380
İthaflar
6
Bəhruz hər gün Cəfərqulu xanın evinə gedir, Narıncın portreti üzərində işləyirdi.
Bu imarətdə onu Narıncdan başqa heç nə maraqlandırmırdı. Hətta hər dəfə müqavva kimi lal-
dinməz otaqda nəzarətçi kimi dayanan qulluqçunu belə görmürdü.
Bəhruza elə gəlirdi ki, otaqda bir Narıncdı, bir də özü. Daha heç kim.
Çox zaman susurdu. Narınc özü onu söhbətə tuturdu.
– Təzə nə çəkirsən, Bəhruz?!
– Naxçıvan çaparını...
– Bu hardan ağlına gəlib!?
– Uşaqlıqdan. Əlixan məscidinin yanında görmüşəm, at üstündə, qılıncla...
– Mən yaxşı bir çapar tanıyıram, adı Məciddir.
– Elə onu çəkirəm.
– Bəs sən onu hardan tanıyırsan?!
– O vaxt gördüyüm çapar elə Məcid olub
– Əntiqə bığları var onun, hər dəfə görəndə məni gülmək tutur. Yəqin ki, bığlarını da çəkirsən.
– Onsuz şəklin nə ləzzəti?!
– Atam bizi Makuya göndərmək istəyir, anamı, məni, bibimi... ona görə də tələsir.
– Sizi niyə Makuya göndərir ki?!
– Görmürsən, Naxçıvanda aləm bir-birinə qarışıb. Heç kəs baş çıxarda bilmir. İngilislər,
türklər, almanlar, bizimkilər didişirlər... İndi də amerikalılar gəlib. Rey adlı bir şəxs. Türk Xəlil bəy
gündə bizdədir. Ona görə atam bizi bu odun içindən uzağa göndərmək istəyir. Ara sakitləşən kimi
yenə qayıdıb gələrik.
– Rusiyada inqilab dalğası axır...
– Yəqin xəbərin yoxdur. Orda hökuməti yıxıblar. Təzə hökumət qurulub. Naxçıvanda da
inqilabçılar var. Onlar da az iş görmürlər, Bakıda da aləm qarışıb.
Narıncın yanaqlarından qızartı çəkilmişdi, xal da astaca üzə çıxıb nöqtə kimi qaralırdı.
Bəhruz bir– iki gün də gəlib getdi, üçüncü gün isə elə gözlənilməz hadisə baş verdi ki! Qələtən
Cəfərqulu xan otağa girdi, həyəcanlı idi, üzünü qızına tutub:
– Bu axşam qonaqlarımız var– dedi – daha bu işi qurtarın, qızım, geyinib keçinməlisən. Anana
kömək etməlisən. Vacib, hörmətli qonaqlardır...
Sonra Cəfərqulu xan Bəhruza sarı döndü:
– A bala, haqqın nə qədərdir– soruşdu və cibindən bir dəstə kağız pul çıxartdı və ona uzatdı.
Bəhruz yerindən tərpənmədən donmuş kimi qalmışdı, asta-asta başını qaldırdı, asta-asta da ayağa
qalxdı. Cəfərqulu xan onun hərisliklə pulları almaq istədiyini başa düşüb özündən razı halda:
– Götür, götür– dedi, – hamısını götür!
Yox, deyəsən, bu qarayanız, çatmaqaş rəssam pulları götürmək ikrində deyildi. Görəsən
niyə mənə belə baxır, sanki yalvarır, sanki nəsə başqa şey demək istəyir?! Bu nədir, elə bil pulları
görmür. Nə qəribə adamdır?! Birdən Bəhruz dilləndi:
– Xan, mən şəkli hələ qurtarmamışam.
– Eybi yox, elə belə də yaxşıdır.
381
İthaflar
– Ata, atacan...
– Sən sus, danışma, eşidirsən, bizim işimizə qarışma, otur yerində, şəkli də görürəm, əməlli
başlı yaxşı şəkil çıxıb. Daha nə istəyirsən, götür pulları!
Bəhruz Narıncın tablosunu yerdən qaldırdı, asta-asta qıza yaxınlaşdı, portreti onun ayaqlarının
yanında qoyub bərkdən dedi:
– Bunu sizə hədiyyə verirəm, Narınc xanım. Qoy məndən yadigar qalsın!
Sonra pulları əlində tutan, heyrət içində baxan Cəfərqulu xanın yanından keçib rəng çamadanını
götürdü, bir də onlara tərəf çevrildi, astaca baş əydi və otaqdan çıxdı. Cəfərqulu xan qıpqırmızı
qızarıb, pərt halda, əsəbi halda əlini yellədi. Bu vaxt Narınc ayaqlarının altındakı şəkili götürüb
baxdı, yerindən qətiyyətlə sıçrayıb:
– Bəhruz! – deyə bərkdən onu səslədi, ildırım kimi otaqdan çıxıb rəssamın ardınca qaçdı.
Dərhal qapılar açıldı. Bəhruz bu qoşa qapıdan keçib şəhərə çıxanda, ziddiyyətli, qatma-
qarışıq ikirlərin burulğanında çırpınırdı. Bilirdi ki, bu kərpic hasarın arxasında başqa dünya var, bu
dünyaya bir daha qayıda bilməz. Qayıda bilməzsə, demək bir daha Narıncı görə bilməz. Qarşısında
dərd, kədər və fəlakət içində bir şəhər vardır. Bu şəhərin dörd tərəində uzaqda ucalan dağlar vardı,
bu şəhəri, bu dağları görəndə yüngülləşən kimi, sevinən kimi oldu. Çevrilib hər tərəfə göz dolusu
baxa-baxa bayaqdan qaranlıq içində olduğunu, indi isə işığın qoynuna çıxdığını güman etdi. Əhval
– ruhiyyəsinin birdən-birə belə dəyişməsinə heyran qalsa da bir həqiqəti aydın başa düşdü: bu
şəhərsiz, bu dağlarsız yaşaya bilməz.
Gözlənilmədən qoca dilənçi ilə üzbəüz gəldi. Bəhruz onu dərhal tanıdı, ancaq qoca dilənçi
əsasını taqqıldada-taqqıldada keçib getmək istədi, ya görmədi, ya da tanıya bilmədi.
– Baba! – deyə Bəhruz bərkdən səslənəndə ayaq saxlayıb titrəyə-titrəyə çevrildi, ondan kim
olduğunu soruşdu.
– Naxçıvanın tozuyam, baba – deyə Bəhruz zarafat etmək istədi, qoca o halda deyildi, zarafatı
başa düşməyib qulağını ona sarı uzatdı. Yəqin ki həm zəyif görür, həm də pis eşidirdi. Dilənçi
əvvəlki kimi deyildi, xeyli düşmüş, arıqlamış, gözlərinin dərinliyindən süzülüb gələn işıq sönmüş,
sümükləri üzə çıxmış, avazımış və sərtləşmişdi. Yuxudan ayılan uşaq kimi qoca birdən ayıldı.
Yaxına gəldi, sevinə-sevinə:
– Tanıdım, oğlum, tanıdım – dedi. Necə varsan?
– Sağ ol, baba. Görünmürsən, yoxsan!
– Kənddəydim, oğul, özümə behişt yer tapmışdım. Qoymadılar dünyadan rahat köçüm gedim.
Aləmi qatdılar biri– birinə. Yenə gəlmişəm bu doğma şəhərə, Allahın əmri belədir, bala, allahın.
Kərəminə qurban olum, ona görə qorxum yoxdur. Çünki başımın üstündə dayanıb. Ayaqlarım
torpaq üstə yeriyir, bəsimdir, naşükür deyiləm, xudavəndi-aləmin sayəsində hələ yaxşıyam.
Qoca əsasını yerə vura-vura uzaqlaşdı, Bəhruz isə dayanıb uzun müddət onun dalınca baxdı.