Azərbaycan Respublikasının Konstitusiyası


Maddə 12. Dövlətin ali məqsədi



Yüklə 200,86 Kb.
səhifə2/10
tarix21.02.2018
ölçüsü200,86 Kb.
#27381
1   2   3   4   5   6   7   8   9   10

Maddə 12. Dövlətin ali məqsədi


I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə`min edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.


Maddə 13. Mülkiyyət


I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 14. Təbii ehtiyatlar


Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

Maddə 15. İqtisadi inkişaf və dövlət


I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

II. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa tə`minat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.


Maddə 16. Sosial inkişaf və dövlət


I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mə`nəvi irsini qoruyur.


Maddə 17. Ailə və dövlət


I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.


Maddə 18. Din və dövlət


I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini e`tiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Maddə 19. Pul vahidi


I. Azərbaycan Respublikasının pul vahidi manatdır.

II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.

III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər


Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.

Maddə 21. Dövlət dili


I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.


Maddə 22. Paytaxt


Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri


I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.

İkinci bölmə

Əsas hüquqlar, azadlıqlar və vəzifələr

3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi


I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məs`uliyyətini və vəzifələrini də əhatə edir.


Maddə 25. Bərabərlik hüququ


I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə tə`minat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi


I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə tə`minat verir.


Maddə 27. Yaşamaq hüququ


I. hər kəsin yaşamaq hüququ vardır.

II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, fövqəl`adə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.



Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə