6
olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı – ayrı tarixi
teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor
ansambl və qrupları da bu gün milli geyimlərimizi yaşadır və
təbliğ edirlər.
Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi
poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan
ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana
gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın həyatında elə bir
əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda, aşıq
poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə öz əksini
tapmasın. Dünyanın qədim və mədəni xalqlarından olan
Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq
yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks
etdirmişdir. Xalqımızın mifoloji – bədii dünyagörüşünün izləri
indi də folklorda özünü büruzə verməkdədir. Müxtəlif ayin,
mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn
Azərbaycan
folkloru
ilk
növbədə
janr
baxımından
rəngarəngliyi ilə diqqəti cəlb edir. Xalqımızın yaradıcı
düşüncəsinin məhsulu olan miflər, əfsanələr, nağıl və
rəvayətlər, zərb– məsəllər, tapmacalar, dastanlar, aşıq
yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri
nəsildən – nəsilə, əsrdən – əsrə Azərbaycan türklərinin ruhunu
yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır.
Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi
mərasimləri Azərbaycan folklorunun zənginliyini nümayiş
etdirir. Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın
dünyagörüşünün, bədii–estetik təfəkkürünün təzahür forması
olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları
eramızdan əvvəl 4–cü – 1–ci minilliklərə aid Gəmiqaya
təsvirlərində, "Avesta" və "Kitabi–Dədə Qorqud" kimi qədim
qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv
ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya,
instrumental və vokal musiqisini özündə birləşdirən nadir
yaradıcılıq nümunəsidir.
7
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan,
vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün
geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə
tanıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur,
qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi
çalğı alətlərimizin adlarına musiqi tarixinə dair mənbələrdə,
"Kitabi–Dədə Qorqud", "Koroğlu" dastanlarında, eləcə də
klassik şairlərimizin əsərlərində rast gəlinir. Qədim çalğı
alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi
alətlərinin sırasına daxil edilmişdir.
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki
şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və
maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət
sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ
olunması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığının
inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər
görülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti
gücləndirilmiş, onlar milli geyim dəstləri ilə təmin olunmuşlar.
Hal–hazırda muxtar respublikada mövcud olan 50 folklor
kollektivinin 600 – ə yaxın üzvü xalq yaradıcılığının bu və ya
digər sahələrini qoruyub yaşatmaqdadır.
Xalqların, ölkələrin bir – birinə daha çox inteqrasiya
olunduğu, dərin qloballaşma proseslərinin getdiyi indiki
şəraitdə azərbaycanlıların milli kimlik pasportu olan xalq
yaradıcılığının qorunub saxlanması və inkişaf etdirilməsi, xalq
sənəti nümunələrinin, milli mətbəxin, folklorun, milli rəqs və
mahnı sənətinin daha geniş, sistemli şəkildə təbliğ olunması,
böyüməkdə olan gənc nəslə milli–mənəvi dəyərlərin aşılanması
məqsədi ilə qərara alıram:
1. "Novruz bayramı" şənliklərində Xalq yaradıcılığı
günləri keçirilsin.
8
2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsi:
2.1. Naxçıvan Muxtar Respublikası ərazisində mövcud
olan etnoqrafik və folklor materiallarının yenidən toplanması,
sistemləşdirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün
tədbirlər görsün, əldə olunmuş materiallar əsasında "Naxçıvan
folkloru antologiyası"nı hazırlayıb nəşr etdirsin;
2.2. Naxçıvan folkloru atlasını işləyib hazırlasın;
2.3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin
sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görsün;
3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının
Bəstəkarlar Təşkilatı xalq mahnı və rəqslərinin, Naxçıvanla
bağlı saz havalarının tədqiqinə və təbliğinə, qədim çalğı
alətlərinin tətbiqinə diqqəti artırsınlar.
4. Muxtar Respublikada mövcud olan xalq teatrlarının
və folklor ansambllarının fəaliyyətinə hərtərəfli köməklik
göstərilsin.
5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri: VASIF TALIBOV
Naxçıvan şəhəri, 07 fevral 2009–cu il