47
olmuşdur. Burada pərakəndə halda iki insan kəlləsi və insana aid digər
sümüklərə təsadüf edilmişdir. Skeletlərin yanında boyun bəzəyi olan
muncuqlar və heyvan dişlərindən asmalar da olmuşdur. Bu qəbir hələlik
Azərbaycan və ümumiyyətlə, Qafqaz ərazisində ən qədim qəbirdir.
Tədqiqatçılar onu təxminən Son Mezolit və İlk Neolit dövrünə aid edirlər.
Neolit dövrü tayfalarının dünyagörüşü incəsənətdə də öz əksini
tapmışdır. Neolit mədəniyyəti saxsı küplər üzərindəki ornamentlər, kiçik
heykəlciklər, qayaüstü rəsmlər qismində təcəssüm edir. Qədim tayfalar
tərəfindən çay və göllərin qayalıq sahillərində bütöv təsvir qalereyaları -
petroqliflər yaradılırdı. Qafqazda ən qiymətli tapıntı Qobustan qayaüstü
rəsmləridir. Rəsmlərin çoxu məhz neolit dövründə həkk olunmuşdur. Bu
rəsmlər əsasən rəqs və ov edən insanların, öküz və at ilxılarının təsvirlərindən
ibarətdir. Dövrünə görə rəsmin qayaya həkk olunmasının iki əsas üsulu var
idi - qırmızı oxra və qayanın üzərinə cızma yolu ilə həkk olunma. Oxra ilə
çəkilmiş rəsmlər azlıq təşkil edir, cızma üsulu ilə işlənmiş rəsmlər isə əksinə,
daha çoxdur. Rəsmlər ibtidai rəssamlar tərəfindən iti uclu daşla cızılaraq
relyef formasına salınırdı. Əsasən heyvanlar profildən, insanlar isə anfasdan
təsvir olunurdular. İncəsənətin bu növünün çox böyük mənası vardı, belə ki,
qayaların üzərində təsadüfi rəsmlər deyil, əfsanələr, o cümlədən dünyanın
yaranışını özündə əks etdirən təsvirlər həkk olunurdu. Əksər hallarda rəsmlər
süjetli xarakter daşıyırdı. Bunlar ov səhnələri, yaxud heç bir proseslə əlaqəsi
olmayan sadə quş, heyvan, bitki rəsmlərindən ibarətdir. Ümumiyyətlə,
petroqliflər insanların təkcə məişətini deyil, dini həyatını da canlandırırdı.
Neolit incəsənətinin digər əsas hissəsini ornamentlər təşkil edir.
Xəncər tiyələrini bəzəyən sümük (çarpazşəkilli) lövhələrdən ibarət
ornamental bəzəklər məlumdur. Ornamentlər əsasən böyük uğurla saxsı
qablara həkk olunurdu və bu qabların hansı mədəni dövrə aid olduğunu
bildirirdi. Neolit dövrü ornamentləri öz həkkolunma üsulları və süjeti ilə
müxtəlif idi. Ornamentasiyanın bütün qanunauyğunluqları gözlənilirdi:
həndəsi fiqurların həkk edilməsi zamanı simmetriya, ornamental naxışların
sıralanması və s. Beləliklə, ornamentlərin əsasını kvadrat, üçbucaq, rombvari
fiqurlar, dalğalı xətlər, kəndir və daraq izləri təşkil edirdi. Bu elementləri
istifadə etməklə neolit insanı mürəkkəb və çox nəfis naxışlar əldə edirdi. Bu
da onların yüksək bədii zövqündən xəbər verirdi.
Dostları ilə paylaş: