Xoşu gəlir, istəyir səni parçalasın ” Layihə: Vüsalə Məmmədova ilə “Qadın klubu”



Yüklə 38,81 Kb.
tarix04.11.2017
ölçüsü38,81 Kb.
#8445

Hamlet İsaxanlı: “Ziyalı da gözləyir, görsün hökumət ona nə verəcək...” - SÖHBƏT

http://news.lent.az/upload/images/news/2013/march/13/small/7d397d69fd9850e938a17ed77e3e0a17.jpg

...xoşu gəlir, istəyir səni parçalasın...”

Layihə: Vüsalə Məmmədova ilə “Qadın klubu”

Əvvəlki görüşlərimizdən bilirsiz, bizim klubun üzvləri hər görüşə həyəcanlanan xanımlar deyil. Bu dəfə isə vəziyyət fərqli idi. Üçümüzü də əcaib həyəcan bürümüşdü. Biz qadınlar üçün gözəl görünmək çox vaxt istəmir. Çətini özün haqda bir-iki nüansı bilməkdi, 15 dəqiqə bəsdir ki, ilk görüşdə kimisə valeh edəsən. Amma bir də var valeh olduğun insanla görüşəcəksən... Bu, çox da alışıq olduğumuz hal deyil. Belə olanda bütün qadınların əl-ayağı bir-birinə dolaşır.

Görüşəndə məlum oldu ki, kinoşünasımız Aygün Aslanlı saçındakı rəngi almaq üçün onları düz üç dəfə rəngləyib, müəlliməmiz Səbinə Gözəlova üstündəki qoxusunu yaratmaq üçün dörd parfümü bir-birinə qatıb. Özümü isə heç demirəm. Həyatımda ilk dəfə böyük bir gülü seçib, amma necə istifadə edəcəyimi bilmirdim. Gah olmayan saçlarıma taxır, gah da əlimdə tuturdum. Bu vaxt qonağımız qapıda göründü və mən gülü saçımdan sürüşdürüb sinəmə yapışdırdım. Niyə?

Bilmirəm... Keçək qonağımıza. Lent.az-ın budəfəki qonağını təqdim etmək üçün bir kəlmə bəsdir: Cənab xarizma Hamlet İsaxanlı. (Hələ də kimliyini bilməyən varsa, google-dan yardım istəsin, mən izah edəcək durumda deyiləm). Bu elə bir həyəcandır ki, ofisiantımızı belə bürüyüb. Özünü itirib onun çayını gəlməzdən öncə süzüb. Biz qonağın çayını təzələyirik, o isə bizimlə tanışlığa başlayır:

- Deməli, sənin adın Aygündür. Harda işləyirsən?

- Kinoşünasam. “Fokus” kino jurnalına yazıram...

 

- Yaxşıdır... kinolar çəkmirik, amma jurnalımız çıxır...



 

- Bəli. Analitik jurnaldır, satışda olmur... İldə üç-dörd dəfə çıxır. Həm o qədər maliyyə yoxdur, həm də müntəzəm çıxması üçün Azərbaycan filmində o qədər hadisə baş vermir.

 

- Son film “Sübhün səfiri” bir az hay-küy doğurdu, ciddi tənqidlər oldu. Bu haqda yazdızmı?



 

- Bəzi filmlər var ki, deyirlər niyə yazmırsız. Məsələn, mən Eldar Quliyevin “İstanbul reysi” filminə baxanda Yılmaz Güneyin “Yol” filmi yadıma düşdü. Yazıda da “Yol” filmi haqda yazdım. Çünki adam nə qədər Azərbaycan filmləri haqda eyni şeyləri yazar? “O zəifdir, bu yoxdur”. Bir dəfə də Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filmi haqda elə yazmışdım. Filmə baxdım və “əgər o Kusturitsa kimi etsəydi” deyib başlayıram Kusturitsanın filmlərindən danışmağa. Balansı tapmaq çətindi. “Sübhin səfiri” filmi haqda yazsaq, “Cavid ömrü” filmi haqda yazdıqlarımızı təkrarlamalı olacağıq.

 

- Mən hər iki filmin yaradıcı heyətini yaxşı tanıyıram deyə nümayişdən öncə baxmışdım. Mənə ssenarini oxumağa da göndərmişdilər. Oxuyub dedim qəribədir, qəti surətdə bu Axundov o Axundov deyil. Bir xəstə kişini oturdublar ki, bu Axundovdur. Ayrı-ayrı götürəndə müəlliflər də ağıllı adamlardı, material isə zay materialdı. Tarixçi dostumuz Solmaz xanım da oxuyub dedi “dostlar, yığışaq, müzakirə edək”. Müəlliflər isə



dedilər “yox, dəyməyin, bizə toxunmayın”. O da əsəbiləşdi, başladı bu haqda geniş yazılar yazmağa. Çox yaxşı yazılar yazdı. Bir müddət filmin çəkilişin dayandırdılar. Sonra isə heç nə olmayıbmış kimi çəkdilər.

Ramiz Həsənoğlu ilə də çox yaxınıq. Demişdim ki, film yaxşı çıxsa, qonaqlığı mən verəcəm. Film çəkildi, getdik baxdıq... Yanımda filmin məsləhətçiləri, tarixçi dostlar oturmuşdu, deyirəm axı burda konkret tarixi faktlar təhrif olunub. Dedilər üstünü vurma, fikir verməmişik.

 

Söz vermişdim axı, qonaq çağırdım. Dedim ki, Axundov çox böyük və mürəkkəb adamdır. Hərə onu bir cür görür, bu da Sizin görüşünüzdür, təbrik edirəm. Müsbət bir şey deyə bilmərəm. Nə olsun dostlarımdı, yalan deyə bilmərəm. Şəxsən mən Axundovun o cür göstərilməsinin əleyhinəydim. Axı Axundov başqa insan idi. Axundov Azərbaycan mədəniyyətində çox böyük hadisə olub...



 

İndi səninlə tanış olaq, sən Səbinə oldun hə?

 

- Bəli. Müəlliməyəm...

 

- Kolleqamızsan ki. Deməli prezident yanında təhsil komissiyası var idi, məni də çağırdılar. Dedilər istəyirik sən də üzv olasan. Dedim axı mən həmişə təhsil sistemi, hökumətin təhsil siyasəti haqda tənqidi yazılar yazıram. Dedilər sizi ona görə dəvət etmişik ki, hamısı hökumət adamı, nazirlərdi, içlərində bir nəfər də xalq adamı olsun. İndi səni də bu layihəyə dəvət ediblər ki, bir nəfər xalq adamı olsun, jurnalistlər kimi önyarqılı olmasın.



 

Mən təhsil komissiyasının hər toplantısında ciddi şəkildə çıxış edirdim və bir çox fikrimi də dinləyirdilər. Xeyli şeyləri dəyişdirə bildim. Məsələn, bir şənbə günü təcili çağırdılar ki, çox ciddi məsələ ilə bağlı Elçin Əfəndiyev danışacaq. Danışdı, dedi ölkədə rus dilinə münasibət çox pisdi, ona görə də gərək biz bu sahədə bir qərar qəbul edək. Rus dilisiz yaşamaq mümkün deyil, orta məktəblərdə rus dilinin çəkisini artıraq. Misir Mərdanov da susur. Hökumət məmurudur axı, nə desin? Gərək rus dilinə ayırdığın saatı ya riyaziyyatdan, ya da ana dilindən kəsəsən. Buna görə də hamı susub. Dedim olar mən bir az etiraz edim? Dedilər buyurun, siz onsuzda həmişə etiraz edirsiz. Dedim Bernadr Şounun misalı olmasın, rus dilinin ölməsi haqda şayiə bir az şişirdilib. Ölməyib, yaşayır, amma zəifləyib. Bunun da təbii səbəbləri var. Rusiya nə vaxt iqtisadi, mədəni cəhətdən inkişaf etsə, cəlbedici ölkə olsa, yenə dilinə maraq artacaq. Amma indi bütün dünya ingilis dilində danışır. Onu düşünməliyik və qəribə odur ki, biz burda toplaşıb rus dilinin dərdin çəkirik, Azərbaycan dilindən isə danışmırıq. Biz birinci Azərbaycan dilindən, onun tədrisi, təbliği və yüksəlmə yollarından danışmalıyıq, sonra dünya dillərindən. Əgər bir qərar qəbul etmək istəyiriksə o zaman deyək “Azərbaycan və dünya dillərinin inkişafı”. Məsələ də eləcə qaldı...

 

Beləcə cənab xarizmanın monoloqu və üç pərəstişkar. O danışır, biz dinləyirik, o soruşur, biz cavablandırırıq. Söhbətinin cazibəsindən kimsə onu kəsib, suala keçmir... Danışa-danışa gəlib çıxır Ziyalılar Forumunun yaranmasına:

 

- Biz Rafiq Əliyevlə çoxdan tanışıq. Çox vaxt da aeroportlarda görüşürük. Rafiq müəllim deyir ki, çox vaxt təyyarədən düşəndə deyirəm görüm Hamlet müəllim burdadırsa söhbət edək. Növbəti aeroport görüşlərinin birində ziyalılar, cəmiyyət, mədəniyyət, elm haqda xeyli söhbət etdik. Qərara gəldik ki, Bakıya çatandan sonra oturub bir yaxşı söhbət edək. Etdik də. Mənim ideyam bundan ibarət idi ki, Azərbaycanda elm dəhşətli



dərəcədə zəifləyir. Elə mədəniyyətin, təhsilin, ziyalılığın zəifləməsinin təməl səbəbi elmin zəifləməsidir. Ona görə də dedim ki, elmin tərəqqisi üçün bir şey edək, razılaşdıq. Rafiq müəllim dedi ki, həm də cəmiyyətdə bir hadisə baş verəndə münasibət bildirərik. Dedim təbii ki, onsuz da bildiririk. Amma məqsəd elm siyasətinin dünyaya çıxarılmasıdır. İkinci dəfə biz daha iri tərkibdə görüşdük, dörd nəfər idik, Vaqif Səmədoğlu ilə Rüstəm İbrahimbəyov da əlavə olunmuşdu. Bu görüşdə isə daha çox siyasətdən danışıldı, mən dedim ki, prinsipcə hər adam siyasətlə məşğul olur. Siyasətlə məşğul olmaq istəyirsizsə, gəlin bir partiya yaradaq. Amma elm sahəsində ciddi, beynəlxalq səviyyəli bir fəaliyyət yoxdur. O sahəni dirçəldək. Mən bunu istəyirəm. Dedilər o da olsun, bu da. Üçüncü görüşümüzdə gördüm ki, yüz faiz burda elmdən söhbət getmir. Artıq görüşə siyasətlə məşğul olan, əvvəl hökumətlə münasibəti normal olub, indi pozulan adamlar gəldilər. Burda isə səmimilik yoxdur. Misal üçün biz dostuq, mənə şərait yaratmısız. Bir gün deyirsiz ki, bağışla, mənim sənə edə biləcəyim kömək qurtardı. Oluram sənə düşmən, haqqında pis şeylər düşünüb tapıram. Axı dost pis adamdırsa bunu əvvəlcədən deyərdin, köməyini qəbul etməzdin. Bax belə halları başa düşə bilmirəm.

Demirəm heç kim hökuməti tənqid eləməsin. Tənqid üçün doğrudan da o qədər səbəb var ki. Amma uzun müddət hökumətdən faydalan, sonra da... Məsələn, bilirsiz ki, mənim hökumətlə heç bir bağlılığım yoxdur, heç vaxt da hökumət vəzifəm olmayıb, heç nə də ummamışam. Tam səmimi deyirəm, çox böyük təkliflər də olub, getməmişəm, çəkinmişəm. Çünki mən azadlığı sərbəstliyi çox sevirəm. Hökumət də heç vaxt məni düşmən hesab etmir, bilir ki, heç bir iddiam yoxdur. Tənqid edəndə də nəsə istəyirəm deyə yox, onun yaxşı olmasını istəyirəm deyə deyirəm. Gördüm ki, bu qurum tam siyasi quruma çevrilir, hərə öz acığını çıxır, mən bu işdən soyudum.

 

Nəhayət, mənim istədiyim qurumu yarada bildik. İndi bir akademiya təşkil edirik. Məqsədimiz Azərbaycanda qərb sayağı akademiya düzəltməkdir. Sovet sayağı yox. Beş nəfərik, ikisi Amerika, biri Türkiyə, ikisi isə Azərbaycan vətəndaşıdır. Amerika vətəndaşı olanlardan biri Lütfi Zadədir, digəri Lütfi Zadədən də daha məşhur bir türk – çağdaş mikro neyrocərrahiyyənin atası hesab olunan Mahmud Qazi Yaşargildir. Türkiyənin yaşayan ən böyük tarixçisi Halil İnalcık, Azərbaycandan isə bəstəkar Arif Məlikov



və mən. Başqa qoşulmaq istəyənlər də var. Bizim ideyamız bundan ibarət oldu ki, təsisçilər bu gün siyasi fəaliyyətlə məşğul olmayan, dövlət vəzifəsi, dövlətlə birbaşa bağlılığı və müxalifət partiyasında fəaliyyət göstərməyən adamlar olsun. Tam neytral elm və ya sənət adamı ki, kefləri nə istəyir açıq danışa bilsinlər.

 

Müstəqil qalmaq çox çətindir. Sənin hər hansı dövlət vəzifən varsa, artıq məhdudiyyətin var.



 

İndi xeyli imkanlar var ki, insanlar hökumətsiz də gözəl işlər görə bilsin. Amma yenə də hamı hökumətə baxır. Hamı deyir ki, bizim əvəzimizə bunu hökumət etsin. Sovetlərdən öyrənmişik ki, evi də hökumət verir, adı da, maaşı da, təhsili də, tibbi xidməti də. Hətta xalqın ziyalısı da gözləyir görsün hökumət ona nə verəcək. Dövlətin qiymətini gözləmək zəiflik əlamətidir. İnsanlar 70-80 il yaşayır, gecə-gündüz titrəyir ki, görən hökumət

mənə filan adı, filan ordeni verəcəkmi? Veriləndən sonra da başlayır böyük təşəkkürlər... İnsanlar özlərini asılı vəziyyətə salıblar. Ona görə də müstəqil qala bilmirlər. Sovetdən qalan hökumətdən asılılıq bu şəkilidə davam edir. Siz isə çox gəncsiz, fərqli düşünə bilirsiz.

 

Mənim bir tanışım var idi, bir müddət deputat olmuşdu, sonra seçilmədi. Seçkilər ərəfəsində çox qəmli səslə zəng etdi ki, təcili yanına gəlməliyəm. Qanı qaralmış gəldi ki, indicə mənə xəbər gəldi, məni seçməyəcəklər.



Dedim lap yaxşı, sərbəst adam olacaqsan. İstedadlı adamsan, indi sərbəst yaradıcılıqla məşğul olacaqsan. Dedi zarafat edirsən? Mən elə bilirdim ki, məni ömürlük seçiblər. O qədər öyrəşmişəm ki, aeroportda pasportumu ayrı cür versinlər, səfərlərim çox olsun, kiminsə işin düzəldim, buna görə əlavə maddi təminat gəlsin... İndi mən neyləyəcəm? Sənə baxma, sən əvvəldən sərbəst olmusan, öz işini qurmusan. Səncə mən indi dövlətdən hansı vəzifəni istəsəm yaxşı olar? İnsan belədir, onun dəyişməsi mümkün deyil.

 

İnsanlar özləri sərbəst olmağa çalışmalıdır. Gürcülər Qafqazda ən mübariz və azadlıq sevər xalq olublar. Hələ sovet vaxtı gürcü dilinin konstitusiyada ana dili yazılması üçün üsyan etdilər. Onlarda sərbəstlik əmsalı yuxarıdır, içlərində gərginlik azdır, tarixən elə gəliblər. Bizdə isə tarixən gərginlik çox olub. Çünki şahlıq dövründən təzəcə aralanmışıq, sonra xanlıqlar, sonra isə Rusiya padşahına uyğunlaşmağa başladıq. Bizdə həmişə o uyğunlaşma prosesi olub. Çox istedadla uyğunlaşırıq.



 

Adamlar səylərini birləşdirsə yaxşı olar. Siz reklam şirkəti qursaz və hökumətə də dəhşətli bir zərbə vurmasaz, sərbəst adam olacaqsız. Amma gedib dövlətin bir qəzetində işləyəndə içindəki arzuları boğmalı olacaqsan.

 

Öz işinizi qurun, amma ekstremist olmayın. O reklamın içində dövlətə ziyan vurmayın, siyasətə qoşulmayın.



 

Cənab xarizma monoloqun bitirir. Bununla da söhbətimizin tanışlıq hissəsi başa çatır. Bizə hobbilərindən danışır:

 

- Həyatında ciddi bir uğurun olmayanda hobbi ilə məşğul olmaq olmur. Gərək iç rahatlığın olsun. Riyaziyyat mənim sənətim olub. Ömrümü ona həsr etmişəm, ona borcluyam ki, tanınmışam, dünyanı onun sayəsində gəzmişəm və ömrü boyu da hobbilərim olub. Hobbilərimlə - ədəbiyyat, poeziya, tarix, şahmat, futbol, səyahət



ilə ruhum dincəlib. Bunların hamısından ləzzət almışam.

 

Və gəlirik əsas məsələyə:



 

Vüsalə: Qadınlar elmlə məşğul olan kişini daha çox sevirlər, yoxsa...

 

Aygün: Qadın fanatlarınız çoxdur?

 

- Olur... Həmişə olub, pərəstişkar da olub, tərsinə də olub. Bu gün də kifayət qədər emaillər alıram, simpatiyalar görürəm, adamın adamdan xoşu gələr...



 

Səbinə: Xanımınız bunu normal hal kimi qəbul edir?

 

- Çox da normal kimi yox. Amma bəzən çılğın xoşa gəlmələr olur. Səndən xoşu gəlir, istəyir səni parçalasın...



 

Səbinə: Xanımınıza şeir həsr etmisiz?

 

- Şeirlərimin çoxun xanımlara həsr etmişəm, o cümlədən də öz xanımıma. Ad günü idi, dedi istəyirəm ad günümdə rəfiqələrimlə Qubaya gedək, amma sənsiz. Dedim lap yaxşı, siz gedin, mən də evdə rahat yazılarımız yazaram. Birdən düşündüm ki, axı bunun ad günüdür, mən də hədiyyə almamışam. Heç yaxşı hədiyyə almağı bacaran adamlardan da deyiləm. Beynimdə də nə zamandır bir şeir ideyası dolanırdı. Şairlər adətən özlərini məhəbbət qəhrəmanları ilə müqayisə edirlər. Mən isə sevgimi heç bir qəhrəmanın sevgisi ilə müqayisə etmək istəmirəm. Sadəcə səni öz içimdə sevirəm. Bu fikirlə bir şeir qaraladım. Qubadan qayıdanda çay içmək üçün evə gəldilər. Dedim mən həmişəki kimi yenə də bir hədiyyə almamışam. Amma bir şeir yazmışam. Hamısı başladı, “oxu, oxu”. Oxudum:



 

Səni sevdim gündən-günə daha dolğun, daha incə,

Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.

Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,

Səni sevdim gözəlliyə heyran olan insan kimi.

Sadəcə, çox sevdim səni,

Səni sevdim çox sadəcə!..

 

Şeir düşündüyümdən çox yaxşı qarşılandı. Bir həftə sonra gördüm xanımım fortepianoda çalır. Musiqiçi olsa da, ona qədər musiqi bəstələməmişdi. Çox gözəl, romans tipli bir şey alındı... İlqar Muradov oxudu... Sonra mənim şeirlərimə xeyli musiqilər bəstələdi, Flora Kərimova, Brilyant Dadaşova, Manana oxuyub... Aranızda evli olanı var?



 

Xor: Xeyr...

 

- Nə xoşbəxt adamlarsız... Həmişə qızlara deyirəm ki, qəti surətdə tez ərə getməyə çalışmayın. Dünyada ən doğru olmayan şey tez ailə qurmaqdır. Çünki evlənmək üçün adamın kifayət qədər həyat təcrübəsi olmalıdır. Qərbdəki adamlar bizdən az ağıllı deyil, ona görə də ailə qurmağa çox tələsmirlər. Orda çox az-az olar ki, 23-24 yaşında adam evlənə.



 

Və bizə kitablarını hədiyyə edir...



 

...“Xanımım elektron poçtamı yoxlamır” zarafatı ilə əlaqələrini verir...



 

...“Nə ideyanız olsa gəlin bir yerdə müzakirə edək” deyərək gedir...
Yüklə 38,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə