Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə56/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   53   54   55   56   57   58   59   60   61

ƏLLİ YEDDİNCİ DƏRS


 İrfanla sufilik arasında nə kimi əlaqə vardır?




İRFAN VƏ SUFİLİK


Sufilik barədə araşdırma apardıqda onun irfanla olan əlaqəsindən də danışmaq lazımdır. Çünki sufilər iddia edirlər ki, onların rəftar və davranışları irfan əsasında olmuşdur və nail olduqları hər bir şeyi irfan yolu ilə əldə etmişlər. Sufilər 3-cü əsrdən sonra sufi və ariflərin istifadə etdikləri ifadələrin eyni mə᾿na daşıdığını hesab etmişlər. Bu səbəbdən də iddialarının nə dərəcədə doğru və düzgün olmasını bilmək üçün bir qədər araşdırma aparmalıyıq. İlk növbədə (54-cü dərsdə haqqında söhbət açılan) «sufi» və «sufiliklə» müqayisə etmək üçün «irfan» və «arif» kəlmələrinin izahına diqqət yetirməliyik. Artıq bundan sonra «hər bir sufi həm də arifdirmi?» sualının cavabı mə᾿lum olacaqdır. Daha sonra irfanın sufiliyin əsasını təşkil etməsi və ya sufiliyin irfandan meydana gəlib-gəlməməsi haqda araşdırma aparacağıq. Başqa sözlə desək, irfana üz tutan hər bir şəxs mütləq sufi də olmalıdır, ya yox?

İRFAN VƏ ARİF HAQQINDA İZAH


«Kəlam» və «fəlsəfə» elmi həqiqətə çatmaq üçün iki müxtəlif üsul hesab olunur. Filosof və mütəkəllimlər (kəlam alimləri) özlərinə məxsus vasitələrdən istifadə edərək qarşılaşdıqları mövzuların açıqlanmasında (həqiqi mahiyyətinə yol tapmaqda) bu iki vasitədən istifadə edirlər. İrfanın da həqiqətə çatmaq üçün özünəməxsus üsulu vardır. Lakin burada istifadə olunan vasitə fəlsəfə və kəlamda istifadə olunan vasitələrdən bir qədər fərqlidir. Belə ki, əgər fəlsəfə və kəlamda əql və istdidlaldan istifadə olunurdusa, irfanda həqiqətə çatmaq üçün işraq, zövq, vüsul və ittihad kimi daxili hisslərdən istifadə olunur. Bu səbəbdən də irfani bəhslər nəzəri deyildir. Burada həqiqətə çatmaq üçün ilk növbədə mə᾿nəvi və ruhi saflığa nail olmaq lazımdır. Çünki irfan ilahi əzəməti qəlbin gözü ilə müşahidə etməkdən ibarətdir.

Arif həqiqəti bilmək yox, onu dərk etmək və Allahın vücudunun əzəmətində fani olmaq istəyir. Bunun üçün də o, yüksək ruhiyyə və qəlbi saflığa yiyələnməli olur. İnsanın qəlb və ruhu maddi şeylərə aludə olmamalı, heyvani hisslərdən uzaqlaşaraq tədriclə yüksələrək ilahiləşməlidir ki, Haqq dərgahına yaxınlaşa bilsin. Bütün bunlara sırf elmi yolla nail olmaq mümkün deyildir. Elm və agahlıqla yanaşı mə᾿nəvi seyr də tələb olunur. Bu səbəbdən də irfan iki hissəyə - «nəzəri» və «əməli » irfana bölünür. Verilən izahlardan belə bir nəticəyə gəlmək olar ki, arif o kəsə deyilir ki, ruhi və mə᾿nəvi saflıqla qarşısındakı maneələri kənara qoyub həqiqəti öz vücudu ilə dərk etmiş olsun.


İRFAN VƏ SUFİLİYİN FƏRQİ


İrfan və arifə dair verilən izahlardan sonra, onları sufiliklə müqaiysə edib irfanla sufiliyin bir-birindən fərqli olduğunu müəyyənləşdirə bilərik.

Sufilik – kamal və həqiqətə çatmaq üçün dünya və maddi şeylərdən uzaq düşüb nəfsi paklıq və zahidanə həyat tərzi keçirmək deməkdir. Belə bir izahla sufilik barədə ayrı-ayrılıqda söhbət açmaq olar. Sufilər haqqa çatmaq üçün əsirlər boyu dünyaya, maddi şeylərə və nəfsani istəklərə göz yumaraq bir guşəyə çəkilib zikr, ibadət və münacatlara qapılmışlar. Lakin nəzəri irfan və irfani təfəkkür tərzi meydana gəlməklə, sufilərin böyük bir əksəriyyəti ona üz tutmuş, nəzər və rəftarlarını onunla əsaslandıraraq özlərini arif kimi qələmə verməyə başlamışlar. Bir halda ki, irfan barədə də ayrı-ayrılıqda söhbət açmaq olar. Belə ki, islam irfanı Qur᾿an, Peyğəmbər (s) və müqəddəs övliyaların buyuruq və həyat tərzindən ibarətdir. Ən yüksək fəzilətə sahib olan arif isə Peyğəmbərin (s) özü olmuşdur. Demək, arif sufilərə xas olan şeylərə əməl etməkdən də (yun paltarlar geyinmək, təklikdə ibadətə qapılmaq və s.) həqiqəti öz vücudunda dərk edə bilər. Sufi ilə arifi bir-birindən fərqləndirən xüsusiyyətlərə gəldikdə isə, deyə bilərik ki, Mövləvi və Hafiz kimi dahi ariflər sufiləri dayaz düşüncəli, yalnız zahiri görünüşə (yun paltarlar geyinməyə və s.) diqqət yetirən, sadəlövh, təəssübkeş insanlar, arifləri isə dərin düşüncəyə malik olan ziyalı və qəlbləri ilahi nurla alovlanan bir şəxsiyyət hesab etmişlər.

Əbu Əli İbni Sina zahid, abid və arif sözünü belə izah edir: Dünya malına göz yumanlar zahid, ibadətə hər şeydən çox diqqət yetirənlər abid, qəlbi daim ilahi nurla alovlanan, fikir və düşüncəsi yalnız Onun dərgahına ucalan şəxslər isə arif adlanır.

Verilən izahdan belə bir nəticəyə gəlmək olur ki, ariflər üçün verilən ad, yalnız zahidanə həyat tərzi keçirən və dünya malına göz yuman şəxslərə şamil olunmur.

Nəzərə çarpan ikinci əsaslı fərq bundan ibarətdir ki, ariflər bütün Qur᾿an ayələrini və şər᾿i hökmləri qəbul edir, bə᾿zi sufi təriqətlər isə şər᾿i hökmlərin zahirinə əməl etməyi lazım bilmirlər. Bə᾿ziləri isə, yüksək ruhani məqama çatdıqdan sonra əməli olaraq həyata keçirilməsini qəbul edir. Bu səbəbdən də «sufi arif» o şəxsə deyilir ki, sufiliyə e᾿tiqadı olmaqla yanaşı, bütün şər᾿i hökmlərə də əməl etsin. Hərçənd ki, bu dəstəyə aid olan sufilər azlıq təşkil edir.

Yuxarıda qeyd olunanlardan belə bir qənaətə gəlmək olur ki, bə᾿zi ariflər sufidir, amma bütün sufilər arif deyildir. Tarixə nəzər saldıqda da biz bu həqiqətin şahidi oluruq. Belə ki, tarix boyu bir çox görkəmli ariflər heç vaxt sufi tərzi-təfəkkürü, rəftar və davranışları ilə müvafiq olmamışlar. Onlardan bə᾿ziləri hətta bu barədə kitablar da yazmışlar. Molla Sədra kimi məşhur olan Sədrul Mutəəllihin Şirazi, Molla Möhsin Feyz Kaşani, Qazi Əbu Səid Qumi, Şeyx Bəhai, Mir Findirski, Mirdamad, Mirzə Hüseynqulu Həmədani, Mirza Cavad Məliki Təbrizi, Mirzə Məhəmməd Şahabadi və irfani kamala nail olmuş bir çox dahi arifləri buna misal çəkmək olar. Onlar yazdıqları kitabların heç birində sufilərin yun paltarlar geymək, cəmiyyətdən və ailədən uzaq düşərək xanəgahlarda ibadətə qapılmaq kimi ən᾿ənələri haqda söhbət açmamışlar. Digər tərəfdən də tarixə nəzər saldıqda irfandan heç bir bəhrə əldə etməyən və yalnız yun paltarlar geyərək ömürlərini xanəgahlarda ibadətlə keçirən və bundan razı olan bir çox sufi təriqətləri ilə qarşılaşırıq. Onlar uzun illər boyu dar düşüncəyə malik olduqları üçün daim Mövləvi və Hafiz kimi böyük şəxsiyyətlər tərəfindən tənqid və istehza olunmuşlar.
* * *

Deyilənlərdən belə mə᾿lum olur ki, hər bir arifin eyni zamanda sufi olmasına heç bir zərurət yoxdur. Sufi olmadan da arif olmaq tamamilə mümkündür. Lakin bə᾿ziləri nəzəri irfanla tanış olduqdan sonra sufiliyi qəbul etmişlər. Buradan belə bir sual meydana gəlir. Sufiliklə həqiqi irfana nail olmaq olarmı? Bu sual bid᾿ətin islam dinində haram və Allahın qəzəbinə səbəb olması üçün böyük əhəmiyyət kəsb edir. Sufilərin, meydana gətirdikləri bid᾿ətlərlə Allaha yaxınlaşması və şəriətdə olmayan bir çox rəftarlarla həqiqəti özlərində dərk etməsi mümkündürmü? Allahın qəzəbinə səbəb olmaqla, Ona yaxınlaşmaq olarmı? Bu suallara o zaman cavab tapmaq olar ki, sufilərin həyat tərzinə nəzər salıb, onların əməllərinin islam şəriəti ilə müvafiq olub-olmamasını yoxlayaq. Bu haqda növbəti dərsimizdə söhbət açacağıq.


Suallar və tapşırıqlar


1. İrfanı izah edin.

2. İrfanın fəlsəfə və kəlam elmi ilə fərqi nədən ibarətdir?

3. İrfanla sufiliyin fərqi nədədir?

4. İrfanla sufilik arasında nə kimi əlaqə vardır və nə üçün?

5. Ariflərdən bə᾿ziləri sufilərə nə kimi nöqsanlar tutmuşlar?


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə