30
Mühazirə 12.
Nəqliyyat vasitələrinin texniki
vəziyyətinin dəyişməsinə təsir edən amillər
İstənilən nəqliyyat vasitəsinin aqreqat və mexanizmlərinin işləmə müddəti müxtəlifdir.
Çünki istismar dövründə (nəqliyyat prosesində və müəssisə ərazisində saxlanıldıqda) onun
texniki vəziyyətinə müxtəlif amillər təsir edir. Bu amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Konstruksiyanın və hazırlanma texnologiyasının keyfiyyətinin NVTV-nə təsiri
(konstruktiv-texnoloji amillər).
2. Istismar materiallarının keyfıyyətinin NVTV-nə təsiri.
3. İstismar şəraitinin NVTV-nə təsiri.
4. Texniki qulluq və təmirin aparılma keyfiyyətinin NVTV-nə təsiri.
Konstruksiyanın və hazırlanma texnologiyasının keyjfiyyəti
Hərəkət tərkibinin konstruksiyasının və onun zavod şəraitində hazırlanma texnologiyasının
keyfiyyəti onun imtinasizlığı, ömür uzunluğu və təmirə yararlığı ilə təyin edilir. Bu xüsusiyyətlər
konstruksiyanın layihələndirilməsi prosesində nəzərdə tutulur, istehsalı dövründə yerinə yetirilir
(ödənilir) və istismar mərhələsində isə reallaşdırılır, yəni, texniki istismarın tələb etdiyi
səviyyədə saxlanmaqla istifadə edilir.
Konstruktiv-texnoloji amillər əsasən aşağıdakıları özündə birləşdirir:
1. Nəqliyyat vasitələrinin, onun aqreqat və mexanizmlərinin konstruksiyalarının təkmilləş-
dirilməsi.
2. Elementlərin, yəni detalların hazırlanması üçün istifadə edilən materialların keyfiyəti.
3. Detalların hazırlanma texnologiyasının, qovşaqların, mexanizmlərin, aqreqatların
yığılmasının və nizamlanmasının keyfıyyəti.
Konstruksiyanın təkmilləşdirilməsi dedikdə onun texniki imkanlarını qiymətləndirən istismar
keyfiyyətlərinin yaxşılaşdırılması başa düşülür. Buna həmçinin birləşmələrdəki araboşluqların
başlanğıc qiymətlərinin, oturtmaların, müsaidələrin və bir çox texniki şərtlərin (qovuşma,
eynioxluluq) düzgün seçilmələri də daxildir. Hərəkət tərkibinin konstruksiyası texniki qulluq və
təmir baxımından sərfəli olmalıdır, yəni profilaktik və təmir xarakterli texniki təsirlər minimum
əmək və material xərcləri ilə yerinə yetirilməlidir. Digər tərəfdən detalların yeyilməsini azaltmaq
üçün konstruksiyada yağlama düzgün seçilməli, iş rejimindən asılı olaraq yüksək keyfiyyətli
yağlar tətbiq etməli, eyni etibarlılıq və ömür uzunluğuna malik detallardan istifadə edilməli,
bərkitmə elementlərinin növləri (çeşidləri) minimuma endirilməli, konstruksiya avtomatlaşdırma
və mexanikləşdirmə vasitələrinə müvafiq olmalıdır.
Detalların hazırlanması üçün işlədilən materialların keyfiyyəti dedikdə əsasən istifadə
edilən materialın növü (polad, çuqun, alüminium və s.) başa düşülməlidir. Bundan başqa
materialın kimyəvi və mexaniki xüsusiyyətləri (termiki və mexaniki emalı) də mühüm rol
oynayır. Adətən detalların hazırlanmasında ən çox yeyilməyə məruz qalan detallar üçün
karbonlu poladlar işlədilir. Həm yeyilməyə və həm də yüksək zərbəli yüklər altında işləyən
hissələr az karbonlu legirləyici poladlardan hazırlanır. Çünki bu halda detallar müəyyən
deformasiyaya uğrayırlar.
Detalların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün termiki və mexaniki emalın təsiri
çox böyükdür. Belə ki, termiki emalın düzgün aparılmaması detallarda daxili gərginliklər
yaradır, təmizlik və dəqiqlik siniflərinin düzgün seçilməməsi isə onların ömür uzunluğunu aşağı
salır.
31
Mühazirə 13.
İstismar materiallarının keyfiyyətinin təsiri
İstismar materillarının keyfiyyəti dedikdə onların fiziki-kimyəvi parametrlərinin dövlət
standartında verilmiş göstəricilərinə müvafiq gəlmə dərəcəsi başa düşülür. Digər tərəfdən
istismar materiallarının göstəriciləri işlədiləcəyi aqreqatların konstruktiv xüsusiyyətlərinə, iqlim
şəraitinə və avtomobilin iş rejiminə uyğun olmalıdır.
Avtomobilin istismar materiallarına yanacaqlar (əsasən benzin və dizel), yağlar (mühərrik,
transmissiya və plastik), texniki mayelər (işəsalıcı, soyuducu, tormoz və s.) daxildir.
Benzin mühərriklərinin yanacaqları. Bu mühərriklərdə yanacaq kimi benzinlər
işlədilir.Benzinlərin avtomobil detallarının yeyilməsinə təsir edən və istismar xüsusiyyətlərini
qiymətləndirən əsas fıziki-kimyəvi göstəriciləri bunlardır: fraksiya tərkibi, detonasiyaya qarşı
davamlılığı, benzinin tərkibində kükürdün, kükürdlü birləşmələrin, mineral (suda həll olunan) və
üzvü turşuların, həmçinin qələvilərin miqdarı.
Benzinlərin istismar keyfiyyətlərini xarakterizə edən əsas fiziki-kimyəvi xassələri aşağıdakı
kimi qruplaşdırmaq olar:
а) mühərrikin imtinasız işinə təsir edən — fraksiya tərkibi , doymuş buxarların təzyiqi,
mexaniki qarışıqların və suyun olması;
b) mühərrikin gücünə və benzin sərfinə təsir edən — detonasiyaya davamlılıq, benzinin
sıxlığı;
c) mühərrikin yeyilməsinə, texniki qulluq və təmir xərclərinə təsir edən,— stabillik,
çöküntü əmələ gətirməyə meyllilik, korroziya aqressivliyi.
Fraksiya tərkibi yanacağın miqdarı ilə (%-lə) onun qovulma temperaturu arasındakı asılılığı
göstərir (yanacağın müəyyən temperaturda qaynayıb ayrılan hissəsinə fraksiya deyilir). Fraksiya
tərkibi yanacağın buxarlanma qabiliyyətini xarakterizə edir. Buradan aydınlaşır ki, işçi
qarışığının lazımi tərkibdə və keyfiyyətdə hazırlanması fraksiya tərkibindən asılıdır. Fraksiya
tərkibinin xarakterizə etmək üçün standartda benzinin 10, 50, 90%-nin və son qovulma
temperaturları göstərilmişdir. Bir sıra hallarda benzinlərin başlanğıc qovulma temperaturları da
verilir.
Qovulma temperaturlarının qiymətlərindən asılı olaraq benzinlərdə işəsalıcı (baş), orta və
çətin buxarlana bilən fraksiyaların olması haqqında mühakimə yürüdülür. Benzinlərin qovulma
temperaturlan aşağı olduqca soyuq havalarda mühərrikin işə düşməsi asanlaşır. Lakin qovulma
temperaturu həddindən çox kiçik olduqda isti havalarda qida borularında «buxar tıxacı» əmələ
gəlir ki, bu da mühərrikin işləməsinə mane olur. Benzinlərin qovulma temperaturları (həmçinin
son qovulma temperaturu) yuxarı olduqda onlar çətin buxarlanır (xüsusən soyuq havalarda),
silindrin divarlarındakı yağı sıyırıb karterə tökür, yağın keyfiyyəti pisləşir, bunun nəticəsində isə
detalların yeyilmə dərəcəsi yüksəlir, yanacaq sərfi artır və s. Bu deyilən xoşa gəlməz halların
qarşısını almaq üçün benzinlərin qovulma temperaturları normalaşdırılır. Müasir avtmobil
benzinləri üçün qovulma temperaturları aşağıdakı
sərhədlərdə dəyişir.
Başlanğıc qovulma temperaturu ................30- 65°C
10%-nin---"------"--- ................45- 85°C
50%-nin---"--.........."--- ..............100-125°C
90%-nin---"............"--- ..............160-180°C
Son ---"...........-"--- ..............185-200°C
Benzinlərin əsas istismar keyfiyyətlərindən biri də onların detonasiyaya qarşı
davamlılığıdır. Mühərrik detonasiya ilə işlədikdə mexanizmlərin detallarına təsir edən dinamiki
yüklərin miqdarı artır, temperaturun yüksəlməsindən araboşluqlarda yağlar buxarlanır və ya
yanır. Nəticədə mühərrikin ümumi yeyilmə dərəcəsi dəfələrlə artır. İşçi qarışığı detonasiya ilə
yandıqda alovun yayılma sürəti 1500-2500 m/san.-yə (normal yanmadan 100 dəfə çox) çatır.
Mühərrikdə detonasiya ilə yanma getdikdə silindrlərdə təzyiq sıçrayışla artır. Detonasiya ilə