Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə31/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Keçid iqtisadiyyatına eyni bir iqtisadi sistemin daxilində baş verən keçid prosesini də misal göstərmək olar. Belə bir keçid vəziyyəti azad rəqabətə əsaslanan bazar iqtisadiyyatından inhisarçılığın üstünlük təşkil etdiyi iqtisadi sistemə keçidlə bağlı olaraq yaranmışdır. Eyni sistem daxilində keçid vəziyyəti kapitalizm sistemin əsaslarının eyni olaraq qaldığı bir şəraitdə yaranır.

Feodalizmdən kapitalizmə, bir iqtisadi sistemdən digərinə keçidin nə zaman başlandığını və nə zaman başa çatdığını söyləmək çətindir və burada xüsusi keçid dövrünün olmasından söhbət ola bilməz (bəzi ölkələrdə bu keçid prosesi bir neçə 100 il davam etmişdir).

Əsası müxtəlif olan iqtisadi sistemli cəmiyyətlərin birinin digərini əvəz etməsi sıçrayışla, inqilabi yolla baş verir və bu zaman köhnə cəmiyyətin sosial-iqtisadi münasibətləri yeniləri ilə əvəz olunur. Buna misal olaraq Rusiyada kapitalizmdən sosializmə keçilməsi prosesini göstərmək olar. 1917-ci il çevrilişi ilə başlayan bu proses 30-cu illərin ortalarında başa çatdı. 15-20 ili əhatə edən bu dövr xüsusi “Keçid dövrü” adlandırılır.

XX əsrin sonlarında Şərqi Avropa sosialist ölkələrində və xüsusilə də SSRİ-də baş verən əsaslı dəyişikliklərin nəticəsində, 70 il ərzində mövcud olmuş, Sovetlərə məxsus sosial-iqtisadi münasibətlər sistemi dağılmış və onu əvəz edəcək bazar iqtisadiyyatına, kapitalist iqtisadiyyatına keçid prosesi başlanmışdır. Bu prosesin başa çatması yəqin ki, 25-30 il çəkəcəkdir. Bu dövr ərzində fəaliyyətdə olan iqtisadiyyat keçid xarakterlidir və onu «keçid dövrü iqtisadiyyatı» adlandırmaq olar. Belə bir iqtisadiyyatın nə zamana qədər mövcud olub, fəaliyyət göstərəcəyini əvvəlcədən söyləmək mümkün deyildir.

Keçid xarakterli iqtisadiyyatlar üçün ümumi olan cəhət onların hamısında həm köhnə və həm də yeni yaranmaqda olan cəmiyyətin təsərrüfat formalarının mövcud olub fəaliyyət göstərməsidir.

Qeyd etmək lazımdır ki, «Keçid dövrü iqtisadiyyatı» və onun ayrı-ayrı problemlərinin öyrənilməsi yeni məsələ deyildir. Azərbaycanın yeni reallıqları şəraitində keçid dövrü iqtisadiyyatı məsələləri, onun qarşısında duran vəzifələrin düzgün müəyyən edilməsi və yerinə yetirilməsi yolları, üsul və vasitələrinin nəzəri olaraq hazırlanması və əməli olaraq həyata keçirilməsi baxımından çox lazımdır. Reallıq bundan ibarətdir ki, Azərbaycan özünün keçid dövrünü yaşayır. Bu dövr ərzində onun yerinə yetirməli olacağı strateji vəzifə özünün müstəqil milli iqtisadiyyatına yaratmaqdır. Belə bir vəzifəni həyata keçirmək üçün başlıca vasitə kimi bazar iqtisadiyyatı seçilmişdir. Bu iqtisadi sistemə birdən-birə keçmək mümkün olmadığı üçün xüsusi keçid dövrü obyektiv zərurət olmuşdur (Azərbaycanın keçid dövrü iqtisadiyyatı haqqında sonrakı paraqrafda ətraflı danışılacaq).

Keçid dövrünün zəruriliyi həm də onunla bağlıdır ki, bir-birinə tamamilə əks olan iqtisadi sistemlər arasında kəskin mübarizə keçid dövrü şəraitində baş verir. Məhz mövcud sistemin transformasiyası, ona xas olan münasibətlər sisteminin köklü surətdə dəyişdirilməsi, yeni iqtisadi sistemin yaradılması və tam şəkildə formalaşdırılması kimi çətin vəzifələr keçid dövrü ərzində yerinə yetirilməlidir. Bunun üçün dağılmaqda olan iqtisadi sistemin əsası kimi ona xas olan mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çoxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə, bank sistemləri yeni əsaslar üzərində formalaşdırılmalı, yeni tip xarici iqtisadi əlaqələr qurulmalıdır və ən başlıcası isə yaradılmaqda olan sistemdə fəaliyyət göstərəcək yeni təfəkkürlü insanlar formalaşdırmaq lazımdır. Bütün bunlar üçün vaxt, xüsusi bir keçid dövrünün olması tələb olunur.

Keçid dövrü köklü fərqləri olan bir sosial-iqtisadi sistemdən başqa sistemə qədəm qoyulduğu andan başlayır və bu keçid prosesinin başa çatdığı vaxta qədər olan bir dövrü əhatə edir. Bu dövrün əhatə etdiyi vaxt keçid dövrünü yaşamış bütün ölkələr üçün eyni ola bilməz. Onun müddəti keçid dövrünü yaşayan ölkələrin sosial-iqtisadi sistemindən, sosial-siyasi vəziyyətdən, xarici amillərin təsiri dərəcəsindən və keçməli olduğu iqtisadi sistemin xarakteri və mürəkkəbliyindən, ölkənin iqtisadiyyatının inkişaf səviyyəsindən və s. asılıdır. Bütün bu səbəbdən də keçid dövrü ərzində həlli zəruri olan problemlər və vəzifələr də müxtəlif olur.

§ 2. Keçid dövrü iqtisadiyyatının məzmunu və əsas cəhətləri
Keçid dövrünün iqtisadiyyatı keçid xarakterli olub bir iqtisadi sistemdən digərinə keçid vəziyyətində olan iqtisadiyyatdır. Bu iqtisadiyyat həm özündən əvvəlki və həm də keçilməsi zəruri olan yeni münasibətlərin bəzi xüsusiyyətlərini özündə birləşdirir. Keçid dövrünün iqtisadiyyatı əsaslı dəyişikliklər edilməsi sayəsində mümkün olur və bütün sahələri əhatə edir. İqtisadiyyat sahəsində bu dəyişiklik ilk növbədə mülkiyyət münasibətlərində baş verir və nəticədə keçid iqtisadiyyatının formalaşması üçün zəruri olan mülkiyyət formaları və onların əsasında isə müxtəlif xarakterli və istiqamətli təsərrüfat formaları yaranır. Yaranmış təsərrüfat formalarına uyğun olan və onların fəaliyyətini tənzimləyən təsərrüfat mexanizmi və idarəetmə formaları yaranır. İqtisadi münasibətlər sisteminin digər struktur halqalarında da köhnələri yeniləri ilə əvəz olunur. Bu zaman həm qanunu və həm də qeyri-qanuni yollarla əsas iqtisadi münasibətlər sistemi dəyişdirilir. Nəticədə əvvəlki iqtisadi sistemdən mahiyyətcə fərqli olan yeni bir iqtisadi sistem formalaşır. Lakin bu hələ keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem deyildir. Bu əvvəlki sistemi əvəz edən keçid dövrünə xas olan iqtisadiyyatdır ki, onun da öz məzmunu, xarakterik xüsusiyyətləri, münasibətlər sistemi, strukturu və özünə uyğun olan idarəetmə, tənzimlənmə mexanizmləri vardır.

Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olduğuna görə uzun ömürlü olmur və gec-tez, təkamül yolu ilə öz yerini qurulması məqsəd kimi qarşıya qoyulmuş iqtisadi sistemə verməlidir. Buna görə də köhnə iqtisadi sistemin əsaslarının dağılması ilə yanaşı yeni iqtisadi sistemin əsaslarının yaradılması prosesi də gedir. Bu heç də «mövcud sistemin əsaslarının yenidən qurulması» demək deyildir. Nəzərə almaq lazımdır ki, köhnə sistemi tamamilə dağılır, yeni sistemin əsasları isə keçid dövrü iqtisadiyyatı əsasında yenidən qurulur. Buna görə də ilk növbədə keçid dövrü iqtisadiyyatı formalaşdırılmalıdır. Ancaq bunun üçün keçid dövrü iqtisadiyyatının məzmunu, xarakteri, təsərrüfat formaları, təsərrüfat mexanizmi, idarəetmə sistemləri haqqında biliyə malik olmaq lazımdır.

Keçid dövrü iqtisadiyyatına “öz zəmini olmayan” bir sistem kimi baxmaq olmaz və əsası olmayan iqtisadi sistemin mövcudluğu ağla sığmazdır. Keçid dövrü iqtisadiyyatının əsasını çoxmülkiyyətlik təşkil edir və onun da əsasında müxtəlif təsərrüfat formaları yaranır. Bu təsərrüfat formaları arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yaranması ilə münasibətlər sistemi formalaşır və keçid dövrünün iqtisadi sisteminin məzmununa daxil olur. Bu təsərrüfat formalarının hər biri nisbi müstəqil olub, fəaliyyət göstərsələr də bir-biri ilə iqtisadi əlaqə telləri vasitəsi ilə bağlı olub vahid keçid dövrü iqtisadiyyatını təşkil edirlər. Mövcud təsərrüfat formalarının hamısı eyni bir dövlətin hüquqi qanunları ilə tənzim olunur, dövlət büdcəsi ilə bağlıdırlar və vahid pul sistemindən istifadə edirlər.

Çox mühüm cəhətlərdən biri də keçid dövrü iqtisadiyyatının məzmununa (strukturuna) daxil olan hər bir təsərrüfat formasının tam formalaşmamış vahid milli bazarın subyekti kimi fəaliyyət göstərməsidir. Buna görə də hər bir təsərrüfat forması az da olsa bazarın tənzimləyici mexanizminin təsirinə məruz qalır, yəni bazar mexanizmi ilə tənzim olunur.

Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olsa da, müəyyən mənada təkrar istehsal olunur onun təkrar istehsalı çoxukladlıq əsasında baş verir və bu zaman aparıcı təsərrüfat formaları əsas rol oynayır. Burada təkrar istehsal keçid dövrünün uzunömürlü olmasına deyil, yeni iqtisadi sistemin əsaslarının yaradılmasına xidmət edir. Keçid dövründə də ÜMM (ÜDM) və milli gəlir yaranır, bölüşdürülür, mübadilə mərhələsindən keçir və istehlak olunur və ləng də olsa iqtisadiyyatda artım baş verir. Bunu keçid dövrünü yaşayan ölkələrin, o cümlədən də Azərbaycanın timsalında görmək olar. Məsələn, Respublikanın istehsalında yaranmış geriləmə hallarının qarşısı alınmış, ölkədə iqtisadi sabitlik təmin olunmuşdur. 1996-ci ildən başlayaraq ÜDM ilbəil artmağa başlamışdır. Bununla belə keçid dövrü iqtisadiyyatına sabit inkişaf edən bir iqtisadiyyat kimi baxmaq olmaz və ona qeyri-sabit inkişaf xasdır ki, bu da onun xarakterik cəhətlərindən biridir.
§ 3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri və qanunauyğunluqları



Keçid dövrü iqtisadiyyatının başlıca xüsusiyyətlərindən biri də onun çoxukladlı olmasıdır. İqtisadi ədəbiyyatlarda uklad anlayışı cürbəcür mənalandırılır. Ancaq əsas fikirlər bundan ibarətdir ki, uklad «xüsusi iqtisadi münasibət tipidir», «istehsal münasibətlərinin ... ilkin təzahürlərindəndir» , «uklad təsərrüfat formasıdır» və s.

Uklad həmişə başqa münasibətlərlə yanaşı olur və müəyyən münasibət tipi olduğuna görə konkret təsərrüfat forması ilə bağlıdır və bu mənada demək olar ki, uklad eyni vaxda yanaşı, mövcud olub fəaliyyət göstərən müxtəlif məzmunlu təsərrüfat formalarıdır. Hər bir ukladın öz məzmunu, məqsədi, mənafeyi və maddi-texniki əsası vardır. Hər bir uklad nisbi müstəqil olsa da, keçid dövrü iqtisadiyyatının və ümumiyyətlə keçid xarakterli iqtisadiyyatların ünsürü kimi çıxış edir.

Bəzi müəlliflərin fikrincə, hətta inkişaf etmiş iqtisadi sistemlərdə də ukladlar mövcuddur. Bu məsələ üzərində ətraflı dayanmayaraq onu qeyd etmək lazımdır ki, ukladların mövcudluğu keçid vəziyyətləri ilə bağlıdır və onların bəziləri köhnə iqtisadi sistemlə bağlı olduğu üçün tədriclə yox olub sıradan çıxırlar, bəziləri keçilməsi nəzərdə tutulan iqtisadi sistemin əsas ünsürləri kimi inkişaf edib yeni iqtisadi sistemi formalaşdırırlar, digərləri isə əsas təsərrüfat formaları ilə yanaşı inkişaf edib yaranmaqda olan yeni qarışıq iqtisadiyyatın ünsürlərinə çevrilir və uklad vəziyyətindən çıxırlar. Çoxukladlıq isə keçid dövrü iqtisadiyyatının xüsusiyyətidir və onu səciyyələndirən əsas cəhətlərdən biridir.

Beləliklə, çoxukladlıq keçid dövrü, keçid xarakterli iqtisadiyyatlar üçün səciyyəvi olan cürbəcür mülkiyyət formaları əsasında yaranıb yanaşı fəaliyyət göstərən müxtəlif məzmunlu və məqsədli təsərrüfatların mövcudluq formasıdır. Hər bir uklad iqtisadiyyatın pozulmuş strukturunda yeri olan təsərrüfat forması kimi çıxış edir və keçid dövrü iqtisadiyyatının formalaşmasında özlərinə məxsus rol oynayırlar. Keçid dövrü iqtisadiyyatı şəraitində bütün ölkələrdə ukladların sayı və tərkibi eyni olmur. Lakin onların hamısı üçün xarakterik olan aşağıdakı ukladları göstərmək olar:

1. İqtisadiyyatın dövlət bölməsini əhatə edən dövlət ukladı. Keçid dövrünün ilkin çağlarında bu ukladın payı çox olur, çünki bir çox aparıcı sahələr dövlətin mülkiyyətində olur;

2. Xırda əmtəə istehsalı ukladı. Bu sənətkarların, kustarların, aqrar bölmədə fərdi istehsal fəaliyyəti ilə məşğul olan istehsalçıların təsərrüfatını əhatə edir və bunlar bazar üçün əmtəə istehsalçılarıdır;

3. Xüsusi təsərrüfat ukladı. Bu xüsusi sahibkarlığa əsaslanan, xüsusi mülkiyyət və muzdlu əmək bazasında fəaliyyət göstərən istehsal və xidmət sferalarını əhatə edən təsərrüfat formasıdır;

4. Kooperativ uklad. Bu kooperasiya üzvlərinin mülkiyyət payından yaranmış, birgə mülkiyyətə və onların birgə fəaliyyətinə əsaslanan təsərrüfat formasıdır;

5. Dövlət kapitalizm ukladı. Bu uklad keçid dövrü dövləti ilə xarici kapital sahibləri arasında yaranan iqtisadi münasibətlər əsasında formalaşır. Dövlət özünün keçid dövrü iqtisadiyyatı problemlərini həll etmək məqsədilə xarici kapitalı ölkə iqtisadiyyatına cəlb etmək formasından istifadə edir.

Hər bir ölkə keçmək istədiyi iqtisadi sistemin əsaslarını keçid dövründə yaradır və yaratdığı təsərrüfat formaları ilk dövrlərdə uklad xarakterində olur və tədriclə inkişaf edərək əsas formaya çevrilir.

Çoxukladlı iqtisadiyyat özünün spesfik qanunauyğunluqları ilə fərqlənən bir iqtisadi sistemdir: Əvvəla, bu iqtisadi sistemi tənzim edən vahid təsərrüfat mexanizmi olmur; İkincisi, bu iqtisadi sistemdə fəaliyyət göstərən təsərrüfat formaları inkişafa müxtəlif meyillidirlər; Üçünjüsü, bu iqtisadi sistem qısaömürlüdür, uzun dövr üçün öz-özünü tam təkrar istehsal etmək mexanizminə malik deyildir. Təkrar istehsal gələcəyə istiqamətli olan təsərrüfat formaları çərçivəsində baş verir; Dördüncüsü, keçid dövrü iqtisadiyyatı güclü dövlət tənziminə ehtiyacı olan bir iqtisadiyyatdır. Dövlət bu iqtisadi sistemi formalaşdırmalıdır ki, yeninin əsasları onun içərisində yaransın və inkişaf edib möhkəmlənsin; Beşincisi, keçid dövrü iqtisadiyyatında mürəkkəb iqtisadi münasibətlər dəsti fəaliyyət göstərir.

§ 4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat

mexanizmi və ziddiyyətləri



Keçid dövrü iqtisadiyyatı üçün səciyyəvi olan münasibətlər sistemi yaranır. Mülkiyyət çoxnövlülüyü münasibətlərin çoxtərəfli olmasını zəruri edir. Bu münasibətlərə aiddir: mülkiyyətin müxtəlif formaları əsasında yaranmış müxtəlif təsərrüfatlar arasındakı (müxtəlif səviyyəli) münasibətlər; dövlətlə müxtəlif təsərrüfat formaları arasındakı münasibətlər; inhisarçılığın mövcud olması ilə yaranan münasibətlər; əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlı fəaliyyətə başlayan bazar strukturları arasındakı münasibətlər. Keçid dövrünün iqtisadi sistemi müxtəlif, cürbəcür səviyyəli mexanizmlərlə idarə olunur.

Keçid dövrü iqtisadiyyatının idarəetmə mexanizmləri həm mürəkkəb, həm də ziddiyətlidir. Buraya bazar mexanizminin ünsürləri, dövlət tənzimi mexanizmi, fərdi fəaliyyət, natural istehsala məxsus mexanizmlər, keçmiş iqtisadi sistemə məxsus mexanizm, plan mexanizmi, inhisarlara məxsus mexanizmlər, yeni iqtisadi sistemə uyğun formalaşdırılan mexanizmlər, gizli iqtisadiyyata xas olan «mexanizm»lər eyni vaxtda fəaliyyət göstərirlər.

Keçid dövrü iqtisadiyyatı şəraitində çoxcəhətli bölgü münasibətləri və mexanizmləri fəaliyyət göstərir. Onlara aiddir:

a) mülkiyyətə görə bölgü;

b) paya görə bölgü;

c) əməyə görə bölgü;

d) büdcə mexanizmi vasitəsi ilə bölgü və yenidən bölgü;

e) inhisar mexanizmi ilə bölgü;

f) bazar mexanizmi vasitəsi ilə bölgü;

g) fondlar vasitəsi ilə bölgü;

h) qeyri-qanuni vasitələrlə bölgü və s.

Keçid dövrü üçün xarakterik olan xüsusi bölgü formalarından biri mülkiyyətin cəmiyyət üzvləri arasında bölgüsüdür. Bu bölgü forması keçid dövrü iqtisadiyyatının formalaşmasında əsas rol oynayır.

Keçid dövrü şəraitində, onun spesfikliyinə uyğun xarici iqtisadi münasibətlər sistemi yaranıb inkişaf edir. Keçid dövrü iqtisadi münasibətlər sistemində maliyyə münasibətləri, pul-kredit münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü iqtisadiyyatında müxtəlif pul sistemlərindən istifadə olunur.

Keçid dövrü iqtisadiyyatı ziddiyyətli bir sistemdir və o aşağıdakı zidiyyətlərlə xarakterizə olunur:

1. Köhnə iqtisadi sistemin içərisində yaranıb keçid dövrünə miras qalan ziddiyyətlər. Bu qəbildən olan ziddiyyətlər köhnə iqtisadi sistemin dağılmasına səbəb olmuş və dağılmış iqtisadi sistemlə keçid dövrünə daxil olmuşdur. Bunlar iqtisadiyyatda durğunluğun, işsizliyin, infliyasiyanın əvvəlki iqtisadi əlaqələrin qırılması ilə bağlı yaranan ziddiyyətlərdir;

2. Keçid dövründə mülkiyyət müxtəlifliyinə əsaslanan çoxsaylı təsərrüfat formaları yaranıb fəaliyyət göstərir və onların daşıyıcıları (təmsilçiləri) olan subyektlər arasında yaşamaq uğrunda mübarizə gedir;

3. Köhnə iqtisadi sistemdən qalmış idarəetmə mexanizmlərin və ona məxsus qiymət, pul sistemi, maliyyə-kredit, vergi sisteminin və habelə bölgü mexanizminin qalması ilə bağlı olan ziddiyyətlər.

4. Resurslara olan ehtiyacların artması ilə resurs (kapital) çatışmamazlığı arasındakı ziddiyyətlər;

5. İqtisadi münasibətlərin formalaşması üçün əsas olan hüquqi bazanın vaxtında yaradılmaması və bürokratik idarə aparatının fəaliyyətinin uzun müddət qalmasından doğan ziddiyyətlər;

6. Adamların yeni şəraitdə işləyib yaşamaq sahəsində təcrübələrinin olmaması və yeni təfəkkürlü kadrların olmamasından doğan ziddiyyətlər;

7. Xarici amillərin tə`sirindən yaranmış ziddiyyətlər (siyasi təzyiqlər, iqtisadi blokadalar və s.).

Bütün bu amillərin doğurduğu ziddiyyətlərlə yanaşı, keçid dövrünün bir əsas ziddiyyəti də vardır. Keçid dövrünün əsas ziddiyyəti dağılmaqda olan və hələ tamamilə dağılmamış köhnə iqtisadi sistemlə yeni yaranmaqda olan və əsasları hələ tamamilə yaradılmamış iqtisadi sistemlər arasındakı ziddiyyətdir. Yeni yaranmaqda olan cəmiyyətin daşıyıcıları olan insanlar tədriclə bu ziddiyyətləri həll etməklə öz qarşılarına qoyduqları məqsədlərə çata bilərlər.

Bütün bu ziddiyyətlərin və onların doğurduğu problemlərin həllində başlıca rolu dövlət oynayır. (dövlətin bu sahədə oynadığı rolu Azərbaycanın keçid dövrü iqtisadiyyatı §-5 də ətraflı şərh olunur).
§ 5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı: məzmunu,

qarşıda duran vəzifələr və formalaşmasında dövlətin rolu
Sovet iqtisadi sistemi XX əsrin sonuncu on illiyinin başlanğıcında görünməmiş bir sürətlə dağıldı. Dağılma nəticəsində dövlət müstəqilliyi əldə etmiş Azərbaycan çətin iqtisadi vəziyyətə düşdü, onun iqtisadiyyatı əvvəlki sistemdən qopub ayrıldı. 1991-ci ildən etibarən Respublikamız strukturu pozulmuş, möhkəm maliyyə-kredit sistemi olmayan, infliyasiyanın, işsizliyin hökm sürdüyü, idarəetmə mexanizmi iflic vəziyyətinə düşmüş, güclü xammal çatışmazlığı ilə üzləşmiş, müəssisələrin fəaliyyətinin əksəriyyəti dayanmış, bazar inhisarçılığının hökm sürdüyü, xarici əlaqələri pozulmuş bir iqtisadiyyatla üzbəüzə dayanmışdı. 1990-cı illə müqayisədə, 1991-ci ildən başlayaraq istehsalın bütün sahələrində artım tempi ildə 25-30 % aşağı düşməyə başlamışdı.

Yaranmış vəziyyətdən çıxmaq üçün geriyə qayıtmaq mümkün deyildi və yeganə yol Azərbaycanın iqtisadiyyatını yeni əsaslar üzərinə keçirmək, bazar münasibətləri əsasında müstəqil inkişaf etməyə qadir olan milli iqtisadiyyatımızı formalaşdırmaq lazım idi. Güclü milli iqtisadiyyatı isə birdən-birə yaratmaq mümkün deyildir. Bunun üçün nə şərait var idi, nə də tələb olunan vəsait. Bütüvlükdə cəmiyyət, onun üzvləri tamamilə ona yad olan bir sistemdə işləmək, yaşamaq üçün hazır deyildilər. Adamlar köhnə qaydalarla işləmək vərdişlərindən tamam azad olmamışdılar. Yeni iqtisadi sistemin əsasları isə hələ yaradılmamış, adamlarda sahibkarlıq vərdişləri çox zəif, bazar mühitində işləmək təcrübəsi isə yox dərəcəsində idi. Bütün bunlara görə də bazar iqtisadiyyatı sisteminə birdən-birə keçmək qeyri-mümkün idi və köhnə iqtisadi sistemdən xilas olub yeni-bazar, münasibətləri sisteminə keçmək üçün xüsusi bir keçid dövrü lazımdır.

Mövcud ədəbiyyatda keçid dövrünü bir qayda olaraq, inzibati amirlik sisteminin hakim olduğu və məkrkəzdən planlı idarə olunan sosial-iqtisadi sistemdən bazar iqtisadiyyatına keçmək dövrü kimi səciyyələndirilir. Bu keçid dövrünün məzmununa xas cəhət olsa da, Azərbaycanın keçid dövrü üçün məqbul sayıla bilməz, çünki Azərbaycanın keçid dövründə həll edəcəyi problemlər daha böyükdür və daha çətindir.

Azərbaycan dövlət müstəqilliyinə nail olsa da digər sahələrdə onun müstəqilliyi hələ tam tə`min olunmamışdır. Bu gün də onun qarşısında duran strateci məqsəd bütün sahələrdə, ilk növbədə də, iqtisadi sahədə müstəqilliyə nail olub azad, demokratik prinsiplərə əsaslanan sosial-iqtisadi sistemi yaratmaqdır. Belə bir strateci məqsədə çatmağın vasitəsi kimi iqtisadiyyatın bazar forması, bazar iqtisadiyyatı seçilmişdir. Buna görə strateji məqsədə çatmaqda zəruri vasitələrin yaradılması da keçid dövrü ərzində həll olunmalıdır.

Beləliklə, Azərbaycanın keçid dövrü mərkəzdən planlı idarə olunan, inzibati-amirlik sisteminin hakim olduğu sosial-iqtisadi sitemdən bazar münasibətləri əsasında azad, müstəqil inkişaf etməyə qadir olan sosial-iqtisadi sistemə keçmək dövrüdür. Belə bir keçid dövrü 1991-ci ildən başlayır və nə zaman başa çatacağını dəqiq göstərmək çətindir. Hər halda bu keçid üçün ən azı 15-25 il lazım gələcəkdir.

Azərbaycanın keçid dövründə həll edilməsi zəruri olan əsas vəzifələr aşağıdakılardan ibarətdir:

1. Azərbaycanın mövcud iqtisadiyyatını köhnə, inzibati-amirlik buxovlarından azad etmək, mülkiyyət üzərində dövlət inhisarına son qoymaq, idarəetmədə vaxtı keçmiş formalardan imtina etmək;

2. İctimai mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi, habelə, gizli iqtisadiyyatın liberallaşdırılması yolu ilə müxtəlif mülkiyyət formaları və növlərini formalaşdırmaq və bu əsasda cürbəcür təsərrüfat ukladlarının yaradılmasına nail olmaq və azad sahibkarlığın inkişafına şərait yaratmaq;

3. Azərbaycanın sağlam maliyyə, kredit, bank və valyuta münasibətlərini formalaşdırmaq, pul tədavülünü qaydaya salmaq, inflyasiyanın qarşısını almaq və iqtisadiyyatı böhran vəziyyətindən qurtarıb sakit inkişafa nail olmaq;

4. Azərbaycan iqtisadiyyatında yeni əmək bölgüsü sistemini və bazar strukturunu formalaşdırmaq, daxili və xarici bazarların mövcudluğunu təmin edən şəraiti yaratmaq, istehsal, bazar və sosial infrastrukturları formalaşdırmaq;

5. Azərbaycan xalqını bazar münasibətləri şəraitində işləmək və yaşaya bilmək ruhunda tərbiyə etmək, yeni keyfiyyətli kadrlar hazırlamaq;

6. Yeni sosial-iqtisadi sistemin idarəetmə mexanizmini formalaşdırmaq, dövlətin idarəetmə orqanlarını yeni tələblər səviyyəsində qurmaq, strukturunu təkmilləşdirmək və keçid dövrü vəzifələrinin həyata keçirilməsində fəal rolunu təmin etmək;

7. Əhalinin bazar kortəbiliyinə tab gətirə bilməyən təbəqələrinin sosial müdafiəsini təmin etmək, işsizliyin aradan qaldırılması və məşğulluğun optimal səviyyəsinə nail olmaq;

8. Yeni iqtisadi sistemə keçməyi, keçid dövrü münasibətləri şəraitində müstəqil fəaliyyət göstərməyi, xarici iqtisadi əlaqələrdə fəal iştirakı təmin edən hüquqi baza yaratmaq.

Bütün bu vəzifələrəin yerinə yetirilməsi respblikanın bazar iqtisadiyyatına keçməsinə, milli iqtisadiyyatın formalaşmasına və müstəqilliyin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu zaman artıq qərarlaşmış milli iqtisadiyyat bazar qanunlarına, bazar mexanizminə və dövlət tənziminə əsaslanmaqla fəaliyyət göstərcəkdir. Bu da keçid dövrünün başa çatması demək olacaqdır.

Azərbaycan özünün keçid dövrünü yaşayır. Belə bir dövrün iqtisadiyyatı da keçid xarakterli iqtisadiyyatdır. Bunu onunla izah etmək lazımdır ki, Respublikamızda köhnə iqtisadi sistemin əsasları hələ də tamamilə dağılmayıb, yeni iqtisadi sistemin əsasları isə tam yaradılmayıb. İstehsal və xidmət sferalarında dövlətin mülkiyyət inhisarı hələ də qalmaqdadır. Eyni vaxtda yeni mülkiyyət formaları, xüsusi sahibkarlığa əsaslanan təsərrüfat formaları da yaranıb fəaliyyət göstərir. İqtisadiyyat köhnə inzibati – amirlik idərəetmə metodlarından yaxasını qurtara bilməyib, ancaq bununla yanaşı azad sahibkarlığa yol açılıb, müstəqil fəaliyyət göstərən firmalar, şirkətlər yaranıb, qiymətlər liberallaşdırılıb və bazar münasibətləri tədricən genişlənir. İqtisadiyyatın köhnə strukturları, köhnə əmək bölgüsü hələ də tamamilə dağılmasa da yeni strukturlar formalaşmağa başlayır, buna uyğun olaraq da daxili bazarın struktur halqaları yaranıb fəaliyyət göstərir. Bununla belə iqtisadiyyatda demokratik qaydalar hələ ki, formalaşmamışdır. Köhnə qaydaların təsiri altında düşünən adamlarla yanaşı bazar təfəkkürünə malik olub fəaliyyət göstərən insanların da sayı getdikcə artır. Azərbaycan hökumətinin, icra orqanlarının yeni strukturları hələ də tam formalaşmamışdır. Bununla belə bazar iqtisadiyyatının tələblərinə uyğun olan dövlət və qeyri-dövlət strukturları da yaradılır.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə