27
bilmək lazımdır. Bu zaman karbon tərkibli maddə nə qədər təmiz olarsa,
onun tarixinin müəyyənləşdirilməsində də bir o qədər az səhvə yol verilər.
Dulusçuluq məmulatları, qədim metal mədənləri və gil sobalar olan
arxeoloji komplekslərin tarixi yaşını vermək üçün paleomaqnit üsulu tətbiq
olunur. Gil çox maraqlı xüsusiyyətə malikdir - soyutma zamanı (800 C-dən
200 C-yə qədər) o təzyiqin və dövrün maqnit sahəsinin istiqamətinin izlərini
özündə saxlayır. Lakin yerin maqnit qütbü dəyişkəndir. Maqnit qütbünün
illik dəyişməsini bilərək əşyanın tarixini müəyyən etmək olar.
Bəzən dəqiq xronologiyanı müəyyənləşdirmək üçün kimyəvi üsuldan
istifadə olunur ki, bu zaman tapılmış sümük qalıqlarının tərkibindəki ftorun
səviyyəsi nəzərə alınır. Sümüklərin ftorla zənginləşməsi uzun sürən bir
prosesdir və yerləşdiyi təbəqədəki suyun tərkibindən asılıdır. Bu metod
sümüklərin yaşı 10 min ildən artıq olduğu halda effektlidir. Sümük
qalıqlarının yaşının müəyyənləşdirilməsində daha bir üsul - ultrasəslərin
yayılma tezliyidir. Zamanla bu dalğaların sümükdə yayılma sürəti dəyişir.
Ultrasəs metodu da məhz bu xüsusiyyətə əsaslanır.
Göstərilən metodlar məhdud tətbiq sahəsinə malikdirlər. Belə ki,
dendroxronologiya yaxşı qorunub saxlanmış ağac gövdəsinə tətbiq olunur;
geomaqnit üsulunun istifadəsi yalnız gildən hazırlanmış əşyanın bişirilmə
yeri dəqiq məlum olan zaman mümkündür. Bu səbədən də hər hansı əşyanın
tarixini müəyyənləşdirmək üçün müxtəlif metodlardan istifadə olunur.
Müqayisəli-tipoloji analizin nəticələri isə uyğun gələn hər hansı digər
metodun köməyi ilə yoxlanılır və yaxud dəqiqləşdirilir.
Dostları ilə paylaş: