II FƏSİL QAFQAZDA ARXEOLOGİYA ELMİNİN YARANMASI VƏ FORMALAŞMASI TARİXİ
1. Giriş
I. Arxeologiya - insan tarixini maddi mənbələr əsasında,
özünəməxsus səciyyəvi üsullarla öyrənən elm sahəsidir. Arxeologiya yunan
sözü olub hərfi tərcümədə, "qədim dövr haqqında elm" deməkdir.
Bəşəriyyətin yaranışı, maddi, mənəvi və ictimai həyatın inkişafı
haqqında məlumatları biz tarixi mənbələrin tədqiqi nəticəsində əldə edirik.
Tarixi mənbələr müxtəlif olub 2 əsas qrupa bölünür: yazılı və maddi
mənbələr.
Arxeologiya elmi əsasən maddi mənbələrin tədqiqi ilə məşğul olur:
insan əlinin məhsulu olan əmək alətləri, silahlar, qədim tikililərin qalıqları və
s. Bəzən arxeoloqlar yerüstü yazılı mənbələr və abidələrlə işləməli olurlar,
məsələn: qayaüstü təsvirlər, epiqrafik mətnlər. Lakin buna baxmayaraq
başlıca arxeoloji mənbələr yer altından əldə edilir və özündə insanın keçmiş
həyatı haqqında çoxlu sayda maddi mənbələri qoruyub saxlayır. Bu
mənbələrin aşkar edilməsi, öyrənilməsi və nəticələrin çıxarılması arxeologiya
elminin əsas vəzifəsi hesab olunur. Beləliklə, arxeologiya müstəqil elm
sahəsi olub, öz tədqiqat predmetinə və özünəməxsus tədqiqat metodlarına
malikdir. Tarix və arxeologiya elmi ayrılmazdır, onları bir-birindən yalnız
tədqiqat mənbələrinin müxtəlifliyi və bu mənbələrin öyrənilmə üsulları
fərqləndirir. Tədqiqatların məqsədi insan tarixinin öyrənilməsi isə dəyişməz
olaraq qalır. Tarix elmindən fərqli olaraq arxeologiya insan tarixinin bütün
bölmələrinin tədqiqi ilə məşğul olmur və buna görə də, arxeologiyanın
dünyəvi elmlər sırasında xüsusi yeri vardır.
Bildiyimiz kimi, ən qədim yazılı mənbələr e.ə. IV minilliyin II
yarısına aid edilir və cəmiyyətin inkişaf tarixinin yalnız 6 min illik bir
mərhələsini işıqlandırır. Bu mərhələ əsasən ilk dövlət qurumlarının meydana
gəlməsi və formalaşması ilə səciyyələnir. Yer kürəsinin bir çox ərazilərində,
o cümlədən də Qərbi və Şərqi Avropada yazılı mənbələr e.ə. I minilliyin II
yarısına aid edilir. Beləliklə, arxeologiya tarixin xronoloji çərçivələrini
genişləndirir və qədim tarixin araşdırılması birbaşa axreoloji mənbələrin
tədqiqindən asılıdır.
Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub
tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər
19
tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə
fərqlənir.