Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi



Yüklə 0,81 Mb.
səhifə12/15
tarix15.03.2018
ölçüsü0,81 Mb.
#32272
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi

370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi

Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın həddləri

372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

372.5. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.

372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.



Maddə 373. İşə baxılması

Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin qətnaməsinə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.



Maddə 374. Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi

Sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə hüququnu izah edir. Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri bu Məcəllənin 19-23-cü maddələri və bu fəsillə müəyyən olunur.



Maddə 375. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi

Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir.



Maddə 376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməlirinin nəticələri

376.1. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

376.3. İşə qiyabi baxılması və həllinin bu Məcəllə ilə müəyyən olunmuş qaydaları apellyasiya icraatına da şamil edilir.



Maddə 377. İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tərəfidən həll edilməsi

İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.



Maddə 378. İşin məruzə edilməsi

İşə apellyasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya hakimlərdən birinin məruzəsi ilə başlanır. Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini və ona dair daxil olmuş etirazları, məhkəməyə təqdim olunmuş yeni sübutların məzmununu izah edir, habelə məhkəmə qətnaməsinin yoxlanılması üçün zəruri olan digər materiallar haqqında məlumat verir.



Maddə 379. İşdə iştirak edən şəxslərin izahatları

Məruzədən sonra məhkəmə, məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatlarını dinləyir. Birinci apellyasiya şikayətini vermiş şəxs və onun nümayəndəsi çıxış edir. Qətnamədən hər iki tərəf şikayət verdikdə, birinci iddiaçı çıxış edir.



Maddə 380. Sübutların araşdırılması

380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.

Maddə 381. Məhkəmə çıxışları

Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar araşdırıldığı halda məhkəmə çıxışlarına yol verilə bilər. Bu zaman birinci apellyasiya şikayətini vermiş şəxs çıxış edir.



Maddə 382. Qətnamənin çıxarılması və elan edilməsi

Məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedir. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.



Maddə 383. Məhkəmə iclasının protokolu

Apellyasiya icraatında bu Məcəllənin 22-ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır.



Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri

384.0. Apellyasiya instansiyası məhkəməsi:

384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

384.0.3. qətnaməni dəyişdirə bilər;

384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.



Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar

385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.



Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir:

387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa;

387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa;

387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə;

387.2.5. qətnamə onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa;

387.2.6. qətnamə işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə;

387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa.

387.3. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

Maddə 388. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması

Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.



Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması

Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.



Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması

Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.



Maddə 391. İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi

Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir



Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:

392.1.1 qətnamənin çıxarılma vaxtı və yeri;

392.1.2. qətnaməni çıxarmış məhkəmənin adı və tərkibi;

392.1.3. apellyasiya şikayətini vermiş şəxs;

392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu;

392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar;

392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri.

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Maddə 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi

Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.



Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.



Maddə 394. Apellyasiya instansiyası məhkəməsinin xuuml;susi qərardadı

394.1. İşə apellyasiya qaydasında baxan məhkəmə bu məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

394.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.

Fəsil 42. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi

Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ

395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:

395.1.1. bu Məcəllədə göstərilən hallarda;

395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Maddə 396. Şikayətin verilmə müddəti

396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.

Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası

397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

397.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti

398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;



398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi

Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. (19)



Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni qüvvəyə minir.



Maddə 401. İşin qaytarılması

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir.



Fəsil 43. Kassasiya instansiyası məhkəməsində icraat

Maddə 402. Kassasiya şikayəti vermə hüququ

Apellyasiya məhkəmələrinin mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.

Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ

403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər.

403.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.

403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə bərabər tutulur.

Maddə 404. Kassasiya qaydasında işə baxan məhkəmə

404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:



404.1.1. apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından—Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına;

404.1.2. apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından —Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına.

404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki işlər və iqtisadi mübahisələr üzrə kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər.



Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:


405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;


405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.



Maddə 406. Kassasiya şikayəti vermə qaydası

406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 407. Kassasiya şikayətinin məzmunu

407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:

407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan;

407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;

407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;

407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.



407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.



Maddə 408. Kassasiya şikayətinin qaytarılması

408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:

408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa;

408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;

408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

408.1.6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa;

408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

408.4. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

408.5. Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.



Maddə 409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi

Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.



Maddə 410. Kassasiya şikayətindən imtina edilməsi

410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.



Maddə 411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad

Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə