37
Kənd təsərrüfatında, xüsusən, taxıl biçini, pambıq yığımı və s. bu kimi
təcili görülməli olan işlər zamanı muzdlu işçi qüvvəsinə tələbat olduqca artır, onun
ödənilmə haqqı yüksəlirdi. Bu zaman təkcə Cənubi Azərbaycandan ildə 250
mindən artıq mövsümi kəndli gəlirdi ki, onların da çox hissəsindən kənd təsərrüfatı
işlərində istifadə olunurdu. Hətta xeyli şəhərli—daşyonan, dəllək, aşpaz və digər
peşə adamları da daha qazanclı məhsul toplanışında muzdlu fəhlə kimi iştirak
edirdilər.
Birinci dünya müharibəsi illərində cənublu kəsbkarların sayı kəskin
surətdə azaldı, əksinə, yerli muzdluların sayı xeyli çoxaldı.
Günəmuzd fəhlələrin əməyindən bütün sahələrdə, ələlxüsus, təsərrüfat
işlərinin qızğın çağında geniş surətdə istifadə olunurdu. Məsələn, 1910-cu ildə
Forer qardaşlarının təsərrüfatlarında günəmuzd fəhlələr üst-üstə 50 min adam-gün
işləmişlər.
Qadın və uşaq əməyindən istifadə xeyli artmışdı. Pambıq və üzümün
yığılmasında, tütün və baramanın becərilməsində, əsasən, onların qüvvəsindən
istifadə olunurdu.
Kənddə kapitalist münasibətlərinin inkişafında möhtəkirlər və sələmçilər
mühüm rol oynayırdılar.
Çox zaman vergiləri verməyə, təsərrüfat üçün zəruri şeyləri almağa, hətta
ailəsini dolandırmağa imkanı olmayan yoxsul kəndlilər gedib tacir-sələmçidən
faizlə borc pul alırdılar. Təsərrüfat işlərinin qızğın çağında çox zaman nəinki
kəndlilər, bəzən mülkədarlar da sələmçidən borc almadan keçinə bilmirdilər.
Borcun müddətindən asılı olaraq onun faizinin miqdarı müxtəlif olurdu:
20—30, hətta 50 faiz. Borc vaxtında qaytarılmadıqda, faizin miqdarı artırılırdı.
Möhtəkirlər məhsul toplanışının qızğın çağında çox vaxt kəndbəkənd
gəzərək, təzə məhsulu bir yerdən ucuz qiymətə alıb, sonradan onu kəndlilərin
özlərinə və ya şəhər bazarlarında baha qiymətə satırdılar. Onlar faizlə borc pul da
verirdilər.
Beləliklə, ticarət kapitalının nümayəndəsi olan möhtəkir eyni zamanda
çevrilib sələmçi olurdu. Azərbaycan kəndində möhtəkirlə sələmçi, əslində, eyni
adam idi. Möhtəkir-sələmçilər, əsasən, kənd dükançıları, qolçomaqlar, tacirlər,
həmçinin iri fabrik və zavodların, şirkətlərin müvəkkilləri sırasından çıxırdılar.
Ölkənin bazarlarına yaxşı bələd olan möhtəkir-sələmçilər verdikləri
borcun ödənilməsini gələcək məhsulun yalnız onlara, özü də lap xırman üstündə
satılması ilə şərtləndirirdilər. (Çünki onlar təzə məhsulu iri ticarət məntəqələrinə
başqalarından daha tez çatdırmaq istəyirdilər).
Böyük Azərbaycan maarifçisi H. B. Zərdabi möhtəkirləri istehsalçılarla
istehlakçılar arasında sədd və onların hər ikisinin qanını soran zəli adlandıraraq
göstərirdi: elə ki, kənd təsərrüfatı məhsullarının yığımı başlandı, möhtəkirlər
çalağan kimi kəndlilərin başının üstünü kəsdirib «məzənnələr» qoyur və məhsulları
almağa başlayırlar; qabaqcadan müqavilə bağlayan və dəbbə pulu verəcəyini
38
öhdəsinə götürən borclular özlərinin məhsullarını «məzənnə» üzrə onlara təhvil
verirlər.
XX əsrin əvvəllərində ticarət-sələmçi kapitalı kənd istehsalçılarının
çoxunu qəbaləli hala salmışdı. Hələ 1904-cü ildə Qarabağda kənd əhalisinin 2/3
hissəsi möhtəkir-sələmçilərə borclu idi. Pambıqçılıqla məşğul olan kəndlilərin 90
faizi sələmçilərə borclu olduqları üçün öz məhsullarını ucuz qiymətlə yalnız onlara
satmağı əvvəlcədən öhdələrinə götürmüşdülər və s.
Aldığı borcu və onun faizini heç cürə ödəyə bilməyən yoxsul kəndlilər
çox vaxt özlərinin bağını, əmlakını, hətta torpağını möhtəkirə verməyə məcbur
olurdular. Məsələn, Şuşa qəzasında bir kəndli aldığı 30 manat borcu üç il
müddətində ödəyə bilmədiyinə görə borc faizi 150 manata çatır, nəticədə, kəndli
200 manat dəyərində olan öz bağından əl çəkməli olur.
Hətta, çar nazirlərindən biri etiraf etmişdir ki, Qafqazda torpaqların
qolçomaqların və sələmçilərin əlində cəmləşməsi prosesi gedir.
Satış bazarının durmadan genişlənməsi möhtəkir-sələmçini, yəni kənd
bankirini təsərrüfat fəaliyyətinə daha çox yaxınlaşdırırdı. Onların bir çoxu borc
müqabilində ələ keçirdiyi torpaqlarda muzdlu əməkdən istifadə edilən geniş
təsərrüfatlar yaradırdılar.
Ticarət-sələmçi kapitalın kəndin iqtisadi həyatına güclü təsir göstərməsi
nəticəsində, burada təsərrüfat qapalılığı daha da pozuldu, əmtəə istehsalı sürətlə
artdı, beləliklə, kapitalizmin aqrar sahəyə girməsi xeyli asanlaşdı.
Kənd təsərrüfatına iri bank kapitalının axını daim artırdı. Bu, ilk növbədə,
ticarət-torpaq banklarının krediti yolu ilə həyata keçirilirdi. 1914-cü ilin yanvarı
üçün torpaq banklarına Bakı və Yelizavetpol quberniyalarından 123 torpaq mülkü
girov qoyularaq, onların sahibləri tərəfindən 5 milyon manat məbləğində
uzunmüddətli borc alınmışdı.
Qəzalarda iri bankların şöbələri və qarşılıqlı kredit cəmiyyətləri tərəfindən
kəndlilərə faizlə borc pul verilirdi.
1909-cu ildən daha operativ fəaliyyət göstərən çoxlu kiçik kredit idarələri
yaradılmağa başladı. Artıq 1914-cü ildə bu cür idarələrin sayı 120-yə çatırdı.
Kəndlilərin təbəqələşməsinin güclənməsi və əmtəə istehsalının durmadan
artması kapitalizmin kəndə soxulması prosesini sürətləndirdiyi kimi, kənddə
kapitalist istehsal münasibətlərinin inkişafı da, öz növbəsində, əmtəə bazarının qat-
qat böyüməsinə səbəb oldu.
Azərbaycan xırda əmtəə istehsalçıları ölkəsi idi.
1917-ci ildə Azərbaycan kəndində təsərrüfatların ümumi sayı 342 minə
çatırdı. Onun 54,4 faizi (186,8 min təsərrüfat) torpaqsız və əkin sahəsi bir
desyatindən az olan yoxsul kəndli təsərrüfatlarından ibarət idi. Əkin sahəsi dörd
desyatinə qədər olan ortabab kəndli təsərrüfatları 34 faiz (116,3 min təsərrüfat)
təşkil edirdi. Yoxsul və ortabab kəndli təsərrüfatlarında xırda istehsalçılar
Dostları ilə paylaş: |