətlərinin lüzumluluq dərəcəsi.

Valyuta siyasəti aləti kimi bir sıra dövlətlər zaman-zaman valyuta məhdudiyyətlərindən istifadə edirlər: rezident və qeyri-rezidentlərin val­yuta və digər valyuta dəyərliləri ilə əməliyyatlarının qanuni və ya inzibati qadağası, məhdudlaşdırılması və reqlamentləşdirilməsi.


  • Valyuta məhdudiyyətlərinin məqsədləri:

  • Ödəniş balansının bərabərləşdirilməsi;

  • Valyuta məzənnəsinin saxlanması;

  • Valyuta dəyərlilərinin dövlətin əlində cəmləşdirilməsi.

Valyuta məhdudiyyətləri prinsiplərinin tətbiqi nə­zərdə tutur: beynəlxalq ödənişlərin və kapital köçürülməsinin, qızılın hə­rə­kətinin, qiymətli kağızların tənzimlənməsi; xarici valyuta və digər valyuta dəyər­li­lərin sərbəst alqı-satqısının məhdudlaşdırılması və ya qa­dağası; valyuta əmə­liyyatlarının mərkəzləşdirilmiş qiymətli kağızlarla apa­rılması; val­yuta əməliyyatlarının lisenziyalaşdırılması; valyuta hesab­larının tam və ya qismən dondurulması, valyuta məzənnələrinin çoxluğu və sair.

Valyuta məhdudiyyətlərinin iki əsas tətbiq sahəsi fərqləndirilir: ödəniş balansının cari əməliyyatları (ticari və qeyri-ticari əqdlər) və maliyyə əməliyyatları (kapitalın, kreditlərin və digər transfertlərin hərə­kəti). Konvertasiya edilmə dərəcəsi ölkədəki valyuta məhdudiyyətlərinin həcmi və sərtliyinə tərs-mütənasibdir və valyuta mübadiləsinin və bey­nəl­xalq əqdlər üzrə ödənişlərin həyata keçirilməsi imkanlarını azaldır.

İlk maliyyə məhdudiyyətləri Birinci Dünya müharibəsi də mü­haribə edən ölkələrdə tətbiq olunmağa başladı. Müvəqqəti stabilləşmə dövründə (1924-1928) bu məhdudiyyətlər aradan götürülsə də, dünya iqtisadi böhranı zamanı (1929-1933) geniş tətbiq olunmağa başladı və İkinci Dünya müharibəsinin başlaması ilə bir neçə ölkə istisna olmaqla bütün dünyada tətbiq olunmağa başladı. Müharibədən sonrakı dövrdə bey­nəlxalq valyuta məhdudiyyətləri ilə Beynəlxalq Valyuta Fondu məş­ğul oldu və valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına başlandı. Lakin belə məhdudiyyətlər indi də bəzi ölkələrdə qalmaqdadır.

Valyuta məhdudiyyətlərindən asılı olaraq konvertasiyanın bir neçə rejimi fərqləndirilir. Belə ki, konvertasiya qabiliyyəti xarici və daxili ola bilər. Xarici konvertasiya zamanı eyni dövlətin rezidentləri – hüquqi və fiziki şəxsləri – xarici ölkə valyutasından istifadə edə bilməz, lakin ölkə daxilində pulla qeyri-rezidentə hesablaşma məq­sədilə xarici valyutada pul köçürə bilərlər. Bu xarici investorların aktivliyini stimullaşdırır, kapitalın repatriasiyası problemini və əldə olunan gəlirin ölkədən çıxarılması problemini aradan qaldırır; həmin val­yutaya bu və ya digər dərəcədə sabit beynəlxalq tələb yaranır və ölkənin valyuta məzənnəsinə və valyuta vəziyyətinə müsbət təsir edir. Qeyri-rezidentlər valyutadan sərbəst istifadə edə bilərlər, yəni onu xaricə apara bilər, onunla lazımi əmtəələr ala bilər və ölkəyə ixracı artıra bilərlər. Belə rejim daha az iqtisadi və maliyyə dəyişiklikləri tələb edir, çünki qeyri-rezident valyuta sahibləri adətən rezidentlərə münasibətdə çox azdır.

Daxili konvertasiya rejimində ölkənin rezidentləri daxili valyutanı sərbəst şəkildə xarici valyutaya dəyişə bilərlər, lakin qeyri-rezidentlərin belə hüququ yoxdur. Daxili konvertasiya həm hüquqi, həm də fiziki şəxslərə tətbiq olunur. Bu ola bilər: milli valyutanın xarici val­yutaya dəyişdirilməsinə məhdudiyyətin aradan qaldırılması, o cüm­lədən xaricə gedərkən; milli valyutaya xarici əmtəələrin alınmasına hü­quq verilməsi və sair.

Konvertasiya edilmə dərəcəsinə görə azad və məhdud konvertasiya edilən valyutalar fərqləndirilir.



Sərbəst konvertasiya edilən valyuta – xarici valyutalara sərbəst və qeyri-məhdud konvertasiya edilən valyutadır. O tam daxili və xarici dö­nərliliyə malikdir, yəni eyni mübadilə rejimindədir. Sərbəst konvertasiya olunan valyutanın tətbiq dairəsi gündəlik xarici iqtisadi əməliyyatlarla əla­qədar cari əməliyyatlara (xarici ticarət dövriyyəsi, qeyri-ticari ödə­nilər, xarici turizm) və həmçinin xarici kreditlərin və ya xarici inves­ti­siyaların hərəkəti üzrə əməliyyatlara tətbiq olunur. Bu rejim bütün hü­quqi və fiziki şəxslərə tətbiq olunur və bütün regionları əhatə edir. Kon­vertasiya edilən valyutanı emissiya edən ölkə dünya əmək bölgüsündən yararlanmaq üçün hesablaşmalarda məhdudiyyət tətbiq etmir, ölkə iq­ti­sa­diyyatını dünya ticarətinə açır. Lakin belə valyuta dünya valyutası ro­lunu oynamır, yəni ondan heç də həmişə beynəlxalq ödənişlərdə və əmtəələrin alınmasında, depozit toplanmasında istifadə oluna bilməz. Belə qabi­liyyətə müəyyən dərəcədə ehtiyat sərbəst dönərli valyutalar malikdir. Bunlar möhkəm maliyyə potensialına malik və güclü bank sistemi olan inkişaf etmiş ölkələrin valyutaları olur. Xarici ölkələrin mərkəzi bankları bey­nəlxalq hesablaşmalarda istifadə edilmək üçün bu valyutalarda ehti­yatlar saxlayır.

Bəzən sərbəst dönərli valyuta dünya praktikasında beynəlxalq hesablaşmalar üçün ümumqəbulolunmuş valyuta kimi işlənir. Bu halda emitent dövlət passiv ticarət və ödəmə balansına malik olsa da, bu onun üçün təhlükəli deyil və daxili iqtisadiyyat üçün mənfi nəticələr doğurmur. Ölkənin ödənişlərindəki fərqi onun özünün milli pulu ilə örtülə bil­məsidir. Bu pullar beynəlxalq ödəmə dövriyyəsində iştirak etdikcə əmtəə çatdırılması tələbi ilə və ya xarici valyutaya dəyişdirilməsi üçün qayıtmır.

Məhdud dönərli valyutalı ölkələrdə dövlət valyuta məhdu­diy­yət­lərindən istifadə edir. Xarici iqtisadi dövriyyənin müəyyən əməliy­yat­larına və ya valyutanın müəyyən sahiblərinə dönərlilik tətbiq olunmur. Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna münasibətdə də məhdu­diy­yətlər tətbiq edilə bilər.Hansı istiqamətlərdə hansı əqdlərin və kimlərə münasibətdə həyata keçirilməsindən asılı olaraq ən müxtəlif variantlar mümkündür. Valyuta məhdudiyyətinin səbəbi ola bilər: xarici borc­lanmanın təsiri; ödəniş balansının mənfi saldosu; xarici valyuta qıt­lığı; iqtisadiyyata digər mənfi təsirlər.

Milli valyutanın sərbəst dönərliliyinə keçilməsi milli və dünya tə­sər­rüfatları arasında geniş münasibətlərin formalaşması, bu iqti­sa­diy­yatların dərin inteqrasiyası prosesinin nəticəsidir.

Milli valyuta dönərliliyi ölkədə aşağıdakıları təmin edir:


  • İstehsalçının həm daxildə, həm də xaricdə daha əlverişli xammal bazasına və satış bazarına çıxışı;

  • Xarici sərmayənin cəlbi və xaricə sərmayə qoyulması üçün daha yaxşı imkanlar;

  • Milli müəssisələrin dəyişən şəraitə öyrəşməsi və xarici rəqabətin təsiri altında daha səmərəli, çevik və şəraitə uyğunlaşma qabiliyyəti əldə etməsi;

  • Milli istehsalın keyfiyyət, qiymət və kəmiyyət baxımdan dünya standartlarına uyğunlaşması;

  • Milli valyutada beynəlxalq hesablaşmaların aparılması;

  • Xarici ölkələrlə aparılan iqtisadi əməkdaşlığın nəticələ­ri­nin mötəbər qiymətləndirilməsi;

  • Valyuta ehtiyatlarından istifadənin səmərəliliyinin artı­rılması.

Milli valyutanın dönərli olması üçün ölkə iqtisadiyyatı bazar iqti­sa­diyyatlı olmalıdır, ona görə ki, o, pul sahiblərinin sərbəst iradə ifa­də­sinə əsaslanır. Milli valyutanın sərbəst konvertasiya edilməsi üçün la­zımi şərtlər və zəmin hazırlanmalıdır. Bunlara aiddir: iqtisa­diy­yatın sabitləşdirilməsi və bazar münasibətlərinə keçid; milli ixracın rə­qabət qabiliyyəti; istehsal və valyuta bazarı vasitələrinin real bazarı; qiymətəmələgəlmədə islahatlar aparılması və daxili qiymətlərin dünya qiymətlərinə yaxınlaşması; maliyyə sahəsinin sağlamlaşdırılması və ma­liyyə axınının möhkəmləndirilməsi; kifayət qədər maliyyə ehtiyatı; real val­yuta məzənnəsi; valyuta məhdudiyyətlərinin tədricən aradan qal­dırıl­ması və sair.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə