Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR



Yüklə 2,3 Mb.
səhifə25/36
tarix14.02.2018
ölçüsü2,3 Mb.
#26913
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR


Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə

315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 316. Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.438

316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma 439

316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma –

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.440

316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.441

316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda –

bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.

Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında məlumatları yayma 442


316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

316-2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



Maddə 317. Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma

317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə—

beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—

yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 317-1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 443

317-1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.444

317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.445

Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi -

altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317-2.2. Eyni əməllər təkrar törədildikdə -

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 318. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə

318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—

iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.446

318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə— 447

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.

Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə

319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—

iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.448

319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə 449

320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.450

320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—

iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.451

Maddə 321. Hərbi xidmət keçməkdən boyun qaçırma

321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 322. Özbaşınalıq

322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—

beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.452

322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.453

Maddə 323. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma

323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma —

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.454

323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.

Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—



iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.455

Maddə 325. Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma

Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.456

Maddə 326. Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə

326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə—

beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.457

326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama—

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.458


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə