Bayatilar



Yüklə 1,73 Mb.
səhifə6/13
tarix01.07.2018
ölçüsü1,73 Mb.
#52603
1   2   3   4   5   6   7   8   9   ...   13

***

617.Eləmi, bəndə qaldı,

Yaylığın məndə qaldı.


Yüz il zindan çəksəm də,

Ürəyim səndə qaldı.



***

618.Eləmi, yaşına bax,

Qəbrinin daşına bax.

gec gəlib, tez getdin,

Fələyin işinə bax.



***

619.Eləmi, gəzən mənəm,

Qönçəni üzən mənəm.

Ərənlər dözə bilməz,

Bu dərdə dözən mənəm.



***

620.Eləmi, olmaz-olmaz,

Qisas da yerdə qalmaz.

Qürrələnmə, bəy oğlu,

Bu hayıf səndə qalmaz.



***

621.Eləmi, hamar-hamar,

Göydən yerə nur damar.

Səni məndən edəni,

Doğransın damar-damar.



***

622.Elədimi, vətənsiz,

Bir quş uçdu vətənsiz.

Vaxtsız şəhid olmuşam,

Qəbrim oldu vətənsiz.



***
***

623.Eləmi, toxunan yox,

Əyirən-toxuyan yox.

Bülbül etməsin fəğan,

Gülünə toxunan yox.



***

624.Mizrab, kamana gəldi,

Oxun kamana gəldi.

Qızlar ərə yar deyir,

Nə pis zamana gəldi.



***

625.Eləmi, aya bənzər,

Qaş-gözü yaya bənzər.

Sazını qəmə köklə,

Mağarın vaya bənzər.



***

626.Eləmi, öy tikənə,

Sarmaşıb şöy tikənə.

Fələk, sən necə qıydın,

Təzəcə öy tikənə.



***

627.Eləmi, bu dağlarda,

Yol gedər bu dağlarda,

Fələk mənə dağ çəkib.

Yandırdı bu dağlarda.



***

628.Eləmi, Göyçəyə mən,

Gözələ, göyçəyə mən.


Qürbətdə həsrət qaldım,

Vətənim Göyçəyə mən.



***

629.Eləmi, səsinə qurban,

Sədana, səsinə qurban,

Qələbə çalan əsgər,

Leyli səsinə qurban.



***

630.El arasında quyu var,

Quyunun ağ suyu var.

Olmuşam yar dəlisi,

Görən deyir, xuyu var.



***

631.Eləmi, tağatdandı,

Bostanda tağ atdandı.

Yaxın dost yanıma gəlib,

Dizlərim tağatdandı. (v)



***

632.Eləmi, inci mənəm,

Sədəf mən, inci mənəm.

Qardaş əlimi əlinə alsa,

Can verəndə incimərəm.




Ə

633.Əzizinəm, ağla qandı,

Qaş-gözün ağla qandı.

Gedək dərd bilən yanına,

Görək kim ağlaqandı.



*** 634.Əzizim, yurd yerinə,

Kim baxar yurd yerinə.

Düşmənlər ayaq qoyub,

Babanın yurd yerinə.



***

635.Əzizinəm, dağda nə var,

Baxın, görün dağda nə var.

Hamı birdən köç eylədi,

İndi görən dağda nə var?



***

636.Əzizim, olmayaydı,

Saralıb solmayaydı.

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı.



***

637.Əzizinəm, ağ olaydı,

Yediyin yağ olaydı.

Bircə gün də yaşasan,

Kaş canın sağ olaydı.



***
***

638.Əzizim, Ərzuruma,

Yol gedər Ərzuruma.

Özün öldün qurtardın,

Məni qoydun hər zuluma.



***

639.Əziziyəm, bəylərdi,

Toyun şahı bəylərdi.

Qədirbilən Salyanın,

Sənət tacı Bəylərdi.



***

640.Əziziyəm, qurbandı,

Bayramımız Qurbandı.

Mahirlərin babası,

Ustad aşıq Qurbandı.



***

641.Əzizim, ay Salyana,

Ana Kür pay Salyana.

Gəzsən Azərbaycanı,

Tapılmaz tay Salyana.



***

642.Əzizim, qandı bağrım,

Hey səni andı bağrım.

Gözümün alovundan,

Od saçdı, yandı bağrım.



***

643.Əzizim, qəlbim əsdi,

Hicranın nədir qəsdi?!


Elə yağdı göz yaşı,

Yağmadı, yağış kəsdi.



***

644.Əziziyəm, Salyanı,

Dara zülfün, sal yanı.

Necəsən, bir ah çəkim,

Kür bürüsün Salyanı.



***

645.Əziziyəm, gün gələ,

Ay çəkilə, gün gələ.

Ömrümü bada verdim,

Gözlədim xoş gün gələ.



***

646.Əzizim, tikə-tikə,

Doğrandın tikə-tikə.

Anan saçını yolur,

Kəfənin tikə-tikə.



***

647.Əzizim, yan durubdur,

Sal gəlib yan durubdur.

Burda bir cavan ölüb,

Aləmi yandırıbdır.



***

648.Əziziyəm, yüz qandı,

Əlli qandı, yüz qandı.

Qız, nişanlın ölübdü,

Zülf pərişan, üz qandı.



***
***

649.Əzizim, dondu qəlbim,

Ayazdı, dondu qəlbim.

Sənin soyuqluğundan,

Nə yaman dondu qəlbim.



***

650.Əzizinəm, bağçamı,

Xəzan vurdu bağçamı.

Getdin viranə qoydun,

Gül-çiçəkli bağçamı.



***

651.Əzizim, sevdasıza,

Qəlb verdim sevdasıza.

Gecə-gündüz ah çəkdim,

Gözə qan sıza-sıza.



***

652.Əzizim, arandadır,

El köçüb arandadır.

Namərd atan güllənin,

Yarası harandadır?



***

653.Əzizim, daşlı dağlar,

Kədərli, daşlı dağlar.

Verdiyin dərd ağırdır,

Al özün daşı, dağlar.



***

654.Əzizim, qəm oyanı,

El yatar, qəm oyanı.


Dəryalar oya bilməz,

Yoxsulda qəm oyanı.



***

655.Əzizim, sərin ayaz,

Göy bulud, sərin ayaz.

Dosta gələn qadanı,

Düşmənin sərinə yaz.



***

656.Əzizim, əkin olmaz,

Əkməsən, əkin olmaz.

Bala ana qoynunda,

Yatmasa, sakin olmaz.



***

657.Əzizim, ağı çoxdur,

Səbri-qaralı çoxdur.

Bostanın dolu döymüş,

Tağı yaralı çoxdur.



***

658.Əzizim, dəymə fələk,

Ömrümü əymə, fələk.

Yarımı gözləyirəm,

Xətrimə dəymə, fələk.



***

659.Əzizim, mən də gəldim,

Sən dedin, mən də gəldim.

Hüsnün tamaşasına,

El gəldi, mən də gəldim.



***
***

660.Əzizinəm, qalx indi,

Qəmli könlüm, qalx indi.

Mən ki, gedəri oldum,

Qoy dincəlsin xalx indi.



***

661.Əzizim, nəynən alım,

Əlifi-beynən alım.

Küsdürdüm, yola saldım,

Könlünü nəynən alım?



***

662.Əzizim, bu da məni,

Ağacam, buda məni.

Əhdinə dönük çıxsan,

Gəl salma yada məni.



***

663.Əlimdə çini kasa,

Bağa girdim gilasa.

Oxu, bülbülüm oxu,

Bəlkə, yar qulaq asa.



***

664.Əzizim, uzun dərə,

Getdikcə uzun dərə.

Burda bir bağ salmışam,

Yar gələ, üzüm dərə.



***

665.Əzizim, dəvə damı,

Nər damı, dəvə damı.


çöldə çoban oldum,

Nə evdə ev adamı.



***

666.Əzizim, narıncı gül,

Bağçada narıncı gül.

Ayrılanda qan ağla,

Güləndə narıncı gül.



***

667.Əzizim, ötmək olmaz,

Köhləni ötmək olmaz.

Elin qoyduğu daşı,

Yerdən tərpətmək olmaz.



***

668.Əzizim, tikənə bax,

Gül üstə tikənə bax.

Qəlbim evin dağıdıb,

Sonradan tikənə bax.



***

669.Əzizim, gözlərinə,

Qurbanam gözlərinə.

Yalvarım ilanlarına,

Dəyməsin gözlərinə.



***

670.Əzizim, ocağında,

Şam yanar bucağında.

Allah murazın versin,

Ağ oğlan qucağında.



***
***

671.Əziziyəm, nişana,

Arı qonmaz bu şana.

İgidin oğlu qalsın,

Daşdan qalmaz nişana.



***

672.Əzizim, təzə dağlar,

Çeşməli məzə dağlar.

Köhnəlmiş dağ üstündən,

Çəkildi təzə dağlar.



***

673.Əzizinəm, gəlinlər,

Yola getmir gəlinlər.

Qaynanalar deyinir,

Almır vecə gəlinlər.



***

674.Əzizinəm, gəlinlər,

Dilli olur gəlinlər.

Gənclikdə qaynanadan,

Dərsi alır gəlinlər.



***

675.Əzizinəm, qartallar,

Dağda uçar qartallar.

İgidlərin təmsili,

Vüqarıdır qartallar.



***

676.Əzizim, yedi məni,

Qurd oldu, yedi məni.


Bir namərdə sirr verdim,

Aləmə dedi məni.



***

677.Əzizim, al üzünə,

İpək al sal üzünə.

Gəlləm səni görməyə,

Baxıram lal üzünə.



***

678.Əzizim, kimsə yada,

Tor qurub kimsə yada.

Nə kimin kimsəsiyəm,

Nə salır kimsə yada.



***

679.Əzizim, qoruyandı,

Qəlyanın qoruyandı.

Öldürmə qoca bağbanı,

Sənə gül qoruyandı.



***

680.Əzizinəm, dağda qan,

Dağda bitər dağdağan.

Ovçu maralı vurub,

Göy-göl olub dağda qan.



***

681.Əziziyəm, Kür gəzək,

Gəmi minək, Kür gəzək.

Əlini ver əlimə,

Biz ikimiz bir gəzək.



***

***

682.Əzizim, sarı yoldan,

Su gəlir sarı yoldan.

Bu fələyin işidir,

Ayırır yarı yardan.



***

683.Əzizim, yaza nə qaldı,

Qış getdi, yaza nə qaldı.

Qələmdə nə təqsir var,

İnsaf yazana qaldı.



***

684.Əzizim, daşa çalar,

Su gələr, daşa çalar.

Yemə namərd çörəyin,

Qaytarar başa çalar.



***

685.Əzizim, yara məndə,

Ox məndə, yara məndə.

Sinəm əttar dükanı,

Hər nə desən var məndə.



***

686.Əzizim, ayrı düşdüm,

Sağ idim, sayru düşdüm.

Gül əkən yavuq düşər,

Mən əkdim, ayrı düşdüm.



***

687.Əzizim, hara gəldi,

Günümüz qara gəldi.


Zalım koxa əlindən,

Canımız zara gəldi.



***

688.Əzizim, gül məkanda,

Gül əkdim, gül məkanda.

Düşməni gördüm güldüm,

Mən handa, gülmək handa.(v)



***

689.Əzizim, üzə düşdü,

Sürmələr gözə düşdü.

Hər kəs öz kefində,

Ayrılıq bizə düşdü.



***

690.Əzizim, dolu gözlər,

Dağ başı dolu gözlər.

Məni candan eylədi,

Səndəki dolu gözlər.(v)



***

691.Əzizim, yolu gözlər,

Dağ başı dolu gözlər.

Yandırdı bağrım başın,

Səndəki dolu gözlər.(v)



***

692.Əzizim, əlaman çəkər,

Xalların əlaman çəkər.

Yarın soyuq üzündən,

Dağlar da əlaman çəkər.



***
***

693.Əzizim, bilən olmaz,

Göz yaşım silən olmaz.

Vəfasızdır fani dünya,

Heç başdan gülən olmaz.



***

694.Əzizinəm, yüz payız,

Sonam göldə üzhaüz.

Düşmənindən dost olmaz,

İllər keçə yüz payız.



***

695.Əzizinəm, salmasa,

Bu yol gedər Salmasa.

İnsan insana neylər,

Fələk gözdən salmasa.(v)



***

696.Əziziyəm, Salmasa,

Xoydan köç get Salmasa.

Bəndə bəndəyə neylər,

Fələk gözdən salmasa.(v)



***

697.Əzizinəm, yara yüz,

Kəsik birdir, yara yüz.

Ola bir vəfalı yar,

Zülf dağıda, yara yüz.



***

698.Əzizim, nətarazı,

Nə daş var, nə tərəzi.


Kişini tez qocaldar,

Arvadın natarazı.



***

699.Əzizim, yaman gündə,

Sözün de aman gündə.

Dost kimdi, düşmən kimdi,

Tanırsan yaman gündə.



***

700.Əzizim, bala dərdi,

Bar əkdim, bəla dərdim.

Hamı dərddən yamanmış,

Ay ellər, bala dərdi.



***

701.Əzizim, ölkə səndən,

Qorxuram yol kəsəndən.

Dağlar quzeyli, könlüm,

Əskilmir kölgə səndən.



***

702.Əzizim, zər nişanı,

Neynirəm zər nişanı.

Dağılsın belə məkanı,

Görünmür yar nişanı.



***

703.Əzizim, kasad olmaz,

Mərd əli kasad olmaz.

Yüz namərdin çörəyin,

Doğrasan kasa dolmaz.



***
***

704.Əzizim, sinəsinə,

Baş qoyun sinəsinə.

Köksünü nişan aldıq,

Düşmənin, sinə-sinə.



***

705.Əziziyəm, bala gəl,

Dumanlıdır qala, gəl.

Yarı görmək istəsən,

Min atın, dördnala gəl.



***

706.Əziziyəm, şama gəl,

Pərvanətək şama gəl.

Günorta vədəliyəm,

Get dolan, axşama gəl.



***

707.Əziziyəm, dəmə gəl,

Söhbətə gəl, dəmə gəl.

Dərd bilən özü gələr,

Dərd bilməzə demə, gəl.



***

708.Əzizim, az bəri gəl,

Yolundan az, bəri gəl.

Könlümün istəklisi,

Dilimin əzbəri, gəl.



***

709.Əzizim, güldən gözəl,

Oxur bülbüldən gözəl.


Yar mənə bir gül verib,

Özü o güldən gözəl.



***

710.Əzizinəm, yaxşı gül,

Yaxşı danış, yaxşı gül.

Bülbül ürəklə oxur,

Bağda görsə yaxşı gül.



***

711.Əzizinəm, hər aylar,

Keçər günlər, hər aylar,

Qul qardaşım Bağdaddan,

Vətən deyib haraylar.



***

712.Əzizinəm, odumu,

Dağdan gələn odumu?

Suyla od söndürülər,

Su yandırdı odumu.



***

713.Əzizim, qarqaşıdı,

Dağlardan qar daşıdı,

Anamın oğlu idi,

Atamla qardaş idi.



***

714.Əziziyəm, gülən az,

Bülbül eylər gülə naz,

Dövr elə olubdur,

Ağlayan çox, gülən az.



***

***

715.Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Dibində igid ölüb,

Başında bulud ağlar.



***

716.Əzizinəm, buda məni,

Ağac götür buda məni,

Gör nə günə qalmışam,

Bəyənmir bu da məni.(v)



***

717.Əzizim, buda məni,

Xəncər al, buda məni.

Gör nə günə qalmışam,

Bəyənmir bu da məni.(v)



***

718.Əzizim, sini-sini,

Doldur ver sini-sini,

Mənə öz anam gərək,

Neylərəm özgəsini.



***

719.Əlində saza yannam,

Qəmzəyə, naza yannam.

Baş qoyub dizin üstə,

Qış yatsam, yaz oyannam.



***

720.Əzizim, tək qalaram,

El köçər, tək qalaram.

Əlimdə qəm tütəyi,

Gəzərəm yar, çalaram.



***

721.Əzizinəm, bəstəyəm,

Əlində güldəstəyəm.

Xəbər alsan halımı,

Mən səninçün xəstəyəm.



***

722.Əzizim, yandı Kərəm,

Od tutdu, yandı Kərəm.

Hazıram, şirin canı,

Yolunda qurban verəm.



***

723.Ərzim var yara, gedim,

Ürəyim para, gedim.

Sən məndən üz döndərdin,

İndi mən hara gedim?



***

724.Əzizim, mən də yetim,

Sən yetim, mən də yetim.

Hamı arzuya yetdi,

Gün olsun mən də yetim.



***

725.Əzizim, üzdən oldum,

Söhbətdən-sözdən oldum.

Bir bivəfa yolunda,

Ağladım gözdən oldum.



***

***

726.Əzizim, bir de görüm,

Sözünü bir de görüm.

Görmüşəm, doymamışam,

Aç üzün bir də görüm.



***

727.Əzizim, sənə dağlar,

Sənəd var sənə dağlar.

Ərzəm yazılı qaldı,

Sinəmdə sənə, dağlar.



***

728.Əzizinəm, yara de,

Ürək sözüm yara de,

Həkim gəlsə sağalmaz,

Loğmanımdı, yara de.



***

729.Əziziyəm, dərdə mən,

Dözəmmərəm dərdə mən.

Sən yat, dincin algilən,

Keşikçinəm dərdə mən.



***

730.Əziziyəm, gündə sən,

Eyvanda mən, gündə sən.

Can almaq bir gün olar,

Canım aldın gündə sən.



***

731.Əzizim, bez tikibsən,

Ağ donun bez tikibsən.

Mənim gözüm səndədir,

Sən kimə göz tikibsən?



***

732.Əzizim, sara xalın,

Can alır hara xalın.

Ürəyimə xal saldı,

Ağ üzdə qara xalın.



***

733.Əzizim, Bağdada var,

Min atın, Bağdada var.

Bağçada gördüyün gül,

Bizim bağda da var.



***

734.Əzizim, gülü bağlar,

Açıbdır gülü bağlar.

Özün bir sona dilbər,

Dilin bülbülü bağlar.



***

735.Əzizim, bica dağlar,

Gündüzü gecə dağlar.

Sevəsən verməyələr,

Görəsən necə dağlar.



***

736.Əzizinəm, gül ağlar,

Gül ağlar, bülbül ağlar.

Bülbül güldən küsübdür,

Saralıbdır gül, ağlar.



***
***

737.Əziziyəm, ağ damlar,

Ağ eyvanlar, ağ damlar.

Yar məndən üz döndərsə,

Gözlərimə qan damlar.



***

738.Əzizinəm, ağ dama,

Yolum düşdü Ağdama.

Dostuna kəc baxanın,

Gözlərinə ağ dama.



***

739.Əzizim, qara neylər,

Ay doğar, qara neylər.

Mən ki, nəzər salmışam,

Bədnəzər yara neylər?



***

740.Əzizim, ay incilər,

Yox sizə tay incilər.

Sənə baxan gözlərim,

Günü gündən incilər.



***

741.Əziziyəm, səs eylər,

Quşlar uçar səs eylər.

Yar əlindən dərdliyəm,

Bu dərd mənə bəs eylər.



***

742.Əzizim, qara tellər,

Ağ üzdə qara tellər.

Sənin bu nazü-qəmzən,

Ömrümü qarat eylər.



***

743.Əzizim, məni dindir,

Xoş xəbər de, sevindir.

Mən ki, səni sevirəm,

Varım-yoxum sənindir.



***

744.Əzizim, nağaradır,

Çalınan nağaradır.

Özün bir ağ mayasan,

Gözlərin nə qaradır?



***

745.Əzizim, oda salıbdır,

Özün oda salıbdır.

Mən yara neylədim ki,

Gözdən o da salıbdır?



***

746.Əziziyəm, nə qandır?

Nə qovğadır, nə qandır.

Yar məskəni mənimçün,

Həm dağdır, həm arandır.



***

747.Əzizim, nə dumandır,

Dağ başı nə dumandır.

Yar yıxdı könül evin,

Ürəyim nə virandır.



***

***

748.Əzizim, nə yağıdır?

Nə dostdur, nə yağıdır.

Yanağın gül qönçəsi,

Sinən cənnət bağıdır.



***

749.Əzizim, yar dağıdır,

Görünən yar dağıdır.

Könlüm fələk dağıtmaz,

Dağıtsa, yar dağıdır.



***

750.Əldə badə sağıdır,

İçi dolu ağıdır.

Dindirirəm dinməyir,

Elə bil ki, yağıdır.



***

751.Əzizim, maralım yar,

Gözüm yar, qaralım yar.

Necə rəva görürsən,

Gül təkin saralım, yar?



***

752.Əzizim, yara döndü,

Məlhəmdən yara döndü.

İstədim boynun qucam,

Zülfün şahmara döndü.



***

753.Əlimdən qaşıq düşdü,

Getdi yaraşıq, düşdü.

Göründü ay camalın,

Aləmə işıq düşdü.



***

754.Əziziyəm, yas öyü,

Yas otağı, yas öyü.

Yandım yarın oduna,

Oldum ocaq kösöyü.



***

755.Əzizim, gördüyünü,

Göz tanır gördüyünü.

Yarımı xəbər alsan,

Sinəmdə gör düyünü.



***

756.Əlimdə yayıma bax,

Gül üzlü ayıma bax.

Çəkdiyim zəhmətimə,

Aldığım payıma bax.



***

757.Əcəb səbzəli bağdı,

Getsəm yolum uzaqdı.

Mən səndən ayrılmaram,

Nə qədər canım sağdı.



***

758.Əzizim, gülüstandı,

Aç oxu, Gülüstandı.

Bülbülün göz yaşından,

Bağçada gül istandı.



***
***

759.Əzizim, oda yandı,

Mən gəldim, o dayandı.

Yar mənə bir od vurdu,

Mən yandım, o da yandı.



***

760.Əziziyəm, ay batdı,

Ulduz batdı, ay batdı.

Yarım bivəfa çıxdı,

Məni əğyara satdı.



***

761.Əzizim, qıza damı,

Od yana, qıza damı.

Hər dərddən çox saraldar,

Bivəfa qız adamı.



***

762.Əziziyəm, yaramı,

Sızıldatma yaramı.

Qoy cərrah əlin çəksin,

Yar bağlasın yaramı.



***

763.Əzizim, axındımı?

Su gəlir axındımı?

Baxın yar gələn yola,

Mənzili yaxındımı?



***

764.Əzizim, oba xanı,

El xanı, oba xanı.

Kipriyin ox kimidir,

Gəl vurma o baxanı.



***

765.Əzizim, gül açanı,

Yandırar gül açanı.

Bivəfa yar yolunda,

Döndərdim külə canı.



***

766.Əzizim, nazik sarı,

Geyməyə nazik sarı.

Saçların kəmənd elə,

Cənazəm nazik sarı.



***

767.Əzizim, arı şanda,

Beçələr arı şanda.

Mələklər şadlıq eylər,

İki yar barışanda.



***

768.Əzizim, qarmı görən?

Dağda qarmı görən?

Özü pis oğlan deyil,

Vəfası varmı görən?



***

769.Əzizim, çeşmə məndən,

Çay məndən, çeşmə məndən.

Yad sözü yalan olur,

İnanma, keçmə məndən.



***
***

770.Əzizim, aydın olsun,

Ay doğsun, aydın olsun.

Eşitdim yarın gəlir,

Gözlərin aydın olsun.



***

771.Əlimdə qəfəsim var,

Saxlaram, həvəsim var.

Elə səni deyərəm,

Nə qədər nəfəsim var.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə