Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası



Yüklə 61,46 Kb.

tarix28.06.2018
ölçüsü61,46 Kb.


 25

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

XIII – XIV ƏSRLƏRDƏ AZƏRBAYCANDA İDARƏÇİLİK 

MÜNASİBƏTLƏRİ VƏ DÜNYƏVİ QANUNVERİCİLİYİN İNKİŞAFINDA 

N.TUSİNİN DÖVLƏT VƏ HÜQUQ HAQQINDA KONSEPSİYASININ ROLU 

 

M.N.SEYİDOV 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

miraferin seyidov@mail.ru 

 

Oxucuların diqqətinə  təqdim olunan məqalə dahi Azərbaycan mütəfəkkiri və alimi

ictimai və dövlət xadimi Nəsirəddin Tusinin dövlət, hüquq, qanunvericilik, cəmiyyət və  şəx-

siyyət haqqındakı siyasi-hüquqi görüşlərinə  həsr olunmuşdur. Müəllifin fikrincə, N. Tusi 

Şərqin ilk professional dövlət nəzəriyyəçisidir. Tusinin siyasi-hüquqi görüşləri XIII-XIV əsr-

lərdə Azərbaycan dövlətçiliyinin və qanunvericiliyinin formalaşmasında və inkişafında müs-

təsna rol oynamışdır. Məqalədə mütəfəkkirin dövlət, cəmiyyət, onun formaları, qanun və qa-

nunçuluq haqında görüşləri araşdırılır. Eyni zamanda Tusinin siyasi idealı, ədalətli hökmdar, 

maarifçi monarxiya barədə düşüncələri də müəllif tərəfindən analiz edilir. Məqalədə  əsas 

diqqət Tusinin qanunun aliliyi, hökmdarın və onun təbəələrinin hüquqları,  ədalətli cəmiyyət 

haqqında fikirlərinə yönəldilmişdir.  

 

XIII – XIV əsrlərdə müsəlman hüququ Azərbaycanda hüququn əsas mənbəyi 



kimi çıxış edirdi. Bu dövrdə müsəlman hüququnun ayrı-ayrı sahələri öz inkişafını 

davam etdirir, dövlətin idarə olunması, hüquq və qanunvericilik sahələrinə ciddi təsir 

göstərirdi. Azərbaycan fəqihləri fiqhin normalarını özündə  cəmləşdirən yeni qanun 

topluları, fiqh əsərləri, hüququn və qanunvericiliyin bu və ya digər məsələlərinin 

şərhini  əks etdirən kitablar yazmışlar. Elxanilər dövlətinin  əsas dayağı  və paytaxtı 

Azərbaycan olması, ölkədə ictimai münasibətlərin sürətli inkişafına səbəb olmuş, bu 

da öz növbəsində ictimai münasibətlərin tənzimləyicisi olan müsəlman hüququnu 

Azərbaycan alimlərinin tədqiqat obyektinə çevirmiş, böyük fiqh əsərləri yaranmışdır.  

Azərbaycanın siyasi və hüquqi fikir tarixində qanun və qanunçuluğa dair 

görüşlər artıq XIII-XIV əsrlərdə yeni məzmunda təzahür edirdi. Özünün humanist 

mahiyyətini XII əsrdən götürən qanun və qanunçuluqla bağlı ideyalar XIII-XIV 

əsrlərdə artıq orijinal bir istiqamət almaqla tamamilə yeni bir müstəvi üzərində inkişaf 

edirdi. XIII-XIV əsrlərdə Azərbaycan xalqının tarixində, cəmiyyətin və dövlətçiliyin, 

qanunvericiliyin inkişafında nəzərəçarpacaq irəliləyişlər müşahidə olunurdu (6, 183).  

Müsəlman hüququ ilə yanaşı dünyəvi qanunvericilik də inkişaf edirdi. Dövlətin 

və onun idarəetmə orqanlarının təkmilləşməsi dünyəvi qanunvericiliyin inkişafını 

şərtləndirirdi. XIII əsrdə Azərbaycanda hakimiyyəti ələ keçirmiş Elxanilər mükəmməl 

dövlət aparatı yarada bilmişdilər. Yuxarıda qeyd edildiyi kimi, Elxanilər dövləti 

yarandıqdan sonra iki idarəetmə sistemi, yəni monqol dövlətinin idarəetmə sistemi ilə 

yerli dövlət idarə sistemi birləşdirildi. Məhz bu baza əsasında təkmilləşdirilmiş dövlət 

quruluşu formalaşdı. 



 26

Elxanilər dövlətinin nəinki ictimai və dövlət quruluşu, həm də hüququ və 

qanunvericilik fəaliyyəti özündən  əvvəlki dövlətlərin  ənənələrindən bəhrələnmişdi. 

Elxanilər dövlətində Çingiz xanın Yasasından istifadə etməklə dövlət hüququ, yerli 

idarəçilik sahəsində olan münasibətləri, monqol və türk feodalları arasında olan əmlak 

münasibətlərinin yarğu məhkəmələri vasitəsilə araşdırılması artıq qeyd olunmuşdur. 

Lakin hadisələrin gedişi göstərdi ki, getdikcə mürəkkəbləşən sosial – iqtisadi, hüquqi 

münasibətləri təkcə Yasa vasitəsilə tənzimləmək mümkün deyildir. Ölkəni işğal edən 

monqollar  əsasən maddi nemətlərin talanması ilə  məşğul olmuş, cəmiyyətin həyatı, 

ictimai münasibətlərin tənzimlənməsi qayğısına qalmamışdılar. Bu səbəbdən, Elxa-

nilər dövlətinin mövcudluğunun ilk vaxtlarında dövlətin idarə edilməsi sahəsində 

müəyyən intizamsızlıq, başıpozuqluq olmuş, Yasa qanunlarının icra mexanizmləri 

olmadığından və bu qanunlar yerli müsəlman əhalisi tərəfindən qəbul edilmədiyindən 

qanunçuluğun qorunması  və qanunvericilik sahəsində sistemsizlik hökm sürmüşdür. 

Belə vəziyyət isə Qazan xanın həyata keçirdiyi islahatlara qədər davam etmişdir. 

Monqollar islamı qəbul etdikdən sonra vəziyyət kəskin surətdə dəyişdi. Qazan 

xanın islahatlarından sonra Elxanilər dövlətində artıq hökmdar fərmanlarının böyük 

əksəriyyəti müsəlman hüququnun normaları əsasında qəbul edilməyə başladı. XIII – 

XIV əsrlərdə Azərbaycanda hökmdarların verdiyi fərmanlar, mühüm dövlət vəzifələri 

tutan şəxslərin tərtib etdikləri qanunnamələr, traktatlar, təliqələr bu dövrdə hüquq və 

qanunvericiliyin öyrənilməsində mühüm rol oynayır. Bu fərmanlar və qanunnamələr 

hökmdar və dövlət hakimiyyətini təmsil edən  şəxslər tərəfindən verildiyi üçün 

dünyəvi qanunvericilik sistemini təşkil edirdi.  

Elxani hökmdarlarından Hülaku xanın və Abaqa xanın hakimiyyəti illərində 

dövlətin baş vəziri olmuş görkəmli Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi «Əxlaqi 

– Nasiri»

1

, «Maliyyə haqqında traktat» əsərlərində siyasət, hüquq, dövlətin idarə 



olunması  məsələlərinə toxunmuşdur. O, dövrünün görkəmli tədqiqatçısı kimi cə-

miyyətin ictimai-siyasi hadisələrini yaxından izləmiş, cəmiyyətlə insan və insanla 

cəmiyyət arasında gedən mübarizəni vəhdətdə şərh etmişdir (3, 71).  

«Maliyyə haqqında traktat» əsəri Hülaku xanın göstərişi ilə yazılmışdı.  Əsər 

bütünlüklə Elxanilər dövlətinin idarəetmə  və maliyyə sisteminə  həsr olunmuşdur. 

Həmin  əsərində  Nəsirəddin Tusi dövlətin  əsasları mövzusuna müraciət edir, başqa 

xalqların və ölkələrin idarəçilik təcrübəsindən misallar gətirir. Onun fikrincə, «bütün 

padşahlıqların hakimiyyəti iki zəmin üzərində qurulmuşdur: 1) qılınc, 2) qələm. Qı-

lınc ordunun əlində, qələm isə yazıçıların əlində olmalıdır. Orduda isə dörd əsas şərt 

olmalıdır: 

Birinci şərt bundan ibarətdir ki, onlar bir-birləri ilə müttəfiq olmalıdırlar. İkin-

cisi, onlar padşahla dilbir olmalı, üçüncüsü isə, yalnız padşahın fərmanı ilə  iş gör-

məlidirlər. Dördüncü şərt əsasən, onlar iş adamı olub, silah işlətməyi bacarmalıdırlar. 

Kimdə bu dörd şərt yoxdursa, orduya böyük ziyan vurmuş olar. 

Padşah ordunu geyim, silah və yaxşı məvaciblə təmin etməlidir. Böyüyə böyük, 

kiçiyə kiçik qədər hörmət etməlidir.  Əsgər və ya zabit öldükdə onların övladlarının 

qayğısına qalmalıdır».  

Mütəfəkkirin fikrincə, qələm dörd zümrənin əlində olmalıdır: 1) Din əhli; 2) İn-

cə elmlər, o cümlədən hikmət, nücum; 3) Tibb sahəsi üzrə alimlər, böyük və mühüm 

                                                 

1

 Bax: Rzayev A. Nəsirəddin Tusi. Bakı. 2001; Quliyev A. Nəsirəddin Tusi dövlət, siyasət və qanun 



haqqında. Bakı. 2001.

 



 27

işlər görməklə  məşğul olanlar, o cümlədən vəzirlər, müfəttişlər,  ədliyyə  işçiləri və 

padşahın sözlərini rəiyyətə  və düşmənlərinə çatdıran katiblər; 4) ölkənin gəlir və 

xərclərini hesablayan maliyyə işçiləri (10, 208-210).  

N. Tusinin əsərləri içərisində  «Əxlaqi – Nasiri» əsərinin məzmunu ictimai, 

iqtisadi – siyasi, fəlsəfi və  tərbiyəvi baxımdan, eyni zamanda dövrün feodal hüqu-

qunun mənbəyi nöqteyi – nəzərindən xüsusi əhəmiyyətə malikdir. Dövlət haqqında 

təlim Tusinin siyasi-hüquqi görüşlərində  əsas qollardan birini təşkil edir. «Dövlət» 

anlayışına elmi münasibət, dövlətin mənşəyinin təhlili mütəfəkkirin siyasi konsep-

siyasının mərkəzi xəttidir (7, 29). 

Mütəfəkkir «Əxlaqi – Nasiri» əsərinin üçüncü məqaləsini «Ölkəni idarəetmə 

qaydaları» adlandırmışdır.  Əsərin bu hissəsində dövlətin inzibati və iqtisadi funksi-

yalarının analitik təhlili verilir, dövlətin və siyasi idarəetmənin zəruriliyi konkret 

məntiqi əsaslarla sübut edilir. N.Tusinin dövlətin yaranması haqqında fikirləri də çox 

maraqlıdır. Mütəfəkkir güclü dövlətin bazasını ittifaqda görürdü: «Dövlətin bünövrəsi 

ittifaqdır. Bunun səbəbi odur ki, hər adamın gücü təklikdə az olur. Hamısı ittifaq bağ-

layıb çoxaldıqca onların qüvvələri ən azı hər bir adamın gücü qədər artır» (4, 293).  

Geniş dünyagörüşünə malik olan Nəsirəddin Tusi qədim yunan filosoflarının 

əsərləri ilə tanış idi. Dövlət haqqında öz təlimini yaradarkən Tusi şübhəsiz ki, qədim 

yunan siyasi fikrinin ideyalarından bəhrələnmişdir. Bu da Tusinin «dövlət» anlayışına 

özünəməxsus yanaşma tərzini  şərtləndirir. Hüquqşünas A.Rzayev haqlı olaraq qeyd 

edir ki, Nəsirəddin Tusi Azərbaycan siyasi fikir tarixində dövlətin birinci nəzəriy-

yəçisidir. Belə ki, ona qədər heç bir mütəfəkkir dövlət haqqında bu dərəcədə 

mükəmməl və müstəqil təlim yarada bilməmişdi (8, 21).  

Nəsirəddin Tusinin siyasi idealı  ədalətli, öz təbəələrin sevən hökmdarın rəh-

bərlik etdiyi bir dövlət cəmiyyət idi: «Şahın rəiyyətə  məhəbbəti – ata məhəbbəti, 

rəiyyətin  şaha məhəbbəti – övlad məhəbbəti, rəiyyətlərin bir-birinə  məhəbbəti – 

qardaş məhəbbəti kimi olmalıdır; bu zaman onların arasında nizam olar. Bu təşbehdən 

məqsəd odur ki, şah: şəfəqqət, mərhəmət, lütf, kəramət, qayğı, tərbiyə, kömək, məs-

ləhət, zərərli  şeylərdən uzaqlaşdırmaq, xeyirliləri yaxınlaşdırmaq və bu kimi işlərdə 

rəiyyətlə mehriban ata kimi rəftar etsin» (4, 260).  

Mütəfəkkirin fikrincə, dövlət insanların birliyi, ittifaqıdır. Heç kəs cəmiyyətdən 

kənar yaşaya bilməz. Fərdin mövcudluğu və inkişafı yalnız cəmiyyət daxilində 

mümkündür.  İnsanları toplum halında birləşdirən bir siyasi təşkilat olan dövlət də 

məhz bu zərurətdən doğmuşdur. Tusi dövlətin mənəvi və maddi cəhətlər üzərində 

qurulduğunu göstərir.  İnsanların qarşılıqlı sazişi  əsasında yaranan dövlət mənəvi 

tələbatdan irəli gəlir.  İnsanların bir-birinə yardımı isə dövlətə  tələbatın maddi tərəfi 

kimi göstərilir. Tusi göstərir ki, dövlətin yaranmasının əsas səbəblərindən biri insan-

ların qüvvəsinin bir yerə cəmləşdirmək zərurəti olmuşdur. Yəni, mütəfəkkir dövlətin 

ittifaq  əsasında yaranması konsepsiyasına üstünlük verir. Onun fikrincə,  ədalətli 

dövlət quruluşunun  əsasında idarəetmə  məharətinin hökmdar siyasəti ilə  əlaqələn-

dirilməsi durur ki, bu da öz növbəsində, qarşılıqlı yardıma və ittifaqa əsaslanır (8, 

210). Dövlət haqqında siyasi konsepsiyasında Nəsirəddin Tusi dövlətin möhkəmliyi 

məsələsinə də ciddi diqqət yetirir. Onun fikrincə, dövlətin möhkəmliyi, sarsılmazlığı 

cəmiyyətdə hökm sürən nizam-intizamdan, qanunlara və ictimai davranış qaydalarına 

düzgün  əməl olunmasından xeyli dərəcədə asılıdır.  İnsanları birgə yaşamağa və 

fəaliyyət göstərməyə sövq edən amillər olmadıqda dövlət dağılmağa və parçalanmağa 

doğru gedir. Göründüyü kimi, mütəfəkkir «dövlət» və «cəmiyyət» anlayışlarını 




 28

eyniləşdirir. Onun fikrincə dövlət və cəmiyyət eyni substansiyalar olub, son nəticədə 

insanların birgə yaşamaya meylindən irəli gələn tarixi zərurətin məhsuludur.  

Tusi dövlətin möhkəmliyində və uzun ömürlüyündə şəxsiyyətin mühüm rolunu 

görə bilmişdi. Onun əsərlərində şəxsiyyətin cəmiyyət və dövlət qarşısında vəzifələri 

müəyyən edilərək dəqiqləşdirilir.  Şəxsiyyətin dövlət qarşısında  əsas vəzifəsi kimi 

Tusi qanunlara və ictimai davranış qaydalarına  əməl edilməsini,  əxlaq normalarının 

qorunmasını, faydalı əməklə məşğul olmağı və vətəni qorumaq borcunu göstərir.  

Tusinin fikrincə, dövlətin iki tipi daha çox yayılmışdır: xeyirxah dövlət və 

bədxah dövlət. Xeyirxah dövlət onun ideal dövlət tipinə uyğundur. Bu dövlətə adil və 

elmli hökmdar başçılıq edir ki, onun da əsas vəzifəsi təbəəliyində olan insanlara 

xoşbəxt və ləyaqətli həyat şəraiti yaratmaqdır. Belə dövlətdə hər bir insanın mənafeyi 

və maraqları  nəzərə alınır, bütün əlaqələr qanunlarla nizamlanan, saf münasibətlər 

üzərində qurulur. Göründüyü kimi Tusi konkret bir dövlət formasının tərəfdarı kimi 

çıxış etmir, lakin daha çox maarifçi monarxiyaya üstünlük verir. Belə bir monar-

xiyada sosial ədalətin qorunması monarxın əsas vəzifəsi kimi müəyyən edilir.  

Tusi dövləti idarə edən orqanları onun dayaqları kimi qiymətləndirir: 

1.

 



Qanunları  tənzimləyənlər – müsəlman hüquqşünasları, poeziya, bəlağət elmi, 

xəttatlıqla məşğul olan mütəxəssislər; 

2.

 

Qanunların ədalətliliyinə və təbəələrin bərabərliyinə nəzarət edən orqanlar; 



3.

 

Dövləti qoruyanlar, mühafizə edənlər; 



4.

 

Dövlətin mövcud olmasının qayğısına qalan orqanlar (8, 25-26). 



Əsərlərində dövlətin idarə olunması məsələlərinə geniş yer verən Tusi belə bir 

fikirlə razılaşır ki, «dövləti qüsursuz idarə etmək tarixən mümkün olmamışdır». Hər 

bir dövlətin öz səviyyəsinə  və yerinə uyğun qayda-qanunları mövcuddur. Bu qa-

nunların mühafizəsi üçün idarəetmədə nöqsanlara mümkün qədər yol verməməyə 

çalışmaq lazımdır. Bu səbəbdən dövləti idarə edən hökmdar laqeyd olmamalı,  əha-

lisinin qayğısına qalmalı, vaxtını faydalı işlərə sərf etməlidir (1, 75). «Şah işləri öz-

başına buraxarsa, dövlətin vəzifəsi xarablaşar,  şər və  zərər işə düşər, qayda-qanun 

tərsinə çevrilər, mənimsəmə qapıları açılar, tamahkarlıq qüvvələri ona kömək edər, 

bədbəxtlik xoşbəxtliyə qalib gələr, dostluq ədavətlə, nizam-intizam hərc-mərcliklə 

yerini dəyişər, hər şeyi yenidən başlamağa, haqqı bərpa edəcək bir imama ya ədalətli 

bir hökmdara ehtiyac hiss edilər» (4, 215).  

Tusi Şərq fəlsəfə ənənələrini dərindən tədqiq edərək belə bir fikrə gəlmişdi ki, 

«rəiyyəti yalnız  ədalət, fəzilət və hikmət qanunları  əsasında idarə etmək lazımdır». 

Dövlətin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə hik-

mətə bağlıdır (4, 300). Onun fikrincə, müdrik adamların rəhbərliyi xalqın mənafeyi-

nin yüksəlməsinə xidmət edir: «Hər dövrdə, hər zamanda hökmdara ehtiyac yoxdur. 

Əhali arasında nizam-intizam olsa, bu onlara uzun müddət bəsdir. Lakin bütün dövr-

lərdə müdrik bir rəhbərə  və  tədbir sahiblərinə ehtiyac vardır. Tədbir olmasa nizam-

intizam aradan qalxar, insan cəmiyyəti lazım olduğu kimi inkişaf etməz…» (5, 156). 

Nəsirəddin Tusinin özünəməxsus hüquq konsepsiyası da vardır. Mütəfəkkir 

qanuna insan təfəkkürünün məhsulu kimi baxır, onu insanların qərarları  əsasında 

yarandığını iddia edir: «camaatın qərarı əsasında yaranan və qərarı olanlardan biri də 

qayda-qanunlardır» (5, 38). Qanunun ilahi mənşəyini bir tərəfə qoyaraq, onun insanın 

kamillik qüdrəti sayəsində yarandığını iddia edən mütəfəkkir öz dövrü üçün çox 

cəsarətli bir addım atmış olurdu. Tusinin nəzəriyyəsində qanun təkcə qadağanlar və 

məcburetmə  tədbiri olmayıb, bəraət normalarını da nəzərdə tutmalı, cəza vermək 




 29

məqsədindən daha çox tərbiyə, islah etmək məqsədi güdməlidir. Bu fikirlər təbii ki, 

mütəfəkkirin humanist mövqeyindən irəli gəlir. Mütəfəkkirin fikrincə, qanunun iki 

növu mövcuddur: ədalətli və  ədalətsiz qanunlar. Qanunların  ədalətli olması dövlət 

başçısının siyasəti, onun bir insan kimi təbiətindən asılıdır. Eyni zamanda Tusi 

qanunlara donmuş bir ehkam kimi baxmır, onların daim təzələnməyə  və  təkmilləş-

məyə ehtiyacı olduğunu qeyd edir.  

Böyük mütəfəkkir öz əsərində cinayət hüququ məsələlərinə  də toxunur. Mü-

təfəkkirə görə cinayətin törədilməsində təqsirin üç forması mövcuddur: 

1.

 



Cinayətin qəsdən törədilməsi; 

2.

 



Cinayətin qəsd olmadan törədilməsi; 

3.

 



Cinayətin ehtiyatsızlıq üzündən törədilməsi. 

Mütəfəkkir cinayəti təhlükəli bir şər hərəkət kimi qiymətləndirir, cinayətlərin 

qarşısını almaq yollarını göstərir: «…adamların da dərəcələri vardır.  İslah oluna 

bilənləri cəza və tənbehlə tərbiyə etmək lazımdır. İslahı mümkün olmayan, lakin baş-

qalarına zərər yetirməyənləri bir növ yola verməli, başqalarını incidib əziyyət edən-

lərin isə qarşısı alınmalı, onların  şəri aradan qaldırılmalıdır». Tusi cinayətkarların 

islah olunması üçün cəza tədbirlərini də göstərir: «Şərin aradan qaldırılmasının da 

dərəcələri vardır: 

Birinci – həbs. Bu şəhər əhalisi ilə ünsiyyətdən məhrum etmək deməkdir. 

İkinci – zəncir (məhdudiyyət). Bu, şəhərin təsərrüfat işlərindən onu məhrum 

etmək deməkdir. 

Üçüncü – sürgün. Bu, şəhərə girməyə icazə verməməkdir» (4, 297-298).  

Eyni zamanda mütəfəkkir ölüm cəzasının verilməsi məsələsini də  təhlil 

edərək cəzanın bu növündə daha diqqətli olmağı məsləhət görür: «Əgər onun (cina-

yətkarın) şəri həddini aşsa, nəticəsi ölüm və fəsad olsa, hikmət sahibləri onun edam 

edilib – edilməməsi haqqında müxtəlif fikirlər söyləmişlər. Onların dediklərinin əsası 

bundan ibarətdir ki, belə halda edam etmək deyil, cinayət törətmiş üzvü, məsələn, əl, 

ayaq, dil və ya hiss üzvlərindən birini kəsmək daha məsləhətdir.  Əlbəttə, edam et-

məyə can atmaq lazım deyildir. Çünki o cəlal və haqq sahibi böyük yaradanın min 

hikmətlə tikdiyi binanı uçurmaq və onun təmir edilib, tərbiyə ediləcəyinə inanmaq 

ağlasığan bir şey deyildir» (4, 298). Göründüyü kimi, N.Tusi ilahi ədaləti ən yüksək 

ədalət hesab edirdi. Onun fikrincə, insana ədalət ruhunu Allah verir. Ədalətin qüdrəti 

nəticəsində insan nəfsi ilahi nəfsə yaxınlaşır, insan bunun təsiri altında kamilləşir, 

müsbət fəaliyyəti qüvvətlənir (9, 127). Cinayət və  cəza məsələlərinə xüsusi diqqət 

verən mütəfəkkir ölüm cəzasına rəğmən cismani cəzaların tətbiq edilməsinin məqsədə 

uyğunluğunu göstərir, həddən artıq zorakılığı inkar edirdi ki, bu da onun huma-

nizmindən irəli gəlirdi.  

N.Tusi «Maliyyə haqqında traktat» əsərində mövcud maliyyə və vergi siste-

mində islahatlar aparılmasının zəruriliyini göstərir. Onun fikrincə, dövlətin maliyyə 

və vergi sistemi ilk növbədə istehsalçıların marağının canlanmasına xidmət etməli idi. 

Bu məqsədlə N.Tusi əhalidən alınacaq  əsas vergi növlərini də müəyyən edir: əkin-

çilərdən xərac, tacirlərdən tamğa, heyvandarlardan məral vergisi və digər fəaliyyət 

növlərindən xəzinəyə daxil olan vəsaitlər. Adı çəkilən traktatda istehsal münasibətləri, 

torpaq sahibliyi formaları,  əhali təbəqələrinin hüquqi vəziyyəti, xüsusilə  də tacir və 

sənətkarlarla dövlət arasındakı qarşılıqlı münasibətlərlə bağlı çoxsaylı təkliflər öz ək-

sini tapmışdır. Ehtimal olunur ki, Tusinin bu təklifləri onun ölümündən sonra (1274) 

Qazan xanın (1295-1304) həyata keçirdiyi islahatlarda nəzərə alınmışdır (2, 185).  



 30

ƏDƏBİYYAT 

1.

 



Eyvazov F. Dahi alim və filosof. Bakı: Elm, 1981, 215 s. 

2.

 



İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: Nurlan, 2006, 720 s. 

3.

 



Məlikova M., Bayramov E. Azərbaycanın siyasi – hüquqi nəzəriyyələr tarixi. Bakı: 

Maarif, 1984, 311 s. 

4.

 

Xacə Nəsirəddin Tusi. Əxlaqi – Nasiri. Bakı: Elm, 1980, 2002, 356 s. 



5.

 

Nəsirəddin Tusi. Əxlaqi – Nasiri. //fars dilində// Tehran: 1968. s.345 



6.

 

Quliyev A.İ. XII-XVI əsrlərdə Azərbaycanın siyasi-hüquqi fikrində qanun və qanunçuluq 



problemi. Bakı: Qanun, 2005, s.376 

7.

 



Quliyev A.İ. XIII əsrin sonu, XIV əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi təlimlər. 

Bakı: Qanun, 1993, 120 s. 

8.

 

Рзаев А. Насиреддин Туси /политико-правовые воззрения/. Баку: Элм, 1983, 230 с. 



9.

 

Rüstəmov Y. Sosial-siyasi və hüquqi təlimlər tarixi. Bakı: Təknur, 2007, 423 s. 



10.

 

Seyidov M.N. “Xacə  Nəsirəddin Məhəmməd Tusi dövlət quruluşu və maliyyə sistemi 



barədə”. Nəsirəddin Tusinin 800 illik yubileyinə  həsr edilmiş Respublika elmi 

konfransının materialları. 2-3 aprel, Bakı: ABU, 2001, s. 206-209. 

 

РОЛЬ КОНЦЕПЦИИ Н.ТУСИ О ГОСУДАРСТВЕ И ПРАВЕ В РАЗВИТИИ 

УПРАВЛЕНЧЕСКИХ ОТНОШЕНИЙ И СВЕТСКОГО ЗАКОНОДАТЕЛЬСТВА В 

АЗЕРБАЙДЖАНЕ В XIII-XIV ВВ. 

 

М.Н.СЕИДОВ  

 

РЕЗЮМЕ 

 

Данная статья посвящена идеям и воззрениям великого азербайджанского мыс-



лителя Насиреддина Туси о государстве и праве. По мнению автора, политико-правовые 

мысли  мыслителя  сыграли  значительную  роль  в  формировании  и  развитии  государст-

венности и законодательства Азербайджана в XIII-XIV веках. В статье анализируются 

взгляды мыслителя на общество, государство и его формы, закон и законность, законо-

дательство. Рассматривается политический идеал Н.Туси, его размышления о справед-

ливом государе, просвещенной монархии. Основное внимание уделяется взглядам мыс-

лителя  о  верховенстве  закона,  правам  и  обязанностям  как  государя,  так  и  его  поддан-

ных, рассматриваются мысли о справедливом обществе.    

 

THE ROLE OF N.TUSI`S CONCEPT ABOUT STATE AND LAW IN THE 

DEVELOPMENT OF ADMINISTRATIVE REQULATIONS AND SECULAR 

LEGISLATION IN XIII-XIV CENTURIES IN AZERBAIJAN 

 

M.N.SEYIDOV 

 

SUMMARY 

 

The article is dedicated to the ideas and outlooks of the great Azerbaijani thinker 



Nasiraddin Tusi about the state and law. In the author’s judgment the thinker’s political-legal 

thoughts played a great role in the formation and development of the statehood and legislation 

of Azerbaijan in XIII-XIV centuries. The article analyzes the thinker’s thoughts about society, 

state and its forms, law and legality, and the legislation. It also describes Nasiraddin Tusi’s 

political ideal, his thoughts about the fair sovereign and enlightened monarchy. The author 

focuses on the thinker’s thoughts about supremacy of law, rights and obligations of the state 



and citizens, and studies the ideas about the fair society in the article. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə