Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 339. Ərizənin verilməsi



Yüklə 0,81 Mb.
səhifə11/15
tarix15.03.2018
ölçüsü0,81 Mb.
#32272
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

Maddə 339. Ərizənin verilməsi

339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.

339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Maddə 340. Ərizənin məzmunu

Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.



Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.



Fəsil 38. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər

Maddə 342. Şikayətin verilməsi

342.1. Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat hərəkətlərini aparmaqdan imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.

342.2. Vəsiyyətnamə və etibarnamələrin qanunvericilikdə sadalanan vəzifəli şəxslər tərəfindən düzgün təsdiq edilməməsinə və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə-profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin, ekspedisiyanın, qospitalın, hərbi təlim müəssisəsinin, hərbi hissənin, birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə verilir.

342.3. Azərbaycan Respublikasının Bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnaməni düzgün təsdiq etməməsindən və ya onu təsdiq etməkdən imtina etməsindən şikayətlər gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yer üzrə məhkəməyə verilir.

342.4. Məhkəməyə şikayət, notariat hərəkəti və ya bu cür hərəkəti yerinə yetirməkdən imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir.

342.5. Aparılmış notariat hərəkəti əsasında hüquq barədə maraqlı şəxslər arasında yaranmış mübahisəyə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır.



Maddə 343. Şikayətə baxılması

Şikayətə ərizəçinin və ya hərəkətindən şikayət verilən notariusun və ya orqanın nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinə mane olmur.



Maddə 344. Şikayət üzrə məhkəmənin qətnaməsi

Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.



Fəsil 39. Uşağın övladlığa götürülməsi

Maddə 345. Ərizənin verilməsi

Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.



Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir.

Maddə 346. Ərizənin məzmunu

346.0. Uşağın övladlığa götürülməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

346.0.1. övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü;

346.0.2. övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması;

346.0.3. uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar;

346.0.4. övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.



Maddə 347. Ərizəyə əlavə edilən sənədlər

347.1. Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır:

347.1.1. uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

347.1.2. uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

347.1.3. uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

347.1.6. yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

347.2. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, müvafiq icra hakimiyyəti orqanının razılığı, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.

347.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunur.

347.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin sənədləri müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Leqallaşdırıldıqdan sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

Maddə 348. İşin məhkəmədə baxılmağa hazırlanması

348.1. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla, işi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır.

348.2. Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:

348.2.1. övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;

348.2.2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;

348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;

348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);

348.2.5. uşağın övladlığa götürülməsinə onun valideynlərinin razılığı olmadan yol verən qanunda göstərilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə razılığı;

348.2.6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;

348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasına, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd.

348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.

348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir.

348.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti orqanından razılığa əsas olmuş qəyyumluq və himayəçilik orqanı tərəfindən verilmiş vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədləri və övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını və övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının təqdim etdiyi müvafiq sənədləri tələb edir.

Maddə 349. Ərizəyə baxılması

İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləqzəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.



Maddə 350. Ərizə üzrə məhkəmənin qərarı

350.1. Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.

350.2. Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman övladlığa götürmədən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın saxlanması, tərbiyəsi və təhsili şəraiti barədə məlumatların mütəmadi olaraq övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.

350.3. Xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur.

350.4. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün qətnamənin çıxarıldığı yer üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana, övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Maddə 351. Övladlığa götürülmənin ləğv edilməsi

Uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir.



Fəsil 40. Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat

Maddə 352. Ərizənin verilməsi

352.1. Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.

352.2. Ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir.

Maddə 353. Ərizə üzrə məhkəmənin qətnaməsi

353.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.

353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır.

Maddə 354. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi

Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

Maddə 355. Şəxsin narkoloji-tibb müəssisəsində məcburi müalicə müddətinin uzadılması

Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

Fəsil 40 çıxarılıb.

Maddə 352 çıxarılıb.

Maddə 353 çıxarılıb.

Maddə 354 çıxarılıb.

Maddə 355 çıxarılıb.

Maddə 356 çıxarılıb.

Üçüncü bölmə. Məhkəmə aktlarına yenidən baxılması

Fəsil 41. Apellyasiya instansiyası məhkəməsində icraat

Maddə 357. Apellyasiya şikayəti vermək hüququ

357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.



Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr

358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:

358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən—yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına;

358.0.2. yerli iqtisad məhkəmələrinin qətnamələrindən—yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasına;

358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasına.

Maddə 359. çıxarılıb.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti

Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.



Maddə 361. Apellyasiya şikayətinin məzmunu

361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;

361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı;

361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;

361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.

361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

361.5.çıxarılıb.

Maddə 362. Apellyasiya şikayətinin verilməsi

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.



Maddə 363. Apellyasiya şikayətinin qaytarılması

363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;

363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa.

363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.

363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri

Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.



Maddə 365. Ümumi şərtlər

Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.



Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması

366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Maddə 367. Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi

367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir.

367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra, 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.

367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.

Maddə 368. İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri

368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.

368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür.

368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.



Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi

369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə