34
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
Tenqri inancına görə, Asiya türkləri ölən ata-babalarını müqəddəs saymışlar. Əcdadları öldükdən
sonra Tenqriyə dua edərək atalarına verdiyi güc və qüdrətin onlara da verilməsini diləmişlər. Əcdadların
müqəddəs sayılmasının əsas səbəbi onların Tenqri tərəfindən bu dünyaya göndərilməsinə inam idi.
Türklər ölən əcdadlarına hörməti ifadə edən kurqanlar yaratmışlar. Mifoloji düşüncəyə görə, ölən əcdad
dirildiyi zaman ona xidmət edilməsi üçün atı, silahları və xidmətçiləri də onunla birgə kurqanlarda dəfn
olunurdu.
Azərbaycan türklərində də islamdan əvvəl tenqriçilik, göy tanrı dininə inanc olmuşdur. Bu inanca
görə, Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken (monqollar) insanları
qoruyan atalarının ruhları arasında güvəndə hiss edib onlara və digər təbiət ruhlarına dua edərdilər.
Təbiət ruhlarına, təbiətin yaratdığı heyvanlara inam nəticə etibarilə totemlərin yaranmasına gətirib
çıxarmışdır. Türklər totem seçərkən onu fövqəltəbiiliklə, sakrallıqla əlaqələndirirdilər. Bu zaman totem
seçilən hər hansı varlıqla ailə üzvləri arasında bağlılıq əsaslandırılır, totemə insanları himayə edən qüvvə
kimi yanaşılırdı.
Türk xalqlarının inamında buynuzlu Ana maral və Boz qurd xilaskar kimi çıxış edir. Qurd hətta,
türklərin bayraqlarının üstündə yer almış və bölünməz dövlətin simvoluna çevrilmişdir. Orta Asiya və
Azərbaycan türklərinin folklorunda qurd erkək olduğu halda, böyük imperiya qurmuş Göytürklərdə Qurd
dişi və ulu ana qismindədir.
Aparılmış tədqiqatlarda qurdla bağlı inancın köklərinin dərin olduğu üzə çıxarılmışdır. “Əski yazılı
mənbələrdə qurdla bağlı göstərilir ki, əgər qurdun dərisindən təbil düzəldib çalmağa başlasan, onda başqa
yayların gərilmiş ipləri qırılar”. [Qafarov R. s.145]
Burada qurdun hətta, dərisinin magik (sakral)
gücündən danışılır. Əslində türklərdə qurd totem olduğundan onun dərisindən faydalanmaq qadağandır,
bu qadağaya əməl olunmazsa, “pis hadisə” baş verəcəyinə işarə olunur. “Boz qurd dastanı”, “Törəyiş”
dastanlarında Boz qurdun xilaskar rolu təsvir olunur.
Uyğur “Törəyiş” dastanın Göytürklərin “Boz qurd dastanı” ilə səsləşən cəhətləri var. Belə ki, bu
dastanlar “Yaradılış” dastanının davamıdır. “Törəyiş” dastanında deyilir: “Böyük Hun xaqanlarından
birinin iki qızı vardı. Bunlar ikisi də bir-birindən gözəl idi. Elə gözəl idilər ki, xaqan onları ancaq
ilahilərlə evləndirəcəyinə inanardı. Xaqan qızlarını insanlardan uzaq tutmaq üçün insan ayağı dəyməyən
yerdə-qalada gizlətdi. Sonra da tanrısına yalvarmağa başladı. Və nəhayət onun inandığı “tanrı” Boz Qurd
cildində qızların yanına gəldi, qızlarla evləndi. Beləliklə, doğulan uşaqlar Boz Qurd ruhu daşıdılar”.
[Necati.s.125]
Azərbaycan türklərinin xalq inanclarında deyilir ki, Qurd türkləri dardan xilas edib sudan quruya
çıxarmışdır. Bundan sonra türklər Boz Qurda, onun gücünə inanmış, çətinliyə düşəndə onu köməyə
çağırmışlar. [Əsatirlər. s. 97] Anadolu türklərində qurdla bağlı fərqli inamlar mövcuddur. Bir inama görə,
uşağa qırx suyu tökülərkən suyun içinə bir cüt qurd gözü də tökülür. Bu yolla qurd gözünün uşağı şər
ruhlardan qoruyacağına inanardılar. Türklərdə Qurd gözünün sakral gücünə inam hələ də mövcuddur.
Anadolu türkləri həm də oğlan uşağının burnunu deşərək qurdun tükünü (quyruğunu) ordan keçirər və
uşağın cəsur olacağına inam bəsləyərdilər.
Türk xalqlarında müqəddəs sayılan, totem kimi tapınılan heyvanlardan biri də maraldır. Maral türk
qaynaqlarında müxtəlif məqamlarda təsvir olunur. Türk dastanlarında maral dağların, qayalıqların ən
gözəl, sehirli heyvanlarındandır. Qurd göyün (səmanın), Ana maral (geyik) isə yerin simvolu və ruhunu
ifadə edir. Türk folklorşünasları öz tədqiqatlarında qeyd edirlər: “Şimali Sibirdə yaşayan türklərdə belə
bir inanc varmış: “Ana maral yeraltının bittiyi yerdə otururdu. Yestey Möngkö adlı bir igid bir gün maralı
yer üzündə gördü. Yeddi il yorulmadan maralı axtardı. Sonunda onu bir daş evdə tapdı və onunla evləndi.
[Necati.s.135 ]
Azərbaycan folklor nümunələrində də Ana maral qoruyucu funksiya daşıyır. İnanclara görə, Ana
maral hansı evə gəlsə, ora ocağa çevrilər və o evdən xoşbəxtlik əskik olmazdı. Marala qarşı pis hərəkət
edən isə öz əməlinin cəzasını alarmış: “Yusif adlı bir ovçu maral (geyik) ovuna çıxmışdı. Maral
sürüsünün yanında, ağ saqqallı bir qoca görmüşdü. Qoca Yusifə: məni kimsəyə demə, sənə bir çəpiş
verim demiş. Lakin Yusif dinləməyib, sürünü talan etməyə başlamışdı. Və bu zaman “qoca” bir Ana
maral olmuş və Yusifi üfürməklə qayadan salmışdır”.
Qədim türk xalqları heyvanlarla yanaşı, təbiət varlıqlarını-suyu, ağacı, odu totemləşdirmişlər.
Bütün varlığın dörd ünsürdən (od, su, torpaq, hava) yaranması türklərdə bu qüvvələrə tapınmağa gətirib
çıxarmışdır. Onlar bu kultları canlı hesab etmişlər. Onların əyəsi olduğuna inanardılar. Xalq
inanclarımızda deyilir: “Ocağa tüpürməh, üsdünə su töhməh, ya da ayaxlayıp söndürməh olmaz. Yoxsa
35
Aytən Vəlibəyova/Azərbaycan və Türk İnanc Sistemində Mifoloji Düşüncə
ocax sahabının acığına gələr, adama zəfər toxuyar”. [Əsatirlər. s.302] Bu totemlərə sitayiş müxtəlif
rituallarla gerçəkləşdirilirdi. Türklərin inancına görə, “İl təhvil olanda su dəyişir. Təzə sudan gətirib
həyətə, evə, tövləyə səpirdilər ki, aydınlıq olsun, bərəkətli olsun”.
Nağıllarda suyun insanla danışmasına, suyun yatmasına və s. rast gəlmək mümkündür.
İnanclarımızda deyilir: “Bir arvad çərşənbə gecəsi səhərə çox qalmış səhəngi götürüb çaya su dalınca
gedir. Səhəngi nə qədər basır, səhəng suya batmır. Sən demə su yatıbmış. Arvad qayıdıb evə gəlir. Sonra
bir də gedir. Görür ki, su şırha-şırla axır. Səhəngi doldurub qayıdır”. [Əsatirlər. s.299]
Qədim türklər od kultuna fərqli yanaşmışlar. Bəzi tədqiqatçılar türklərin oda sitayişini
atəşpərəstliklə, bəziləri isə şamanizmlə-tenqriçiliklə əlaqələndirmişlər. Türklərdə ocaq ruhunu
söndürmək, evin, ailənin dağılması demək idi. Onlar üçün vacib olan ailəsinin dağılmasını əngəlləmək
idi. Onlar odu deyil, ailə-ocaq ruhunu müqəddəs saymışlar. Bir çox türk xalqlarının ortaq qeyd etdiyi
Yeni gün (yaz) bayramı zamanı od qalanaraq üstündən tullanması pis hadisələrdən, xəstəliklərdən
qorunmaq üçün idi. Deməli, türklərin od kultuna inamı insan ruhunun təmizlənməsindən, odun isə çirkabı
təmizləməsindən qaynaqlanmışdır. Lakin atəşpərəstlərdə belə adətlər yoxdur. Kahinlər məbədə
yaxınlaşarkən oda ziyan dəyməsin deyə ağızlarını bağlamışlar. Qırğızlarda od qalamaq ritualı yoxdur.
Onlar evi, həyəti odla pak edirlər. Qırğızlar bu adətin qam-şamanlardan qaldığına inanırlar. “Alas-alas hər
bəladan xilas”- deməklə, öz bacalarını atəşlə pis ruhlardan təmizləyirlər. [Bayramqızı. s.4]
Türk xalqlarının inanclarında yazın gəlişinə xüsusi münasibət vardır. Yazın gəlişini xüsusi qeyd
etmiş, elə sakrallaşdırmışlar ki, bu zaman qeyri-adi hadisələrin baş verdiyinə də inam yaranmışdır. Belə
ki, onların düşüncəsinə görə, “Novruz bayramında ağaclar yatırlar”, “At ancaq Novruz gecəsində üç dəfə
göyşəyir”, “Çərşənbə gecəsin sular dayanar, bütün ağaclar isə başını aşağı salıb, səcdəyə gedər”.
Türklərin tapındığı kultlara inanc indi də qalmaqdadır. Hələ də ocaqlara nəzir qoyulur, orda
yerləşən ağaclara dilək tutularaq parça, bez bağlanılır. Anadolu türklərində bu “Dilek ağacı” adlanır. Xalq
öz təfəkkür süzgəcindən keçirdiyi inancları sınayaraq gələcək nəsillərə ötürmüşdür.
ƏDƏBİYYAT
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı: Elm, 2004. 760 s.
Eröz M. Eski Türk Dini (Gök Tanrı inancı). “Türk Dünyası araşdırmaları vakfı”, İstanbul 1982, 12 s.
Necati Sepetçioğlu M. Yaradılış ve Töreyiş. İstanbul 1969, s.125-126.
Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, 2005. 301 s.
Bayramqızı Ə. Xalq qəzeti 2010, 21 mart.
Qafarov R. Mif və Nağıl. Bakı 1999, 442 s.
Clauson G. An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish. Oxford: ClarendonPress, 1972. 523 s.
Orkun H. N. (2011). Eski Türk Yazıtları. Ankara: Türk Dil Kurumu Yayınları, 34 s.