Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

– Dorian, – stola quş əti veriləndə, nəhayət, lord Henri səsləndi. – Sizə nə olub bu 
gün? Elə bil, tamam başqa adam olmusunuz! 
– Görünür, eşqə mübtəla olub! – ledi Narboro uca səslə dedi. – Və qorxur ki, 
mənə desə, onu qısqanaram. Düz də edir. Əlbəttə, mən qısqanaram onu! 
– Əzizim ledi Narboro! – Dorian gülümsədi. – Düz bir həftədir mən heç kəsə 
vurulmamışam. Hə, hə, madam de Ferrol şəhəri tərk edəndən bəri düz bir həftə 
olar heç kəsi sevmirəm... 
– Ehey, mən başa düşmürəm, necə ola bilər ki, siz kişilər belə bir qadına 
vurulursunuz?! – ledi Narboro vurğu ilə soruşdu. – Doğrusu, mən bunu 
anlamıram. 
– Ledi Narboro, biz onu buna görə sevirik ki, o, sizi balaca qızcığaz kimi 
xatırlayır, – lord Henri əlavə etdi. – O qadın bizimlə sizin qısa donunuz arasındakı 
yeganə körpüdür. 
– Oooo, lord Henri, o heç mənim qız donumu belə xatırlamır. Lakin mən onu otuz 
il bundan qabaq Vyanadan tanıyır və yaxşı xatırlayıram; o zaman o, dekolte1 
geyərdi. 
– Madam de Ferrol elə indi də dekolte geyir, – Henri zeytun götürüb cavab verdi, 
– və o qəşəng donunu geyinəndə adama pis bir fransız romanının nəfis nəşrini 
xatırladır. Madam de Ferrol, doğrudan da, gözəl qadındır və ondan hər zaman 
nəsə bir sürpriz gözləmək olar... Onun ürəyi sevgiylə doludur, ailə həyatına da 
çox meyilli bir qadındır! Üçüncü əri öləndən sonra o qadının saçları kədərdən 
tamamilə saraldı. 
– Harri, eyib deyil, utanmırsınız? – Dorian ucadan söyləndi. 
– Bu ki daha çox poetik bir izahatdır! – deyən ev sahibəsi güldü. – Amma lord 
Henri! Nə dediniz, üçüncü əri? Deməli, Ferrol onun dördüncü əridir, hə? 
– Elədir ki var, ledi Narboro! 
– Heç cür inanmaram! 
– İnanmırsınız, mister Qreydən soruşun, onun ən yaxın dostlarından biridir! 
– Düzdür, mister Qrey? 
– Hər halda, o özü belə deyir, ledi Narboro! – Dorian cavab verdi. – Bir dəfə 
ondan soruşdum ki, Marqaret de Navarre kimi onun da öz ərlərinin ürəklərini 
balzamlayıb belində gəzdirmək fikri yoxdur ki... Mənə dedi ki, heç vaxt bunu 
etməz, çünki onun ərlərinin heç əzəldən ürəkləri olmayıb. 
– Dörd ər! Burada deyərlər e, trop de zele1. 
– Daha doğrusu, trop d'audace2. Mən elə onun özünə də belə dedim, – Dorian 
əlavə etdi. 
– Oh, əzizim, o qadının kifayət qədər cəsarəti var, özü də hər şeyə çatar, arxayın 
olun! Bəs bu Ferrol necə adamdır? Mən onu tanımıram. 
– Çox gözəl qadınların ərləri, adətən, kriminal aləmə mənsub olurlar, – deyə lord 
Henri şərabdan bir qurtum vurdu. Ledi Narboro yelpiyi ilə onu yüngülcə vurdu. 


– Lord Henri, dünyayi-aləm sizi, doğrudan da, yüksək dərəcəli tərbiyəsiz adam 
hesab etməkdə haqlıdır. Mən buna heç də təəccüb eləmirəm. 
– Doğrudan belədir? – lord Henri qaşlarını qaldırıb soruşdu. – Görünür, siz o biri 
dünyanı nəzərdə tutursunuz? Bu dünya ilə isə mənim münasibətlərim əladır... 
– Yox, Henri, mənim tanıdığım adamların hamısı deyir ki, siz çox təhlükəli 
adamsınız... – ledi Narboro başını bulaya-bulaya, az qala, çığırdı. 
Lord Henri bir anlıq ciddi görkəm aldı. Sonra: 
– Bu, sadəcə, biabırçılıqdır! – dedi. – İndi adamın dalınca danışmaq, özü də belə 
şeylər danışmaq camaatın adətidir... sözsüz, bunlar düzdür, tamamilə doğrudur... 
– O, düzələn deyil! – Dorian stola əyilib ucadan bildirdi. 
– Mən də bu fikirdəyəm, – ev sahibəsi gülə-gülə təsdiqlədi. – Lakin bura baxın, 
əgər siz hamınız madam de Ferrolun bu axmaqlıqlarından ağızdolusu danışıb ona 
heyranlığınızı bildirirsinizsə, onda gərək mən də ikinci dəfə ərə gedim – dəstədən 
geri qalmamaq üçün, əlbəttə... 
– Ledi Narboro, siz bir daha ərə getməyəcəksiniz,  – lord Henri etiraz etdi. – 
Çünki siz ərdə ikən xoşbəxt olmusunuz... Adətən, qadınların birinci ərləri murdar 
olanda onlar ikinci dəfə ərə gedirlər... Kişidə isə tamam başqa cürdür. Kişi ikinci 
dəfə ona görə evlənir ki, o, birinci arvadını çox sevirmiş. Qadınlar izdivacda 
xoşbəxtlik axtarırlar, kişilər isə öz səadətini riskə qoyurlar. 
– Narboro o qədər də yaxşı ər deyildi... – ev sahibəsi dedi. 
– Əgər o, ideal olsaydı, siz onu sevməzdiniz, əzizim. Qadınlar bizi elə 
nöqsanlarımıza görə sevirlər. Əgər bu çatışmazlıqlar bizdə ifrat dərəcədə olursa, 
onlar yenə bizi bağışlayırlar. Hətta ağlımızı... Ledi Narboro, qorxuram bu 
danışdıqlarıma görə məni bir daha ziyafətə dəvət etməyəsiniz. Neyləmək olar, 
həqiqət budur... 
– Elədir ki var, lord Henri. Əgər qadınlar siz kişiləri nöqsanlarınıza görə 
sevməsəydi, neyləyərdiniz, hə? Onda heç biriniz evlənə bilməzdiniz, hamınız 
bədbəxt subay kimi qalardınız. Əlbəttə, bu da sizi özünüzü düzəltməyə, ya da 
dəyişdirməyə məcbur edə bilməzdi. İndi dəbdir, bütün evli kişilər subay kimidir, 
subay kişilər isə evli kimi gəzirlər... 
– Fin de siècle!1 – lord Henri fransızca mızıldadı. 
– Fin du globe!2 – ledi Narboro da fransızca ona etiraz etdi. 
– Kaş elə dünyanın sonu olaydı! – Dorian ah çəkdi. – Həyat başdan-ayağa 
ümidsizlikdir. 
– Ah! Mənim əzizim! – ledi Narboro əlcəklərini stolun üstünə qoyub dilləndi. – 
Mənə deməyin ki, həyatınızdan bezmisiniz! Adam belə söz deyirsə, deməli, həyat 
onu bezdirib. Lord Henri çox əxlaqsız bir adamdır; bəzən mən də təəssüf edirəm 
ki, xeyirxah olmuşam; amma siz ayrı aləmsiniz, pis ola bilməzsiniz...  Bu, sizin 
üzünüzdən görünür. Mən sizə yaxşı bir arvad tapım gərək. Lord Henri, nə 
deyirsiniz, mister Qreyin evlənmək vaxtı deyilmi? 


– Mən elə həmişə bunu deyirəm ona, ledi Narboro, – lord Henri təsdiq əlaməti 
olaraq başını tərpətdi. 
– Deməli, biz ona münasib birini tapmalıyıq. Mən elə bu gün Debreti diqqətlə 
gəzib arayacağam, onun üçün gözəl xanımların siyahısını çıxaracağam. 
– Yaşlarını da göstərəcəksiniz, ledi Narboro? – Dorian söhbətə sualla qoşuldu. 
– Əlbəttə, göstərəcəyəm. Əlbəttə, bəzi düzəlişlərlə. Lakin belə işdə tələsməzlər. 
İstəyirəm ki, “Morninq Post”da yazıldığı kimi, necə deyərlər, münasib izdivac 
olsun; siz və arvadınız xoşbəxt olasınız. 
– Bizdə xoşbəxt izdivaclar barədə o qədər boş-boş söhbətlər edirlər ki! – lord 
Henri dedi. – Kişi hər hansı bir qadınla xoşbəxt ola bilər. Bu xoşbəxtlik o vaxta 
kimi olur ki, kişi artıq onu sevməsin. 
– Siz nə abırsız adamsınız! – ledi Narboro öz stulunu geriyə dartdı  və başı ilə ledi 
Rukstona işarə etdi. – Lord Henri, siz tez-tez bura gəlib mənimlə nahar edin! Siz 
mənə o biri tonusverici vasitələrdən daha çox təsir edirsiniz. Hətta deyərdim ki, 
ser Andrenin mənə yazdığı o dərmanlardan da yaxşı təsir edirsiniz və mənə 
qabaqcadan deyin ki, siz burada kimləri görmək istəyirsiniz. Çalışaram sizin üçün 
daha maraqlı adamlar yığım buraya. 
– Mən gələcəyi olan kişiləri və keçmişi olan qadınları sevirəm, – lord Henri cavab 
verdi. – Onda gərək siz tamam qadınlardan ibarət kampaniya yığasınız, eləmi? 
– Qorxuram, elə də olsun! – ledi Narboro qəhqəhə çəkdi, sonra ayağa durub əlavə 
etdi: – Ledi Rukston, əzizim, min dəfə üzr istəyirəm, tez durdum, görmədim, siz 
hələ papirosunuzu çəkib qurtarmamısınız... 
– Eybi yox, ledi Narboro. Narahat olmayın, onsuz da, mən həddən artıq çox 
çəkirəm. Azaldacağam bu yaxında. 
– Ledi Rukston, siz Allah, lazım deyil, – lord Henri dilləndi. – Azaltmaq çox pis 
şeydir. Normada saxlamaq isə dadsız xörək kimi bir şeydir. İfrat çox isə sanki
bayram ziyafətidir.  
Ledi Rukston maraqla ona baxdı. 
– Lord Henri, siz vaxt tapıb mütləq mənim yanıma gəlin, bunu mənə təfərrüatı ilə 
izah edin. Sizin nəzəriyyəniz mənə maraqlı gəldi, – ledi Rukston deyib yemək 
otağından çıxdı.  
– Deməli, belə... Biz indi yuxarı qalxırıq... – ledi Narboro qapı ağzından səsləndi. 
– Siz də burada siyasətdən, qalmaqallardan az danışın, tez gəlin. Yoxsa orada 
hamımız dava salarıq... 
Hamı gülüşdü. Xanımlar çıxandan sonra mizin küncündə oturan mister Çəpmən 
vüqarla ayağa qalxaraq gəlib lord Henrinin yanında oturdu. Dorian Qrey də lord 
Henriyə yaxın əyləşdi. Mister Çəpmən dərhal bərkdən Ümumilər Palatasındakı 
vəziyyətdən danışmağa, öz rəqiblərinə qarşı kinayəli sözlər deməyə başladı. 
İngilis üçün ən müdhiş söz olan “doktrinaçı” sözü tez-tez onun ağzından çıxıb 
ətrafa yayılırdı. Mister Çəpmən ingilis bayrağını  Fiki qülləsinin başına çıxarıb  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə