Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 272. Protokolun tərtib olunması



Yüklə 0,81 Mb.
səhifə9/15
tarix15.03.2018
ölçüsü0,81 Mb.
#32272
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Maddə 272. Protokolun tərtib olunması

272.1. Protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər.

272.2. Bu Məcəllənin 272.1.-ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi prosessual hərəkətlərə də şamil olunur.

272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır.

272.4. Protokolun tərtib olunmasının tamlığını təmin etmək üçün məhkəmə səsyazma vasitələrindən istifadə edə bilər.

272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.

272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı mübahisələndirilə bilməz, o, protokola qeyd edilməlidir.

272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır,

272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir.

Maddə 273. Protokola dair qeydlər

İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.



Maddə 274. Protokola dair qeydlərə baxılması

274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir.

274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır.

274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar.



Fəsil 23. Əmr icraatı

Maddə 275. Məhkəmə əmri

275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.

275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.

Maddə 276. Məhkəmə əmri verilə bilən tələblərin əsasları

276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər.

276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:

276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa;

276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa;

276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;

276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;

276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə;

276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;

276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə;



276.2.8. tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə.

Maddə 277. Ərizənin verilməsi

277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.



277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün on manat dövlət rüsumu ödənilir.

Maddə 278. Ərizənin forması və məzmunu

278.1. Məhkəməyə ərizə yazılı formada verilir.

278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

278.2.1. ərizənin verildiyi məhkəmənin adı;

278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer;

278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və ya olduğu yer;

278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;

278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;

278.2.6. əlavə edilən sənədlərin siyahısı.

278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.



Maddə 279. Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi

279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.

279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:

279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;

279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;

279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.

279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.



Maddə 280. Məhkəmə əmrinin çıxarılması qaydası

Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.



Maddə 281. Məhkəmə əmrinin məzmunu

281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:

281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:

281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;

281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;

281.1.4. tələbin ödənilməsinin hüquqi əsası;

281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;

281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa;

281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği.

281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə əmrində bu Məcəllənin 281.1.1--281.1.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir.

281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.

Maddə 282. Etiraz

Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.



Maddə 283. İddia icraatına keçid

Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.



Maddə 284. Məhkəmə əmrinin icra edilməsi

284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.

İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı)

Fəsil 24. Ümumi müddəalar

Maddə 285. Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər

285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı işlərə baxır:

285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;

285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;

285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.5. normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə.

Maddə 286. Ərizənin verilməsi

286.1. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.

286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi şərt deyildir.

286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün əsas deyildir.

286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.

286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.



Maddə 287. Sübutetmə vəzifəsi

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.



Maddə 288. İşlərə baxılması və həll edilməsi qaydası

Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin 24—29-cu fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.



Maddə 289. Şikayət etmə qaydası

Bu Məcəllənin 24-29-cu fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından (qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir.



Fəsil 25. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə dair icraat

Maddə 290. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi

Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.

Maddə 291. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə baxılması

291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətinə (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhəl) baxılır.

291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

291.3. çıxarılıb.

Maddə 292. Məhkəmənin qərarından şikayət verilməsi

Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir.

Fəsil 26. Müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati xətalar haqqında qərarları ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat

Maddə 293. Ərizənin verilməsi

293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər.

293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə şikayət etmək hüququ vardır.

293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.

293.4. Ərizədə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.

293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.

293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə ilkin müraciəti məcburi şərt deyildir.

Maddə 294. Ərizəyə baxılması

294.1. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Ərizə vermiş şəxs, habelə hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılması və onun həlli üçün maneə deyildir.

294.2. İşə baxarkən məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslılığını yoxlayır və müəyyən edir:


    • qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmişdirmi;

    • şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi;

    • şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdirmi və o, bu xətanın törədilməsində təqsirkardırmı.

Maddə 295. Məhkəmənin qətnaməsi

295.1. Məhkəmə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində sadalanan inzibati xəta haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır.

295.2. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər.

295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.

295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni isə təmin etmədən saxlayır.

295.5. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir.



Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat

Maddə 296. Ərizənin verilməsi

296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.

296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir.

296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.



Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi)

297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində:

297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun;

297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın;

297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin.

297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz:

297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar;

297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar.



Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət

Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.



Maddə 299. Ərizəyə baxılması

299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır.

299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər.

Maddə 300. Məhkəmənin qətnaməsi və onun icrası

300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.

300.2. Mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.

300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir.

300.4. Qətnamənin icrası barədə onun rəsmi qaydada verildiyi gündən 1 aydan gec olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Fəsil 28. Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) mübahisələrə dair işlər üzrə icraat

Maddə 301. İşə baxılması

Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır.



Fəsil 29. Normativ xarakterli aktların qanuniliyinə dair mübahisələrdən yaranan işlər üzrə icraat (8)

Maddə 302. Ərizənin verilməsi

302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə məhkəmələrdə baxıla bilməz.

302.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.

302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun ayrı-ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri-müəyyən dairəsinin hansı konkret hüquq və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar göstərilməlidir.

302.5. Ərizəyə mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir.

302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır.

302.7. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin, qüvvəsi şəxslərin qeyri-müəyyən dairəsinə şamil edilən normativ xarakterli aktının qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, məhkəmə ərizəni qəbul etməkdən imtina edir.



Maddə 303. Ərizəyə baxılması

303.1. Ərizə ilə məhkəməyə müraciət etmiş şəxs, habelə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər.

303.2. İşə ərizə verilən gündən 1 ay müddətində şəxsin və ya onun nümayəndəsinin, normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının nümayəndəsinin və ya vəzifəli şəxsin məcburi iştirakı ilə baxılır. Lakin işin hallarından asılı olaraq məhkəmə işə maraqlı şəxslər gəlmədikdə də baxa bilər.

303.3. Məhkəmə iclasında məhkəmə normativ xarakterli aktı qəbul edən orqanın və ya vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ xarakterli aktın və ya onun bir hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır.

303.4. Normativ xarakterli aktın qanuna zidd hesab edilməsi barədə ərizəyə baxılarkən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin üzərinə düşür.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə