Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

182

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dəniz hələ görünmür. Ancaq ona fikir ver,

Çölün dənəvər şehi xırda dəniz deyilmi?

O bir cüt duru damla gözəlliyi görəndə

Heyrətdən işıqlanan gözlərimiz deyilmi?

İç, gözlərim, o parlaq, o körpə damcılardan,

Dan sökülür, damlada lalə rəngli qızıl dan.

Günəş Xəzər boydaca köynək biçir Xəzərə –

Ətəkləri gümüşdən, yaxalığı qızıldan.

Sular daş­qaş, firuzə... Ləpələr hələ körpə...

Qayasız sahillərə meh dəyir narın­narın.

Elə bil ki, nəbzimlə həmahəngdir hər ləpə,

Qanımda cövlanı var gizli uğultuların.

Gecə küləkmi qopmuş? Qum səpilib Xəzərə,

Zərif, incə qum layı elə bil çiçək olmuş.

Açılmış zanbaq kimi, təkləçək lalə kimi,

Qum dönüb möcüzəyə, misilsiz bəzək olmuş.

Bir ötəri haraydan ürkə bilər gözəllik,

Qol atmağa qıymaram, oyanar yatmış nigar.

Su üstündə ağ çiçək, su altında kölgəsi,

Qumların tor gözündən keçir altun şüalar.

Dənizdə milyon­milyon əlvan göy qurşağı var,

Qurşaqları bəzəmiş göz­göz işıq xalları.

Üzür xırda balıqlar, üzür yavru balıqlar,

Parıldaşır hələ heç pul olmamış pulları.

Su altında hər şeyi açıq­aydın görürəm,

Zol­zol uzanıb gedir səliqəli cızıqlar.

O qədər durulub ki, suda göz işığı var,

Su altında bəlkə də kitab oxumaq olar.




183

Uzanır al şüalar qonşu səyyarələrə,

Şüaları gözümlə yığışdırmaq istərəm.

Qollarımı açaraq iki sahil boyunca,

Ümmanları könlümə sığışdırmaq istərəm.

1972

***

Dözürəm payızda, dözürəm qışda,

Yazağzı, inanın, dözə bilmirəm.

Ağlı başdan alır bircə baxışda,

Bircə gülünü də üzə bilmirəm.

Camalı önündə dözə bilmirəm.

Dolur varlığıma gəlin çölləri,

Xoşbəxt cocuq kibi çiçəklərilə.

Səmaya döndərir ciyərlərimi

İydəlikdən keçən küləklərilə,

Xoşbəxt cocuq kibi çiçəklərilə.

Qanadlı reyhanı hələ bir yana,

Daşı, tikanı da gül ətri saçır.

Qalxıb qayaların qızıl taxtına,

Deyirəm: ­ Buludlar başımın tacı,

Könlüm bir dünyanın acı, möhtacı.

Buludlar bəlkə də badam ağacı,

Gör necə ağappaq çiçəkləşiblər.

Öpmək, qucmaq istər adam, ağacı...

Elə bil gəlinlik donu geyiblər.

Ağaclar ağappaq çiçəkləyiblər.

Döşü zolaq­zolaq, başı papıllı

Şanabub hardasa oxuyur: Bupbu!



184

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bəlkə qız şanabub öz oğlanına

Səsilə göndərir sevgi məktubu.

Alır cavabını uzaqdan: Bupbu!

Bu səs dünya kibi qədimdən qədim,

Bu səs bahar kibi təzədən təzə.

İstərəm ardınca getdikcə gedim,

Aləmə hay salan köhnə möcüzə,

Nübar bahar kibi təzədən təzə.

Yanğılar bir azca soyusun deyə,

Üzürəm dənizdə hey aram­aram.

Qoynumda bir azca uyusun deyə

Xəzərin saçını sığallayıram.

Üzürəm dənizdə hey aram­aram.

Türkan, 2 nisan 1973

KİŞİLƏR

Sabir – kişi şairdir

Bir natiq söylədi bu sözü, bəli,

Şirvan dahisinin söz bayramında.

Böyük bir heykəlin qədəmlərini

Əlvan güldəstələr qucaqlayanda.

Əynində mahuddan adicə pencək,

Başında adicə buxara papaq.

Əlləri qoynunda bir cüt qılınc tək,

Altında möhtəşəm sal qayaya bax!

Bir azca uzaqda uyuyur dəniz,

Bağrında bəlkə də tufan yetişir.

Burdasa gör necə düşünür səssiz

İdrak zəlzələsi qoparan şair!



185

Başımın üstündə qızıl kəhkəşan,

Qarşımda işıqlı, zil qara mərmər.

Kişilər dünyanı tərk edən zaman

Bu cür mərmərləşir, ölməzləşirlər.

Yanaşıb heykələ əl vururam mən,

Qəlbimə od salır soyuq qranit.

Bu qranitdirmi?

Yoxsa şeirilə

Zəncirlər, qandallar qıran bir igid?!

Rentgen işığıdır kişi gözləri,

Ən böyük təbibə, loğmana əvəz.

Qəlbində, beynində mikrob olanlar

Kişi baxışına davam gətirməz.

Odur yer üzündə ən ulu zirvə!

Sarsıda bilməmiş o dağı gərdiş.

Məzara girməmiş tapıb girəvə

Kişilər mərdlərin qəlbinə girmiş.

Vaxt olub tabutda görmüşəm onu,

Üzü bir az solğun, cilalı dəmir.

Hətta ölüm belə kişi nurunu

Kişi surətindən qopara bilmir!

Kişilər – torpaqda qüdrət, bərəkət,

Evlərin günəşi, duzu, çörəyi.

Ərzin məhvərini hərləyən qüvvət,

Qoca planetin söykənəcəyi!

Düşmənlər bir yurda gəzdirəndə əl,

Yığıb aparmamış hələ barını,

Çalışıb öldürsün hər şeydən əvvəl

Torpaqda kişilik toxumlarını.




186

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elə ki, göyləri buludlar alıb,

Ərlər kəmərini çəkib, bərkidib.

Əfəllər, yazıqlar, yassarlar qalıb,

Ölümlə döyüşə kişilər gedib!

Kişilər başını əyməmiş yada,

Xosrova göstərmiş Fərhadlığını.

Qolları zəncirli dustaq olsa da,

Qorumuş təfəkkür azadlığını.

Yada kimlər düşür?

Səngərdə Həcər

Sırğalı, başmaqlı Natəvan nənə.

Vaxt olur, qadını ləyaqət, hünər

Yüksəldir kişilik mərtəbəsinə!

Kişi meyvəsidir yurd da, vətən də

Onsuz yurd xaraba, üstündə bayquş.

Yem gəzən tayfanı millət edən də

Min nəfər içində bir kişi olmuş!

Kişilər zamanın fəxri, qüruru,

Nəsillər barınır könül barıyla.

Tarix addımlayır səhərə doğru

Kişi adamların addımlarıyla.

Mərdin çiynindədir ərzin özülü,

Zərbilə zindanlar laxlamalıdır.

Geyim qına bənzər... mərdlər özünü

Qında qılınc kimi saxlamalıdır.

Kişilər birinci natiq yaranmış:

Bəzən zəncirləyib dərdi bir təhər

Sükutu nitqdən faydalı sanmış

Dözüm dünyasında dəmirləşənlər!



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə