BəxtiyarTuncay Paniranist və avropasentristlərə dəhşətli zərbə: Genetik analizlər Karasuk mədəniyyətini qırğızların əcdadlarının yaratdığını ortaya qoymuşdur



Yüklə 138,56 Kb.
tarix04.02.2018
ölçüsü138,56 Kb.
#24291

BəxtiyarTuncay

Paniranist və avropasentristlərə dəhşətli zərbə: Genetik analizlər Karasuk mədəniyyətini qırğızların əcdadlarının yaratdığını ortaya qoymuşdur.

c:\documents and settings\администратор\рабочий стол\karasuk_culture_1.jpg

Orta tuncun sonları-son tuncun əvvəllərinə aid edilən, Cənubi Sibir və Şimali Qazaxıstan bölgələrini əhatə edən Karasuk mədəniyyəti türklərin yaratdığı daha bir parlaq mədəniyyətdir. Mədəniyyət öz adını Yenisey çayının qolu olan Karasuk çayından almışdır. Onun ilk nümunələrinə Xakasiya ərazisindəki Bateni kəndində rast gəlinmişdir (Восточно-азиатская металлургическая провинция.., 2006).

Bu mədəniyyətin təsir dairəsi Sayan-Altaydan Aral dənizinə qədər geniş olmuşdur. Onun özünün isə Andronovo mədəniyyəti əsasında formalaşdığı hesab edilir. Belə hesab edilir ki, Karasuk mədəniyyətinin varisi kimi Taqar mədəniyyəti çıxış etməkdədir (Карасукская культура, 2008).

Karasuk mədəniyyəti haqqında ilk dəfə Askiz kəndi yaxınında aşkar edilmiş kurqanlarda qazıntılar aparmış İ. Kuznetsov-Krasnoyarskiy məlumat vermişdir. Onun haqqında məlumatın genişlənməsində Tuba çayı hövzəsində qazıntılar aparmış A. Adrianov (1894), eləcə də Xakas-Minusinsk bölgəsindəki beş məzarlıqda tədqiqatlar aparan S. Tepluxov və Abakanda bir çox kurqanın tədqiqini gerçəkləşdirən S. Kiselyovun (1950) əməyi böyük olmuşdur. Daha sonra bu işlə Krasnoyarsk arxeoloji ekspedisiyasının rəhbəri M. Qraznyov məşğul olmuş, elə o da Karasuk mədəniyyətini ayrıca bir mədəniyyət kimi təsnif etmişdir (Членова Н. Л., 1964; Членова Н. Л., 1967).

Alimlərin bir qismi Karasuk mədəniyyətini yerli mədəniyyət hesab edir və bildirirlər ki, o, Andronovo mədəniyyətinin birbaşa varisidir. Bu fikirdə olanlar içərisində M. Qryaznova, Q. Maksimenki, Z. D. Xoa və başqalarının adını çəkmək olar (Карасукская культура, 2008). S. Kiselyov, Q. Debets və s. sözügedən mədəniyyəti Şərqi Türküstanla, V Alekseyev isə Orta Asiya ilə əlaqələndirməyə çalışırlar. N. Çelnova isə bu mədəniyyətin daşıyıcılarının Ön Asiyadan gəldiklərini düşünməkdədir (Новгородова ЭА., 1970; Членова Н. Л., 1964; Членова Н. Л., 1967).



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f8/karasuk_grave.jpg/1024px-karasuk_grave.jpg
Karasuk mədəniyyətinə aid kurqanlardan biri. Ançıl Çon aulu yaxınlığındakı açıq hava muzeyi
«Karasuklu»ların antropoloji tipi barədə də elmi ədəbiyyatda vahid fikir yoxdur. Məsələn, L. Qumilyov onların monqoloid olduğunu iddia etmiş, mədəniyyətin də Şimali Çin ərazisindən gəlmiş monqloid köçərilər tərəfindən yaradıldığını yazmışdır (Гумилев Л. Н., 1966, стр. 62-71). Onun bu fikrinin hansı fakta əsaslandığı məlum deyil. Fakt isə budur ki, sözügedən mədəniyyətin daşıyıcıları pamir-fərqanə tipli avropoidlər olmuşlar. Elə bu səbəbdən də bir sıra alimlər onların ketlərin əcdadları olduğu barədə fikir səsləndirmişlər. G. V. Drim isə onları irandilli buruşasların əcdadı hesab etmişlər (George V.D., 2001). Əksəriyyət isə bu fikirdədir ki, «Karasuklu»lar «andronovolu»larla Mərkəzi Asiyanın şərqindən gələn gəlmələrin qarışığından ibarət olmuşlar (Дремов ВА., 1990, c. 56-62).

Aparılan genetik analizlər yuxarıda səsləndirilən fikirlərin çoxunun heç bir ciddi əsası olmadığını göstərməkdədir. Belə ki, DNT analizləri üçün dörd müxtəlif yerdən götürülən və e.ə. 1400-800-cü illərlə tarixləndirilən skeletlərdən ikisinin U5a1 və U4 mitoxondrial haploqruplarının və və R1a1 Y-xromosomunun daşıyıcısı olduğu məlum olmuşdur

(Bouakaze C.,  Keyser C.,  Amory S.,   Crubézy E.,  Ludes B., 2007, pp 493–499; Keyser Ch., 2009). Digər ikisindən biri R1a, ikincisi isə Q1a Y-xromosomuunun daşıyıcısı idi (Morten E. Allentoft, et al., 2015, p. 167-172). Beləliklə, «Karasuklu»ların «Andronovolu»larla qohumluğu heç bir şübhə oyatmır.

R1a haploqrupunun daşıyıcısı olan skeletlərin birindən əldə edilmiş genlərsə sözün əsil mənasında sensasiyaya səbəb olmuşdur. Onun (RISE495   Arban 1 karasuk) R-S23592 (Z2124+ Z2125+ Z2122- Z2123-) haplotipinə aid olduğu məlum olmuş və onda müsbət YP349 aşkar edilmişdir. Məlum olmuşdur ki, qırğız türklərinin təqribən yarısı onun nəslindəndir. Eyni zamanda Karasuk mədəniyyətini qırğız türklərinin ulu babalarının yaratdığı, qırğızların indi yaşadıqları ərazilərə Avropadan, Avropaya isə Ön Asiya və Qafqazdan gəldikləri də beləcə üzə çıxmışdır (Morten E. Allentoft, et al., 2015, p. 167-172).

Maraqlıdır ki, qırğız folklorunda da qırğızların etnogenezi ilə bağlı qorunub saxlanılmış bəzi məlumatlar onların ulu babalarının çox-çox qədim zamalarda Qafqazda yaşadığından xəbər verməkdədir. Belə ki, qırğızlarda “Qırx qız ata” adlı bir əfsanə qeydə alınmışdır və bu əfsanə qaraqalpaq dastanının süjetini deyil, Azərbaycandakı eyni adlı əfsanəni xatırlatmaqdadır. M. İsmayıl Rüstəm qızının fikrincə, qırğızların «Qırx qız ata» əfsanəsi türk mədəniyyətinin оrtaq xüsusiyyətlərini aydın şəkildə göstərir (İsmayıl Rüstəm qızı, 2008, s. 60). Əfsanəyə görə Köymеn dağında yaşayan оbalarda qırx qız biri - biri ilə bacı kimi kеçinirmiş. Bir gün bu оbalara quldurlar basqın еdir. Qızlar о sırada hərəsi bir işlə məşğul imiş. Basqınçıları kafir sayan qızlar оnlara görünməkdənsə daş оlmağı diləyirlər. Köymеn dağı yarılır. Qırx qız dağın içinə girərək оrada daş оlurlar. Bura «Qırx qız ata» adlandırılmış və ziyarət yеrinə çеvrilmişdir (Yüz bir türk efsanesi, 2004, s. 64-65).

«Qırx qız ata» əfsanəsinin kök etibarilə Qafqaz regionu, daha dəqiq desək, Azərbaycanla bağlı olduğu, yəni Azərbaycandan Orta Asiyaya aparıldığı heç bir şübhə oyatmır. Əfsanədəki daşa dönmə motivi də Azərbaycan mənşəlidir. Bu motiv Naxçıvan rеgiоnundan tоplanmış əfsanələrdə rast gəldiyimiz əsas motivlərdən biridir (İsmayıl Rüstəm qızı, 2008, s. 51). M. İsmayıl Rüstəm qızı yazır ki, daşa dönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. «Bu proses müəyyən vəziyyətlərdə dualar, Tanrıya yalvarış, niyyət etmə ilə baş verir. Məsum varlıqların- əsasən qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Maraqlı tərəf odur ki, insana bənzər daşlar əfsanələşərkən əslində daşlar da ülviləşmiş, xalq yüksək mənəvi duyğularını daşlara aşılamışdır. Daşa dönmə motivində qədim türklərin dağ, daş və qayalara baxış tərzi də ortaya çıxır» (İsmayıl Rüstəm qızı, 2008, s. 51-52).

Alimin yazdığına görə, Şahbuz rayonunun Badamlı kəndindəki «Qız-gəlin» deyilən yerlə bağlı xalq arasında iki əfsanə danışılır. Əfsanələrin birində deyilir ki, bir ovçu silahı qaldırıb qarşısındakı kəklikləri nişan alanda kəkliklər onun gözünə qız - gəlin kimi görünür. Elə ki, tüfəngi salır, yenə kəkliklər görünür. Nəhayət, bu görüntülərdən bezmiş ovçu atəş açanda kəkliklər qız - gəlin donundaca daşa dönürlər.

M. İsmayıl Rüstəm qızının fikrincə, bu əfsanənin məzmunu və mövzusu insan və təbiət münasibətlərinin pozulması ilə izah olunmalıdır (İsmayıl Rüstəm qızı, 2008, s. 52).

Ikinci əfsanədə isə düşmənlərdən qaçan qız - gəlinlər dağda Allaha dua edib qeyb olurlar. Xalq inancına görə yan-yana düzülmüş daşlar həmin qız - gəlinlərdir. Naxçıvandan toplanmış başqa bir əfsanənin məzmunu belədir:

«Yaycı elinin camaatı elin igidlərinin məğlub olduğunu, düşmənin isə çox olduğunu görəndə qız-gəlinlər ələ keçməsinlər deyə Allaha yalvarırlar ki, onları daş eləsin. Zağalara girən düşmən hər tərəfdə daş adamlarla rastlaşır.

Deyilənə görə, bura ziyarətə gələnlər niyyətlərinin baş tutub tutmayacağını bilmək üçün xırda daşlardan götürüb gəlin daşın başına atırlar. Daş orada qalsa deməli niyyət qəbul olunur» (Azərbaycan mifoloji mətnləri, s. 118-119).

Daşa dönmə motivli “Qırx qız ata” əfsanəsinin Azərbaycan mənşəli olması, eləcə də bir çox tədqiqatçının “qırğız” etnonimini “qırx qız”la bağlaması bu xalqın da etnogenezinin ilkin mərhələsinin Azərbaycanla bağlı ola biləcəyini ehtimal etməyə ciddi əsas verir. Qırğız türklərinin mənəvi dünyasının və əfsanələşmiş tarixi keçmişinin “ensiklopediya”sı hesab edilən “Manas” dastanındakı bir neçə önəmli məqam bu ehtimalın həqiqətdən qətiyyən uzaq olmadığını göstərir.

Heç şübhəsiz ki, “Manas” dastanı bir qəhrəmanlıq dastanıdır. Bu dastan qırğızların etnogenezi prosesinə aydınlıq gətirəcək etnoqonik motivlərdən də xali deyildir. Eyni sözləri Manasın paradiqmaları olan Alp Manaş (eyniadlı əsatiri Altay nağıl-poemasının qəhrəmanı) və Alpamışın (eyniadlı qazax dastanının qəhrəmanı) simasında Altay və qazax türkləri haqqında da söyləmək olar.

«Manas» dastanında da «qırx qız» motivinə, eləcədə «qırx ərən», «qırx igid» barədə süjetə rast gəlirik. Bunlardan sonuncusu barədə B. Ögəl yazır ki, Dədə Qorqud kitabındakı Oğuz bəylərinin qırx igidi türk mifologiyasının ölməz və dəyişməz motividir… «Manas» dastanında Dədə Qorqud nağıllarında adı çəkilən qırx igidlə əlaqədar bəzi hadisələrə də rast gəlirik (Ögəl, 2006, s. 498).

Bu sözlərdən sonra alim V. Radlova istinadən aşağıdakı süjeti nəql edir:

Almanbet atası Qara xanı müsəlman olmadığı üçün öldürdükdən sonra qırğızların Orta Yüz rəisi Kökçə xanın yanına gəlmişdi. Kökçənin Almanbetə çox etibar və hörmət göstərməsi Kökçənin qırx igidini hirsləndirdi və həsəd səviyyəsinə çatdırdı.Onlar bir araya gəlib, Almanbetin üstünə şər atmaq qərarına gəldilər. Buna görə hamısı toplanıb Kökçə xanın yanına getdilər və Kökçə xana “Bu Almanbet sənin arvadınla yatıb-qalxır” dedilər. Bu səbəbdən Kökçə xanın Almanbetə olan münasibəti kəskin dəyişdi, o da Manasa pənah aparmaq məcburiyyətində qaldı (Radloff, V, p. 36-32).

Maraqlıdır ki, süjetdə qırx igid dərləşərkən, eynən «Dədə Qorqud»dakı kimi «Bir kafir üstümüzdən çıxdı» deyirlər (Ögəl, 2006, s. 498). Dastanda ayrıca Manasın da qırx igidindən söz açılır və onların həm Manasa, həm də arvadı, yəni onun baş xatunu Qamkey xatuna sədaqəti xüsusi vurğulanır. Onlar Manas tərəfindən aşağıdakı kimi vəsf edilirlər:

Qırx igidin başı Qırqıt! Yeddi yeməyi birdən aşıran Bos Çolok ilə Çalbay! Yelbəgəy və sən Sıraq! Kök Seliç və sən , Sərək! Mənim hiyləgər igidim Qutunay! Mənim pis igidim Qutyaqan! Mənim gənc uşağım Yayma Köküt! Sən, ey Bayın oğlu Bakay! Ağ Bottonqın oğlu Bolot! Yoldaşım Bauke! Sən, ey mənim Yaysanım! Ey siz, soylu ailələrin övladları – mənim əlbisəm, sən ey qəhrəman Bürküt, mənim suyum, sən ey qəhrəman Sasam!Geriyə belə sıçrayan Qan Gəldi, Qara Yoltay, Yam Gəldi! Sən ey mənim nəğməkarım Almandı! Sökülənləri hörən, qırılanları düzəldən, sən ey kəskin dilli Acıbəy, Kenənin oğlu! Sən ey Kənəş oğlu Qan Canıbəy! Mənim falçım Qara Tölök! Qırx igidin yoldaşı Bölök! Qazaxdan gələn Kolmanbet! Qırğızdan gələn Yalmanbet! Kafir ilə müsəlmanın yurdunu quran, ey mənim döyüşçülərim, Qara bayır və Kasalat adlı gənclər, siz hər şeydə isabətlisiniz! Gecə belə tülkünün izini itirməyən Şuutum mənim! Gənc Tünükey! Yenə gecə qarsaq tülküsününizini tapan mənim qaplan Şuutum! (Ögəl, 2006, s. 498).

Bunlardan Bay oğlu Bakay həm Manasın atasının, həm də özünün vəziri kimi çıxış edir. Manas onun haqqında hər zaman deyərdi: Bizlərə tanrı tərəfindən göndərilmiş bir dost!

Bundan başqa, Qamkey xatunun atası evindəki qırx qızdan, xan qızının qırx qaravaşından söhbət açılır və onların Manasın igidləri tərəfində yaxalanaraq, onlara arvad olmaları bildirilir.

Qırğız rəvayətlərinin birinə əsasən, qırğızlar Manasın qırx igidi ilə qırx qızın, yəni Qamkey xatunun qaravaşlarının izdivacından törəyiblər. Özbək Xannamə”sində isə qırğızların Çingiz xanın ulu babalarından Buyan xanın qırx kənizindən doğulan qırx qızla bağlanılır:

Buyan xanın dörd nigahlı arvadı və qırx kənizi var idi. Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona həmişə qız qismət edirdi. Beləcə qırx qızı olmuşdu. Bu qadınlardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tanınan qövm peyda olmuşdur (Ögəl, 2006, s. 410).

Öncıki bölümlərin birində myuten-matienlərdən söz açarkən «qırx qız» motivinin Qafqaz mənşəli olduğunu və bu halda söhbətin amazonkalardan getdiyini söyləmişdik. Madam ki, qırğızlar yalnız bu kütləvi (qırxın qırxa) izdivacdan sonra peyda olublar, o zaman ortaya belə bir sual çıxır: bu qırx igid etnik baxımdan kimdir, onların və Manasın mənsub olduğu xalqın adı nədir? Bu sualın cavabı qırğızların etnogenezini anlamaq baxımından çox böyük önəm daşıyır. Sualın cavabı isə elə “Manas” dastanının özündə verilir.

Dastanda əsərin qəhrəmanı Manasın mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərləinin toplandığı 4 cildliyin ll cildinin l hissəsinin 541- ci səhifəsində, 55 - ci qeyddə təsbit edilmişdir (Бартольд 1968, ll, 1, s. 541). Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri" adlı kitabının 46 - cı səhifəsində isə XVl əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir (Абромзон. 1960, s. 46).

Bu informasiya qırğız türklərinin etnogenezini və bu etnogenezin ilkin coğrafi arealını müəyyən etməmiz baxımından son dərəcə böyük önəm daşımaqdadır. Məsələ burasındadır ki, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır (Гейбуллаев. 1991: 77-78). Eyni zamanda, qarqarların Qafqaz Albaniyasının, yəni Azərbaycanın ən qədim sakinlərindən biri olduğu hər kəsə məlumdur (Kalankaytuklu, l, 27). O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir (Тревер 1959, s. 308).

Qərbi Azəbaycanda (bugünkü Ermənistanda) da qıpçaq - qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” adlı kitabının 66 - 67 - ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur (Акопян. 1987: 66-67).

Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283 – cü il) daha çox Məyəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir (Tuncay, 2010, s. 17-18).

Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır (Гейбуллаев. 1991, s. 77-78).

Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlrində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini (Пагирев. 1913, s. 122), Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. Xlll əsr ərəb müəllifi Yaqut əl – Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur (Гейбуллаев. 1991, s. 79).

Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (ll əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır (Гейбуллаев. 1991, s. 82).

Madam ki, qırğız xalqının əsas özəyini qıpçaq-qarqarlar və amazonkalar təşkil etmişdir, o zama tam qətiyyətlə demək olar ki, bu xalqın etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisində gerçəkləşmişdir.


Qaynaqça


  1. Azərbaycan mifoloji mətnləri. Elm, Bakı, 1988. 196 s.

  2. Bouakaze C.,  Keyser C.,  Amory S.,   Crubézy E.,  Ludes B. First successful assay of Y-SNP typing by SNaPshot minisequencing on ancient DNA // İnternational Journal of Legal Medicine. November 2007, Volume 121, pp 493–499.

  3. George V. D. The Languages of the Himalayas. Brill, Leiden 2001.

  4. Ismayıl Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008. 190 s.

  5. Kalankaytuklu M. Alban tarixi."Elm", B.,1993.

  6. Keyser Ch. Ancient DNA provides new insights into the history of south Siberian Kurgan people. Human Genetics, May 16, 2009.

  7. Morten E. Allentoft, et al. Population genomics of Bronze Age Eurasia // Nature, 11 June 2015, p. 167–172.

  8. Ögel B. Türk mitolojisi, II cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1995, 610 s.

  9. Radloff W. Proben der Volksliteratur der türkiscen Stamine Südsibiriens. l-lX, St. Phg.

  10. Tuncay B. Qafqaz albanlarının dili və ədəbiyyatı. Qanun, B., 2010, 368.

  11. Yüz bir türk еfsanеsi. Sakaоğlu S. Ankara: Başеr Matbaası, 2004, 254 s.

  12. Абромзон С.М. Этнический состав северной Киргизии. Труды Киргиз-ской археологическо-этнографической экспедиции., вып., lV , Москва, 1960.

  13. Акопян А. А. Алвания – Алуанк в греко – латинских и в древнеармянских источниках. Ереван, 1987.

  14. Бартольд В. В. Сочинения. М., 1968, Т. 5, 757 с.

  15. Велиханов Ч.Ч. Сочинения, тт.,l-lV.

  16. Восточно-азиатская металлургическая провинция // БРЭ. Т. 5. М., 2006.

  17. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. "Элм", Б.,1991.

  18. Гумилев Л. Н. Геточронность увлажнения Евразии в древности (Ландшафт и этнос) // Вестник ЛГУ", 1966, No 6, стр. 62-71.

  19. Дремов В. А. Антропологический состав населения андроновской и андроноидных культур Западной Сибири // Известия Сибирского отделения АН СССР. Серия истории, филологии и философии. Новосибирск: Наука, 1990. Вып. 2. С. 56-62.

  20. Карасукская культура // БРЭ. Т. 13. М., 2008.

  21. Новгородова Э. А. Центральная Азия и Карасукская проблема. М.: Наука, 1970.

  22. Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавкаского Края. Тифлис, 1913.

  23. Тревер К. Л. Очерки по истории и культуре Кавказской Албании. М., Л., 1959.

  24. Членова Н. Л. Карасукская культура // Материалы по древней истории Сибири. Улан-Удэ, 1964.

  25. Членова Н. Л. Происхождение и ранняя история племен тагарской культуры. М.: Наука, 1967.




Yüklə 138,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə