Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə38/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

OTUZ DOQQUZUNCU DƏRS


 İsmailiyyə firqəsinin e᾿tiqadı nədən ibarətdir?




İSMAİLİYYƏ FİRQƏSİNİN E᾿TİQADLARI


İki səbəbə görə İsmailiyyə firqəsinin e᾿tiqadları barədə dəqiq mə᾿lumat əldə etmək olduqca çətindir. Əvvəla ona görə ki, bu firqə tərəfdarları düşmənlərindən qorunmaq məqsədilə tarix boyu öz əqidə və e᾿tiqadlarını gizli saxlamış və başqalarının onlara yaxınlaşmalarına şərait yaratmamışlar. Bu sahədə müxtəlif kitablar yazsalar da, onu digərlərindən gizli saxlayaraq kimsənin əlinə düşməsinə razı olmamışlar. Hal-hazırda İsmailiyyə firqəsinin müqəddəs hesab etdiyi və müəmmalı mətləbləri ehtiva edən Əbul Xəttabın «Ummul-kitab» adlı şübhəli əsəri də bu qəbildəndir.

Digər tərəfdən də İsmailiyyə firqəsinin əqidə üsullarının əsasını batinçilik və yozumluq prinsipi təşkil edir. Onlar belə bir əqidədədirlər ki, bütün dini hökmlərin batini mə᾿naları vardır və onlardan agah olan yeganə şəxs imamın özüdür. Bu səbəbdən də İsmailiyyə bütün dini hökmlər üçün batini mə᾿nalar nəzərdə tutmuşdur. Yə᾿ni, bütün işlərin həqiqətini onun zahiri quruluşu və mə᾿nası deyil, batini mə᾿nası təşkil edir.

Məhz bu məsələ İsmailiyyə firqəsinin e᾿tiqad və əqidə üsullarının şübhəli və anlaşılmaz olmasına səbəb olmuşdur. Tədqiqatçı alimlər apardığı araşdırmalar zamanı bir çox hallarda yetkin nəticəyə gələ bilməyib onlar barədə elə bir fikir və fərziyyələr irəli sürmüşlər ki, bunun həqiqətən onlara aid olub-olmamasını dəqiqləşdirmək çox çətindir.

İsmailiyyə məzhəbinə qarşı yaranmış belə bir yanlış tərzi-təfəkkür onların alimlərini bu sahədə onlarla kitab və əsərlər yazıb öz əqidə və e᾿tiqadlarını müdafiə etməyə vadar etmişdir. Onlara qarşı irəli sürülən ittihamlardan biri də «tənasüx*» və «ibahəçiliyə»* e᾿tiqad bəsləmələridir.

İsmailiyyə firqəsinin əsas e᾿tiqadlarını isə bunlar təşkil edir:

1. Tövhid;

Bu məzhəbin davamçıları tövhid mövzusunda Allahın mütləq sifətlərini inkar edərək deyirlər: Allah-taala əql və düşüncədən üstün olduğu üçün məxluqata xas olan diri, alim, qadir, eşidən, görən və sair sifət və xüsusiyyətləri ona aid edə bilmərik.

Onlar Qur᾿ani-kərimin bir çox ayələrində və nəql olunmuş rəvayətlərdə Allah-taalanın adı çəkilən gözəl ad və sifətlərini isə «ümumi məfhum» olaraq qəbul edirlər. İsmailiyyə firqəsinə mənsub olan təhqiqatçılardan biri bu barədə deyir: Allah-taala məxluqata aid olunan sifətlərdən uca olduğu üçün Onun müqəddəs zatı bu xüsusiyyətlərlə vəsf olunmamışdır. Eyni zamanda məxluqat da olduqca aciz və zəif olduğu üçün Allaha xas olan sifətlərlə vəsf olunmamışdır. Allah-taala lütf və mərhəmət üzündən məxluqatı yaratmış və bütün sifət və xüsusiyyətlər Ona aid olunmuşdur ki, məxluqatı heyrət hissi bürüməsin. Allahın vücudu bütün varlıqların vücudundan ilkindir və bütün varlıqlar yaradılış (xilqət) baxımından Onun vücudundan nəş᾿ət tapır. Qur᾿ani-kərimdə «Qələm» ifadəsi ilə zikr olunan ilkin varlıq «lövhi-məhfuz» adlanan ikinci yaradılışı vücuda gətirir. İlk yaradıcı ikinci yaradılışdan əvvəl olduğu üçün «Sabit», ikinci yaradılış isə ilk yaradıcıdan asılı olduğu üçün «Tali» adlanır. Mücərrəd aləmdə olan hər bir şeyin təcəllisi cismani aləmdə mövcud olduğu üçün, birincidə olan mütləq əqlin qarşılığını cismani aləmdə olan imam hesab etmişlər.1

2. Cəbr və ixtiyar;

Cəbr və ixtiyara gəldikdə, İsmailiyyə məzhəbi insanı özünə aid olan elm, əqidə, məslək, adət-ən᾿ənə, gündəlik işlər və s. məsələlərdə tam ixtiyar sahibi hesab edir. Onların fikrincə, belə olmadıqda, peyğəmbərlərin göndərilməsi heç bir nəticə verməyəcəkdir. Bu barədə Nəcm surəsinin 3940-cı ayələrinə istinad edirlər:



«İnsana ancaq öz əməli, öz zəhməti qalar!»

«Şübhəsiz ki, [qiyamət günü] onun əməli, zəhməti görünəcəkdir.»

Onlar eyni zamanda cəbr və ixtiyarı qəza-qədərlə ziddiyyətli hesab etmirlər. «Qəzanı» xeyir, vəsiyyət və asudəçilik (qurtuluş), «qədər»i isə təqdir, miqdar və tərbiyə kimi mə᾿nalandırırlar.2

3. Peyğəmbərlik;

Nəfsin vəhy qəbul edə biləcək yüksək bir məqama ucalmasına peyğəmbərlik deyilir. Peyğəmbər bəşəriyyəti səadətə apardığı üçün ən yüksək kamal və əxlaqa yiyələnir və bütün varlıqlar onun ixtiyarında olur.

İsmailiyyə məzhəbi nöqteyi-nəzərindən peyğəmbərlik iki hissəyə bölünür: 1. Ümumi peyğəmbərlik; 2. Xüsusi peyğəmbərlik. Ümumi peyğəmbərlik dedikdə, əql və təbiət baxımından onun bütün insanlara şamil olduğu nəzərdə tutulur. Ümumi peyğəmbərlik olmadıqda, xüsusi peyğəmbərlik (yə᾿ni, müəyyən təbəqəyə aid olan) camaat tərəfindən qəbul olunmur.

Qeyd etmək lazımdır ki, imamiyyə şiələri «ümumi peyğəmbərlik» dedikdə, batini hüccət və dəlil olan əqli nəzərdə tuturlar. Allah tərəfindən peyğəmbərliyə tə᾿yin olunan şəxslərə gəldikdə isə, onları zahiri hüccət adlandırırlar. Müsəlmanlar ulul-əzm peyğəmbərləri beş nəfər hesab etdikləri bir halda, İsmailiyyə alimləri şəriət sahibi və ulul-əzm peyğəmbərləri «Natiq peyğəmbər» adlandıraraq onların sayını yeddiyə çatdırmışlar. Yeddi natiq peyğəmbər bunlardan ibarətdir: Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmməd və Qaim. (Qaim dedikdə zühur edərək qiyam edəcəyinə e᾿tiqad bəslədikləri İsmailiyyənin yeddinci imamı Məhəmmədi nəzərdə tuturlar.)

4. Məad;

İsmailiyyə məzhəbi cismani məadı inkar edir, yalnız ruhani məada e᾿tiqad bəsləyir və bu barədə deyirlər: İnsan yaşadığı aləmdə həmin aləmə münasib vasitələrə ehtiyac duyur. O bir aləmdən xaric olub başqa bir aləmə qədəm qoyduqda belə, yenə də həmin aləmə münasib vasitələrə ehtiyac duyur. Bu səbəbdən də onlar cism və bədən üzvlərinin yalnız bu dünyaya lazım olduğunu hesab edirlər. Axirət dünyasına gəldikdə isə, oranı ruhani aləm hesab etdikləri üçün məadın cismani olmasına heç bir zərurət duymurlar.3

İsmailiyyə məzhəbli şəxslər islamı təzə qəbul edənlərə məadı və ya məad haqqında mə᾿lumatı olmayan şəxslərə izah etmək istərkən bu əqidəni özünün zahiri mə᾿nasında yə᾿ni, cismani olaraq baş verəcəyini bəyan edirlər. Bir çox «miləl və nihəl» kitablarında İsmailiyyə firqəsinin «tənasüx»ə e᾿tiqad bəslədiklərinə işarə olunmuşdur, lakin onlar belə bir ittihamı qətiyyətlə rədd edib onu tamamilə batil və əsassız adlandırırlar.

5. Şəriətin batini.

Dərsin əvvəlində qeyd etdik ki, İsmailiyyə alimləri bütün şər᾿i üsul və hökmlərin zahiri və batini mə᾿nalardan ibarət olduğunu hesab edirlər. Onlar bu barədə deyirlər: Allah-taala bütün şəriət və ibadi hökmləri elə bir qaydada tə᾿yin etmişdir ki, onlar hər bir əqli işləri və ilahi hökmləri əhatə edir. İbadət və hökmlər insanın cismi ilə, batini hökmlər isə əql və mə᾿nəviyyatla bağlıdır. Bu səbəbdən də şəriətin batininə daha çox qiymət verilmişdir. Onlar bu barədə bir çox əsərlər yazmış, hətta Qur᾿anı öz şəxsi əqidələrinə əsasən təfsir edərək ayə və ifadələrin batini mə᾿na daşıdığını hesab etmişlər. Məsələn, namazın mahiyyətini haqqa də᾿vət və imama dua etmək, orucu, ədəb-ərkanı riyakarlardan gizli saxlamaq, cənnəti imama itaət, cəhənnəmi imama qarşı üsyan, həcci elm məqsədilə el-obanı tərk etmək, zəkatı elmi, elmə ehtiyacı olan və həqiqi olaraq qiymətləndirməyi bacaran şəxslərin arasında yaymaq kimi təfsir etmişlər. İsmailiyyənin batinçiliyə olan meyli, müxaliflərinin onları şər᾿i hökmləri kənara qoyub batini mə᾿naya kifayətlənməkdə ittiham etmişlər. Yə᾿ni, namaz qılmaq əvəzinə imama dua edir, Beytul-haramı ziyarət etmək əvəzinə öz əqidələrini yaymağa can atır və s. Lakin İsmailiyyə ardıcılları bu ittihamları rədd edərək hər iki tərəfə e᾿tiqad bəslədiklərini iqrar etmişlər və şər᾿i hökmlərin təkcə zahirinə və ya batininə e᾿tiqad bəsləməyi və əməl etməyi ayrı-ayrılıqda düzgün hesab etmirlər. Belə bir e᾿tiqadı olanları isə küfrdə ittiham edirlər.1

İsmailiyyənin diqqət yetirdikləri ən mühüm məsələlərdən biri də imamət məsələsidir və bu barədə növbəti dərsimizdə söhbət açacağıq.


Suallar və tapşırıqlar


1. İsmailiyyə firqəsinin e᾿tiqadlarını araşdırmaq nə üçün çətindir?

2. İsmailiyyə alimləri Allahın sifətləri barədə hansı əqidədədirlər?

3. İsmailiyyənin cəbr və ixtiyar haqqında olan e᾿tiqadını izah edin.

4. Ümumi, xüsusi və «natiq peyğəmbər» dedikdə nə nəzərdə tutulur?

5. Onlar məad barəsində hansı əqidədədirlər?

6. İsmailiyyənin şəriətə olan baxışı nədən ibarətdir?



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə