29
Aleksandrovka, Mixaylovka, Şamaxı qəzasında adları hələ rəsmiləşdirilməmiş
daha üç kənd salındı.
Xəzinənin ixtiyarında milyonlarla desyatin ehtiyat torpaq sahəsi olmasına
baxmayaraq, köçürülənlər, əsasən, minlərlə yerli kəndçi ailəsinin öz ata-baba
yurdlarından sıxışdırılması hesabına tmin edilirdilər. Məsələn, I Təklə, II Təklə,
Çəmənli, Xalac və bir neçə qonşu kənddə 2 mindən artıq dövlət kəndlisinin torpağı
əlindən alınıb gəlmə ruslara verilmişdi.
Kəndlilərin vəziyyətinin durmadan pisləşməsi, üstəlik, çar məmurlarının
özbaşınalığının artması kənd əhalisinin böyük narazılığına səbəb oldu. Ələlxüsus,
birinci rus inqilabı illərində bir sıra ciddi kəndli ixtişaşları baş verdi.
Kənddə yaranmış böhranlı vəziyyət hökumət dairələrini təşvişə saldı.
Qafqaz canişini Vorontsov-Daşkov çara yazdığı məktubunda çıxış yolunu
yubanmadan kəndli islahatı keçirilməsində görürdü.
Dövlət dumasında uzun müzakirələrdən sonra, Zaqafqaziyada aqrar
islahatı keçirmək qərara alındı. Bu islahat icmaları dağıtmaq və qolçomaqların
ictimai-iqtisadi mövqelərini daha da qüvvətləndirmək yolu ilə kənddə çarizmə
güclü dayaq yaratmalı idi.
1912-ci il dekabrın 20-də, Zaqafqaziya quberniyalarında torpaqların
məcburi surətdə satın alınması haqqında qanun verildi. Kəndlilər, özlərinin pay
torpaqları da daxil olmaqla, onlar üçün ayrılmış torpaq sahələrini satın almalı
idilər. Mülkədarlar, bəylər torpaq üçün ödənc (vıkup) pulunu dövlət xəzinəsindən
almalı, xəzinə isə həmin məbləği müəyyən müddət – 28-56 il ərzində kəndlilərdən
toplamalı idi. Bakı və Yelizavetpol quberniyalarında ümumi qiyməti 10,3 milyon
manat olan pay torpağı üçün kəndlilər xəzinəyə faizi ilə birlikdə 21 milyon manat
pul ödəyəcəkdilər.
1913-cü il yanvarın 1-dən etibarən kəndlilər bəylərin və mülkədarların
xeyrinə mükəlləfiyyət daşımaqdan bütünlüklə azad edildilər. Onlar özünün şəxsi
torpaq sahəsi olan mülkiyyətçi kəndliyə çevrildilər.
1913-cü il iyulun 7-də Zaqatala dairəsində də yeni aqrar qanunu tətbiq
edildi. Bu qanun əslində 1912-ci il dekabr qanununun davamı idi. Kəndlilər 20 il
ərzində xəzinəyə müəyyən edilmiş məbləğdə ödənc pulu verərək, bəy və keşkəl
sahiblərinin asılılığından azad olurdular.
1912—1913-cü illərin aqrar islahatları torpağı kəndlilərin mülkiyyətinə
verməklə, onun bir əldən başqa ələ keçməsini asanlaşdırdı. Kəndlilərin
təbəqələşməsi son dərəcə dərinləşdi. Onları kəndə bağlayan torpağın alqı-satqı
vasitəsinə çevrilməsi kəndlilərin kəndlilikdən çıxması və proletarlaşması prosesini
daha da sürətləndirdi. Kənddə qolçomaqların və varlı kəndlilərin mövqeləri
olduqca möhkəmləndi.
Aqrar islahatları kənddə feodal münasibətlərinə son qoymadı. İri bəy-
mülkədar latifundiyaları ilə yanaşı, icarədar kəndlilərin külli miqdarda xırda
30
təsərrüfatları qalmaqda idi. Ona görə də, Azərbaycanda aqrar münasibətləri
yarımfeodal xarakteri daşıyırdı.
Yeni aqrar qanunları kəndlilərin böyük əksəriyyətini təşkil edən dövlət
kəndlilərinə aid deyildi.
1917-ci ildə mülkiyyətçi kəndlilərin əlində 620 min desyatin torpaq sahəsi
vardı. Hər kəndli ailəsinə orta hesabla 2,3 desyatin torpaq sahəsi düşürdü. Lakin
torpaqlar paylanarkən 1912—1913-cü illərin aqrar qanunlarına qədərki mərz
hüdudları əsas götürüldüyündən kəndlilərin torpaq sahələrinin həcmi yenə də son
dərəcə qeyri-bərabər olaraq qalırdı. Kəndlilərin bir parasının 10 desyatinədək və
daha artıq torpağı olduğu halda, çoxunun lap az, hətta heç torpaq sahəsi yox idi.
Ona görə də torpaqsız və aztorpaqlı kəndlilər aqrar qanunları qəbul ediləndən sonra
da gedib mülkədarların, qolçomaqların yanında muzdla işləmək, yaxud onlardan
ağır şərtlərlə torpaq sahəsi icarəyə götürmək məcburiyyətində qaldılar.
Kənd təsərrüfatı məhsulları istehsalı: Azərbaycanda taxılçılıq kənd
təsərrüfatının əsas sahəsi idi. Bakı quberniyasının Lənkəran qəzası və Yelizavetpol
quberniyasının Yelizavetpol, Ərəş, Nuxa, Şuşa qəzaları əsas taxılçılıq rayonları idi.
Azərbaycanda çəltiyin yarıya qədəri Lənkəran qəzasında becərilirdi.
XX əsrin əvvəllərində taxıl istehsalı azalmağa başladı. Bu, hər şeydən
əvvəl, daha sərfəli pambıq əkini sahələrinin genişləndirilməsi ilə əlaqədar idi.
Təkcə 1913-cu ildə taxıl məhsulları istehsalı 1900-cü il səviyyəsinə
çatmışdı. Bu vaxt 41 milyon puda yaxın buğda, 12 milyon puda yaxın arpa, 5,5
milyon pud çəltik məhsulu toplanmışdı.
Taxıl məhsulları əsasən Azərbaycanın daxili ehtiyaclarını ödəyirdi. Qonşu
ölkələrlə də taxıl alış-verişi edilirdi.
Birinci dünya müharibəsi illərində taxılçılıq təsərrüfatları xeyli gerilədi.
Əkinçilik texnikası çox aşağı idi. Elə kəndli təsərrüfatları vardı ki, onların
nəinki kustar kotanı, heç adi xışı da yox idi. Yerli ustaların qayırdıqları (kustar)
kotanlar çox ağır olub, iş üçün az yararlı idi. Bəzən kotana 5—6 cüt kəl və ya öküz
qoşmaq lazım gəlirdi.
XX əsrdə Azərbaycana zavodda qayrılmış daha təkmil kənd təsərrüfatı
alətləri gətirilməsi xeyli artdı. Hər il, orta hesabla, ümumi çəkisi 25 min pud olan
maşın və alətlər gətirilirdi.
1910-cu ildə istifadədə 76 min xış və 25 min kustar kotanla yanaşı, 30 min
gətirilmə dəmir kotan vardı. Orta hesabla hər üç kəndli təsərrüfatına yalnız bir ədəd
şumlama vasitəsi—xış, kustar kotan və ya dəmir kotan düşürdü.
Gətirilmə kotanlardan əsasən alman və rus kolonistlərinin, qolçomaqların,
həmçinin bəzi mülkədarların təsərrüfatlarında istifadə olunurdu. Onları almağa
kəndlilərin gücü çatmırdı. Toxumsəpən, dənsovuran, dərzbağlayan, taxıldöyən
maşınlardan isə yalnız iri fermer və mülkədar təsərrüfatlarında istifadə olunurdu.
1910-cu ildən sonra çox iri təsərrüfatlarda ilk traktorlar görünməyə başladı.
Dostları ilə paylaş: |