Arxeoloji abidələr.
Arxeoloji abidələri istənilən ərazidə aşkar etmək
olmaz. Bu yalnız yaşamla bağlı olan qədim yaşayış məskənlərində və
insanların dəfn olunduğu yerlərdə mümkündür. Belə yerlər ümumilikdə
arxeoloji abidə adlanır. Öz xüsusiyyətlərinə görə abidələr müxtəlifdir. Ən
geniş yayılmış arxeoloji abidələr qədim yaşayış məskənləridir. Aid olduğu
dövrdən və xarakterindən asılı olaraq arxeoloji abidələri aşağıdakı qruplara
bölmək olar: müvəqqəti məskənlər - daş dövrü (paleolit, neolit) üçün
mağaralar, düşərgələr, dayanacaqlar, daha sonrakı tunc, dəmir dövrlərinə və
ilk orta əsrlərə xas olan təbii istehkamlar, arxlar və ya torpaq sədlərlə əhatə
olunmuş yüksəkliklərdə salınan yaşayış məskənləri - kəndlər, süni
istehkamlarla möhkəmləndirilmiş məskənlər şəhərlər aiddir. Yaşayış
məskənləri yerləşmiş ərazilərdə torpaq qatı altında əsasən evlərin, daş, tunc
və dəmir əmək alətlərinin qalıqları aşkar olunur.
Arxeoloji abidələrin digər böyük qrupunu - qəbirlər təşkil edir.
Qafqazın bəzi bölgələrində və ümumiyyətlə, dünyada müxtəlif dövrlərə aid
edilən, öz quruluşu ilə bir-birindən fərqlənən bir çox qəbir abidələri aşkar
20
edilib tədqiq olunmuşdur. Bunlar torpaq, yaxud daş kurqanlar, daş qutular,
katakombalar, kromlex və torpaq üzərində heç bir izi olmayan ən sadə torpaq
qəbirlər, dolmenlər, daşdan yonulmuş sərdabələr, gil küplərdir. Ən geniş
yayılmış abidələrə toplu qəbirlər və kurqanlar aid edilir. Kurqan - bir və ya
bir neçə qəbirin daş və torpaq və yaxud onların qarışığının örtülməsi
nəticəsində əmələ gələn təpəyə deyilir. Kurqanlar əsasən toplu şəkildə
müşahidə olunur, onlara nadir hallarda tək-tək rast gəlinir. Arxeoloqlar tez-
tez heç bir yerüstü qurğuya malik olmayan qəbirlərlə işləməli olurlar.
Araşdırmalar göstərir ki, qədim dövr dəfn mərasimlərində dövrün inanclarına
uyğun olaraq qəbirlərə mərhumla birlikdə müxtəlif əşyalar qoyulurdu: əmək
alətləri, silahlar, bəzək əşyaları, dulusçuluq məmulatları və s.
Arxeoloji abidələrdən sayılan qədim yataqlar və dağ-mədən işləri
aparılan yerlərdə xüsusi maraq doğurur. Bu tip abidələr dövrün istehsalat
mənzərəsini özundə canlandırır və bizdə əcdadlarımızın əmək prosesi barədə
müəyyən təsəvvür yaradır. Onu da qeyd edək ki, qədim yataqlar adətən
dağlıq ərazilərdə yerləşir.
Arxeoloqlar qədim insanın izləri olan mağaraları, məbədləri, cızma və
döymə üsulu ilə həkk olunmuş qayaüstü rəsmlərin - petroqliflərin tədqiqi
zamanı qiymətli materiallar əldə edirlər. Bu nadir abidələr tarixin müxtəlif
mərhələlərində yaradılmışdır.
Bəzi yerlərdə ilk hidrotexniki qurğuların və yolların qalıqlarına da rast
gəlinir. Bunlar da öz növbəsində arxeoloji abidə hesab olunur.
Arxeoloji abidələrin qazıntıları zamanı tədqiqatçılar yalnız maddi
mənbələri aşkar edilməsi ilə məşğul olmurlar. Məs., yaşayış məskənləri
öyrənilərkən məskənin yerləşdiyi ərazi, evlərin quruluşu, onların yerləşmə
prinsipi və sayı, qəbirlərin tədqiqi zamanı isə qəbir abidələrinin quruluşu,
yazıların və qaya təsvirlərinin araşdırılması zamanı təsvirin qayaya həkk
olunma üsulu, süjeti, rəsmin bədii tərtibatı diqqətlə araşdırılır və elmi
nəticələr çıxarılır.
Arxeoloji materiallar hətta abidə sərhədləri çərçivəsində də yerli-
yerində olmurlar, onların öyrənilməsi əsasən dağılıb uçulması ilə əlaqədar
olur. İnsan kollektivinin ərazidə uzunmüddətli məskən salması nəticəsində
xüsusi mədəni təbəqə yaranır və bu təbəqələrdə əşyalar torpaq qatı ilə
örtülmüş şəkildə olur. Əgər biz torpağın qalınlığını şaquli istiqamətdə kəssək,
onun ayrı-ayrı qatları ən aşağı materik əsasından ən yuxarı yer qabığına qədər
görünəcək. Bu qatlar arasında insan fəaliyyətinin qalıqları, tikinti və
təsərrüfat tullantıları, orqanik məhsulların çürüntüləri, evlərin və təsərrüfat
quyularının qalıqları olan zəngin təbəqələr yerləşir.
Hər bir yaşayış məskənlərində təbəqələrin rəngi, yerləşmə dərinliyi,
qalınlığı, müxtəlif olduğu kimi, oradakı insan fəaliyyətinin qalıqları da
müxtəlif olur. Mədəni təbəqənin bu kimi xüsusiyyətləri önəmlidir. Belə ki,
21
bir yaşayış məskənində müxtəlif dövrlərə aid bir neçə mədəni təbəqə yerləşə
bilər. Mədəni təbəqənin qalınlığı dövrdən, buradakı insan fəaliyyətinin
intensivliyindən və təbii amillərdən - torpağın eroziyası, küləyin istiqaməti və
s.-dən asılıdır. Arxeoloqlar yaşayış məskənində araşdırma apararkən mədəni
təbəqənin tərkibi, təbəqələrin yerləşmə ardıcıllığı, qurğular və onlar
arasındakı əlaqəni öyrənirlər. Təbəqələrin bu cür araşdırılması stratiqrafiya
(təbəqələrin təsviri) adlanır. Stratiqrafiya xronoloji nəticələrin çıxarılmasında
böyük rol oynayır.
Dostları ilə paylaş: |