24
görə vacib idi? Çünki adamların toplaşmaq yeri olardı və burada onlar siyasi fikir
mübadiləsi edib, dərdlərini danışardılar. İttifaqlar da azad fəaliyyətə başlamalıydı.
Müxtəlif sənət sahiblərinin öz ittifaqları olmalı idi. Lakin bu dövlətin mənafeyinə
zidd olan, onun hökmranlığına maneçilik törədən qüvvələr idi.
Məmməd Əmin elə buna görə sərt həqiqəti yazırdı:
«Hürriyyəti-ittifaqı və cəmiyyəti də dövlət heç sevmir. Hürriyyəti-cəmiyyəti
ona görə sevmir ki, o bilir ağıl-ağıldan üstün olar. Adamlar bir yerə yığışanda bir-
birinin dərdindən xəbər tutub bir yerdə öz dərdlərinə əlac axtaracaqlar. Onda
bunların qabağında davam eləmək olmaz...».
Hürriyyətin dördüncü əlaməti vicdan azadlığıdır. Rusiya məmləkətində
zorakılığa əsaslanan qanunlar insanın düşüncəsini, əqidəsini, məzhəbini də
zəncirləmişdi. Kimsə öz əqidəsini başqasına zorla sirayət etdirməməlidir. Kiminsə
məzhəbi o birindən üstün tutulmamalıdır. Kimisə məcburi hansısa təşkilata, ya
ittifaqa salmaq məcbur deyil. İnsan azad olmalıdır. Məmməd Əmin haqlı olaraq
Rusiyanın bununla bağlı qüsurlarını tənqid edir. Göstərir ki, istək olmadığı halda
qırğızın adını dəyişib İvan, ya Pavel qoymaq, yaxud onun müsəlmanlığını inkar
edib xaçpərəst dəftərinə yazmaq adamları və xalqı təhqirdir. Hər şəxs əqidəsinin və
düşüncəsinin, məzhəbinin və fikrinin azadlığına sahib olmalıdır. Bu adicə sahiblik
hüququ deyil, onun yaşamaq haqqıdır. Din fərqinə varmaq, saxta qanun gücünə
inandığından üz döndərməyə məcbur etmək, bu insanlıq haqqının tapdanmasıdır.
Burda hansı vicdan azadlığından söz açıla bilər?
Məmməd Əmin yazırdı:
«Fikir, əqidə və məzhəb ürəkdə olan şeydir və onu da aradan nə həbs və nə
öldürmək ilə çıxardıb atmaq olmaz. Adamı öz əqidəsindən çıxartmaq olar, ancaq
söz ilə və o əqidənin puç olmağını ona qandırmaq ilə. Məsəla, bu ona oxşayar ki,
dəvəni götürüb qoşasan karetə və ayaqlarını da bir cür bağlayasan ki, at kimi
yerisin, deyəsən ki, bu atdır, vəhalanki, dəvə faytona qoşulub da dəvəliyində
baqidir».
Beşincisi, malın və canın mühafizə olunmasıdır.
Hürriyyətin digər bir əlaməti şəxsiyyətin toxunulmazlığıdır. Hər kəsin
hüququ qorunmalı, şəxsiyyətinə və heysiyyatına toxunulmamalıdır. Dövlət buna
ciddi təminat verməlidir. Heç bir günah sahibi olmadığın halda müqəssir sayılıb
tutulmamalısan, yaxud dövlət tərəfindən cəzaya məruz qalmamalısan. Mühakimə
olunmadan, müqəssirliyin sübuta yetmədən sən toxunulmazsan.
Bu hüququn da Rusiyada tapdandığı haqda Məmməd Əmin yazırdı:
«...Məsəla, indi bizim Rusiyada adət olub, görürsən ki, evində oturmusan və
heç bir şeydən xəbərin yox, jandarm əhatə edib axtarmaq istəyir. Və yainki
görürsən ki, küçədə gedən yerdə bir neçə jandarm gəlib səni tutdu ki, sən
bədgüman adamsan, öz bədgüman olmamağını sübut edincə bir neçə ay çəkir və
özün də həbsdə qalırsan».
25
İyirmi üç yaşlı Məmməd Əmin Rəsulzadə yaşadığı cəmiyyətdə olmayan
hürriyyəti belə görürdü.
Elə o yaşlarında da belə qənaətə gəlir ki, xalqı bu bəlalardan yalnız inqilab
qurtara bilər. Çünki hökumət qoşunları hürriyyətə ziddir, insanın yaşamaq haqqını
boğur, olan qanunlar isə fəaliyyətdən düşüb. Dövlət idarələrindən haqqını tələb
etmək, işin düzələcəyinə ümid bağlamaq mənasızdır. Və qəti bir tərzdə deyirdi:
«Yalvarmaq, yaxarmaq, kağızları qaralayıb divanxanaları gəzmək ilə bizim
dərdimizə çarə olmaz»....
İyirmi üç yaşlı Məmməd Əmin mövcud yaşayış tərzinin kökündən
dəyişilməyi istəyindədir. İçərisində baş qaldıran mübarizə ehtirası alovlanır, onu
xalqın düşdüyü fəlakətdən qurtarmağa səsləyirdi. İnqilabi ruhlu, hürriyyət çağırışlı
yazılar yazmaq, siyasi işlər görmək indi onun adi yaşayış tərzinə çevrilib. Bu
yoldan geri çəkilməyi qeyri-mümkündür. Yüksək əqidə sahiblərinin hamısının
tutulduğu, yaxşı mənada başa düşülən ideya fanatikliyi və bu fanatikliyin axırda
gəlib son fikrə söykəndiyi «ölmək var, dönmək yox» prinsipi Məmməd Əminin iş
fəaliyyətinə çevrilib.
1908-ci ildir. İyirmi dörd yaşlı Məmməd Əmin bir istəklə çırpınır. Xalqın
ziyalıları, iş görməyə qadir olan bütün adamları bir hədəfə vursunlar.
Mədəniyyətin, ümumi inkişafın yolu məhz bu birlikdən başlayır. Hərənin bir yana
çəkilməsi xalqı parçalayır, onu gücdən salır. Yalnız birlik bu yoldakı çətinlikləri
dəf etmək qüdrətindədir.
Məmməd Əmin həyatın ləngliyindən, hər yanda ətalətin, durğunluğun hökm
sürməyindən narahatdır. Yaşadığı həyat onu sıxır, yaşadığı mühitin ölgünlüyündən
tam bezmiş haldadır. Ölkün şəraitdən yaşamaq ləzzəti almaq olar ki?
İyirmi dörd yaşda gördüyü haqsızlıq çirkabı təmizlənmir ki, təmizlənmir.
Üfunət qoxulu bu həyatın hər yerindən rüşvətxorluq yağır. Bakı şəhər duması xalqı
aldatmaq işi ilə məşğuldur. Şəhəri idarə edənləri camaatın halı əsla düşündürmür,
narahat etmir. Hamısı ciblərini pulla doldurmaqla məşğuldur.
Və nəhayət, iyirmi dörd yaşa qədər gördüyü, şahidi olduğu, müşahidə etdiyi
çirkin həyatı təhlildən keçirib bu hökmü verir: «Həmişə zillətdə qalmaqdansa,
birdəfəlik ölmək yaxşıdır».
Sonrakı mübarizə illərində — 1908-ci ilin dekabrında gəldiyi bu qənaəti
ömrünün sonuna kimi əlində əsas tutdu, özünün həyat amalına çevirdi. Sürünə-
sürünə yaşamağı qəbul etmədi və ağrılı-acılı bir həyat sürməyə məcbur oldu.
Ömrünün sonrakı illərində də ona «çəkil bir yana, sakitləş» deyənlər az olmadı.
Amma o, əqidə adamı idi və bu yoldakı təhlükələri əridib yox etməyə qadir idi.
İstəyinə çatmaqdan ötrü son nəfəsinə kimi çarpışdı və xalqı zillətdən qurtarıb
işıqlığa çıxarmaq üçün ürəyini məşələ döndərib başı üzərinə qaldırdı, qaranlıqları
yara-yara irəlilədi. Bu ürək məşəlinin alovu haralarda görünmədi? İranda,
Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada bu ürək alovlanıb işıq saçırdı,
azadlıq və istiqlaliyyət sevgisi ilə içəriləri təşnə olub yanan Azəri türklərini
Dostları ilə paylaş: |