Bayatilar


Mən aşiqəm, yüz dərdə, Yüz dərmana, yüz dərdə. Gəlin bir dərdə düşdü, Gözü qaldı üzlərdə. ***



Yüklə 1,73 Mb.
səhifə11/13
tarix01.07.2018
ölçüsü1,73 Mb.
#52603
1   ...   5   6   7   8   9   10   11   12   13

1397. Mən aşiqəm, yüz dərdə,

Yüz dərmana, yüz dərdə.

Gəlin bir dərdə düşdü,

Gözü qaldı üzlərdə.



***

1398.Məni ağlasın öz anam,

Qoynu dolu köz anam.

Mən getmişəm, gələrəm,

Dayan anam, döz anam.



***

1399.Mən dərdin anasıyam,

Dəmi, dəmxanasıyam.

Olanımı söyləsəm,

Odlara yanasıyam.



***

1400.Mən aşiqəm, nə sandı,

Nə hesabdı, nə sandı.

Gözlədim yar gəlmədi,

Nə düşündü, nə sandı?



***
***

1401.Mən aşiqəm, yaz olar,

İl dolanar, yaz olar.

Günü xoş keçənlərə,

Zimistan da yaz olar.



***

1402.Mən aşiqəm, anadı,

Müqəddəsdi, anadı.

Ananı vətən yetirir,

Vətən böyük anadır.



***

1403.Mən aşiqəm, yüz illər,

Səksən illər, yüz illər.

Nanəcib adam olmaz,

Yaşasa da yüz illər.



***

1404.Mən aşiqəm, sayarmı,

Say qeyrətim sayarmı.

Öz atasın saymayan,

Özgəsini sayarmı?



***

1405.Mən aşiqəm, dönərmi,

Mərd sözündən dönərmi?!

Düşmənə dost deməsən,

Dostun səndən dönərmi?.



***

1406.Mən aşiq, yaxşı yazdım,

Oxudum, yaxşı yazdım.


Bülbül oxur, gül açır,

Vətəndən yaxşı yazdım.



***

1407.Mən aşiqəm, yar olmaz,

Hərcayidən yar olmaz.

Kim vətəni sevməsə,

Vətən ona yar olmaz.



***

1408.Mən aşiq, yarı gedər,

Yar sevər, yarı gedər.

Özgəyə yar deyənin,

Əlindən yarı gedər.



***

1409.Mən aşiqəm, nəsə yar,

Küsüb məndən nəsə yar.

Öz anasın saymayan,

Özgələri nə sayar. (v)



***

1410. Mən aşiqəm, yüz dəfə,

Oxu, dərsin yüz dəfə.

Düşmən sənə dost olmaz,

Hörmət etsən yüz dəfə.



***

1411.Mən bu yola bələdəm,

Getməmişkən bələdəm.

Şadlıqnan işim yoxdu,

Qəm yoluna bələdəm.



***
***

1412. Mən aşiqəm, qan eylər,

Arı mumdan şan eylər.

Qarı düşmən dost olmaz,

Fürsət düşsə, qan eylər.



***

1413. Mən aşiq, ovun ovlar,

Ovçular ovun ovlar.

Əlivizdən qalxan tərlan,

Murğuzda ovun ovlar.



***

1414.Mən aşiq, bir dənəsən,

Gövhərsən, bir dənəsən.

Mən ölsəm sənə qurban,

Sən ölmə bir dənəsən.



***

1415.Maral gözlər bu dağda,

Bülbül oxur budaqda.

Baxdım ay camalına,

Gözüm qaldı buxaqda.



***

1416.Mən aşiqəm, yaz bağda,

Bülbül ötər yaz bağda.

Yara qonaq olaydım,

Qış otaqda, yaz bağda.



***

1417.Mən aşiq, kim səyada,

Tor qurub kim səyada?


Gözdə, könüldə sənsən,

Düşərmi kimsə yada?



***

1418.Mən aşiq, yarısıdır,

Ömrümün yarısıdır.

Gülə toxunmaq olmaz,

Bülbülün yarısıdır.



***

1419. Mən aşiqəm, ayına,

Bəndəm qaşın yayına.

Qorxuram müjgan çalam,

Üzündən göz yayına.



***

1420.Mən aşiq, elçi məni,

El dağı, el çiməni.

O qaş, o göz, o kirpik,

Eylədi elçi məni.(v)



***

1421.Mən aşiqəm, sim sarı,

Aşıq, saza sim sarı.

Öləndə göz axtarar,

Qohum, qardaş, simsarı.



***

1422.Mən aşiqəm, yar gülər,

Mizrab oynar, tar gülər.

Sona göldən küsəndə,

Tərlan ağlar, sar gülər.



***
***

1423.Mən aşiqəm, bu məni,

Yerə saldı bu məni.

Kəfəni as boynumdan,

Göz yaşınnan yu məni.



***

1424.Mən aşiqəm, qalam vay,

Bülbülüm vay, qalam vay!

Çəkilibdi kərpicim,

Uçulubdu qalam, vay!



***

1425.Mən aşiq, özüm neynim,

Bu dərdə dözüm, neynim?!

Sənə dərman desələr,

Çıxarram gözüm, neynim?!



***

1426.Mən aşiq, yara neynim,

Yar yetər yara, neynim.

Şad günə çatmayanın,

günü qara, neynim?!



***

1427.Mən aşiq, düz bir idi,

Təsbehim yüz bir idi.

Laçınlar qanad çaldı,

Sonalar üz bürüdü.



***

1428.Mən aşiq, boz dağları,

Bürüyüb toz dağları.


Əlin əlimə versən,

Aşaram tez dağları.



***

1429.Mən aşiq, tağ atdandı,

Bostanda tağ atdandı.

Gözlərim dostu gördü,

Dizlərim tağatdandı.



***

1430.Mən aşiq, yuyan getdi,

Yurd yeri, yuyan1 getdi.

Yıxıldı atan evi,

Dağıldı, yuvan getdi.



***

1431.Mən aşiq, əlim gələ,

Hərlənə, həlim gələ.

Qiyamət o gün qopar,

Yerimə gəlin gələ.



***

1432.Mən aşiq, başqasına,

Sirr vermə başqasına.

Gəl yarına yiyə dur,

Tapşırma başqasına.



***

1433.Mən aşiqəm, şum olsun,

Şumla yeri, şum olsun.


Yaxşı evim oluncan,

Bir yaxşı qonşum olsun.

***

1434.Mən aşiqəm, qəfəsdə,

Qələm oynar qaş üstə.

İstəklim hər nə desə,

Mən deyərəm baş üstə.



***

1435.Mən aşiq, qarı düşmən,

Yarı dost, yarı düşmən.

Kəndirini gündə vur,

Görməsin barı düşmən.



***

1436.Mən aşiqəm, ov deyil,

Çaxmaq deyil, qov deyil.

Qolun qurusun, ovçu,

Bu vurmalı ov deyil.



***

1437.Mən aşiqəm, bağ salam,

Bostan əkəm, tağ salam.

Xaraba bağlar gördüm,

Tay neynirəm bağ salam.



***

1438.Mən aşiq, gül üzündən,

Sallanır tel üzündən.

Yataydım, oyanaydım,

Öpəydim gül üzündən.



***
***

1439.Mən aşiq güzgüsünə,

Baxdım yar güzgüsünə.

Ürəkdən bir ah çəkdim,

Az qaldı güzgü sına.



***

1440.Mən aşiqəm, daş daşı,

Dən ver, yedi daş daşı.

Çirkin ilə bal yemə,

Gözəl ilə daş daşı.



***

1441.Mən aşiq, yad yorğanı,

Dərdə murad yorğanı.

Mən yatdım, şəfa tapdım,

Üstümdən at yorğanı.



***

1442.Mən aşiq, telə bağlı,

Göy kəmər belə bağlı.

Söz demək dil işidir,

İgidlik elə bağlı.



***

1443.Mən aşiq, yaxdımı gör,

Qızıldan taxtımı gör.

Məndən üzün döndərən yar,

Dalımca baxdımı, gör?



***

1444.Mən aşiq, necə yaram,

Sızıldar gecə yaram.


Bir Allah özü bilir,

Mən sənə necə yaram.



***

1445.Mən aşiq, ay işin gör,

Qış gəldi, yay işin gör.

Kamil ustanın, aşıq,

Ya özün, ya işin gör.



***

1446.Mən aşıq, günə qaldı,

El getdi, binə qaldı.

Kərəmin görüş çağı,

Axirət günə qaldı.



***

1447.Mən aşiq, düşən yeri,

Atlanıb düşən yeri.

Göz yaşın oda dönüb,

Yandırar düşən yeri.



***

1448.Mən aşiq, qızıl alma,

Yollara düzül, alma.

Bilsəm ki, yar göndərib,

Saxlaram yüz il, alma.



***

1449.Mən aşiq, dəyə-dəyə,

Obası dəyə- dəyə.

Sayıl qapına gəlir,

Daşlara dəyə-dəyə.



***
***

1450.Mən aşiq, Qənbər oğlan,

Bağçadan gül dər, oğlan.

Dəstələ, məktub bağla,

Yarına göndər, oğlan.



***

1451.Mən aşiqəm, soğan var,

Arxda suyu sovan var.

Özün ana deyirsən,

Məni də bir doğan var.



***

1452.Mən aşiqəm, Kür keçər,

Araz keçər, Kür keçər.

Araz küsər tən bölər,

Günahından Kür keçər.



***

1453.Mən aşiq, gülən gərək,

Göz yaşın silən gərək.

Nə var-dövlət, nə cəlal,-

Bir qədrin bilən gərək.



***

1454.Mən aşiq, yana qoydu,

Sözü pünhana qoydu.

Mən qürbətdə ölürəm,

Yar evdə həna qoydu.



***

1455.Mən aşiq, yarda məni,

Doğra da, yar da məni.


Fələk, çarxın çevrilsin,

Unutdu yar da məni.



***

1456.Mən aşiq, dolu düşər,

Göy gurlar, dolu düşər.

Qəbrim yol üstə qazın,

Anamın yolu düşər. (v)



***

1457.Mən aşiq, gülə-gülə,

Gül əkdim, gülə-gülə.

Evimi düşmən yıxdı,

Üzümə gülə-gülə.



***

1458.Mən aşiq, gülü bağlar,

Dili bülbülü bağlar.

Yar vəfalı yar olsa,

Dərdimi bilib ağlar.



***

1459.Mən aşiq, dəstə-dəstə,

Bülbül qonar gül üstə.

Məni yarla barışdır,

Nə istəsən gəl, istə.



***

1460.Mən aşiq, aydın olsun,

Ay çıxsın, aydın olsun.

Dedilər “yarın gəlir”,

Gözlərim aydın olsun!



***
***

1461.Mən aşiq, kimə gedim,

Dərmana kimə gedim.

Yar oxladı qəlbimi,

Hansı həkimə gedim?



***

1462.Mən aşiq, dözümüm yox,

Səbrim yox, dözümüm yox,

Yarım məndən küsübdü,

Bu dərdə dözümüm yox.



***

1463.Mən aşiqəm, gəzərəm,

Şana teli bəzərəm.

Sevgilimin yolunda,

Hər cəfaya dözərəm.



***

1464.Mən aşiq, bala dağı,

Dəhşətdir bala dağı.

Heç kafər, heç müsəlman,

Görməsin bala dağı.



***

1465.Mən aşiq, üzəngini,

Bas gəlsin üzəngini.

Canım o gün çıxaydı,

Səndən əl üzən günü.



***

1466.Mən aşiqəm, soldu gəl,

Çəpərə quşlar doldu gəl.


Dolaqsız gedən, oğlan,

Dolaq tamam oldu, gəl.



***

1467.Mən aşiq, itib eldən,

Məzarım iti beldən.

Qoy məni yar ağlasın,

Desinlər itib eldən.



***

1468.Mən aşiq, üz üzülmüş,

El yaylağa düzülmüş.

Dünyada hanı məntək,

Əli yardan üzülmüş.



***

1469.Mən aşiq, yaza bənzər,

Boyun şahbaza bənzər.

Bir də üzünü görsəm,

Qış günüm yaza bənzər.



***

1470.Mən aşiq, elə bağlar,

Bağladım elə bağlar.

Namusu olan kəslər,

Ümidin elə bağlar.



***

1471.Mən aşiq, arı canım,

Köynəyi sarı canım.

Fələk aldı canımı,

Qalmadı yarı canım.



***
***

1472.Mən aşiqəm, novaya,2

Nizamidən Nəvaya.3

Elə yar sevginən ki,

Nə dərdə düş, nə vaya.



***

1473.Mən aşiq, tar çalana,

Tarı ver tar çalana.

Yarı yardan edəni,

Od tutub parçalana.



***

1474.Mən aşiq, yarı yandı,

Yar mənə yarıyandı.

Aşiq tonqal qaladı,

Oduna yarı yandı.



***

1475.Mən aşiq, sözüm neynim,

Bu dərdə dözüm neynim?!

Odladın can mülkümü,

Yanıram özüm, neynim?!



***

1476.Mən aşiqəm, yasa bax,

Matəmə bax, yasa bax.

Əcələ borclu canım,

Ya bu gündür, ya sabah.



***

***

1477.Mən aşiq, məzə qanlı,

Mey qanlı, məzə qanlı.

Əzrayıl ova çıxıb,

Əlləri təzə qanlı.



***

1478.Mən aşiq, qəmdə yana,

Çəkilə qəm də yana.

Nola ki, bir od düşə,

Alışa qəm də yana.



***

1479.Mən aşiqəm, alınca,

Qalalardan Əlincə.

Çıx, canım, çatla, bağrım,

Belə günə qalınca.



***

1480.Mən aşiq, üzümüm yox,

Bağım var, üzümüm yox.

Qəbrində bir yer elə,

Sənsiz heç dözümüm yox.



***

1481.Mən aşiq, kəs aranı,

Daşı seç, kəs aranı.

Olursan vəfalı ol,

Olmursan kəs aranı.



***

1482.Mən aşiqəm, qara yaz,

Ağ kağızı qara yaz.


Yaz hamıya xoş gəldi,

Mənə oldu qara yaz.



***

1483.Mən aşiqəm, ağlar kimi,

Saç-saça bağlar kimi.

Səni görsəm açıllam,

Bülbüllü bağlar kimi.



***

1484.Mən aşiq, saqi yaxşı,

Dostunun sağı yaxşı.

Namərdin balındansa,

Mərd verən ağı yaxşı.



***

1485.Mən aşiqəm, al eylər,

Arı şanda bal eylər.

Gözlərində nə sirr var,

Baxsam dilim lal eylər.



***

1486.Mən aşiq, bizim olar,

Çiçəklər düzüm olar.

Məndən kənar dolansan,

Saralan üzüm olar.



***

1487.Mən aşiqəm, qan eylər,

Arı mumdan şan eylər.

Qarı düşmən dost olmaz,

Fürsət düşsə qan eylər.



***
***

1488.Mən aşiq, bir ustada,

Dür kimi dür ustada.

Dost odur öz dostunun,

Çörəyin dürüst dada.



***

1489.Mən aşiqəm, üzünə,

Heyranam qaş-gözünə.

Sən məndən əl üzməzdin,

Baxdın özgə sözünə.



***

1490.Mən aşiq, saza bəndəm,

Bülbüləm, yaza bəndəm.

Qəribəm, elinizdə,

Bir şirin sözə bəndəm.



***

1491.Mən aşiq, aman yerdə,

Dağ yerdə, duman yerdə.

Düşmən sözünə baxan,

Axşamlar yaman yerdə.



***

1492.Mən aşiq, güldən allam,

Gülabı güldən allam.

Gül dərən qız gəlməsə,

İyini güldən allam.



***

1493.Mən aşiqəm, dili tər,

Dodağı tər, dili tər.


Qəfil xəbərin gəlsə,

Ağıl çaşar, dil itər.



***

1494.Mən aşiq, ölkəsinə,

Sığındım kölgəsinə.

Qiyamət o gün qopar,

Yar baxa özgəsinə.



***

1495.Mən aşiqəm güzidə,4

Bülbül gülə göz edə.

Sənə də qurban olum,

Səni görən gözə də.



***

1496.Mən aşiq, Züleyxanı,

Çək zilə Züleyxanı.

Yusifin eşqinə bax,

Məst edib Züleyxanı.



***

1497.Mən aşiq, özüm yara,

Xoş gələ sözüm yara.

Nə deyim qəbul olsun,

Qurbandı gözüm yara.



***

1498.Mən aşiq, yar qan eylər,

Su axar yarğan eylər.

Baxma yadlara, gözüm,

Eşidər yar, qan eylər.



***

***

1499.Mən aşiqəm, gözəl də,

Heç qalmasın göz əldə.

Allah hökmü olarmış,

Bu nə sirdi, gözəldə?!



***

1500.Mən aşiq, gözə yarı,

Hesabım gözəyarı.

Can karvanı köç eylər,

Göstərin gözə yarı.



***

1501.Mən aşiq, düzən yerdə,

Sonalar süzən yerdə.

Sən getdin ev ucaltdın,

Mən qaldım düzən yerdə.



***

1502.Mən aşiq, üzə düşdü,

Sürmələr gözə düşdü.

Heç kəs ayrı düşmədi,

Ayrılıq bizə düşdü.



***

1503.Mən aşiq, simlər ağlar,

Yaram da simlər, ağlar.

Yerlini qohum-qardaş,

Qəribi kimlər ağlar?



***

1504.Mən aşiqəm, oddan sən,

Oda düşüb, oddan sən.


Olsaq da bir atadan,

Seçilmirsən yaddan sən.



***

1505.Mən aşiqəm, gələnə,

Dərdin sənlə bölənə.

Namərdə bel bağlama,

Kölgəndə kölgələnə.



***

1506.Mən aşiq, günahımdan,

Yar keçsin günahımdan.

İstəsən bir ah çəkim,

Tutulsun gün ahımdan.



***

1507.Mən aşiq, qoyun dərdi,

Mal dərdi, qoyun dərdi.

Çoban bir gül üzüncə,

Bağban bir qoyun dərdi.



***

1508.Mən aşiqəm, lalə mən,

Çox çəkmişəm nalə mən.

Dil açar, bülbül olar,

Dərdim desəm lala mən.



***

1509.Mən aşiqəm, bağ gülə,

Bağça gülə, bağ gülə.

Əzrayıl da bənd olub,

Mən sevdiyim ağ gülə.



***
***

1510.Mən aşiq, ay camala,

Yar əldən, ay cam ala.

Götür üzdən rübəndi,

Baxım bir ay camala.



***

1511.Mən aşiq, baxdım qara,

Qar yağdı, baxtım qara.

Sənə ağ gün dilədim,

Oldu öz baxdım qara.



***

1512.Mən aşiq, ara gəlsin,

Tellərin dara, gəlsin.

Sənsiz bayram eyləsəm,

Bayramım qara gəlsin.



***

1513.Mən aşiqəm, narınca,

Saxlaram saralınca.

Sonam sallandı keçdi,

Bir laçın da dalınca.



***

1514.Mən aşiq, qala, qala,

Qar yağar qala, qala.

Cavan ömrüm heç oldu,

Qürbətdə qala-qala.



***

1515.Mən aşiq, dərd alana,

Gözləri dörd olana.


Həkim-təbib neyləsin,

Ürəyin dərd alana.



***

1516.Mən aşiq, naz yarıma,

Dəyməsin göz yarıma.

Sağalar xəstə könlüm,

Qovuşsa öz yarıma.



***

1517.Mən aşiq, ayına bax,

Ulduzun sayına bax.

Yara sovqat can verdim,

Bir onun payına bax?!



***

1518.Mən aşiq, yazı ağlar,

Kirpiyi, gözü ağlar.

Aşiq qəmdən oxuyar,

Döşündə sazı ağlar.



***

1519.Mən aşiqəm, yüz il yaz,

Yüz il bahar, yüz il yaz.

Sənin kimi gül açmaz,

Dövran keçsə yüz il yaz.



***

1520.Mən aşiqəm, naçaram,

Qapıları açaram.

Atam-anam verməsə,

Qoşularam qaçaram.



***
***

1521.Mən aşiq, eldən allam,

Cığanı teldən allam.

Bağda bülbülüm ölsə,

Qanını güldən allam.



***

1522.Mən aşiq, gülə bağlar,

Gözlərin gülab ağlar.

Bülbül tikandan qorxmaz,

Meylini gülə bağlar.



***

1523.Mən aşiqəm, yanaşı,

Ya ustadır, ya naşı.

Körpəmə həyan ollam,

Dəfn eləyin yanaşı.



***

1524.Mən aşiqəm, can, sənə,

Olmuşam heyran sənə.

Quzu qurbanı nədi,

Mən özüm qurban sənə.



***

1525.Mən aşiq, ozan ağlar,

Odlanar ozan, ağlar.

Tapa bilməz oğuzu,

Boş yurdu gəzən ağlar.



***

1526.Mən aşiq, gözlər məni,

Sürmədi göz dərməni.


Ay ellər, qoyun gedim,

Yar yatmaz, gözlər məni.



***

1527.Mən aşiq, olan gündən,

Dəryalar dolan gündən.

Ruhum ruhunu sevmiş,

Canım xəlq olan gündən.



***

1528.Mən aşiq, gəzər oldum,

Oxuyub, yazar oldum.

Elə sevdaya düşdüm,

Quruyub xəzəl oldum.



***

1529.Mən aşiq, gül anbarı,

Gül əkdim, gül anbarı.

Sizdə var bircə dəstə,

Bizdə var gül anbarı.



***

1530.Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.



***

1531.Mən aşiq, yara canım,

Qurbandır yara canım.

Tutum, qoyum qəfəsə,

Göndərim yara canım.



***
***

1532.Mən aşiqəm, yaxan dan,

Ya sultandan, ya xandan,

Bir dəstə gül olaydım,

Asılaydım yaxandan.



***

1533.Məni Davat apardı,

Qələm, davat apardı,

Yaram sağalar olsa,

Həkim dava tapardı.



***

1534.Minmisən al yorğanı,

Sür, yeri, al yorqanı.

Gələn əcəl təridir,

Üstümdən al yorğanı.



***

1535.Mən aşiq, kimə gedim,

Kimə varım, kimə gedim,

Bu dərdi sən vermisən,

Dərmana kimə gedim?



***

1536.Mən aşiqəm, tamam qan,

Oxu hərfi, tamam qan,

Üç yüz altmış damarın,

Birisində tamam qan.



***

1537.Mən aşiq gördüyünə,

At oxun gördüyünə.


Namərddə sirr əylənməz,

Mərd deməz gördüyünə.



***

1538.Mən aşiq, yar diyarı,

Bayqunun yar diyarı.

Bir yana durun, dağlar,

Görünsün yar diyarı.



***

1539.Mən aşiqəm, al oxu,

Çək, sədağdan al oxu.

Qan yaş ilə yazılmış,

Bir ərzəmi al, oxu.



***

1540.Mən aşiqəm, ya sabah,

Bülbül oxur, ya sabah.

Bu dərd məni öldürür,

Ya bu gündür, ya sabah.



***

1541.Mən səni el bilərdim,

Başımda tel bilərdim.

Uca dağlar başında,

Qurumaz göl bilərdim.



***

1542.Mən Aşiqəm, yanar suz,

Ya heyvasuz, ya narsuz.

Ahım dağlara düşdü,

Qaçın ellər, yanarsuz.



***
***

1543.Mən Aşiq, qala yeri.

Bürc yeri, qala yeri.

Qiyamət o gün qopar,

Yar gedə, qala yeri.



***

1544.Mən Aşiq, budağilən,

Qol sınar budaq ilən.

Sana yaxşı deməzlər,

Mən qalsam bu dağ ilən.



***

1545.Mən Aşiq, gözdə qara,

Çək sürmə gözdə qara.

Yar, yarın gözləməkdən,

Qalmadı gözdə qara.



***

1546.Mən Aşiq, tikən gülə,

Sarmaşır tikən gülə.

Heç kəs gözün tikməsin,

Mən gözüm tikən gülə.



***

1547.Mən Aşiq, bu dəm ahda,

Qəm məni budamaqda.

Heç kafər də görməsin,

Leylisin bu damağda.



***

1548.Mən Aşiqəm, yaxa qan,

Ya sultanam, ya xaqan.


Belə hənəkmi olur?

Əl qan, üz qan, yaxa qan.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə