“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
437
Kənd heç də zarafata oxşatmadığı bu vurhavurun qarşısında büzüşmüş, donub qalmışdı.
Küçələrdə bircə kölgə də gözə dəymirdi, ölüm qorxusu hər yeri basmışdı. Az əvvəl
döngələri, həyətləri, bağları səllimi dolaşan külək də qəfildən, izsiz-soraqsız harasa
sovrulub getmişdi.
Əhali kənddən çıxmağa başladı: əvvəlcə tək-tək, çəkinə-çəkinə, sonra hamılıqla, hay-
küylə. Qorxu adamları birləşdirmişdi, qığılcım kimi çaxnaşma da çıxırdı arada.
Uzaqdakı partlayışlardan, bir də təkəm-seyrək açılan yeknəsəq atəşlərdən savayı səs-
səmir gəlmirdi. Gərək qulaqlarını dibinəcən şəkləyəydin ki,
gündüzün parlaq cingiltisini
eşidə biləydin. Elə bil heç müharibə getmirdi: o, yaddaşımızın qaranlıq bir küncünə, sərt,
ağrılı nöqtəsinə çəkilmişdi.
Gecəki leysandan sonra bürkü öz yerini sərinliyə verəndə anladıq ki, yayın axırıdır. İkicə
günəşli gün bəs edər ki, hava yenə də qızsın, amma bu qızmarlıq yayın qovurucu istisini
uzaqbaşı ötəri xatırlada bilər: rahat, zəif, abırlı istidir bu. Günün işığı elə də gur deyil,
yer-göyü gözqamaşdıran şüalar tutmayıb deyə, dünyanı yuxu kimi göstərən ilğımlar da
yoxdur – hər şey aydın görünür.
Abxaziyada payız gələndə dünya büllur kimi saflaşır: duyğularımız hələ heç vaxt bunca
həssas olmamışdı.
Dünyanın cansıxıcı əlvanlığı, ölümcül xəzan dalğası...
Uzaqda dəniz görünür – sakit, həyəcansız. Onun nəhəng bədənində torpağın ağrısından
əsər qalmır, ləpədöyəndən o yanda bu ağrı itib-batır, anlaşılmaz bir şəkildə tutqun
dərinliklərə dalır: eynilə güllənin suda gücdən düşməsi, öldürücü qızmarlığını itirməsi
kimi. Dənizin sərinliyi, rütubəti bizi - bu alışıb-yanan yüksəkliyi də vururdu. Onun parlaq
səthi oynaq bir qövslə bitir, ordan isə səma divar kimi ucalırdı.
Keçmişin qaranlığını yarıb, əcdadlarımın bədənindən, ruhundan keçib gələn uzun, parlaq
teli öz canımda hiss edirdim mən. Qıllı əcdadımın ilk dəfə qadınının bətnində əkdiyi
toxumda da var imişəm, şirin qapışmalarla, ləzzətli boşalmalarla keçən sonrakı gecələrdə
də. Nəslimin kişiləri məni - bəlkə milyon dəfə - qaynar bir axınla qadın bətninin
qaranlıqlarına püskürdüblər. Onlar artıq ölüb-gediblər, bu torpağa bürünüb, ona
qarışıblar. Tezliklə mən də bu torpağa bürünəcəyəm...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
438
Avtomatımı sinəmə sıxıram: sağlığımda onun dürüst biçimli qara bədəni, qurğuşun canı
məndən ötrü çox şirin idi, sevimliydi. Axı təkcə onu ürəkdən sevməyə macalım olmuşdu.
Avtomatın adi vaxtlardakı yalançı soyuqluğuna fikir verməzdim, çünki işə düşəndə onun
necə qızışdığını bilirdim.
Davanın ilk günlərində onu necə arzulamışdım! Avtomatı olanlara necə paxıllıq
eləmişdim! Belələri az idi: çoxları - mənim kimi – qüssəli, atəşli gözlərlə Eşerayla
Qudauta arasında yol ölçürdü. Tək bircə arzu - avtomat tapmaq istəyi dincliyimi əlimdən
almışdı. Müharibənin onuncu günüydü, mən isə avtomatsız, boş-boşuna Eşeranın tozlu
yollarında it döyürdüm; Qudautada, bizim – Suxumdan olan qaçqınların yerləşdirildiyi
istirahət evlərində naharı pomidorla yola verəndə, hər dəfə ―Yeniliklər‖, ―Xəbərlər‖ üçün
televizorların qabağına yığışanların tüstü-dumanından, hay-küyündən ürəyim sıxılırdı:
belə məqamlarda təmkinli diktorun hər sözünə adamın başını xarab eləyən min cür
sətiraltı məna yüklənirdi – hərbi əməliyyatlara dərhal son qoyulmasından, təcavüzkarın
cəzalandırılmasından tutmuş, bizim doğma yurd-yuvamızdan qovulmağımıza qədər...
Ancaq mən tezliklə avtomat tapa bildim. Davanın ilk günlərindən qərargahda özünə yer
eləmiş bir qohumum, çox yalvar-yapışdan sonra, hansısa çeçenlə bu barədə danışacağına
söz verdi. Çeçen iki yüz dollar istəmişdi. Mənim yüzcə dollarım vardı. Bilirdim ki,
―çeçen söhbəti‖ fırıldaq qohumumun uydurmasıdır, avtomat onun özünündür... Amma
burası mənim vecimə deyildi. Pulun hamısını düzəldə bilməməyim qohumbalanın kefinə
soğan doğradığından, qərargahda sakit bir işə düzəldəcəyini vəd edib, məni bu
niyyətimdən daşındırmağa çalışdı. Qərarım qətiydi, odur ki, qohumluğumuzu üzümə
tutub dirəşdim. ―Qərargah adamı‖ duruxdu, ―həmişəyaşıl‖ yüzlüklərin xışıltısı onu
yoldan çıxarmışdı. Amma qohumluq məsələsi tamahını üstələdi, ―tərs çeçeni razı
salmağa‖ çalışacağını ağzından qaçırtdı. ―Razı saldı‖ da: qalan yüz dollar borca yazıldı.
Ancaq dilimdən söz aldı: evdəkilər bunu bilməsinlər, işdir, başıma bir iş gəlsə, kimsə
qınamasın ki, ―qanmaz uşağın sarsaqlamağı‖nda onun da barmağı var.
Dümağ bədəni adamın ağlını alan Səriyyə mənim üçün ―lifçik‖ tikdi, öz əlləriylə də
geyindirdi. Qızın qoxusunu duyduqca beynim çönürdü. Arada zarafatlaşdıq - bir-
birimizin gözlərinə baxmadan...
―Lifçiy‖imə güllə qutuları yığdım, onlar bütün ağırlığıyla sinəmə qısılıb, doğma adamlar
kimi qucaqladı məni. Başıma yaşıl lent dolayıb, uzun müddət güzgünün qabağında
dayandım: özümə baxmaqdan doymurdum. Yox, o dəqiqə Qumistaya tərəf yüyürmədim:
neçə vaxtdan bəri təşnəsi olduğumu birdən-birə əldə elədiyim üçün bütün bədənim
boşalmışdı, özüm öz xoşbəxtliyimə inanmırdım; avtomatımı bağrıma basıb iki gün
Qudautada veyilləndim, ta qara paltarlı bir qadının sərt, həm də haqlı qınağına tuş
olanacan: ―Sən burda sülənirsən, orda isə qardaşların qırılır!‖ Elə bil yuxudan ayıldım:
tez ön xəttə sarı götürüldüm.