Qerrinin üzündəki ümidsizlik ifadəsi sanki deyirdi: “Bu pul da
belə getdi”.
Əlimi kürəyinə qoyub təsəlli verdim: “Narahat olma, anamı
tapacağıq. Söz verirəm. Üç günə tapacağıq”. Peyğəmbərliyim
çəkiliş heyətini bir balaca rahatlatdı. Təyyarə bizim dalımızca
səkkiz gündən sonra gələcəkdi. Cəmi səkkiz gün... Pilotlara
deyə bilməzdik ki, “Hə, bir də gəlməli olacaqsınız, biz hələ
hazır deyilik”. Əddis-Əbəbədən Londona biletimiz də artıq
alınmışdı, getməyə məcbur idik və bu, son olacaqdı. Ya
Mamalı, ya da Mamasız!
Kəndlilərlə alaçıqda qalır,
onlarla birlikdə yeyir, vaxtımı pis
keçirmirdim. Amma bunu ingilislər barədə deyə bilmərəm.
Onlar yatmaq üçün pəncərəsiz bir ev tapıb bütün günlərini
səyyar yataq kisələrinin üstündə keçirirdilər.
Özləri ilə kitablar
və fanar gətirmişdilər, lakin gecələr ağcaqanadların əlindən
yata bilmirdilər. Yedikləri isə ancaq konservləşdirilmiş lobya
idi. Yeməyə başqa heç nələri olmadığından lobyadan artıq
iyrənirdilər.
Bir gün günorta somalili bir kişi onlara qonaqlıq vermək
qəranna gəldi və gözəl bir çəpiş tutub gətirdi. Onlar isə keçini
tumarlamağa başladılar. Bir az keçmiş kişi keçini dərisi
soyulmuş halda gətirərək fəxrlə dedi: “Bu da sizin naharınız!”
Onlar şoka düşdülər, lakin heç nə demədilər. Qazan tapdım,
ocaq qalayaraq keçini düyü ilə bişirdim. Somalili getdikdən
sonra ingilislər dedilər:
-
Elə bilirsən biz bunu yeyə biləcəyik?
-
Əlbəttə, yeyəcəksiniz. Niyə də yox?
-
Oh, Varis, qətiyyən.
-
Yaxşı, onda niyə onu kəsməyə aparanda dillənmədiniz?
downloaded from KitabYurdu.org