Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


XVIII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT



Yüklə 3,91 Mb.
səhifə38/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   42

XVIII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT

VƏ MALİYYƏ TƏSİSATLARI
18.1. Beynəlxalq hesablaşmalar
Xarici iqtisadi fəaliyyət pul vəsaitinin dövlətlər arasında döv­riy­yəsi ilə müşayiət olunur və beynəlxalq hesablaşmaların aparılması ilə həyata keçirilir.

Beynəlxalq hesablaşmalar – dövlətlər və müxtəlif ölkələrin rezi­dent­ləri olan hüquqi və fiziki şəxslər arası pul tələb və öhdəlikləri üzrə ödə­mələrin tənzimlənməsi sistemidir. Buna əmtəə idxal-ixracı üzrə hesab­laşmalar, xidmətlər və qeyri-əmtəə əməliyyatları üzrə hesab­laş­ma­lar (mədəni proqramlar, səfirliklərin saxlanması, turizm və sair), maliyyə əmə­liyyatlarının və borcun xidməti üzrə hesablaşmalar (kapitalın hə­rəkəti) və sair daxildir.

Beynəlxalq hesablaşmalardakı spesifikalar daxili hesab­laş­ma­lardakı spesifikalardan fərqlidir. Əsas xüsusiyyətlər bunlardır:



  • Beynəlxalq hesablaşmaların qaydası. Bir tərəfdən ödəniş edən tərəf­lərin yerləşdiyi ölkələrin qanunvericiliyi, bank adətləri, tərəflər ara­sındakı müqavilə ilə tənzimlənir. Di­gər tərəfdən xarici iqtisadi döv­riy­yəni tən­zimləmək üçün beynəlxalq unifikasiya qaydaları və adətləri möv­cuddur.

Hesablaşmaların beynəlxalq unifikasiyası beynəlxalq hesab­laş­maların ümumi qaydalarının müəyyən olunduğu beynəlxalq sənədlərin hazırlanması və imzalanması ilə həyata keçirilir (məsələn, Veksel barədə 1930-cu il Cenevrə konvensiyası, beynəlxalq sadə və köçürülən veksellər barədə Birləşmiş Millətlər Təşkilatının 1988-ci il konvensiyası və sair.), həmçinin Beynəlxalq Ticarət Palatasının beynəlxalq hesablaşmalar prak­tikasına unifikasiya edilmiş qaydalar və işgüzar adətlər daxil etməsi ilə (sənədli akkreditivlər üçün vahid qaydalar və adətlər, inkasso üzrə vahid qaydalar və sair). Beynəlxalq qaydalar əsasən tövsiyə xarakteri daşıyır. Belə ki, onlar əsasən beynəlxalq təşkilatların layihələrində və va­hid qay­da­larında təsbitini tapır. Onlar hüquqi qüvvəyə malik deyil və on­ların müd­dəaları konkret xarici iqtisadi əqdlərdə hesablaşma tərəf­lə­rinin ra­zılığı ilə aparılır.

  • Beynəlxalq hesablaşmalar adətən sənədli xarakter daşıyır, yəni əmtəənin göndərildiyini, onun qiymətləndirilməsi və sığortalanmasını və sairi təsdiq edən sənəd təqdim edilməklə həyata keçirilir.

Hesablaşma üçün iki növ sənəddən istifadə oluna bilər: kommersiya (ticarət) və maliyyə (ödəmə). Maliyyə sənədlərinə adi veksel, çek, borc kağızı və pul tələbinin göstərildiyi digər sənədlər daxildir. Kommersiya sənədlərinə nəqliyyat, anbar, sığorta və beynəlxalq və milli ticarətdə qəbul olunmuş digər sənədlər daxildir – hesab-faktura, konassament, qəbz, anbar şəhadətnamələri və sair. Beynəlxalq hesablaşmalardakı əsas kommersiya sənədi hesab-fakturadır.

  • Valyuta qiyməti valyuta ödənişi ilə üst-üstə düşməyə bilər: xarici iqtisadi müqavilə bir valyutada, ödəniş isə digər valyutada və ya əmtəə formasında edilə bilər.

  • Beynəlxalq hesablaşmalarda müxtəlif növ bank təmi­nat­ları, iki şirkətlərin və dövlət təşkilatlarının təminat və zə­manətləri işlənir. Onların məqsədi ödəyənə əlavə tə­minat verməkdir. Əlavə təminatlar ona görə zəruridir ki, trans­sərhəd özəl müqavilələr imzalanarkən mal çat­dı­rıl­ması, xidmət göstərilməsi və ya ödəniş edilməsinin bütün hallarını nəzərə almaq mümkün deyildir. Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında yerinə yetirilməzsə, müba­hi­səyə məhkəmə və ya arbitrajda baxılması vaxt (aylar və ya illər) aparacaq və əhəmiyyətli gecikmələrə səbəb olacaq.

Xarici iqtisadi əqdlərin valyuta-maliyyə və ödəmə şərtləri. Qeyd edildiyi kimi, beynəlxalq mal satışı və xidmət göstərilməsi bey­nəl­xalq qaydalar və milli normativ-hüquqi aktlarla yanaşı, xarici ticarət mü­qavilələri ilə tənzimlənir. Xüsusilə, ödənişin vaxtında və təcili edilməsinə daha çox müqavilənin valyuta-maliyyə və ödəniş şərtləri təsir edir. Bu şərt­lərdə beynəlxalq razılaşma və qaydalarla təsbit olunmuş hesab­laş­maların ümumi prinsipləri konkretləşdirilir.

Xarici ticarət müqaviləsində valyuta-maliyyə və ödəniş şərtləri müəyyən edilərkən nəzərə alınır: ölkə riskləri, gömrük məh­du­diyyətləri, əmtəə bazarı və valyuta bazarına müvafiq konyuktura, val­yuta-maliyyə məsələləri üzrə hökumətlərarası razılaşmalar, hesablaşmada iştirak edən ölkələrin bu sahədə milli qanunvericiliyi, beynəlxalq qayda və adətlər və digər faktorlar daxildir.



Valyuta şərtlərinə daxildir: valyutanın dəyəri, ödəniş valyutası, valyuta dəyərinin ödəniş valyutasına keçirilmə məzənnəsi (əgər fərqlə­nir­sə), tərəfləri valyuta risklərindən qoruyacaq qeyd-şərtlər. Üzən valyuta məzənnəsi şəraitində, müqavilənin valyuta şərtləri əsasən xarici iqtisadi əqdin səmərəliliyini əvvəlcədən müəyyən edir.

Qiymətin valyutası– satılan malın qiymətinin müəyyən edildiyi val­yuta. Valyuta dəyəri müəyyən edilərkən tərəflərin maraqları fərqlidir: ixracatçıya məzənnəsi yüksəlməkdə olan valyutadan istifadə etmək əlverişlidir, idxalçıya isə əksinə. Əsasən qiymət valyutasını ixracatçı təklif edir, idxalçı onun dəyişməsini nəzərə almağa çalışır və ixracatçı cavab güzəştləri tələb edir (məsələn, malın qiymətinə münasibətdə).

Valyuta qiymətində valyuta risklərini azaltmaq üçün inkişaf etmiş ölkələrin sabit valyutalarından və ya kollektiv valyutalardan (SDR, Avro) istifadə olunur. Bundan əlavə, malın qiymətini bir neçə valyutada vermək olar (valyuta səbəti).



Ödəniş valyutası – ixracatçı və idxalçı arasındakı hesablaşma bu valyutada aparılır. Ödəniş valyutası qiymət valyutasından fərqlənir və əsa­sən inkişaf etməkdə olan ölkələrə və ödəniş klirinqlə olan hallara xasdır.

İnkişaf etməkdə olan ölkələrdə ticarət dövriyyəsində ödəniş val­yu­tası kimi əsasən həmin ölkələrin milli valyutası istifadə olunur, bu şərtlə ki, həmin valyuta sərbəst dönərli olsun. İdxalçı ölkənin val­yutası sərbəst dönərli deyilsə, ehtiyat valyutası ödəniş valyutası qismində çıxış edə bilər. Valyuta klirinqində ödəniş valyutası klirinq əqdinin val­yutası ilə eyni olur.



Qiymət valyutasının ödəniş valyutasına çevrilmə məzənnəsi – he­sab­laşma iştirakçıları öz müqavilələrində çevrilmə şərtlərini müəy­yən­ləşdirir. Müqavilədə göstərilir: çevrilmə tarixi, məzənnənin növü (cari ba­zar, teleqraf köçürməsi və sair), məzənnənin hesablanması üçün ka­tirovkası əsas götürüləcək valyuta bazarı. Məzənnə enərsə, ixracatçı zə­rərə düşür, çünki ödəniş valyutasında az məbləğ alır; məzənnə artarsa, idxalçı zərərə düşür, çünki ödəniş valyutasında çox məbləğ ödəyir.

Tərəfləri valyuta risklərindən qoruyan qeyd-şərtlər müqavilə qiymətinin bir neçə valyutada (valyuta səbəti) deyil, bir valyutada gös­tə­rildiyi hallarda istifadə olunur. Qeyd-şərtdə valyuta məzənnəsinin əlve­rişsiz dəyişməsi və ya alıcılıq qabiliyyətinin kəskin azalması halında müqavilə qiymətinin mütənasib korrektə edilməsi nəzərdə tutulur.

Ödəniş şərtləri müqavilədə nəzərdə tutularsa, malın hərəkətinin hansı anında ödənişin olması, hansı ödəniş növ və formalarının tət­biq olunacağı, həmçinin ödəniş olmazsa və ya gecikərsə hansı qaran­tiyaların olduğu göstərilir.

Beynəlxalq hesablaşmalarda iki əsas ödəniş növü işlənir: nağd ödə­niş və kredit ödənişi. Beynəlxalq hesablaşmalarda nağd ödəniş de­dikdə nağd pulla ödəniş nəzərdə tutulmur.



Nağd ödəniş – alıcı malı aldıqda, ya da malın göndərildiyi ba­rədə sənədləri müqavilədə tələb edilən qaydada aldıqda edilən istənilən növ ödəniş deməkdir. Başqa sözlə, nağd ödəmə dedikdə mal və ya malın gön­dərilməsi barədə sənədlər qarşılığında ödəmə deməkdir.
Təcrübədə müqavilənin şərtlərindən asılı olaraq aşağıdakı for­malarda nağd ödəmə ola bilər:

  • Yükləmə sənədləri idxalçı tərəfindən alınanadək – əgər o malın yükləndiyi limanda yükləmənin başa çatdığı barədə sənədlər alarsa;

  • İdxalçı yükləmə sənədlərini aldıqda – əgər sənədlərin ötü­rülməsi yüklərin gəldiyi limana mallar çatdıqdan sonra çatarsa;

  • İdxalçı yükləmə sənədlərini aldıqdan sonra (amma yüklər gələnədək) – əgər müqavilədə idxalçıya güzəşt müddəti (adə­tən 7 günədək), sənədlərlə tanış olmaq və yüklərlə yoxlamaq müddəti verilirsə.

Nağd ödəmə ixracatçıya sərf edir, çünki əldə olunan gəliri tə­sər­rüfat dövriyyəsinə daha tez daxil etmək şansı əldə edir və bununla xarici iqtisadi dövriyyəsinin səmərəliliyini artırır.

Kredit ödəniş – xarici ticarət müqaviləsində bir tərəfin digərinə kre­dit verdiyi ödəmələrdir. Kredit avans ödəniş (alıcı avansı) və ya ödə­ni­şin təxirə salınması formasında (kommersiya krediti) ola bilər. Qeyd edən ki, alıcının satıcıya bankdan kredit almaqla ödəniş etməsi nağd ödə­niş sayılır.

Avans ödəniş – idxalçının malın göndərilməsi və ya xidmət gös­tə­rilməsindən əvvəl və hətta müqavilənin icrasına başlanmasından əvvəl tam və ya qismən ödəniş etməsidir. Bu ona görə edilir ki, ixracatçı öh­də­li­yini yerinə yetirdikdən sonra idxalçı öhdəliyini yerinə yetirməzsə, ixracatçı zərərini təkrar tələb etsin.

İdxalçı üçün avans ödəniş səmərəli. Dövriyyədən vəsaitin vaxtın­dan əvvəl çıxarılıb göndərilməsindən əlavə, bu, riskləri əhəmiyyətli şə­kildə artırır: idxalçı malı çatdırmaya bilər, göndərilən mallar müqavilə şərtlərinə cavab verməyə bilər və ya lazımi şəkildə olmaya bilər, halbuki malın pulu qismən və ya tam ödənib.



Kommersiya krediti – ixracatçı tərəfindən idxalçıya çatdırılan mal üçün ödəməni gecikdirmə güzəştidir. Belə güzəşt bir neçə aydan bir neçə ilədək ola bilər. Çətin və ya çox baha mal çatdırılarkən on ilədək möhlət ola bilər (gəmi, aviatexnika və sair).

Tə adətən kredit ödənişinin veksel forması tətbiq olunur. Veksel kreditorun maraqlarının kifayət qədər etibarlı müdafiəsini təmin edir. İdxalçının öhdəliyi həm adi, həm də köçürmə vekseli ilə rəs­miləş­di­ri­lə bilər. Açıq hesab formasında kommersiya krediti verilməsi də ha­zırda geniş yayılmışdır.

Qeyd edilməlidir ki, ixracatçı üçün kreditləşdirmə bir sıra risk­lərlə müşayiət olunur: təsərrüfat dövriyyəsindən vəsaitin uzunmüddətli çıxarılması, ödənişin yerinə yetirilməməsi riski (və ya uzunmüddətli ödəmə borcu), malın qiy­mətinin dəyişmə riski66 və ödəniş müddətinin gecikməsi ilə artan val­yuta riski. Eyni zamanda, kommersiya krediti verməklə, satıcı bazarda rə­qabət qabiliyyətini möhkəmləndirir və əmtəə satışını artırır. Bundan əlavə, o, idxalçıdan müqavilənin digər şərtləri üzrə güzəştlər tələb edə bilər (baha qiymət və sair).

Nağd və kredit ödəmə şərtlərindən əlavə beynəlxalq hesab­laş­ma­larda qarışıq şərtlər və nağd ödəmə opsionu ilə kredit ödəmə şərti ola bilər. Hesablaşmaların qarışıq şərtləri idxalçıya imkan verir ki, idxalın bir hissəsini nağd ödəsin, digər hissəsində isə ödəmədə möhlət alsın. Nağd ödəmə opsionu ilə kredit ödəmə idxalçıya seçim verir – ya mal ça­tan kimi ödəmək, ya da möhlət götürmək. Son halda idxalçı nağd ödə­mə zamanı ola biləcək endirimdən yararlana bilmir.

Xarici ticarət əqdlərində maliyyə təminatlları idxalçının ödəmə öhdəliklərinin icrasını tam və ya qismən təmin edir. Maliyyə qaran­ti­ya­ları aşağıdakı formalarda ola bilər:


  • Yüksək dərəcəli bankın təminat məktubu – mal çat­dı­rıl­dıqdan sonrakı müəyyən dövrdə idxalçı ödəniş etməzsə, bank öz hesabına malın pulunu ödəyir;

  • Bank avalı: beynəlxalq hesablaşmalarda veksel öhdə­liyinin geniş yayılmış qarantiya formasıdır. Aval - vek­se­lin arxa tərəfində xüsusi yazıdır və avalı kimin əvəzinə vermişdirsə, onun tərəfindən öhdəliyin yerinə ye­tirilməsinə görə məsuliyyət daşıdığını təsdiq edir. Aval eti­barlı və asan realizə olunan qarantiyadır. Belə ki, ban­kın avala görə məsuliyyəti ümumi mülki hüquqi nor­ma­larla deyil, daha etibarlı müdafiə təmin edən veksel qa­nun­vericiliyi ilə tənzimlənir;

  • Bank aksepti – vekselin idxalçı tərəfindən deyil, onun xahişi ilə yüksək səviyyəli bank tərəfindən aksepti. Bu hal­da, ixracatçıya münasibətdə öhdəliyi idxalçı deyil, vek­seli qəbul edən bank daşıyır və buna görə də bu əmə­liy­yata görə yüksək komissiya alır. Bank aksepti əsasən onun üçün istifadə olunur ki, malı üçün köçürmə vekseli alan ixracatçı onu bankda tezliklə nağda keçirsin (yüksək sə­viyyəli bankda aksept edilmiş vekseli nağd formaya çevirmək daha asandır);

  • Bankların ehtiyat akkreditivi (“stand-by”) – onu verən bankın benefisiar qarşısında idxalçının müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda göstərilən hədlərdə ödəməni etmək öhdəliyini göstərir. Benefisiarın borclunun öhdəliklərini yerinə yetirmədiyi barədə sənədləri banka verməsi ilə ödəniş yerinə yetirilir.

Beynəlxalq hesablaşmaların formaları. Xarici ticarət əmə­liy­yat­larında tərəflər riskləri azaltmaq üçün bu və ya digər ödəniş for­ma­sından istifadə edirlər. İxracatçı ödəməmə riskini azaltmaq və gəliri mak­simum tez əldə etmək istəyir. İdxalçı isə elə forma seçmək istəyir ki, öz ehtiyatlarından maksimum az istifadə etsin və ixracatçının əsas­lan­dırılmamış kreditləşdirməsinə imkan verməsin.

Hesablaşma forması müəyyən edilərkən faktorlar nə­zərə alınır: haqqı ödəniləcək əmtəənin forması; ölkə riski; tərəflərin bir-bi­rinə etibar səviyyəsi; ödəniş qabiliyyəti; ödəniş forması (nağd ya kre­dit) və sair.

Hazırda dünya təcrübəsində beynəlxalq hesablaşmaların forma­la­rın­dan istifadə olunur: akkreditiv, inkasso, bank köçürməsi, açıq hesab və avans.

Akkreditiv ödəmə ­– həm pul, həm də sənədli akkreditivdən is­ti­fadəni nəzərdə tutur. Pul akkreditivindən ödəmə almaq üçün əlavə kom­mer­siya sənədləri təqdim etmək lazım deyil. Sənədli akkreditivdən isti­fadə zamanı isə, akkreditivdə göstərilən sənədləri təqdim etmək lazımdır. Xarici ticarət əməliyyatları zamanı sənədli akkreditivlər istifadə olunur.

Sənədli akkreditiv – razılaşmadır. Ona əsasən emitent bank (akkre­ditiv açan bank) idxalçının göstərişləri əsasında ixracatçıya ödəniş etməyi (nağd) öhdəsinə götürür. Bunun üçün akkreditivdə tələb olunan sənədlərin təqdim edilməsi və digər şərtlərə əməl edilməsi şərti ilə ya benefisiarın təqdim etdiyi vekseli aksept edir, ya da ödəyir.

Aksept akkreditivi və ya tələbi ödəmək akkreditivi ixracatçı idxal­çıya kommersiya krediti verdikdə işlənir. Orada nəzərdə tutulur ki, ixracatçı yükləmə sənədləri ilə köçürmə vekselini göndərir. Veksel idxal­çının, təqdim edənin, akkreditivi verən və ya akkreditivdə göstərilən digər bankın adına verilə bilər.

Hesablaşmanın akkreditiv formasında tərəflər yalnız sənədlərlə üzləşirlər və buna görə də, xarici ticarət müqaviləsində akkreditivlə təq­dim olunmalı sənədlərin tam siyahısı və təfərrüatı göstərilməli və akkre­ditivin açılması təlimatında və akkreditivin özündə isə konkret hansı sənədlər qarşılığında ödəniş ediləcəyi dəqiq göstərilməlidir.

Beynəlxalq təcrübədə müxtəlif akkreditivlərdən istifadə olunur. Hər biri hansı növə aid olmasını dəqiq və aydın göstərməlidir.

Akkreditivlər geri çağırılan və çağırılmayan; təsdiqlənən və təsdiqlənməyən; əhatə edən və etməyən; köçürmə; yenilənən və sair ola bilər.

Geri çağırılan akkreditiv – ixracatçıya xəbər vermədən onu verən bank onu ləğv edə və ya dəyişə bilər. Geri çağırılmayan akkreditiv emitent bankın dəyişməz öhdəliyidir və yalnız ixracatçının razılığı ilə dəyişdirilə və ya ləğv edilə bilər.

Təsdiqlənən akkreditiv – üçüncü bankın (təsdiq edən) dəyişməz öh­dəliyi qismində əlavə ödəmə təminatının alınmasını tələb edir. Təs­diqlənməyən akkreditiv əlavə təminat tələb etmir və yalnız emitent bank üçün məcburidir. Əgər akkreditivi verən bank ixracatçının müxbir bankı deyilsə, üçüncü bankın təsdiqi lazım gəlir.



Əhatə olunan akkreditiv –emitent bank bu akkreditivi açarkən eyni zamanda icraçı67 və ya təsdiq edən bankın səlahiyyətinə öz öh­də­li­yinin qüvvədə olduğu dövrdə akkreditivin məbləğində hesabı akkre­di­tivin hesabına köçürür. Əhatə olunan akkreditiv o zaman istifadə olunur ki, hesablaşma iştirakçısı olan ölkə qanunvericiliyi yerli valyutanın istifadəsini məcbur edir və həmçinin emitent bank ixracatçının müxbir bankı deyil. Akkreditiv açılarkən vəsait köçürülmürsə, əhatə olunan hesab olunmur. Hazırda beynəlxalq təcrübədə əhatə olunmayan ak­kre­ditivlər daha çox istifadə olunur.

Köçürmə akkreditivlər – akkreditivdən istifadə hüququnu qismən və ya tam başqa şəxslərə ötürmək imkanı verir. Bu o halda tətbiq olunur ki, məsələn, ixracatçı malın hamısını çatdırmır və bir hissəsini di­gər­lə­rin­dən alır. O halda, ixracatçı ödəniş almaq hüququnu tam ya qismən ötürür.

Bərpa olunan (revolver) akkreditiv – onun şərtlərinə dəyişiklik edilmədən akkreditiv məbləğinin avtomatik artması şərtini nəzərdə tutur. Müntəzəm əmtəə təchizatlarında istifadə olunur.

İxracatçı üçün akkreditiv mübahisəsiz variantdır, xüsusilə idxal­çını yaxşı tanımadığı və ona tam etibar edə bilmədiyi hallarda. Bu hesab­laşma forması ixracatçını ödəniş olmaması variantından qoruyur, çünki ak­kreditiv idxalçının yox, bankın ödəmə öhdəliyidir. Lakin, akkreditiv açan bank akkreditiv üzrə verilən sənədlər üzrə müəyyən səbəblərdən ödə­niş etməyə bilər (məsələn, emitent bankın ölkəsində valyuta prob­lemləri var). Belə riski azaltmaq üçün akkreditivi ixracatçının öl­kə­sindəki bankın təsdiq etməyi lazımdır.

İdxalçı üçün akkreditiv zəruri deyil: o, akkreditivin bütün müddəti ərzində təsərrüfat dövriyyəsindən pul vəsaiti çıxarmalı və beləliklə, dövriyyəsini azaltmalıdır. Bankların akkreditiv xidmətinə görə aldığı komissiya inkasso əməliyyatlarına görə alınan komissiyadan çoxdur və müqavilə məbləğindən asılıdır. Bundan əlavə, idxalçının riski var ki, ixracatçı müqavilə ilə tələb olunan çeşid və keyfiyyətdə olmayan mal göndərəcək. Bu riski azaltmaq üçün idxalçı tələb edə bilər ki, yükləmə sənədləri ilə birgə ixracatçının ölkəsindən müstəqil auditor tərəfindən verilən təftiş sertifikatı göndərilsin.

İdxalçı üçün akkreditiv ödəmə formasının aşağıdakı üstünlükləri ola bilər: bank yalnız o zaman ödəniş edir ki, mallar idxalçıya göndərilib və akkreditivin bütün şərtlərinə əməl edilib; akkreditivin açılmasına ra­zılıq verməklə, idxalçı öz maliyyə sabitliyini təsdiq edir. Bundan əla­və, ödənişə zəmanət verməklə, müqavilə bağlanarkən daha əlverişli ödə­niş şərtləri tələb edə bilər.



Hesablaşmanın inkasso forması – sənədləşməsi asan olduğundan beynəlxalq hesablaşmalarda daha çox istifadə olunur.

İnkasso – elə bank əməliyyatıdır ki, bank ixracatçının tapşırığı ilə id­xalçıdan onun ünvanına göndərilən malların və ya göstərilən xid­mət­lə­rin ödənişini qəbul edir və alınan vəsaiti ixracatçının hesabına yer­ləşdirir.

İki növ inkasso vardır. Sadə inkasso maliyyə sənədlərinin inkas­solaşdırılmasıdır (veksel, çek və s.) və kommersiya sənədləri ilə müşayiət olunmur. Sənədli inkasso əməliyyatlarında bank kommersiya sənədləri və ya kommersiya sənədləri ilə müşayiət olunan maliyyə sənədləri üzrə ödənişi qəbul edir. Beynəlxalq ticarət dövriyyəsində sənədli inkasso ix­ra­catçı tərəfindən öz bankına idxalçının kommersiya sənədlərini verməsi qarşılığında ödəniş və ya köçürmə vekseli üzrə aksepti almaq səlahiyyəti verir.

Sənədli inkasso əməliyyatı aşağıdakı formalarda həyata keçirilir:


  1. İdxalçı ilə müqavilə imzaladıqdan sonra ixracatçı malları yükləyir;

  2. Yüklədikdən sonra öz bankına (remitent bank) nəqliyyat və digər lazımi sənədlərlə birgə inkasso tapşırığı68 verir;

  3. İxracatçının bankı sənədləri yoxladıqdan sonra onları id­xal­çının ölkəsindəki müxbir banka (inkasso edən bank) göndərir;

  4. İdxalçının bankı idxalçıdan təqdim olunan sənədlər qar­şılığında pul köçürmək tapşırığı alır;

  5. İdxalçının bankı ödənilən vəsaiti remitent banka köçürür və orada həmin vəsait ixracatçının hesabına oturur.

İnkasso hesablaşmada banklar sadəcə vasitəçi qismində çıxış edir və ödənişin olmamasına və ya ödəyənin inkasso sənədlərini qəbul etmə­mə­sinə görə məsuliyyət daşımır. Lakin sənədlərin banklardan keçməsi xeyli vaxt aparır.

Akkreditivlə müqayisədə inkasso idxalçı üçün daha faydalı və ixracatçı üçün az faydalı variantdır. İxracatçı üçün vəsaitlərin ləng döv­riy­yəsi69 gedir və ödəniş taminatı yoxdur (idxalçı ödənişdən imtina edə bilər və ya mal sənədləri onun bankına çatanda ödəmə qabiliyyətsiz ola bilər). Ödənişdən yayınma riskini azaltmaq üçün ixracatçı inkasso növünə yalnız idxalçını tanıdığı, onun reputasiya və ödəniş qabiliyyəti barədə əmin olduğu halda razılaşmalıdır. Əks halda əlavə şərtlər tələb edə bilər: idxalçının ixracatçının xeyrinə bank təminatı verməsi və s.

Bu hesablaşma formasının üstünlüyü ixracatçı üçün odur ki, id­xalçı malın pulunu vermədikcə onları ala bilməyəcək. Bu təminat onunla şərtlənir ki, əmtəəyə sərəncam vermə barədə sənədlər idxalçıya yal­nız ödəniş edildikdən və ya köçürmə vekseli aksept edildikdən sonra verilir.

İnkasso ödənişinin idxalçı üçün üstünlüyü odur ki, həqiqətən çat­dı­rılan mallara görə ödəniş edilir. Akkreditivdən fərqli olaraq, ilkin depo­nentləşdirmə üçün dövriyyədən vəsait çıxarılması üçün vəsait tələb etmir, yüklənən əmtəəyə mülkiyyət hüququ ödəniş edilənədək və ya veksel aksept edilənədək saxlanır.



Bank köçürməsi – sadəcə bir bankın digər banka benefisiara kö­çür­mə edənin xahişi ilə müəyyən məbləğin ödənilməsi barədə tap­şırı­ğıdır.

Xarici ticarət hesablaşmalarında bank ödənişləri istifadə olunur: avans ödənişlərdə, inkasso ödənişlərdə, açıq hesabda borclanma üzrə, reklam üzrə tənzimləmə və digər əməliyyatlar.

Bank köçürməsi ilə əmtəənin çatdırılması üzrə hesablaşmalar aşağıdakı qaydada aparılır:


  1. Müqavilə imzalandıqdan sonra ixracatçı malları idxalçıya yola salır və ona mal sənədlərini göndərir;

  2. Sənədləri aldıqdan sonra idxalçı vəsaitin ixracatçıya kö­çü­rülməsi barədə bank təlimatı verir;

  3. İdxalçının bankı ödəniş təlimatı ilə ödəniş vəsaitini ixra­catçının hesabına ödəyir;

  4. İxracatçının bankı qəbul olunan vəsaiti ixracatçının hesabına yerləşdirir.

Bu hesablaşma formasının üstünlüyü odur ki, köçürmə əmə­liy­yatının xərci azdır və icrası sadədir: banka ödəniş tapşırığından başqa heç bir sənəd təqdim etmək lazım deyil. Bank köçürmələrində hesab­laş­maların sürəti böyükdür, çünki hazırda onların əksəri teleqraf, teleks və ya S.W.İ.F.T. sistemi ilə aparılır və bu halda köçürmələr beynəlxalq bank kompyuter əlaqəsi kanalları ilə kağızsız əsasda baş verir.

Eyni zamanda, bank hesablaşmalarında heç bir tərəf riskə məruz qalmır. Xarici ticarət müqaviləsində avans ödəniş nəzərdə tutulma­mış­dırsa, ixracatçı üçün göndərilən malın dəyərinin ödənilməmə riski vardır. Bu riski azaltmaq üçün bank təminatı tələb oluna bilər. Avans ödəniş varsa, idxalçının riski var: ixracatçı ya malları təqdim etməyə bilər, ya da malları təqdim etməməklə yanaşı avansı qaytarmaya da bilər.



Açıq hesab üzrə ödəmələr. Müasir şəraitdə dünyada xarici ticarət döv­riyyəsində geniş yayılıb, xüsusilə də Qərbi Avropada. Onlar uzun­müd­dətli müntəzəm əmtəə çatdırılması üzrə istifadə olunur; bu zaman tə­rəflər uzunmüddətli münasibətdə olurlar. Bu həm də şirkətlə o­nun müxtəlif törəmə müəssisələri və filialları arasındakı hesablaşmalarda da istifadə olunur. Əmtəə konsiqnasiya70 üzrə realizə olunarkən də istifadə olunur.

Bu formanın mahiyyəti ondan ibarətdir ki, ixracatçı idxalçının ünvanına malları göndərir və bankdan yan keçməklə, ona malın sənəd­lərini göndərir və eyni zamanda öz borc kitablarında göndərilən malın dəyərini yazır (hesabın açıq alıcısının borcuna). İdxalçı öz kitablarında eyni qeydi edir – ixracatçının hesabına kreditin qeydi. Müqavilədə gös­tərilən müddətlərdə idxalçı bank köçürməsi, çek və ya veksel yolu ilə çat­dırılan mallara görə ödəniş edir. Ödəniş edildikdən sonra ixracatçı və id­xalçı öz kitablarında müvafiq qeydlər edirlər.

Açıq hesab şərtləri ilə hesablaşma zamanı idxalçının ixracatçı qar­­şısında borcu yaranır. Onun ödənməsi şərti müqavilədən asılıdır: gön­də­rilən malların hər bir hissəsinə görə, tələblərin qarşılaşdırılması yolu ilə (qarşılıqlı çatdırılma üzrə) və ya müəyyən olunan müddətlərdə mün­təzəm ödənişlər yolu ilə hesablaşma aparıla bilər. Son halda açıq he­sab üzrə ticarətə ixracatçının idxalçıya kommersiya krediti verməsi kimi baxıla bilər.

Hesablaşmanın bu forması hesablaşma iştirakçıları üçün və asan üsuldur. Eyni zamanda, ixracatçı üçün bu heç də ən sərfəli üsul deyil, çünki çatdırılan malların ödəniləcəyi təminatı yoxdur. Bu sə­bəbdən, açıq hesab üzrə hesablaşmalar adətən qarşılıqlı mal çatdırılması zamanı tətbiq olunur: bu zaman bir tərəfin öz öhdəliyini yerinə yetir­məməsi digər tərəfin öz öhdəliklərinin icrasını saxlaması ilə nəticələnə bilər. Həmçinin qeyd etmək lazımdır ki, açıq hesab üzrə hesablaşma ixra­cat­çının vəsait dövriyyəsinə mənfi təsir edir. Təchizatçıların bu formadan istifadə etməyə razılaşması həmin malların dünya bazarında bol ol­du­ğundan onun satışının çətin olması ilə bağlıdır. Ödəniş riskinin və ya ödənişin gecikməsi riskinin azaldılması üçün adətən ixracatçılar idxalat­çı­lardan bank təminatı tələb edirlər.

İdxalatçılar üçün açıq hesab şərtləri ilə hesablaşmalar ən sərfəli və risksiz variantdır: əlavə vəsait cəlb etməyə ehtiyac yoxdur, bank krediti yoxdur, əldə olunmamış malın əvəzinin ödənilməsi riski yoxdur.

Avans formasında ödəniş beynəlxalq təcrübədə əsasən aşağıdakı hal­larda işlənir: ödənməmə riski böyük olduqda (ölkə riski və idxalçının ödə­niş qabiliyyəti ilə bağlı risklər); müqavilənin icrası müddətinin uzanması; strateji təyinatlı, bahalı və dünyada çatışmayan malların çat­dı­rılması. Avans ödənişlərində idxalçı ixracatçıya kredit vermiş sayılır.

Tam (yüzfaizli) avans ödənişi ixracatçı üçün ən sərfəli və idxalçı üçün ən sərfəli olmayan variantdır. Amma bu zaman ixracatçı əhə­miy­yətli qiymət endirimi etməli olur ki, bu da heç də həmişə ixracatçı üçün əlverişli etmir. Xüsusiyyətlərinə görə bu hesablaşma formasında tam avans çox nadir hallarda istifadə olunur – ixracatçının ödənməmə riskinin çox yük­sək olduğunu, idxalçının isə həmin malı almaqda həddən artıq maraq­lı olduğu halda istifadə olunur.

Qismən avans ödənişindən daha çox istifadə olunur ki, bu da adə­tən ümumi qiymətin 10%-30% həcmində olur. Bu, idxalçının öhdə­lik­lə­rini yerinə yetirməsinin təminatı rolunu oynayır və ixracatçının dövriyyə vəsai­tinin xeyrinə işləyir. İdxalçı müqavilə üzrə göndərilən malı almaq­dan imtina edərsə, ixracatçı avans ödənişi öz zərərini örtmək üçün isti­fadə edə bilər.

Bununla əlaqədar qeyd edək ki, avans ödəniş heç nə ilə təmin edil­mir və bu zaman idxalçının riskini azaltmaq üçün bank təminatın­dan istifadə olunur. İxracatçı malı verməz və ya müqavilə şərtlərinə əməl etməzsə, belə təminat avansı qaytarmaq üçün istifadə olunur. Belə təminat idxalçının xeyrinə və ixracatçının tələbi ilə onun bankı tərəfindən avans məbləğində verilir.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə