50
Abidədə çoxsüjetli kompozisiyalara da təsadüf olunur. Təsvirlərin ən
qədimləri ərazidən əldə olunan keramika məmulatlarına əsasən ilk tunc
dövrünə aid edilir.
1976-cı ildə arxeoloq Qüdrət İsmayılzadə Kəlbəcər rayonunda
qayaüstü təsvirləri aşkar etmişdir. Onlar işlənmə üslubuna görə digər
Azərbaycan petroqliflərindən fərqlənir. Belə ki, bütün təsvirlər ucu iti daş
aləti bazalt daşlarının hamar səthinə vurmaqla işlənmişdir. Odur ki, hər bir
rəsm döyülmüş çoxsaylı nöqtələrdən təşkil olunmuşdur. Təsvirlər e.ə. III
minilliyin əvvəllərində yaşamış maldar və ovçular tərəfindən yaradılmışdır.
Qaya təsvirləri Zalxagöl və Qaragöl sahillərindəki və Taxta deyilən
yerdəki bərk bazalt daşları üzərində təsvir olunmuşdur. Bu yerlər dəniz
səthindən 3000 m hündürlükdədir.
Q.İsmayılzadənin apardığı tədqiqatlar göstərir ki, bu rayonda sonralar
da (e.ə. II və I minilliklərdə də) qaya təsvirləri mədəniyyəti davam etmiş və
daha mürəkkəb kompozisiyalar yaradılmışdır.
Buradakı petroqliflərin məzmunu insan və heyvanların fəaliyyəti,
həyatı ilə bağlıdır. Bir qayda olaraq insanlar ön və arxa tərəfdən, heyvanlar
isə yan tərəfdən, profildən təsvir edilmişlər. Təsvirlərdə insanların birlikdə
ayin rəqsi, ov səhnəsi, iki öküz qoşulmuş ikiçarxlı araba və s. təsvir
edilmişdir.
Arxeoloq Q.M.Aslanov 1963-cü ildən başlayaraq Abşeronun bir çox
kəndlərində (Şüvəlan, Türkan, Nardaran, Bilgəh, Şağan, Dübəndi) qayalar
üzərində bir sıra maraqlı təsvirlər aşkar etmişdir. Onlar öküz, keçi, maral, it,
şir və insanla bağlı ayin və ov səhnələri təsvirlərindən ibarətdir. Arxeoloq
öküz və keçi rəsmlərini mis-daş dövrünün sonlarına, tunc dövrünün
əvvəllərinə aid etmişdir.
Qərbi Azərbaycanın Zəngəzur bölgəsində Sünük adlanan yerdə qaya
təsvirləri müşahidə edilmişdir. Çox təəssüf ki, bu təsvirlər mətbuatda öz
əksini az tapmışdır.
Qaya təsvirlərində toplanmış, qədim dünyadan bizə yadigar qalan bu
zəngin mədəni irs açıq səma altındakı muzeyləri xatırladır.
Dostları ilə paylaş: