23
ilkin olaraq bu işığın qarşısını tutanları yox edəcəklər. Bəs bu adamlar kimlər idi?
Mövcud hakimiyyəti əlində saxlayan çar və onun məmurları. Deməli, bu halda
hürriyyətdən danışmaq boş və mənasız bir şeydir.
Məmməd Əminin fikrincə beş formada hürriyyət var: Birincisi—söz
azadlığı; ikincisi—mətbuat azadlığı; üçüncüsü—cəmiyyət və ittifaq azadlığı;
dördüncüsü—vicdan azadlığı; beşincisi—malın və canın mühafizə olunması
azadlığı.
Məmməd Əmin böyük ağrı ilə belə bir azadlığın Rusiya məmləkətində
olmadığını deyir. Söz azadlığı insanın öz fikrini, düşündüklərini qorxub
çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması deməkdir. Yaşadığı
mühitdəki nöqsanları danışmalı, səbəblərini başa salmalısan. Hansı işlərdə narazı
qaldığını açıq-aşkar bəyan etmək hüququn olmalıdır. Cəmiyyətdə baş verən
bəlaların hardan axıb gəldiyini və nəhayət, bunun nicat yollarını xalqa deməlisən.
Bu qaydaların mövcudluğu şəraitində söz azadlığı mümkündür: Rusiyada
hökmranlıq edən sistem isə bunun əleyhinədir. Səsini azca ucaldıb, həqiqət sözünü
azca hündürdən demək istəsən, polisin qəzəbli ayaq taqqıltılarını eşidəcəksən. Açıq
fikir təbliğ etmək üstündə çarın buzlu şimala göndərdiyi adamlar az idimi?
Məmməd Əmin Rusiya məmləkətində yalnız adı çəkilən, əslində olmayan
söz azadlığı haqqında yazırdı:
«İndi görək ki, hürriyyəti-kəlamın nəfi (xeyri) nədir. Bunu yaxşı
qanmaqdan ötrü bir neçə misal gətirəlim. Məsələn, bir şəxs keçən müdhiş rus-
yapon qırğınında camaatın canına, malına ziyan və zərər olmasını qanıb xalqı
davadan qabaq başa salmaq istəsə idi, onu haman saat tutub cəzalandırardılar. Və
yainki indiki zamanda Rusiyanın kəndləri aclıq bəlasına, fəhlələri işsizliyə,
hibubaşın (ərzağın) və ən çox camaata lazım olan şeylərin ki, qənd, neft, tənbəki,
çay və qeyriləri hesab olunurlar, bahalanmasının səbəbi kim və nə olduğunu qana
və camaata başa salıb onlara çarə öyrətmək istəsə, haman saat Bilqeysin təxti kimi
(Bilqeys—Yəməndə Səba şəhərinin hakimi) yox olacaq. Bir də xəbər tutacaqsınız
ki, Sibirin filan şəhərindən xəbər gəldi...».
Məmməd Əmin Rusiyadakı söz azadlığının ümumi mənzərəsini belə
yekunlaşdırır:
«Zakonların zahirinə baxırsan görürsən ki, bəli, yaxşı şeyə oxşayır. Amma
içləri allah göstərməsin! Xülasə, bizdə bu tövr tilsimli sözlər çoxdur».
Məmməd Əminin fikrincə hürriyyətin mövcudluğunu şərtləndirən ikinci
amil mətbuat azadlığıdır. Mətbuat azadlığı o vaxt mümkündür ki, hər kəs
yazdıqlarını kiminsə maneçiliyi
olmadan çap edə bilsin,
Bu haqda belə yazırdı:
— Hürriyyəti-mətbuat barəsində çox danışmaq lazım deyildir, çünki bir
şəxs bir şeyi ki, bildi, haman şeyi kağıza da yazacaq, dildə də deyəcəkdir».
Məmməd Əmin hürriyyətin üçüncü əlamətini cəmiyyətlərin və ittifaqların
yaradılıb sərbəst fəaliyyət göstərməyində görürdü. Cəmiyyətlərin yaradılmağı nəyə