BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   2   3   4   5   6   7   8   9   ...   62

________________Milli Kitabxana______________ 
18 
 
Məhəmməd         - Demişəm, sevgilim, deyirəm yenə:  
Sənin ürəyindir mənim məskənim,  
Məhəbbət əqidəm, dinimdir mənim
.  
Sevirəm! 
Sevənə nə qanun, nə din?  
Nəsibi zillətdir sevilənlərin  
Birdən başqa dini qəbul eyləyən  
Bir qərib yolçuya bənzəyirəm mən.  
Gəlin qınamayın əsla siz onu –  
Bu dinin hansı bir din olduğunu;  
Bilmədən, bilmədən ehkamlarını,  
Tanımadan onun imamlarını,  
Ona kor-koranə mən inanmışam,  
Bu dini ən böyük bir din sanmışam.  
Bu dini yaratdı öz məhəbbətim,  
Bir dərdi eylədi yüz məhəbbətim. 
Leyla - 
Sənin bu füsunkar məhəbbətindən 
İncilər yaransın!..  
İstərəm ki, mən 
Eşqinə dəm tutub göylər mələşsin,  
Eşqin tarix olub əbədiləşsin.  
Ancaq bir şərt ilə; Unutma bir an, 
Sən Türk diyarınin öz övladısan!  
Doğrudur, sən indi qürbət eldəsən,  
Ancaq ürəyində yaşasın Vətən.  
Vətənin öz dili, öz tarixi var,  
Ölsün Vətənini tanimayanlar!  
Qoy sənin şeirində dil açsın Vətən!  
Onun küləkləri, onun çayları,  
Biz ayrı düşsək də, öz elimizdən,  
Qürbətdə ölməsin dilimiz barı.  
Sənin bu ilahi ilk məhəbbətin  
Xalqının dilində yazılsın gərək.  
Sənin ki əlində deyildir çətin  
Döndərib: "düşvarı asan eyləmək".  
Axı ərəb, əcəm dillərində sən 
 
  


________________Milli Kitabxana______________ 
19 
 
Yazmısan xeyli. 
Şirin sözlərini başa düşməyən 
Öz elin olmazmı səndən gileyli? 
 
Sən ərəb, sən əcəm oğlu deyilsən,  
Sənin öz dilin var, öz Vətənin var.  
Özgə yelkənində seyrə çıxma sən,  
Sənin öz dənizin, öz yelkənin var. 
 
Ah!.. Vətən gözəli, ah Vətən qızı,  
Sənə halal olsun ananın südü.  
Sənin sözlərinlə mənim gözümdə  
Vətən bir pillə də qalxdı, böyüdü. 
 
Belə övladları olan ölkənin  
Əsməz qara yellər başından bir an.  
Ey Vətən gözəli, gəl, öpüm sənin  
"Vətən dili" deyən dodaqlarından. 
 
Haqq sözün qəlbimi titrətdi mənim,  
Bu Vətən torpağı qoy olsun qənim;  
Vətəndə yaşayıb, onun dilinə,  
Ruhuna, zövqünə, doğma elinə  
Xor baxan şərəfsiz vətənsizlərə!  
Ən böyük düşməndir onlar bizlərə.  
Külfət namusunu çəkərmi görən  
Vətən namusuyla yaşamayanlar?  
Heyhat!.. Hələ çoxdur evini Vətən,  
Qohum-qardaşını millət sayanlar... 
 
Məhəmməd         - Doğrudur, sevgilim, doğrudur bunlar,  
Mən Vətən eşqilə ötən bır quşam.  
Mən sözdən elə bir süfrə açmışam,  
Ərəb də, əcəm də ordan pay umar.  
Ancaq o süfrədə ağız ləzzətim  
Mənim öz dilimdir, öz lisanımdır.  
O dilə bağlıdır arzum, niyyətim, 
  


________________Milli Kitabxana______________ 
20 
 
O, mənim eşqimdir, həyəcanımdır.  
Bəli, türk oğluyam... neyləyim, ancaq  
Hər şeyi atadan öyrənir uşaq.  
Təzə cığır açmaq çətindir, çətin,  
Əbül-Ülaların, Nizamilərin  
Ən kiçik, ən aciz şagirdiyəm mən;  
Ayrıla bilməyib ənənəmizdən,  
Biganə olmuşam ana dilimə,  
Gərək mən qayıdam öz sahilimə... 
Leyla - 
Bunu 
gözləyirəm, mən səndən bunu
O sonsuz eşqini, böyük arzunu  
Öz ana dilində əbədiləşdir  
Şeirini xaqanla, şahla güləşdir.  
Söhbət davam edir bir xeyli... Leyla,  
“Daha yetər”, - deyə qalxır yerindən. 
Məhəmməd          - Bir az əyləşsənə. 
Leyla - 
Yox, 
bəsdir daha... 
(Məhəmməd ah çəkir yenə dərindən)  
-Nə belə ah çəkdin, ahın dağlara! 
Məhəmməd         - Həsrətin köksümə vurdu min yara,  
Eşit, nələr deyir bu döyüntülər.  
Bəs bizim eşqimiz nə vaxta qədər  
Sinəmiz altında dustaq qalacaq?  
Bəs nə vaxt göylərə qanad çalacaq? 
Leyla -Səbreylə! 
Məhəmməd         - Ey mənim gülüm, gülşənim 
Könül dözmür hicran gecələrinə.  
Ulduzlar gözlərim olaydı mənim,  
Hər biriylə min il baxaydım sənə. 
Leyla - 
Yanırsan, əzizim, alış, yan yenə, 
Sənətkar dediyin yanar çıraqdır.  
Elin kədərinə, elin qəminə  
Şair də yanmayıb, kim yanacaqdır? 
Məhəmməd         - Yanıram, desəm də, deməsəm də mən,  
Mən ki, alışmışam nur olmaq üçün.  
Keçərəm həyatın dəbdəbəsindən  
Sinəmə çəkilən bircə dağ üçün. 
 
  


________________Milli Kitabxana______________ 
21 
 
Dözüm yolçusuyam...  
Dərdin əlindən 
Bülbül deyiləm ki, nalə çəkim mən,  
İnsanam, ahım da vüsal üçündür.  
Səndən ayrıldığım gör neçə gündür,  
Gözlərim önündə yaradıram mən  
Sənin surətini düşüncələrdən.  
Gedirsən, yaxşı yol, "ey afəti can!"  
Onsuz da sən mənim öz bağrımdasan!  
Ancaq sevgilimə bir bəxşişim var,  
Bu, mənim anamdan qalıb yadigar.  
Qızıl medalyondur dediyim barat,  
Sən onu sevginlə daha da parlat!  
Bax, bu medalyonda yanan o işıq  
Şairin eşqidir, götür eşqini.  
Nəyinə gərəkdir bu yar-yaraşıq,  
Onsuz da zinətlər bəzəmir səni  
Bizim eşqimizdən bir xatirətək  
Bu kiçik töhfəni alasan gərək.  
Leyla medalyonu salır boynuna,  
Doğrusu, bəzək də yaraşır ona...  
Çıxır asta-asta qapıdan onlar. 
Leyla - 
Məhəmməd, mənim də bir bəxşişim var, 
Hələ hazır deyil... 
Məhəmməd        - O nədir görən? 
- Rəsmini çəkirəm axı sənin mən.  
Gözümün önünə gətirib səni,  
Çəkmək istəyirəm...  
Titrəyir qələm; 
Neçə cür çəkmişəm sənin şəklini,  
Ancaq heç birini bəyənməmişəm.  
Gözlərin elə bil yol çəkir sənin,  
Nəyisə, kimisə gözləyir müdam.  
O sonsuz həsrəti nəqş eyləməkçin  
Kölgə tapammıram, rəng tapammıram.  
Onlar asta-asta keçir çəməndən  
Məhəmməd qımışır: 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə