35
Yüz və minlərlə desyatin torpaq sahəsi olan bəy və mülkədarlar, adətən,
özləri təsərrüfatla məşğul olmayıb, əkin yerlərini icarəyə verməyi üstün tuturdular.
XX əsrin əvvəllərində Rusiya bazarının pambıq, üzüm və başqa cənub
bitkilərinə təlabatının durmadan artması iri mülkədarları əmtəə istehsalını
genişləndirməyə sövq etdi. Sahəsi bəzən bir neçə yüz desyatin olan iri pambıq
plantasiyaları meydana gəldi.
1911 - 1912-ci illərdə Böyükağa Şamxorskinin 6-7 min desyatin, Lütfəli
bəy Zülqədərovun 2 min desyatin pambıq plantasiyaları vardı və s.
Muzdlu işçi qüvvəsindən istifadə edib yüzlərlə, hətta minlərlə desyatin
sahədə taxıl bitkiləri əkdirən bəylərə də təsadüf olunurdu. Məsələn, Xanbəyovların
«Xanqərvənd» mülkündə torpağın 2900 desyatinini muzdlu əməklə becərilən taxıl
əkini sahələri təşkil edirdi.
Azərbaycanda bəy-mülkədar latifundiyalarında muzdlu fəhlə qüvvəsi ilə
becərilən iri plantasiyaların meydana gəlməsi burada kapitalist əsaslarına
keçildiyini göstərsə də, təsərrüfatçılığın icarədarlıq kimi köhnə, yarımfeodal
sistemi özünün üstün mövqeyini hələ də saxlayırdı.
Sənayeçilərin, rus məmurlarının, zadəganların bütünlüklə muzdlu əməyə
əsaslanan geniş kapitalist təsərrüfatları meydana gəlmişdi.
1912-ci ildə H. Z. Tağıyevin 26 min desyatin sahəsi olan «Yevlax
mülkü»ndə müxtəlif kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 1000 desyatindən artıq
sahədə pambıq əkilmişdi. Onun Quba qəzasının Qusarçay sahəsində də əkinçilik,
bağçılıq, üzümçülük, maldarlıq, atçılıq, quşçuluqla məşğul olan iri təsərrüfatları
vardı. Qusarçay mülkündə fəhlələrin yaşamaları üçün ikimərtəbəli bina da
tikilmişdi.
Əsrin əvvəllərində iki rus kapitalisti tərəfindən yerli bəylərdən alınmış 2
min desyatindən artıq sahəsi olan «Qaraçala» mülkündə 1910-cu ildə 1600
desyatin sahədə pambıq, həmçinin taxıl əkilmişdi.
Yelizavetpol qəzasında 10 min desyatin sahəsi olan «Xanqərvənd»
mülkünü Usmiyevin varislərindən satın almış bir rus kapitalisti 1912-ci ildə 600
desyatin sahədə təkcə pambıq əkdirdi. 1913-cü ildə «Qafqaz pambığı» səhmdar
cəmiyyəti Usmiyevlərin Şuşa qəzasındakı 6,4 min desyatin torpaq mülkünü satın
alıb, onun 2,7 min desyatinini pambıq plantasiyasına çevirdi. Knyaz L. S. Qolitsın
özünün 700 desyatin torpaq sahəsinin 150 desyatinində təkcə üzüm plantasiyası
saldırdı və s.
Quba qəzasında kapitalistlərin, zadəganların, məmurların muzdlu əməklə
becərilən 10-dan artıq iri bağçılıq və üzümçülük təsərrüfatları vardı.
Yelizavetpol quberniyasında alman kolonistlərinin iri kapitalist-fermer
təsərrüfatları meydana gəlmişdi. Bu təsərrüfatlarda üzümçülük əsas yer tuturdu.
1910-cu ildə Forer qardaşlarına məxsus 4300 desyatin torpaq sahəsinin
600 desyatinini üzüm plantasiyası təşkil edirdi. Bundan əlavə, üç yüz baş cins inək
saxlanır və onların südündən hər il 500 puda yaxın yağ və brınza pendiri
36
hazırlanırdı. Mülkdə yüz başa qədər cins at bəslənir, müxtəlif növ kənd təsərrüfatı
bitkisi əkilirdi. Forer qardaşları hər il bazara bir neçə yüz min manatlıq kənd
təsərrüfatı məhsulları və çaxır çıxarırdı.
Hummel qardaşlarının Yelenendorf (indiki Xanlar) alman koloniyasında
450 desyatin təkcə üzüm plantasiyası vardı.
Taxılçılıqda muzdlu əməkdən ən çox ağır zəhmət tələb edən çəltikçilikdə
istifadə olunurdu. Az-çox iri çəltik plantasiyaları əlavə işçi qüvvəsi cəlb etmədən
becərilə bilməzdi. Yoxsul kəndlilər çox zaman gedib iri çəltik plantasiyalarında
muzdla işləyirdilər.
İpəkçiliklə məşğul olan kəndlilər, əslində, muzdlu fəhlə vəziyyətində
idilər. Onlar xüsusi şirkətlərdən, bəzən möhtəkirlərdən barama qurdu alıb evlərində
bəsləyir və zəhmət haqqı olaraq ümumi barama məhsulunun 25-30 faizinin pulunu
alırdılar.
Azərbaycanda kiçik tütün sahələrini, adətən, kəndlilər özləri ailə üzvləri
ilə birlikdə becərirdilər. Lakin bir neçə desyatin, hətta 10 desyatindən artıq sahəsi
olan iri tütün plantasiyaları da vardı ki, burada muzdlu əməkdən istifadə edilirdi.
XX əsrin əvvəllərində bəylərə və mülkədarlara məxsus böyük qoyun və
qaramal sürüləri ilə yanaşı, qolçomaqların və varlı kəndlilərin bütünlüklə əmtəə
istehsal edən iri maldarlıq təsərrüfatları meydana gəlmişdi. Bu təsərrüfatların
bəzilərində min başadək, hətta daha çox qoyun-keçi, bir neçə yüz baş qara-mal, at
və dəvə saxlanırdı. Bu cür iri maldarlıq təsərrüfatlarında daimi işçi qüvvəsindən
istifadə olunurdu. Hələ XX əsrin əvvəllərinə yaxın maldarlıq təsərrüfatlarında 10
minə qədər adam muzdla işləyirdi.
Muzdlu əməkdən istifadə etməklə südlük heyvan sürüləri saxlamaq
kapitalizmə xas olan başlıca istehsal xüsusiyyəti olsa da, Azərbaycanda, məsələn,
Forer qardaşları kimi bir neçə iri kapitalistin südçülük, habelə atçılıq təsərrüfatları
istisna edilərsə, yerli südlük mal-qara, əsasən, köhnə ata-baba qaydasında
saxlanaraq, əsl kapitalist-fermer təsərrüfatına çatmaqdan hələ uzaq idi.
Azərbaycanda muzdlu əməyin müxtəlif formalarından istifadə olunurdu.
Kapitalist-fermer təsərrüfatlarında bir qayda olaraq, daimi muzdlu əmək
tətbiq edilirdi. Məsələn, H. Z. Tağıyevin «Yevlax mülkü»ndə ən çox işçi qüvvəsi
tələb edən pambıq hələ 45-50 desyatin əkildiyi ilk vaxtlar burada 39 nəfər daimi
fəhlə vardı. Knyaz L. S. Qolitsının mülkündə müntəzəm olaraq 100 nəfərə yaxın
fəhlə, Forer qardaşlarının təsərrüfatlarında 40 qulluqçu və 200 fəhlə işləmişdir və s.
1913-cü ildə daimi kənd təsərrüfatı fəhlələrinin sayı təqribən 106 min
nəfərə bərabər idi. Onların 3/4 hissəsi qolçomaq və varlı kəndli təsərrüfatlarında
çalışırdı.
Muzdlu işçi qüvvəsinin böyük kütləsini mövsümi fəhlələr təşkil edirdi.
Onlar, əsasən yerli aztorpaqlı, torpaqsız kəndlilərdən, dağ yerlərindən müvəqqəti
gələn yoxsullardan və qonşu ölkələrdən-Ermənistan, Gürcüstan, Dağıstan,
xüsusən Cənubi Azərbaycandan olan kəsbkarlardan ibarət idi.
Dostları ilə paylaş: |