Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə16/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   339
em tom

 
Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın 
vətəndaşı – yüksək mənada vətəndaş, yüksək 
biliyə malik olan vətəndaş, yüksək əxlaqa 
malik olan vətəndaş, dövlətçiliyə sadiq olan 
vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdır. 
 Heydər Əliyev 
§ 1. Tam orta təhsildə tarix təhsilinin inkiĢafı 
SSRİ-nin mövcudluğu dövründə tarix dərslikləri, dərs vəsaitləri elmi-
pedaqoji ədəbiyyatlar 1917-ci ilin Oktyabr çevrilişinin nəticələrini özündə əks 
etdirmişdir. II Dünya müharibəsindən sonra isə ideoloji sahədə yeni istiqamət 
götürülmüşdür bu istiqamətin əsasında sosializm quruculuğunun üstünlüklərini 
təlim və tərbiyə prosesində təbliğ etmək dururdu. 
40-cı illərdə SSRİ də yeni tarix dərslikləri buraxıldı. Bütün dərsliklər ağ-
qara illüstrasiyalarla, tarixi xəritələrlə təchiz edilmişdir. Amma, onlarda suallar, 
tapşırıqlar və sənədlər yox idi. Onlar hələ də şagirdlərin müstəqil işinin 
təşkilində müəllimə az kömək edirdilər. Dərsliklər faktlarla, adlarla, tarixlərlə 
dolu idi. Buna baxmayaraq bu dərsliklər müəllimin işini müəyyən dərəcədə 
yüngülləşdirdi. 30-40-cı illərdə ölkədə sistematik tarix kursunun tədrisi 
istiqamətində xeyli irəliləyiş baş vermişdi. Tarixin tədrisi təcrübəsində çoxlu 
metodik material toplandı. Mətbuatda o vaxtın təlim metodikasına dair mühüm 
problemləri əks etdirən çoxlu məqalə və monoqrafiyalar nəşr edildi. II dünya 
müharibəsinin başlanması ilə bu istiqamətdə aparılan işlər dayandı. Müharibənin 
sonuna yaxın Pedaqoji Elmlər Akademiyası yaradıldı. Onun tərkibində «Təlimin 
Metodları və Məzmunu İnstitutu» yaradıldı. Məhz bundan sonra xüsusi 
metodikalar inkişaf etdi. 
50-ci illərin sonunda təhsildə baş verən müsbət dəyişikliklərə (daha 
keyiyyətli dərsliklərin, metodik vəsaitlərin hazırlanması, 10 illik təhsil 
sisteminin tətbiq edilməsi) baxmayaraq mövcud çatışmazlıqlar yenə də 
qalmaqda idi. 


30 
1965/66-cı tədris ilində icbari orta təhsilə keçid başlandı. O, dövrdə 
şagirdlərin tarix hazırlığında mühüm yeri konkret problem ətrafında bilikləri 
möhkəmlədən fakültativ kurslar tuturdu. Bu illərdə buraxılan dərsliklər 
şagirdlərə bilik verməklə yanaşı həm də onların müstəqil düşüncə və idrak 
fəaliyyətini inkişaf etdirirdi. Dərsliklərdə mətnlərlə bərabər həm də sənədlər, 
sxemlər, cədvəllər, illüstrasiyalar və müxtəlif məlumat materialları verilirdi. 
İcbari orta təhsilin tətbiq edilməsi ilə tarixin təlimi metodikası qarşısında da 
yeni problemlər qoyuldu. Və bu məsələlərin həllində tarix elmi başqa elmlərlə 
sıx əlaqədə olmalı idi. Təlimin keyfiyyətinin yüksəldilməsi və tarixin tədrisi 
metodikasının işlənib hazırlanması tədris prosesini didaktik materiallarla təchiz 
etməyə imkan verdi. Tədris şəkilləri dəsti, applikasiyalar, kontur xəritələr, 
cədvəllər və sxemlər fonoxrestomatiyalar və s. Orta ümumtəhsil məktəblərində 
kabinet təhsil sistemi hərtərəfli tətbiq olunmağa başlandı. 
Bununla yanaşı, tarixin tədrisi təcrübəsini öyrənərkən, şagirdlərin təlim və 
tərbiyəsində bir sıra problemin olduğu üzə çıxdı. Tarixin təlimi metodiksının ən 
təxirəsalınmaz məsələlərindən biri şagirdlərin böyük əksəriyyətində nəzərə 
çarpan qavranmış biliklərlə bu bilikləri tətbiq etmək bacarığı arasındakı fərqin 
aradan qaldırılmasıdır. 
Bəzi ədəbiyyatlarda qeyd edilirdi ki, güya Azərbaycanda Oktyabr 
çevrilişinə qədər təhsil sistemi olmayıb. Bu tamamilə yanlış bir fikirdir. 
Azərbaycan bu vaxta qədər dünya mədəniyyətinə çoxsaylı alimlər bəxş edib. 
Belə yüksək mədəni nailiyyətlər əldə etmiş xalqın çox qədim maarifçilik 
ənənələri var idi. 
Azərbaycanda Oktyabr çevrilişindən əvvəl neft sənayesinin inkişafı ilə 
əlaqədar həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də bir inkişaf 
müşahidə edilirdi. Yeni məktəblər, gimnaziya və litseylər açılmışdır. Sənaye 
burjuaziyası öz ehtiyaclarını ödəmək üçün azərbaycanlı gəncləri təhsil almaq 
üçün dünyanın inkişaf etmiş ölkələrinə göndərirdilər. Milli burjuaziya ölkədə 
elmin, mədəniyyətin və maarifin inkişafına kömək edirdi. 


31 
Xaricdə təhsillə yanaşı (ayrı-ayrı sahibkarlar öz təşəbbüsləri ilə 
göndərirdilər) digər iki yolda var idi. Bunlardan biri dini məktəblər 
(mollaxanalar və mədrəsələr), ikincisi, çar hökumətinin təşkil etdiyi qəza 
məktəbləri idi. Dini məktəblərdə uşaqlara ibtidai savad verilir, onlara əsasən 
quranı oxumaq öyrədilirdi. Belə tipli məktəblərdə tarixə aid az məlumat 
verilirdi. 
Çar hökumətinin təşkil etdiyi qəza məktəblərində isə tarix fənni Rusiya 
maarif nazirliyinin təsdiq etdiyi proqramlar əsasında tədris edilirdi. Məlum 
olduğu kimi, bu proqramlar din xadimlərinin, çarların, imperatorların və s. 
həyatından, hökmranlığından bəhs edirdi. 1869-cu ildə qəbul edilmiş tarix 
proqramları 1917-ci ilə kimi qüvvədə olmuşdur. 
Rusiya imperiyasının tərkibində yaşayan xalqların tarixinin, o cümlədən 
Azərbaycan xalqının tarixinin öyrənilməsinə çar hökuməti tərəfindən fikir 
verilmirdi. 
Lakin yerlərdə müəllimlər az da olsa ölkəşünaslıq materiallarından istifadə 
edirdilər. Belə ki, 1880-cı ildən başlayaraq Qafqaz təlim dairəsi tərəfindən nəşr 
edilməyə başlayan, «Qafqaz tayfa və mahallarının təsviri üçün materiallar 
məcmuəsi» ətrafında toplanan qabaqcıl müəllimlər Qafqaz xalqlarının tarixi, 
mədəniyyəti, etnoqrafiyası, ölkənin təbiəti, təsərrüfatı və s. haqqında zəngin və 
qiymətli materiallar toplayaraq, onları ümumiləşdirib həmin məcmüədə 
işıqlandırırdılar. Bu, qiymətli materiallardan müasir tədqiqatçılar yeri gəldikcə 
indi də istifadə edirlər. 
Müsavat hakimiyyəti illərində Azərbaycan məktəblərində əsasən Osmanlı 
imperiyası tarixi tədris edilirdi. Bu dövrdə məktəblərdə islamçılıq və türkçülük 
məfkurəsi aşılanırdı. «Tarixi-Ənbiya», «Qrun vüsata», «Qrun cədid» və s. bu 
kimi kitablar öyrənilirdi. 
1920-ci ilin aprel işğalından sonra Azərbaycanda Sovet hakimiyyəti 
quruldu. 
Bu dövrdə Azərbaycan hökumətinin qaşısında duran başlıca məsələlərdən 
biri yeni, sovet məktəbi qurmaq idi. 


32 
Fəaliyyətə başlayan sovet məktəblərində təlim-tərbiyə və tədris üsulları da 
yeniləşdirilir, tədris edilən fənlərin müasir dövrün tələblərinə cavab verə bilməsi 
üçün hər cür vasitələrdən istifadə olunurdu. Təhsil ideologiyalaşdırıldı. 
Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən etibarən elmin digər 
sahələrində olduğu kimi tarix elmi, o cümlədən tarixin tədrisi sahəsində də 
canlanma özünü göstərməyə başladı. Yeni, sovet məktəblərində marksizm-
leninizm dünyabaxışının tərbiyə edilməsi əsas yer tuturdu. 
Şagirdlərdə marksizm-leninizm dünyabaxışının yaradılması vəzifəsinin 
yerinə yetirilməsində başlıca yeri tarix fənni və onun tədrisi tuturdu. Bu çox 
mühüm və çətin vəzifə idi. Bu hər şeydən əvvəl, onunla izah edilirdi ki, ilk sovet 
məktəblərində dərs deyən müəllimlərin demək olar ki, əksəriyyəti köhnə 
məktəbin kadrları idi. 
Bundan başqa sovet məktəbinin marksizm-leninizm prinsipləri əsasında 
hazırlanmış proqram və dərslikləri də yox idi. Odur ki, sovet məktəbində tarix 
tədrisini yenidən qurmaq böyük çətinliklərlə qarşılaşırdı. Maarif komissarlığı 
məktəblər üçün tarixdən yeni proqramlar hazırlanmasına daha ciddi fikir verirdi. 
Bu da onunla izah edilirdi ki, sosializm qurucuları olan yeni nəslin tərbiyə edilib 
yetişdirilməsində məktəb tarix təhsilinin əhəmiyyəti böyük idi.
1920-ci ilin yayında respublikanın şəhərlərində keçirilən müəllimlərin 
konfrans və qurultaylarında, həmin ilin sentbyar ayında Bakıda keçirilən maarif 
və sosialist mədəniyyəti işçilərinin I Ümumazərbaycan qurultayında əsas vəzifə 
ziyalıları sovet hakimiyyəti və yeni sovet mədəniyyəti ətrafına cəlb etməkdən 
ibarət idi. 
Əgər cəbr, həndəsə, kimya, fizika və s. bu kimi fənlərdən proqram və 
dərsliklərin hazırlanmasında inqilabdan əvvəlki məktəblərin bəzi müsbət iş 
təcrübəsindən istifadə olunurdusa, ictimai fənlərin tədrisini tamamilə yenidən 
qurmaq lazım gəlirdi. 
Respublikamızın maarif orqanları bu sahədə RSFSR maarif komissarlığının 
iş təcrübəsindən istifadə edərək, 1920-ci ilin payızında birinci və ikinci dərəcəli 
məktəblər üçün ilk tədris planları nəşr etdi. Birinci dərəcəli və ikinci dərəcəli 


33 
məktəblər üçün ilk tədris planları hazırlandı. Birinci dərəcəli məktəbin tədris 
planına «Mədəniyət tarixi» və «Ölkəşünaslıq» kimi fənlər daxil edilmişdi və I-
IV qruplarda tədris olunurdu. 
1921-ci ildə RSFSR məktəbləri üçün nəşr olunmuş ictimaiyyat proqramı 
əsasında Azərbaycan XMK I və II dərəcəli məktəblərdən ötrü yeni proqram 
hazırladı. Bu proqramlar 1923-cü ildə çapdan çıxdı. İlk sovet məktəblərinin 
proqramına ictimaiyyat fənnin daxil edilməsi o zaman müxtəlif ictimai elmlərin 
– iqtisadiyyat, hüquq və tarix elmlərinin tədrisi nəzərdə tutulurdu. Tədris planına 
əsasən ictimaiyyata I dərəcəli məktəblərin IV-V qruplarında həftədə 2-3 saat, II 
dərəcəli məktəblərin I, II və III qruplarında 3, IV qruplarında isə 4 saat vaxt 
verilirdi. I dərəcəli məktəbin IV qrupunun proqramı üç bölmədən ibarət idi: 1. 
Təsərrüfat. Texnika və mədəniyyət. 2. Maddi mədəniyyətin inkişafı, 3. 
Cəmiyyət və mənəvi mədəniyyət, V qrupun proqramı isə iki bölmədən ibarət idi: 
1. Bəşəriyyətin keçmiş dövründən mənzərələr. 2. Rusiya və Azərbaycanda XIX 
və XX əsrlərdə ictimai həyat. 
II dərəcəli məktəb proqramı iki hissədən ibarət idi: 1. Cəmiyyətin tarixi 
təkamülü. 2. Cəmiyyətin tarixi təkamülünün materializm nöqteyi-nəzərindən 
izahı və sovet Konstitusiyası. Təbiidir ki, o dövr üçün bu hadisə məktəblilərinin 
həyatında böyük elmi-pedaqoji dəyişiklik idi. 1923-cü il proqramları fənlərin 
məzmununu 
müəyyənləşdirməklə bərabər, ictimai elmlərin tədrisində 
müəllimlərə lazımi pedaqoji istiqamət və göstərişlər verirdi. 1923-cü ildə 
buraxılmış proqramlar Azərbaycan SSR MK-nın elmi şurası tərəfindən 
işlənilmiş və komissarlığın kollegiyası tərəfindən təsdiq edilmişdi. 
Qeyd etmək lazımdır ki, bu proqramların müsbət cəhətlərindən biri yerli 
materialın öyrənilməsinə əhəmiyyət verilməsi idi. Məsələn, proqramda 
Azərbaycanın XIX-XX əsrlər ictimai həyatından məlumat verilməsi tələb 
olunurdu. Proqrama «Azərbaycanda təhkimçilik münasibəti, kənddə mülkədar 
və ruhanilərin hakimiyyəti», «Bakı neft mədənlərində fəhlələr və kapitalistlər», 
«Azərbaycanda Sovet hakimiyyətinin qurulması» və s. bu kimi mövzular daxil 
edilmişdi. 


34 
Əvvəlki illərin proqramları kimi 1923-cü ilin proqramı da stabil deyildi, 
müəllimə proqramda (yerli şəraitdən asılı olaraq) müəyyən dəyişikliklər etməyə 
icazə verilirdi. Bunu da qeyd etmək lazımdır ki, 1920-1923-cü illər 
proqramlarında bir sıra nöqsanlara yol verilmişdi; birincisi, proqramlar 
həddindən 
artıq 
yüklənmişdi. 
Odur 
ki, 
müəllimlər 
proqramların 
yüngülləşdirilməsini tələb edirdilər. İkincisi, Vətənimizin tarixinin xronoloji 
ardıcıllıqla öyrənilməsinə imkan vermirdi. 
Bu dövrün çətinliklərindən biri dərs kitablarının olmaması idi. Azərbaycan 
Maarif Komissarlığı başqa fənlərlə yanaşı tarix və ictimaiyyatdan da 
Azərbaycan dilində dərsliklər yaradılmasına xüsusi fikir verirdi. Bu çətinliyi 
tezliklə aradan qaldırmaq üçün Azərbaycan Maarif Komissarlığı RSFSR 
məktəblərində istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcümə olunub 
nəşr edilməsi işini xeyli sürətləndirdi. Bu məqsədlə Maarif Komissarlığı məktəb 
şöbəsi yanında ayrıca Komissiya yaratmışdı. İlk dərsliklər nəşr olunmağa 
başladı. Buna misal olaraq D.M.Şərifovun 1922 və 1924-cü illərdə nəşr olunmuş 
«Əski mədəniyyət tarixi» dərsliklərini göstərmək olar. D.Şərifovun kitabı, həm 
rus və həm də Azərbaycan dilində, prof. L.Kudryavsevskinin «Qədimdə insanlar 
necə yaşayırdılar?» adlı kitabı Azərbaycan dilində nəşr edilmişdi. 
1925-ci ildə nəşr edilmiş ictimaiyyat proqramı demək olar ki, 1923-cü ilin 
proqramı əsasında tərtib edilmişdi. Bu proqramda təlim materialları fənlər üzrə 
deyil, müxtəlif «komplekslər» üzrə qurulmuşdu. Proqram materialları üç 
bölmənin – təbiyyət, zəhmət və ictimaiyyatın kompleksli öyrənilməsini irəli 
sürürdü. Məsələn, I dərəcəli məktəbin V qrupunda «Kənd təsərrüfatı haqqında» 
mövzusunu keçən təbiət müəllimi əkinçilik, heyvandarlıq, bağçılıq haqqında da 
məlumat verir və bu sahələrə dair bir sıra ekskursiyalar təşkil edirdi, fizika 
dərslərində müəllim kənd təsərrüfatı alətləri, onların quruluşu və s. haqqında 
məlumat verir, coğrafiya dərslərində isə həmin kəndin və ya rayonun coğrafi 
vəziyyəti və təbii şəraiti ilə əlaqədar olaraq əməyin təşkili öyrədilirdi. Tarix 
müəllimi isə ictimaiyyat dərslərində kənd təsərrüfatının ictimai-iqtisadi 
vəziyyətinin təhlilini verir və bundan əlavə, müləlim təhkimçilik hüququnun 


35 
bərqərar olması, XVIII əsrin ikinci yarısında kəndlilərin təhkimçilik hüququna 
qarşı mübarizəsi, 1861-ci il kəndli islahatı, sənayedə və kənd təsərrüfatında 
kapitalizmin inkişafı, 1905-1907-ci illərdə kəndli hərəkatı və nəhayət «Böyük 
Oktyabr inqilabı kəndlilərə nə verdi» kimi proqram materiallarını öyrədirdi. VI 
qrupda fabrik-zavod mövzusu tədris edilirdi, burada keçilən bütün fənlər həmin 
mövzunun öyrənilməsinə xidmət edirdi. Bu üsulla müxtəlif fənlərin təlim 
materialları arasında güya təbii əlaqə yaratmaq nəzərdə tutulurdu. Elə buna görə 
də bu cür tərtib edilmiş proqramlara «kompleks təlim proqramları» deyilirdi. Bu 
cür proqramların mənfi cəhətləri təbii ki, çox idi. Belə ki, «kompleks» metodu 
həm fənlər, həm də biliklər sistemini pozur, tarixin tədrisində məntiqi-xronoloji 
və əlaqəsizlik yaradırdı. Lakin bütün bu nöqsanlara baxmayaraq, Sovet 
hakimiyyətinin ilk illərində buraxılan dərsliklər irəliyə doğru böyük addım idi, 
şagirdlər çevrilişdən əvvəlki dərsliklərdə olduğu kimi, knyazların, çarların, din 
xadimlərinin tarixini deyil, zəhmətkeş xalq kütlələrinin yaradıcılıq fəaliyyətini 
öyrənirdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra məktəblərdə 
tarix-ictimaiyyat fənləri şagirdləri vətənə məhəbbət ruhunda, zalımlara və 
istismarçı siniflərə nifrət ruhunda, proletar beynəlçiləlçiliyi, xalqlar dostluğu 
ruhunda tərbiyə edirdi. 
Proqram və metodik axtarışlarda olan səhvlərə baxmayaraq, 1920-1925-ci 
illərdə tarix-ictimaiyyat fənləri üzrə təlim-tərbiyənin məzmunu durmadan 
yaxşılaşdırılırdı. 
1926-1927-ci dərs ilindən etibarən respublikamızda I-II dərəcəli məktəbləri 
birləşdirən doqquzillik məktəblər yaranmağa başladı. Azərbaycan Xalq Maarif 
Komissarlığı tərəfindən 1926-cı ildə qəbul edilmiş yeni tədris planına I dərəcəli
məktəbin IV-V qruplarında həftədə 3 saat, II dərəcəli məktəbin I, II, III 
qruplarında həftədə 4 saat, IV qrupunda isə həftədə 3 saat ictimaiyyat dərsləri 
daxil edilmişdi. Bu proqramın nisbətən yaxşı cəhəti ondan ibarət idi ki, məktəbli 
«Bizim ölkə» adlı bölmədə öz yaşadığı respublika haqqında az-çox məlumat 
alırdı. Belə ki, qrupun ikinci bölməsinin proqramına «Respublikanın 
iqtisadiyyatı» (neft, pambıqçılıq, bağçılıq, ipəkçilik, üzümçülük)», «Sovet 


36 
quruluşu» Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi», «Azərbaycan SSR 
XKS» , «Zaqafqaziya Federasiyası», «Azərbaycan çarizm zamanında», «1917-
1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyəti», «Azərbaycanda Sovet 
hakimiyyətinin qurulması», «Sovet hakimiyyəti bizə nə verdi?» və s. materiallar 
daxil idi. Bu proqramın başlıca nöqsanı onda tarixi materialların xronoloji 
ardıcıllıqla verilməməsində idi.
Mövzuların proqramda düzülməsi ardıcıl deyildi. Odur ki, vahid tarixi 
proses hissələrə, parçalara bölünürdü. Qeyd etmək lazımdır ki, bir sıra qabaqcıl 
müəllimlər belə «kompleks» metodlu proqramın əleyhinə çıxış edirlər. 
1929-cu ildə Azərbaycan Maarif Komissarlığı I-II dərəcəli vahid zəhmət 
məktəbləri üçün yeni proqram işləyib buraxdı. Bu proqrama sosializm 
quruculuğu və sinfi mübarizəyə, Kommunist Partiyası və Sovet dövlətinin 
siyasətinə aid materiallar daxil edilmişdi. Yeni proqramda tarix materialı bir 
qədər artırılmışdı. 
Azərbaycan Maarif Komissarlığı Azərbaycan məktəbləri üçün ictimaiyyat 
və tarixə aid nəşr etdirdiyi vəsait və dərsliklərə Azərbaycan xalqının 
qəhrəmanlıq tarixindən xeyli material daxil edilirdi. Bunlardan «Dördüncü il» 
kitabını, 1931-ci ildə O.Kazımzadənin yazdığı «Gənc zərbəçi», (I və II kitab) və 
s. kitabları göstərmək olar. Qeyd etmək lazımdır ki, bu vaxt nəşr edilən bir sıra 
jurnallar «Maarif və mədəniyyət» (1923), «Putğ şkolı» (1924), xüsusən «Maarif 
işçisi» (1925) məktəblərdə təlim-tərbiyə işinin, həmçinin tarix-ictimaiyyat 
fənninin tədrisini yaxşılaşdırmaq sahəsində xeyli faydalı material verirdilər. Bu 
jurnallarda «Pedaqoji hazırlıq və ictimaiyyatın prinsipləri», «Məktəb 
ictimaiyyatının təsnifatı», «Zəhmət məktəblərində ictimaiyyat kursunun 
məzmunu və quruluşu haqqında məsələyə dair» və s. məqalələr nəşr edilirdi. 
1929-cu ildən başlayaraq «kompleks layihə» proqramlarına keçilir. 
«Kompleks layihə» proqramına əsasən hər bir qrup üçün ildə 7-8 kompleks 
mövzu götürülürdü. Məsələn, «Bizim şəhər», «Kənddə payız», «Bizim kənd» və 
s. kimi mövzuların hər biri üç bölməyə ayrılırdı ki, bu bölmələr də təbiət, əmək 
və cəmiyyət nöqteyi-nəzərindən öyrədilirdi. Bütün fənlərin «kompleks layihə» 


37 
metodu ilə öyrədilməsi bu və ya digər fənnin şagirdlər tərəfindən 
mənimsənilməsi işini xeyli ağırlaşdırırdı. 
1931-ci ilə qədərki dövrdə məktəblərdə tarixin tədrisi vəziyyətini belə 
yekunlaşdırmaq olar: bu müddətdə dərsliklər ümumiyyətlə ləğv edilir, onları 
müxtəlif tipli «ictimaiyyatdan iş kitabları» əvəz edir. Dərs təlimin təşkilat 
forması olmaqda öz əhəmiyyətini get-gedə itirməyə başlayırdı. 
Bu dövrdəki «laborator üsulu» ilə aparılan dərs və təlim işində müəllimin 
rolu əsasən inkar edilirdi. Bu metodun tərəfdarları təlim-təhsil prosesinin 
əleyhinə çıxaraq sinif əvəzinə «briqada», dərs əvəzinə laboratoriya məşğələsini 
təklif edirdilər. 
Ölkəmizdəki inkişaf məktəblərimizdə təlim-tərbiyə işlərinin keyfiyyətini 
yaxşılaşdırmağı tələb edirdi. ÜİK (b) P MK-nın «İbtidai və orta məktəb 
haqqında» 5 sentyabr 1931-ci il tarixli qərarında məktəblilərin təlim-tərbiyəsi 
sahəsində yol verilən nöqsanlar əsaslı surətdə tənqid edildi və məktəb işinin 
keyfiyyətini yaxşılaşdırmaq yolları göstərildi. Sovet məktəbinin əsas vəzifələri 
müəyyənləşdirildi. 
Mərkəzi Komitənin böyük tarixi əhəmiyyətə malik olan qərarından sonra 
ayrı-ayrı fənlər üzrə proqramlar yaradılmağa başlandı. Bu qərarın tarix fənni 
tədrisinin inkişafında böyük rolu oldu. Qərarda deyilirdi: «Müttəfiq 
respublikaların xalq maarif komissarlıqlarına təklif edilsin ki, proqramların 
marksistcəsinə işlənməsini dərhal təşkil etsinlər və bu proqramlarda 
sistemləşdirilmiş biliklərin (ana dili, riyaziyyat, fizika, kimya, coğrafiya, tarix) 
dürüst müəyyən edilmiş həcmini təmin etsinlər ki, 1932-ci il yanvarın birindən 
etibarən yenidən baxılmış həmin proqramlar üzrə dərs verilsin». Bu qərara 
müvafiq olaraq Azərbaycan Maarif Komissarlığı 1931-1932-ci dərs ilinin ikinci 
yarısı üçün ayrı-ayrı fənlər üzrə yeni proqramlar hazırladı. 
ÜİK (b)P Mərkəzi Komitəsinin «İbtidai və orta məktəbdə tədris proqramları 
və rejimi haqqında» 25 avqust 1932-ci il tarixli qərarında Mərkəzi Komitə tələb 
edirdi ki, ictimaiyyat, dil və ədəbiyyat, coğrafiya proqramlarında tarixilik
ünsürləri xeyli gücləndirilsin, bu fənlərin əsas bölgüləri və mövzuları lazımi 


38 
faktik materiala, tarixə dair ekskursiyalarla və müqayisələrlə göstərilsin. Qərarda 
deyilirdi ki, «İctimaiyyat, ədəbiyyat, dillər, coğrafiya və tarix tədris proqramına 
SSRİ xalqlarının milli mədəniyyətinə, onların ədəbiyyatına, incəsənətinə, tarixi 
inkşaflarına aid biliklər və eləcə də SSRİ ölkəşünaslığı ünsürlərini (təbii 
xüsusiyyətlər, sənaye, kənd təsərrüfatı, ictimai-iqtisadi inkişaf və s.)» daxil 
etmək zəruri hesab edilsin». Mərkəzi Komitə yeni tədris planları və 
proqramlarının yaradılmasını lazım bildiyi kimi, yeni dərsliklərin yaradılması 
məsələsinə də böyük əhəmiyyət verirdi. 
Buna görə də Mərkəzi Komitə «İbtidai və orta məktəb üçün dərs kitabları 
haqqında» 12 fevral 1933-cu ildə qərar qəbul etdi. Həmin qərara müvafiq olaraq 
Azərbaycan K (b) P Mərkəzi Komitəsi 20 may 1933-cü ildə xüsusi qərar qəbul 
etdi. Azərbaycan partiya təşkilatının bu qərarına əsasən tarix proqramları və bir 
sıra dərsliklər Azərbaycan dilində nəşr edildi. Bu tədbirlər əhəmiyyətli olsa da, 
yeni proqram və dərsliklərdə mülki tarix öz yerini tuta bilməmişdi. Məktəbdə 
tarixin tədrisini əsaslı surətdə yaxşılaşdırmaq üçün partiya və hökumət yeni 
qərar qəbul etməli oldu. Bu, SSRİ XKS və ÜİK (b) P Mərkəzi Komitəsinin 
«SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında» 15 may 1934-ci il tarixli 
qərarı idi. Bu qərar məktəb tarix təhsilinin inkişafında yeni dövr açdı. Qərarda 
məktəbdə tarix dərsinin keçilməsinin qənaətbəxş olmadığı, dərsliklər və dərsin 
verilməsi mücərrəd, sxematik xarakter daşıdığı qeyd olunurdu. Qərar «Mülki 
tarix dərslərini canlı və maraqlandırıcı şəkildə keçmək, ən mühüm hadisə və 
faktları onların xronoloji ardıcıllığı ilə şərh etmək, tarixi şəxsiyyətlərin 
xarakteristikasını vermək» və s. məsələləri tarix müəllimlərinin əsas vəzifəsi 
hesab edirdi. Qərarda deyilirdi: «Ancaq belə bir tarix kursu tarix materialının 
şagirdlər üçün lazım olan asanlığını, əyaniliyini və konkretliyini təmin edə bilər; 
şagirdləri tarixi marksistcəsinə anlamağa yanaşdıran tarixi hadisələrin düzgün 
təhlil edilməsi və düzgün ümumiləşdirilməsi ancaq bu əsasda mümküdür…». 
SSRİ XKS və ÜİK (b) P Mərkəzi Komitəsi 1935-ci il iyun ayı üçün tarix 
proqramları və tarixdən (qədim dünya tarixi, orta əsrlər tarixi, yeni tarix, SSRİ 


39 
tarixi, asılı ölkələrin və müstəmləkə ölkələrinin yeni tarixi) dərs kitabları 
hazırlamağı tapşırdılar. 
ÜİK (b)P MK-nın «İbtidai və natamam orta məktəbdə ümumi tarixin və 
SSRİ tarixinin ibtidai kursunun keçilməsi haqqında» 9 iyun 1934-cü il tarixli 
qərarında III-IV siniflərdə SSRİ tarixinin qısa kursu, V-VI siniflərdə qədim 
dünya tarixi, VI-VII siniflərdə orta əsrlər tarixi keçilməsi müəyyən edildi. 
Azərbaycan SSR Xalq Maarif Komissarlığı 1934-cü ildə partiya və 
hökumətin qərarlarına müvafiq olaraq ibtidai, yeddiillik və orta məktəblərimizdə 
tarix fənninin tədrisinə xüsusi fikir verdi. Azərbaycan SSR məktəbləri tarixdən 
dərs kitabları ilə təmin edildi. A.Şestakovun redaktorluğu ilə III-IV siniflər üçün 
«SSRİ tarixinin qısa kursu» dərsliyi 1937-ci ildə Azərbaycan dilinə tərcümə 
edilərək çapdan buraxıldı. Bunun ardınca 1940-cı ildə professor A.V.Mişulinin 
redaktorluğu ilə V-VI siniflər üçün «Qədim dünya tarixi», professor 
E.A.Kosminskinin VI-VII siniflər üçün «Orta əsrlər tarixi», VIII siniflər üçün 
A.V.Yefimovun «Yeni tarix», IX sinif üçün V.M.Xvostovun redaktorluğu ilə 
«Yeni tarix», VII-X siniflər üçün professor A.M.Pankratovanın redaktorluğu ilə 
3 hissədən ibarət «SSRİ tarixi» dərslikləri çapdan çıxdı və 1941-ci ildə 
Azərbaycan dilinə tərcümə edildi. 
Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin «Məktəblərdə 
tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında» 1959-cu il 8 oktyabr 
tarixli qərarı Sovet məktəblərində tarixin tədrisini daha da yaxşılaşdırmaq 
məqsədi daşıyırdı. Qərarda deyilirdi: «Məktəblərdə tarixin öyrənilməsi üçün 
aşağıdakı qayda müəyyən edilsin: 
IV sinifdə – SSRİ tarixindən epizodik hekayələr; 
V sinifdə – qədim dünya tarixinin elementar kursu; 
VI sinifdə – orta əsrlər tarixinin elementar kursu; 
VII-VIII siniflərdə – Sovet dövlətinin ictimai və dövlət quruluşu haqqında 
ən mühüm məlumat verməklə SSRİ tarixinin elementar kursu; 
IX-XI siniflərdə – SSRİ tarixinin sistematik kursu, xarici ölkələrin yeni və 
ən yeni tarixinin sistematik kursu». Sonra göstərilirdi: «Müttəfiq respublikaların 


40 
Kommunist partiyaları MK-larına və Nazirlər Sovetlərinə tapşırılsın ki, 
məktəblərdə müttəfiq respubilkanın tarixini öyrənmək məsələsini nəzərdən 
keçirib həll etsinlər». Bu göstərişə əsasən Azərbaycan Kommunist Partiyası 
Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti «Azərbaycan SSR 
məktəblərində tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında» 1959-cu il 
5 noyabr tarixli qərarı qəbul etdilər. IV-VIII siniflərdə Azərbaycan tarixinin 
öyrənilməsi müəyyən edildi. Bu qərara əsasən Azərbaycanın tarix alimləri ilk 
dərs vəsaiti və dərsliklər yaratdılar. 1960-cı ildə orta məktəb üçün «Azərbaycan 
tarixi» adlı dərs vəsaiti çapdan çıxdı. İlk dərs vəsaitinin yazılmasında və redaktə 
edilməsində görkəmli Azərbaycan tarixçiləri Ə.S.Sumbatzadə, Z.İ.İbrihamov, 
İ.A.Hüseynov, Ə.N.Quliyev və Y.A.Tokorjevski iştirak etmişdilər. 
Ə.Quliyev və E.Məmmədovun «Azərbaycan tarixi» (7-8-ci siniflər) 
kitabının çıxması məktəbliləri Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaiti ilə 
təmin etmək sahəsində böyük əhəmiyyətə malik idi. Həmin tarixi qərarlar 
əsasında SSRİ tarixi və onun tərkibində Azərbaycan tarixi üzrə proqram və 
dərsliklər yaranır və tarix üzrə bir sıra metodik vəsaitlər və məqalələr dərc 
olunurdu. Azərbaycan tarixinin tədrisi metodikası üzrə elmi-tədqiqat işləri 
genişləndirilirdi. 
Azərbaycan tarixinin daha dərindən öyrənilməsi Sov. İKP və SSRİ Nazirlər 
Sovetinin «Məktəblərdə tarixin tədrisi qaydalarında dəyişiklik edilməsi 
haqqında» 1965-ci il 14 may tarixli qərarının böyük əhəmiyyəti oldu. Qərar 
SSRİ tarixinin tərkibində Azərbaycan tarixinin öyrənilməsi imkanını 
genişləndirdi. Bu qərar on illik orta məktəb bazasında konsentrizmin (1959-
1965-ci illər) ləğvinə, məktəb tarix kursunun ardıcıl və əsaslı öyrənilməsinə 
imkan yaratdı. 
Azərbaycan tarixindən dərsliklərin yaranmasına diqqət artırılır. Azərbaycan 
tarixi üzrə 7-8 siniflər üçün yeni dərslik (müəllifi Ə.N.Quliyev, redaktorları 
Ş.C.Məmmədbəyli və İ.V.Struqunovdur), 1972-ci ildə IX sinif üçün (müəllifləri 
Ə.Quliyev, E.Məmmədov, redaktorları Ş.Məmmədbəyli və İ.V.Striqunovdur) 
1975-ci ildə çapdan çıxdı. 


41 
X sinif üçün «Azərbaycan tarixi» dərsliyi 1979-cü ildə çapdan çıxdı 
(müəllifləri E.İ.Məmmədov, K.N.Rəhimov, redaktoru prof. İ.B.Berxindir). 
Orta məktələrdə tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsini bu 
inkişafın altı mərhələdən ibarət olduğunu göstərdi. Həmin mərhələləri aşağıdakı 
şəkildə ümumiləşdirdik: 
1. Oktyabr çevrilişinə qədərki mərhələ 
2. 1920-1934-cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili 
3. 1934-1959-cü illərdə məktəb tarix təhsili sahəsində qazanılmış uğurlar 
4. 1959-1965-ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər. 
Azərbaycan tarixinin tədrisi məsələləri. 
5. 1965-1984-cü illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi 
istiqamətində həyata keçirilən tədbirlər. 
6. 1984-1991-ci illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi 
istiqamətində həyata keçirilən tədbirlər. 
7. 1991-1999-cu ildə olan dövr – proqram və dərsliklərin müstəqilliyimizin 
və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi və 
yeniləşdirilməsi. 
8. 1999-cu ildə prezident H.Əliyevin verdiyi fərmanı ilə «Azərbaycan 
Respublikasının təhsil sahəsində İslahat Proqramı»nın təsdiqindən bu 
günlərədək həyata keçirilən tədbirlər. Bu mərhələyə orta ümumtəhsil 
məktəblərində tarix təhsilinin müasir sistemi daxildir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə