24
dan çox şəhərdə ticarət şöbəsi açılmışdı. Onun istehsal etdiyi əla növ şərablar
dünya sərgilərində onlarca qızıl medal almışdı.
Birinci dünya müharibəsi ərəfəsində 10 iri şirkət, xeyli xırda ticarət evi və
iki səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Müharibə illərində daha 3 səhmdar
cəmiyyəti təsis edildi. Bu cəmiyyətlər, başlıca olaraq, neft və başqa sənaye
sahələrində toplanmış kapitalın müdaxiləsi yolu ilə yaradılmışdı.
1916-cı ildə Almaniya ilə müharibə vəziyyətindən istifadə edərək, «Forer
qardaşları» və «Hummel qardaşları» şirkətlərinin keçmiş mülkləri əsasında «Cənub
şərabçılığı» və «Zaqafqaziya şərabçılığı» səhmdar cəmiyyətləri yaradıldı. Üçüncü
səhmdar cəmiyyəti Təhməzov və onun şəriklərinə məxsus idi.
Hər üç cəmiyyətin idarə heyəti Yelizavetpolda yerləşirdi. Güclü maddi və
maliyyə imkanlarına malik olub, banklar tərəfindən müdafiə edilən səhmdar
cəmiyyətləri Azərbaycanın şərabçılıq sənayesində mühüm rol oynayırdılar.
Tütün əhalinin çox tələb etdiyi məmulat növü idi. XX əsrdə tütünün
sənaye istehsalı xeyli genişləndi. Papiros hazırlanması sürətlə artdı.
Ən böyük tütün fabrikləri Bakıda yerləşirdi. Mirzəbekyans qardaşlarına
məxsus fabrik nəinki Azərbaycanda, həmçinin bütün Zaqafqaziyada ən iri müəssisə
idi. Burada 700 nəfərdən çox fəhlə işləyirdi. Fabrikdə orta hesabla ildə 20 min
puda yaxın tütün emal edilir, 200 min ədəddən çox papiros hazırlanırdı. Qalan
fabriklər nisbətən kiçik olub, hərəsində yüzədək, bəzən bir az artıq fəhlə işləyirdi.
Şəhərdə papiros gilizi istehsal edən üç kiçik fabrik vardı. 1914-cü ilin sonunda
Azərbaycanın qəzalarında 200 nəfərdən artıq fəhləsi olan 8 tənbəki (maxorka)
fabriki vardı. Onların 3-ü Nuxada, 3-ü Şamaxıda, 1-i Yelizavetpolda, 1-i
Ağdaşda idi. Şamaxıdakı iki fabrik nisbətən böyük olub, hərəsində 50-60 fəhlə
işləyirdi.
Xam tütün yerli fabriklərdə emal edilir və doğranmış halda Rusiyaya
göndərilirdi.
Birinci dünya müharibəsi illərində tütün məmulatına tələbatın artması ilə
əlaqədar olaraq istehsal xeyli çoxaldı. 1916-cı ildə təkcə Şamaxının tütün fabrikləri
10 min puda yaxın məmulat hazırladı. Müharibə illərində tütün fabrikləri cəbhə
üçün işlədiyinə görə əhalinin tütün məmulatı ilə təminatı xeyli pisləşdi, onun
qiyməti bir neçə dəfə qalxdı.
XX əsrin əvvəllərində dünyanın bütün ölkələrində biyan kökünə böyük
ehtiyac vardı. Rusiyada bu qiymətli bitkinin əsas vətəni Azərbaycan idi.
İmperiyada biyan kökü emal edən 7 zavodun 4-ü burada yerləşirdi. Biyan
kökündən alınmış cövhərdən əsasən yeyinti sənayesində əczaçılıqda, sarı, sarı-
qonur rəngli parçaların istehsalında istifadə olunurdu.
1902-ci ildə Amerika və ingilis kapitalistləri Azərbaycanda biyan kökü
emal edən bütün müəssisələri: Yelizavetpol, Kürdəmir, Ləki və Ucardakı zavodları
öz əllərinə keçirərək şirkət yaratdılar. 1906-cı ildə həmin şirkət Azərbaycanda
25
biyan kökü toplanışı və emalını öz inhisarına alan Amerika-İngiltərə səhmdar
cəmiyyətinə çevrildi.
Azərbaycanda orta illik yaş biyan kökü toplanışı 4,5 milyon puda bərabər
idi. (Biyan quruyandan sonra öz çəkisinin yarıdan çoxunu itirir). Biyan kökü emal
edən müəssisələrdə 250 nəfərdən artıq fəhlə çalışırdı.
Rusiyada biyan məmulatının çox az hissəsindən istifadə edilir, o, əsasən
ixrac olunurdu. Birinci dünya müharibəsi illərində Azərbaycanda biyan kökü
toplanışı xeyli azaldı.
Əsrin əvvəllərində çiyid yağı istehsalına başlandı.
Pambıq təmizlənərkən məhsulun
2
/
3
hissəsi çiyidə çıxırdı.
1902-ci ildə Ləkidə ilk və yeganə çiyid yağı istehsal edən zavod işə
düşdü. 1906-cı ildə Ləki yağ zavodu əsasında «Qafqaz yağ zavodu» səhmdar
cəmiyyəti təsis edildi. Cəmiyyətin əsas kapitalı 250 min manat idi. Onun idarə
heyəti Bakıda yerləşirdi.
Ləki yağ zavodunda pambıqtəmizləmə zavodlarında alınan çiyidin yalnız
25-30 faizi emal edilirdi. 1913-cü ildə zavodda 400 min pud çiyid emal edilərək,
50 min puddan çox yağ, 172 min pud jmıx alınmışdı.
Jmıxın, emal edilməmiş çiyidin böyük hissəsi Rusiyaya və xarici ölkələrə
aparılırdı.
1915-ci ildə yeni təsis edilmiş «Pambıq və yağ səhmdar cəmiyyəti»
«Qafqaz yağ zavodu»nun bütün səhmlərini alaraq, onu öz əlinə keçirdi.
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq zavodda istehsal xeyli
çoxaldı.
Ümumiyyətlə, yüngül və yeyinti sənaye sahələrində kustar istehsalından
fabrik-zavod istehsalına keçilməsi əmək məhsuldarlığının xeyli artmasına səbəb
olmuşdu.
İstehsalın sürətlə təmərküzləşməsi nəticəsində, müharibəqabağı və
müharibə illərində yüngül və yeyinti sənaye sahələrində hələ 2 minə yaxın fərdi
müəssisənin fəaliyyət göstərdiyi bir vaxtda, 110 şirkət, ələlxüsus 30 səhmdar
cəmiyyəti məhsul buraxılışında üstün mövqe tuturdu.
Kustar istehsalı: Sənayenin inkişafı kustar istehsalına güclü zərbə
vurdu. Bununla belə, kustar sənət növləri hələ özlərinin əvvəlki mövqelərini az-çox
saxlayırdı. Bunlardan biri xalçaçılıq idi.
XX əsrin əvvəllərində Zaqafqaziyada xalça istehsalının 3/4 hissəsi
Azərbaycanda cəmləşmişdi. Burada toxunan xalça və xalılar çoxdan dünya şöhrəti
qazanmışdı.
Xalçaçılığın əsas mərkəzi Şuşa, Quba, Yelizavetpol, Bakı, Cavanşir
qəzaları idi. Qəzaların kəndlərində bir-birindən yaraşıqlı yüksək keyfiyyətli xalça
və xalılar toxunurdu. Lənkəran qəzası kilim istehsalında məşhur idi.
Xalça toxumaq tamamilə qadın sənəti olub, bütün işlər əllə görülürdü.
Dostları ilə paylaş: |