18
bilməlidir ki, erməni müsəlman əlaqəsinə zərbi hərəkət verən idareyi-müstəbide-
maziyyə oldusa da, amma bu qədər davam edib uzanmasına hamana nifaqpərəst
yazıçıların təğrirati tərifayələri səbəb oldu. Hərgah erməni məsələsi panislamist
kimi kitablar əvəzində məhəbbət və qardaşlığa çağıran rəsalələr nəşr etsəydilər bu
qədər nahəq qanlar tökülməyib, bu qədər evlər, xanimanlar bərbad olub viran
qalmazdı;
Bu qədər arvadlar dul, bu qədər uşaqlar yetim düşməz idi.
Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!».
Məmməd Əmin qırğınla bağlı yazılarında ən çox bir şeyə diqqət yetirir:
Günahkar kimdir? Günahı olmayan adamların qanını axıtmaqda hansı məqsəd
güdülür! Və anladır ki, bu iş «şeytan» əli ilə yapılıb. «Şeytan» bu işi görməkdə öz
məqsədini güdüb. Məqalələrinin birində isə hadisəni törədənlərin kim olduğunu
açıqca yazıb xalqa çatdırır, düşməni tanımağa çağırır.
«...Budur, Qarabağ dağılmış, Zəngəzur talan olunmuş, yüzlərcə kəndlər
yəğmayə getmiş... bu mənzərə görüləcəyi şərhə gələsi, qələmlə vəsf ediləsi iş
deyil...
Hökumət isə öz işinə məşğul olub burasına heç diqqət belə etmiyor. Nə
üçün də eləsin?!
Hər bir aclara, yalavaclara o kömək etməli olsa, bəs bu hərbi məhkəmələri,
cəza dəstələrini kim tərtib etsin? Və bir də hökumətə «asiləri» sakit etmək məsələsi
hər bir şeydən əvvəl, hər bir şeydən müqəddəm gərəkdir. Hökumət xarici
məmləkətlərdən pul borc edib qarabağlılaramı xərc eləsin—anlamamışdı. Bir
zamanda ki, əsl «məmləkət düşmənləri» sağ-salamat dura—hökumət gəlib belə
cüziyyata baş qatacaqmı? Budur «şeytan» işinin nəticəsi! Budur «millətçilərin»
səmərəsi, budur müxtəlif maskalar altında gizlənən zalimanə qəti rəhmanə işləri!»
İlkin dövründəki məqalələrində Məmməd Əmin həyatın müxtəlif sahələrinə
toxunur. Cavan və səriştəsiz olmasına baxmayaraq ifadə tərzi qüvvətli, məntiqi
kəsərlidir. Yazılarında çəkisiz, boş sözə rast gəlinmir. Ən tutqun və qaranlıq
görünən problemə işıq salmağı, açıq gözlə baxmağı bacarır. Məqalələrində yalnız
problemləri qaldırmır, eyni zamanda onların həlli yollarını göstərib ümumən fikrini
ona yönəldir. Yazılarında dil rəvanlığı, axıcılıq var. Şerdən süzülüb gələn qəribə
liriklik, pafosluq var məqalələrində. Bu da onun özünə məxsus publisistik üslubun
formalaşdığını göstərir. Məmməd Əminin bu yazılarında müxtəlif mübahisəli
məsələlərə müdaxiləsi də maraqlıdır. Mübahisələrin tam təfərrüatına bələd
olduğundan hadisədən düzgün çıxış yolunu da göstərə bilir.
1906-cı il, Əhmədbəy Ağayevin redaktorluğu ilə «İrşad» qəzeti fəaliyyətə
başlayır. «İrşad»ın fəal əməkdaşı və sonradan müvəqqəti redaktoru olan Məmməd
Əmin qəzetdə çoxlu yazılar çap etdirir. Lakin ilkin vaxtlar çoxları «İrşad»ın çapına
mane olur. Fikirlərini belə izah edirlər: bu qəzet araya nifaq salacaq. «İrşad»a
hücumlar başlayır. Şəhərdə bəzi söz-söhbətlər yayıb «İrşad»ı gözdən salmağa
çalışır və təkidlə deyirlər. Şəhərdə iki qəzetin çıxmağı nəyə lazım? Bu ümumi işə
maneçilik törətməyəcəkmi? Əgər «Həyat» qəzeti nəşr olunursa, onda «İrşad» nəyə