Azərbaycan respublikasinin



Yüklə 3,22 Mb.
səhifə10/37
tarix26.09.2017
ölçüsü3,22 Mb.
#1921
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Sübutlar və sübutetmə


XIV fəsil

Sübutlar


Maddə 124. Sübutların anlayışı və növləri

124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:

124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı;

124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir.

124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:

124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;

124.2.2. ekspertin rəyi;

124.2.3. maddi sübutlar;

124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları;

124.2.5. digər sənədlər.



Maddə 125. Sübutların mümkünlüyü

125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;

125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;

125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə;

125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;

125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda;

125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda;

125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda.

125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

125.4. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər.

125.5. Cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.

125.6. Müvafiq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz.

125.7. Cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir.

125.8. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

125.9. Cinayət işinə andlı iclasçıların kollegiyasında baxılarkən məhkəmə iclasında sədrlik edən məhkəmə baxışında sübut kimi qəbul edilə bilməyən materialları çıxarır və onların hüquqi əsassızlığını andlı iclasçılara izah edir, bununla əlaqədar andlı iclasçılarda cinayət prosesi tərəflərinin yanlış fikir yaratmasının qarşısını alır.



Maddə 126. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri

126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.

126.2. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun.

126.3. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.

126.4. Aşağıdakı şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz:

126.4.1. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə;

126.4.2. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların dərk və ya təsvir edilməsi qabiliyyətinin ekspertiza vasitəsi ilə yoxlanılmasından imtina edildikdə.

126.5. Şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz.

126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

Maddə 127. Ekspertin rəyi

127.1. Ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış:

127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir;

127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir.

127.2. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır.

127.3. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.



Maddə 128. Maddi sübutlar

128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər.

128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir.

128.3. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki:

128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun;

128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın.



Maddə 129. Maddi sübutların və digər əşyaların saxlanılması

129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər.

129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir:

129.2.1. qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları;

129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, qiymətli kağızlar, istiqraz vərəqələri və lotereya biletləri.

129.3. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir.

129.4. Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər.

129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır.



Maddə 130. Cinayət təqibi üzrə icraatın aparıldığı müddətdə əşyaların mühafizəsinin təmin edilməsi

130.1. Maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

130.2. Cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir.

130.3. Poçt vasitəsi ilə və ya əllə göndərilən maddi sübutlara və digər əşyalara ekspert, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim baxır və bu əşyaları müşayiət məktubuna, siyahıya, ittiham aktına əlavə edilmiş arayışa, habelə onların əlamətlərini və götürülməsini əks etdirən protokollara və cinayət təqibi üzrə digər materiallara əsasən tutuşdurur. Əşyalara baxışın gedişi və nəticələri barədə protokol tərtib olunur.



Maddə 131. Cinayət təqibi üzrə icraat başa çatanadək maddi sübutlar barədə qəbul edilən qərarlar

131.1. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:

131.1.1. tez xarab olan əşyaları;

131.1.2. məişətdə gündəlik tələbat əşyalarını;

131.1.3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

131.1.4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini.

131.2. Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar

132.0. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir:

132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir;

132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər;

132.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır;

132.0.4. cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir.

132.0.5. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir.

Maddə 133. Əşyaların xarab olması, məhv edilməsi və ya itirilməsinin nəticələri

133.1. Ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyanın dəyəri məhkəmə məsrəflərinə aid edilir. Bu əşya məhkum olunmuş şəxsə və ya mülki cavabdehə məxsus olduqda, onun dəyəri ödənilmir. Bu əşya başqa şəxsə mənsub olduqda, onun dəyəri məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və ya məhkum olunmuş şəxsdən və mülki cavabdehdən tutula bilər.

133.2. Bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Maddə 134. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları

134.1. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.

134.2. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər:

134.2.1. baxış;

134.2.2. şəxsi müayinə;

134.2.3. şəxsin və əşyaların tanınması;

134.2.4. götürmə;

134.2.5. axtarış;

134.2.6. əmlak üzərinə həbs qoyulması;

134.2.7. poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması;

134.2.8. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;

134.2.9. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;

134.2.10. meyitin qəbirdən çıxarılması (ekshumasiya);

134.2.11. dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama;

134.2.12. ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə;

134.2.13. istintaq eksperimenti.

134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.

134.4. Qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir.

134.5. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz.

Maddə 135. Sənədlər

135.1. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur.

135.2. Bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik sənədlər də maddi sübut hesab edilə bilər.

135.3. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir.



Maddə 136. Sənədlərin cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilməsi, saxlanması və qaytarılması

136.1. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.

136.2. Götürülmüş və işə əlavə edilmiş sənədləri cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahibi tələb etdikdə, ona həmin sənədlərdən müvəqqəti istifadə etmək və ya surətini çıxarmaq imkanı verilməlidir.

136.3. Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır.



Maddə 137. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi

Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

Maddə 137-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi 79

137-1.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, sənədlər və digər əşyalar "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

137-1.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız həmin fəaliyyəti həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.

XV fəsil


Sübutetmə


Maddə 138. Sübutetmənin anlayışı

138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

Maddə 139. Sübut edilməli hallar

139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir:

139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları;

139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi;

139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;

139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;

139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar;

139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar.



Maddə 140. Bəzi sübutlar əsasında müəyyən edilən hallar

140.0. Cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər:

140.0.1. ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi;

140.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması — psixiatriya sahəsində ekspertlərin rəyi;

140.0.3. şahidin və ya zərər çəkmiş şəxsin cinayət işi üzrə müəyyən edilməli halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsi — psixiatriya sahəsində ekspertlərin rəyi;

140.0.4. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi — tibb və psixologiya sahəsində ekspertlərin rəyi;

140.0.5. təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti.

Maddə 141. Sübutsuz müəyyən edilən hallar

141.1. Cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur:

141.1.1. ümumi məlum olan faktlar;

141.1.2. müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü;

141.1.3. məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.

141.2. Cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən olunmuş halları cinayət prosesinin digər iştirakçılarına deyil, yalnız razılığa gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur.

141.3. Aşağıdakı hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunur:

141.3.1. şəxslərin qanunu bilməsi;

141.3.2. şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi;

141.3.3. şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim etmədikdə, yaxud xüsusi hazırlıq və təhsil verən müəssisə və ya digər təşkilatın adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması.



Maddə 142. Preyudisiya

142.1. Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.

142.2. Mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.

Maddə 143. Sübutların toplanılması

143.1. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.

143.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.

143.3. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır.

143.4. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar.

Maddə 144. Sübutların yoxlanılması

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.



Maddə 145. Sübutların qiymətləndirilməsi

145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.



Maddə 146. Sübutların kifayət etməsi

146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir:

146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına;

146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə;

146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə.

146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır:

146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına;

146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə);

Dördüncü bölmə



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə