Muhazirə 22
Kötüklü kitabların hazırlanması
Bərkidikdən sonra kitab blokları emala uğradılır. Bunun nəticəsində blokun tələb olunan formatı əldə olunur, onun möhkəmliyi və uzunömürlüyü artır və xarici görünüşü yaxşılaşır. Bu halda blokun kötüyünün konstruksiyasından, kəsim yerlərinin tərtibatından və cild qapağının kantının olub-olmamasından asılı olaraq əməliyyatların sayı və məzmunu müəyyən edilir. Düz kötüklü blokların emalı dəyirmiləndirilmiş kötüklü bloklara nisbətən daha sadə və ucuzdur.
Konkret şərtlərdən asılı olaraq bloklar aşağıdakı variantlarda emal edilə bilər:
1) Dəyirmi kötüklü və kötük materialında dəftərləri tikilmiş blokların emalı. Bu variant aşağıdakı əməliyyatlardan ibarətdir: blokun kötüyünün yapışdırılması və qurudulması, kötüyün sıxılması, blokun üç tərəfdən kəsilməsi, kötüyün dəyirmiləndirilməsi, kötüyə kaptalın və kağız zolağın yapışdırılması. Yaxşılaşdırılmış tərtibatda kitablar buraxılarkən bloklar kəsildikdən sonra bir və ya iki kəsim bəzədilir, dəyirmilənmədən sonra aralıq lent (lyasse) yapışdırılır. Bu variant daha əməktutumlu olmaqla böyük universallığa malikdir.
2) Dəftərləri bir-bir sapla və ya bloklar üzrə yapışqanla və ya kombinə edilmiş üsulla bərkidilmiş, kötüyü dəyirmiləndirilmiş blokların emalı. Bu variant aşağıdakı əməliyyatlardan ibarətdir: yapışdırılmış kötüyün materialla kantlanması, blok kötüyünün dəyirmiləndirilməsi; kaptalın və kağız zolağın yapışdırılması vacib deyil.
3) İkinci variantda göstərilmiş üsullarla bərkidilmiş düz kötüklü bloklar üçün olan varianta yalnız yapışdırılmış blokun materialla kantlanması və üç tərəfdən kəsilməsi əməliyyatları aiddir. Kaptal yalnız orta və böyük həcmli bloklara yapışdırılır.
Blokların əməliyyat avadanlığında emal edilməsi ardıcıllığı aşağıda verilmişdir.
Kötüyə yapışqanın çəkilməsi və blokların qurudulması. Kötük materialında – cunada dəftərləri bir-bir sapla tikilmiş blokların emalı kötük üzərinə yapışqanın, məsələn, PVAD çəkilməsi və onun qurudulması ilə başlayır (şəkil 34,a). Yapışqan kötük üzərində bütöv plyonka yaradaraq qatlanmış dəftərləri bir-birinə bərkidir və həmçinin sap ilgəklərinin xarici elementlərini cunaya və blokun kötüyünə yapışdırır (şəkil 34,b).
a b c ç d e
Şəkil 34. Dəftərləri bir-bir kötük materialı üzərinə sapla tikilmiş
kitab bloklarının emal mərhələləri
Kötüyə yapışqanın çəkilməsi konstruksiyasına görə müxtəlif olan avadanlıqda, məsələn, fasiləsiz işləyən blokyapışdırma dəzgahında yerinə yetirilir (şəkil 35). Bloklar 1 kötükləri aşağı olmaqla fırlanan valların 2 üstünə verilir. Vallar blokları yan istiqamətləndiriciləri 3 arasında hərəkət etdirir və eyni zamanda yapışqan məhlulunu vannadan 4 götürərək kötüyə çəkir. Bloklar yapışqan çəkmə dəzgahından qurutma qurğusuna ötürülür. Bu qurğular konstruksiyasına və həmçinin qurutma üsuluna görə fərqlənirlər.
Qurutma rejimi elastik yapışqan plyonkanın alınmasını təmin etməlidir.
Şəkil 35. Bloka yapışqan çəkmə dəzgahında kitab bloklarının
kötüklərinə yapışqanın çəkilməsi sxemi
Dostları ilə paylaş: |