IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
805
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
leksikonun Nəsimi, Xətai, Füzuli dilində də eyni işləkliyə malik olaraq Azərbaycan dili
leksikologiyasının inkişafı-tərəqqisi ilə sıx bağlı olduğunu qeyd edir. Məsələn, keyik, soy, damu,
bəbək (bala), kendu, şol, dünlə, ilətmək, əsən və s. kimi “Dədə Qorqud” dilinə xas olan sözlər XVII
əsrə qədərki Azərbaycan ədəbi dili üçün də xarakterik olduğunu qeyd edir.
Dastanın dilindən bəhs edərkən akademik feil səmtində işlənən təqlidlərdən də geniş söz açır.
Onun fikrincə, feil səmtində işlənən təqlidlər (zarımaq- zar-zar zarımaq və s.) abstraksiya nəticəsində
qrammatikləşir, feildən ayrılaraq tərz-hərəkət zərfinə çevrilir. Alimə görə, “dilçilikdə daxili obyektli
feil adlanan formanın Azərbaycan dilində məhz bu motivdə, təqlidlə təqlidi feilin analogiyası üzrə
meydana çıxır və abstraksiya mərhələsində feil öz obyektindən təcrid olunur, məsələn, iş işləmək- hər
nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Ünsü ünütmək- Dədənin ünsü ünütdü və s.”.
Tofiq Hacıyev “Dədə Qorqud kitabı”nda dil faktlarının paralelliyini də müşahidə edir. “Eyni
məfhumun verilməsi üçün müxtəlif mənşəli leksik vahidlərdən, yaxud sözlər arasında eyni tipli əlaqə
üçün müxtəlif morfoloji göstəricilərdən istifadə olunur. ...Müəyyən leksik vahidin, morfemin və ya
fonetik təzahürünün seçilməsində, hansına üstünlük verilməsində ixtiyarilik yoxdur, formalaşmış
münasibət müəyyənləşmir. ...Abidənin həcminə, böyük söz tutumuna uyğun olaraq bu paralellikdə-
qarışıqlıqda xüsusi rəngarənglik görünür” –deyən müəllif “Sağ-əsən varıb gələsən. Dünya-aləm
gözünə qaranqu oldu. Tanrı-Təala bizə bir yetman oğul verməz” cümlələrini leksik, “I şəxsin təkini
bildirmək üçün həm ayın, həm də ayım” dil faktını morfoloji paralelizmə, “uca-yuca, yiyə-iyə”
sözlərini fonetik, “kiçi-kiçik, söyləməgim-söyləməğim” tipli sözlərini isə fono-morfoloji paralelizmə
aid edir.
Ömrünün çox hissəsini dilçilik elminə həsr edən görkəmli alimimiz Tofiq Hacıyevin “Dədə
Qorqud kitabı”nın dili ilə bağlı araşdırmaları hər zaman aktualdır. Əbəs yerə, T.Hacıyevə dilçilik
sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan dilçilik elminin “Dədə Qorqudu” demirlər.
AZƏRBAYCAN DİLİNDƏ İSMİN MÜXTƏLİF HALLARINDA
İŞLƏNƏN QOŞMALAR
Aytən ƏHMƏDOVA
Gəncə Dövlət Universiteti
83-aytan@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dilçiliyində qoşmanın hansı hallarla işlənməsi ilə bağlı mübahisə vardır. Bu
mübahisə qoşmanın adlıq halla işlənib-işlənməməsi ilə bağlıdır. Məlumdur ki, bəzi qoşmalar şəxs
əvəzliyinə qoşulduqda əvəzlik yiyəlik hal şəkilçisi ilə işlənir, lakin isim və substantivləşmiş digər nitq
hissələrinə qoşulduqda həmin söz hal şəkilçisiz olur. Buraya “kimi, qədər, tək, üçün, ilə, haqqında”
qoşmaları daxildir. Məsələn: insan kimi, insan qədər, insan tək, insan üçün, insan ilə, insan haqqında,
sənin kimi, sənin qədər, sənin tək, sənin üçün, səninlə, sənin haqqında. Qeyd edək ki, uzun zaman
dilçiliyimizdə bu forma adlıq hal kimi təqdim olunmuşdur .
Qoşma haqqında ilk geniş məqalənin müəllifi olan S.Cəfərov bu məsələyə toxunaraq, həmin
qoşmaların birləşdiyi sözlərin adlıq halda deyil, qeyri-müəyyən yiyəlik halda olduğu fikrini irəli sürdü
. Qeyd edək ki, sonrakı əksər əsərlərdə həmin sözlər qeyri-müəyyən yiyəlik hal kimi öyrənilir. Hətta
əvvəllər M.Hüseynzadə adlıq hal kimi göstərdiyi formanı dərsliyin sonrakı illərdə olan nəşrlərində
qeyri-müəyyən yiyəlik hal kimi vermişdir.
Bizə belə gəlir ki, qeyd edilən qoşmalar qeyri-müəyyən yiyəlik halla deyil, adlıq halla işlənir.
Düzdür, şəxs əvəzliklərinin qeyri-müəyyən yiyəlik hala düşməsi mümkün deyil və bu baxımdan
fikirləşmək olardı ki, məhz bu baxımdan əvəzliklər müəyyən yiyəlik halda, digər sözlər qeyri-
müəyyən yiyəlik hal formasındadır. Lakin qoşmalara diqqət yetirilsə, görərik ki, onların
potensiyasında yiyəlik-mənsubluq məzmunu yoxdur. Fikrimizcə, şəxs əvəzliklərində olan müvafiq
şəkilçilər yiyəlik yox, qədim alət halının qalığı hesab edilməlidir. Müasir danışıq dilində bəzən şəxs
əvəzliyinin də adlıq hal formasında işləndiyini müşahidə edirik: mən ilə, sən kimi, mən qədər və s.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
806
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Onu da qeyd edək ki, isimlərlə adlıq halda işlənən və qoşmalaşan mənsubiyyət şəkilçili sözlər
çox zaman hər iki forma, yəni müəyyən və qeyri-müəyyən yiyəlik halla işlənir. Məsələn: Məmməd
haqqında—Məmmədin haqqında, Məmməd barəsində--Məmmədin barəsində, Məmməd sayəsində--
Məmmədin sayəsində və s. Bunların hər ikisində birinci komponent yiyəlik hal kimi qəbul edilməlidir.
Məlum olduğu kimi, qoşma ismin müəyyən halında olan sözə qoşulur, lakin bəzən elə halla
rastlaşmaq olur ki, qoşma özü hal şəkilçisi ilə işlənir. Bu cəhətdən “tərəf” qoşması diqqəti çəkir.
İstiqamət məzmunlu bu qoşma həm də yönlük halda olan sözə qoşulur. Məsələn: Kəndə tərəf gedən
yolun üstündə köhnə bir dəyirman var idi(İ.Məlikzadə). Bəzi hallarda, xüsusən də danışıq dilində
yönlük halın şəkilçisini isim yox, məhz qoşma qəbul edir: Kənd tərəfə gedən yolun üstündə köhnə bir
dəyirman var idi.
Qeyd edək ki, qoşmanın qəbul etdiyi həmin hal şəkilçisi ismə aid deyil. Bunu onunla sübut etmək
olar ki, bu mövqeyində qoşma istənilən halın şəkilçisi ilə işlənə bilir: ev tərəfi, ev tərəfdə, ev tərəfdən
və s. Misallardan da göründüyü kimi, bu məqamda qoşma istər yönlük hal, istərsə də digər halların
şəkilçisini qəbul edərkən isim yönlük hal şəkilçisi ilə işlənmir və bu mümkün də deyil. Fikrimizcə,
bunun səbəbi “tərəf” sözünün potensial leksik mənaya malik olmasıdır.
Bu cür hal şəkilçisi ilə işlənə bilmə əsas etibarilə başqa nitq hissələri ilə omonimlik təşkil edən
qoşmalara aiddir, buna baxmayaraq, bəzən xalis qoşmalarda bunu müşahidə etmək mümkündür. Bunu
da demək yerinə düşər ki, Yapon dilində qoşmalı ifadələrdə tərəflərin hər ikisi hal şəkilçisi ilə olur;
daha doğrusu, isim yiyəlik halda, qoşma isə müxtəlif hal formalarını qəbul edir .Müasir danışıq dilində
olan bir hal “Əsrarnamə”də də diqqəti çəkir. Belə ki, burada “sarı” qoşması da “tərəf” qoşmasında
müşahidə etdiyimiz xüsusiyyətə malikdir, yəni birinci komponent yox, məhz qoşma yönlük hal
şəkilçisi ilə işlənir: Ol yaradan saruyə seyr edəvüz .Qeyd edək ki, tədqiqatçıların fikrincə, “saru”
qoşmasının bu xüsusiyyəti XVIII əsrə qədər davam etmişdir.
Müasir dilimizdə hər bir qoşmanın ismin konkret olaraq bu və ya digər halı ilə işlənməsi artıq
müəyyənləşdirilmişdir. Bunun səbəbi müvafiq qoşmaların təcrid olunduğu sözlərin tarixi leksik-
qrammatik xüsusiyyətləri ilə bağlıdır. Məsələn, “doğru” qoşmasının özü tarixən istiqamət, yönəlmə
məzmununa malik olduğundan özü də məhz yönlük halda olan sözlərlə işlənir. Yaxud “əvvəl, qabaq,
sonra” sözlərinin daxili məzmununda məkan və ya zamanın çıxış nöqtəsini ifadə edən məna vardır, elə
buna görə də həmin qoşmalar məhz çıxışlıq halda olan sözlərlə işlənir. Bu şəkildə digər qoşmaların da
halla işlənmə qanunauyğunluqlarını izah etmək mümkündür.
Bəzi qoşmalar bir deyil, ayrı-ayrılıqda müxtəlif hallarla işlənib müvafiq olaraq, ayrı-ayrı məna
çalarları yaradır. Məsələn, “kimi, qədər” qoşmaları adlıq və yiyəlik hallara qoşularkən müqayisə-
bənzətmə, yönlük hala qoşularkən məsafə məna çalarını formalaşdırır: Sərvər kimi—Sərvər qədər—
sənin kimi—sənin qədər; şəhərə kimi—şəhərə qədər—səhərə kimi—səhərə qədər. Bu qoşmaların
da iki
halla işlənib müxtəlif çalarlar yarada bilməsi onların tarixən iki məna ifadə etməsi ilə bağlıdır. Belə ki,
M.Kaşğarinin ”Divanu Luğət-it-Türk” əsərində “kibi” sözünün iki mənası verilir: 1.qab; 2.oxşar.
Birinci məna məsafə, ikinci məna isə müqayisə-bənzətmə çalarını yaratmışdır. Bu şəkildə digər
qoşmaları da izah etmək mümkündür.
Eyni fikri “sarı” qoşması haqqında da söyləmək olar. Bu qoşma ismin yönlük halı ilə işlənərək
istiqamət çaları yaradır, lakin xüsusən danışıq dilində bu qoşma çıxışlıq halla işlənərək, səbəb çaları
yaradır. Burada da qoşmanın birləşdiyi söz yox, qoşmanın özü çıxışlıq hal şəkilçisi ilə işlənə bilir:
Mən Bakı sarıdan çox darıxmışam(İ.Əfəndiyev).
Bununla yanaşı, istər tarixi əsərlərin dilində, istərsə də müasir dialektlərdə bəzi qoşmaların
müəyyənləşmiş halla deyil, başqa halla işlənməsi faktları ilə də qarşılaşırıq. XV əsr abidəsi olan
“Əsrarnamə”nin dilini tədqiq edən Ş.Xəlilov göstərir ki, müasir dilimizdən fərqli olaraq, adı çəkilən
abidənin dilində “sonra qoşması daha çox adlıq halla işlənir. Məsələn: Həqq saru döndin. Qeyd edək
ki, müəllif özü də bu abidənin daha çox danışıq dili xüsusiyyətlərini özündə əks etdirdiyini yazır:
“Abidənin dəyəri hər şeydən əvvəl ondadır ki, o (“Əsrarnamə”) klassik ənənələrlə ümumxalq danışıq
dili xüsusiyyətlərinin vəhdətindən doğmuşdur. İkinci xüsusiyyət isə öz çəkisi etibarilə daha ağır
gəlir”.Deməli, adlıq halla işlənmə özü də danışıq dili xüsusiyyətidir ki, həmin vəziyyət bu gün də
özünü göstərməkdədir.