139
edilir, yəni yaradılan vençur firmalarına dövlət tərəfindən maliyyə yardımı göstərilir, həmin
firmalar üçün
vergi güzəştləri tətbiq edilir, elmi-texniki tərəqqi və mütərəqqi texnoloji
proseslərin işlənib hazırlanması məqsədilə həyata keçirilən proqramlara /layihələrə/ dövlət
maliyyə ehtiyatları ayırır və sair.
Son zamanlar innovasiya fəaliyyətinin həyata keçirilməsi sahəsində Yaponiya dövləti
nəinki ABŞ-dan, həmçinin digər inkişaf etmiş ölkələrdən xeyli irəli getmiş və həmin proses XX
əsrin 60-70-ci illərindən başlayaraq indiyə kimi davam etdirilir. Müasir dövrdə Yapon
«möcüzəsi»nin, yəni 60-70-ci illərdən başlayaraq bu ölkənin sürətli iqtisadi sıçrayışının əsas
səbəbləri haqqında müxtəlif fikirlər söylənilir. Bu fikirlərdən ən mühümü həmin «möcüzə»nin
səbəbini məhz elmi-texniki tərəqqi və innovasiya prosesindəki əsaslı dəyişikliklərlə əlaqədar
olmasından ibarətdir. Konkret olaraq, bu, özünü son illərdə elektron hesablama texnikasının,
informativ idarəetmə sistemlərinin, texnoloji proseslərin avtomatlaşdırılmasının geniş
yayılmasında göstərir. Bu gün innovasiya prosesinin tərkibinə yuxarıda
göstərilənlərdən başqa,
biotexnologiyanın və optik elektrotexnikanın nailiyyətlərinin tətbiqini, videotexnologiyadan və
yüksək möhkəmlik sintetik əvəzedicilərdən istifadəni, rotor və rotor-konveyer xətlərinin
robotlaşdırılmasını, robototexnika komplekslərini /robototexnika kompleksi - qarşılıqlı
fəaliyyətdə olan robotların məcmusu, istehsal əməliyyatları qrupunun yerinə yetirilməsində
kompleks avtomatlaşdırmanı təmin edir/ və sairləridə əlavə etmək olar.
Yaponiyada innovasiya fəaliyyətinin həyata keçirilməsinin digər fərqləndirici xüsusiyyəti
iqtisadi inkişafda xarici ölkələrin kəşflərindən, ideyalarından, layihələrindən və sairdən geniş
istifadə edilməsidir. Belə ki, son 30 ildə Yaponiyada xarici ölkələrdən qabaqcıl texnologiyanın
alınmasına 10 milyard ABŞ dollarından artıq vəsait sərf edilmişdir. Bu dövrdə Yapon firmaları
tərəfindən təqribən 42 min xarici
lisenziya əldə edilmişdir ki, bunların da yarısından çoxu ABŞ-
ın payına düşür. Yaponiyanın innovasiya fəaliyyətinin mühüm fərqləndirici xüsusiyyətlərindən
biri də ondan ibarətdir ki, bu ölkədə texniki-texnoloji məqsədlər ümumdövlət səviyyəsində
həyata keçirilir, müəyyən edilmiş məqsədə nail olmaq üçün iqtisadiyyatın bütün imkanları
səfərbərliyə alınır, innovasiya fəaliyyəti digər fəaliyyət növlərinə nisbətən iqtisadi cəhətdən daha
yaxşı stimullaşdırılır. Məsələn, Yaponiyada 70-ci illərdən başlayaraq xarici texniki-texnoloji
layihələrin idxalı xeyli azaldılmış, bunun əvəzində isə yerli texniki-texnoloji nailiyyətlər əsasında
iqtisadi artım təyin olunur.
Fəqət bu o demək deyildir ki, artıq Yaponiya xarici ölkələrdən
lisenziya almır, əksinə, Yapon konsernləri, firmaları özlərinin müstəqil elmi-texniki potensialını
yaratmaqla yanaşı, yenə də xarici lisenziyalardan istifadəyə üstünlük verirlər. Qeyd edək ki,
ABŞ-na və Yaponiyaya nisbətən digər inkişaf etmiş ölkələr innovasiya sahəsində az inkişaf
etmişlər. Bunun əsas səbəblərindən biri Qərbi Avropa ölkələrində risklə bağlı əməliyyatların
həyata keçirilməsinə lazımınca diqqət verilməməsindədir. Belə ki, Böyük Britaniyanın və
İtaliyanın kiçik innovasiya kompaniyaları əsasən iri korporasiyalarla əlaqə yaradırlar ki, bu da
həmin kiçik innovasiya kompaniyalarını onlardan asılı vəziyyətə salır və beləliklə də, onların
müstəqil inkişafı müəyyən qədər məhdudlaşdırılmış
olur. Deməli, innovasiya fəaliyyətini inkişaf
etdirmək üçün risklə bağlı əməliyyatların, proqramların və layihələrin həyata keçirilməsinə daha
çox diqqət yetirilməlidir.
Məlumat üçün qeyd edək ki, son illərdə ölkəmizdə ardıcıl şəkildə
həyata keçirilən iqtisadi strategiya və texnoloji yeniləşmə öz müsbət nəticələrini verir. Artıq
iqtisadiyyatımızda bazar prinsiplərinə uyğun meyllər inkişaf edir və yeni münasibətlər
formalaşır. Əldə edilmiş makroiqtisadi sabitlik iqtisadi artım tempini daha da yüksəltməyə,
inflyasiyanı minimal həddə endirməyə, maliyyə sabitliyini qoruyub saxlamağa və əhalinin real
gəlirini tədricən artırmağa imkan vermişdir. Ölkə iqtisadiyyatında müşahidə edilən pozitiv
meyllər 2002-ci ildə də davam etmişdir.
Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ölkənin iqtisadi və sosial
həyatındakı dəyişilikləri əks etdirən makroiqtisadi göstəricilər 2001-ci illə müqayisədə xeyli
yaxşılaşmışdır. Ümumi Daxili Məhsul istehsalı 9,3% və onun adambaşına real həcmi isə 6,5%
artmışdır. Neft sənayesində tikinti-quraşdırma işlərinin sürətlənməsi tikinti sahəsində yaranmış
əlavə dəyərin 2,4 dəfə çoxalmasına
səbəb olmuş, bu da öz nəticəsində ÜDM-in artmasına böyük
140
təsir etmişdir. 2002-ci ildə ölkədə təqribən 24 trilyon manatlıq əlavə dəyər yaradılmışdır. Onun
40,3%-i sənayenin, 10,8%-i nəqliyyatın, 6,2%-i tikintinin, 2,9%-i kənd təsərrüfatının və 39,8%-i
isə digər sahələrin payına düşür.
Sənaye sahələrində təqribən 17,8 trilyon manatlıq məhsul istehsal edilmişdir. Artım neft və
qaz hasilatında 0,9%, metallurgiyada 77,6%, kimya və neft-kimya sənaye müəssisələrində
52,2%, yüngül sənayedə 2,2 dəfə, tikinti materialları sənayesində 25,2% olmuşdur. Qeyri-dövlət
bölməsində sənaye məhsulu istehsalı 7% artmış, Ümumi Daxili Məhsulda onun payı 49,1%-ə
çatmışdır. 2002-ci ildə 2001-ci illə müqayisədə 2,2 dəfə çox investisiya yönəldilmişdir. Bu
vəsaitin 93,4%-i istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilmişdir.
Xarici investorlar əvvəlki illərdəki kimi, yenə də investisiya qoyuluşunda həlledici rol oynayırlar.
Belə ki, 2002-ci ildə ölkə iqtisadiyyatına yatırılan sərmayənin 82,7%-i xarici investorlara
məxsusdur. Milli iqtisadiyyatın inkişaf etdirilməsi üçün zəruri olan daxili maliyyə mənbələrinin
məhdud
olduğunu nəzərə alsaq, xarici investisiyaların cəlb edilməsi üçün daha əlverişli şəraitin
yaradılmasına hələ böyük ehtiyac var. Məlum olduğu kimi, 2002-ci ilin may ayının 14-də ölkə
prezidentinin xarici sahibkarlarla görüşündə bu məsələ ətraflı təhlil olundu və mövcud qüsurların
tezliklə aradan qaldırılmasının zəruriliyi vurğulandı.
Dünya təcrübəsi göstərir ki, maliyyə sabitliyini təmin etmədən davamlı iqtisadi artıma nail
olmaq mümkün deyil. Bu baxımdan indiyə qədər ölkədə həyata keçirilən antiinflyasiya siyasəti
xüsusi qeyd edilməlidir. 2002-ci ildə illik inflyasiya səviyyəsi cəmi 2,4% olmuşdur. Bu da ölkədə
inflyasiyanın minimal həddə olduğunu göstərir. Belə bir vəziyyət büdcə və pul-kredit siyasətinin
tədricən yumşaldılmasını tələb edir. Əks halda inflyasiya səviyyəsindən təxminən 20 dəfə yüksək
olan faiz dərəcələri ölkədə inflyasiya fəaliyyətini zəiflədər və iqtisadi artımın qarşısında ciddi
əngələ çevrilər.
Azərbaycan iqtisadi inkişafına və perspektivliyinə görə MDB məkanına
daxil olan
ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Xarici investorların böyük həcmdə ölkəmizə cəlb
edilməsi, Azərbaycanın strateji əhəmiyyətə malik investisiya layihələrində iştirakı, neft
strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi, iqtisadi inkişafda özəl bölmənin rolunun
artması iqtisadi tərəqqi və sürətli inkişaf üçün yeni-yeni imkanlar açır. İndiyədək ölkə
iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 11,28 milyard ABŞ dollarından çox investisiya
yönəldilmişdir ki, bununda 7,9 milyard dolları /70%/ xarici investisiyalar təşkil edir. 2002-ci
ildən başylayaraq idarəetmə sistemində köklü dəyişikliklərin aparılması, iqtisadi prosesləri
sistemli və səmərəli koordinasiya edə biləcək bir sıra dövlət strukturlarının yaradılması bu
imkanların tezliklə reallaşmasından xəbər verir. 2002-ci il bir neçə istehsal təyinatlı yeni
obyektlər istifadəyə verilmişdir. «Günəşli» yatağında 8 istismar quyusu və Etilen-politelen
zavodlarının nəzdində «Vixar generator kompleksi» işə salınıb. Gücü 35 kVt olan 32,4 km
uzunluğunda İmişli-Parsabad elektrik ötürücü xəttinin çəkilişi, Sumqayıt şəhərində gücü 400
mVt olan yarımstansiyanın bərpası başa çatdırılıb. İldə 70 min ton armatur istehsal edən «Bakı
Steel Kompani» müəssisəsi daxili və xarici bazara öz məhsullarını çıxarıb.
Son illər ölkədə yaranmış ictimai-iqtisadi sabitlik xarici investisiya axını üçün əlverişli
şərait yaradıb. 2002-ci ildə ölkə üzrə iqtisadi və sosial sahələrin inkişafına
bütün maliyyə
mənbələri hesabına 5,6 trilyon manat həcmində sərmayə yönəldilib. Bu məbləğin 67,7%-i, yəni
3,8 trilyon manatı xarici investisiya olub və istehsal fəaliyyətli obyektlərin tikintisinin davam
etdirilməsinə 5 trilyon manat vəsait sərf edilmişdir.
Tikinti-quraşdırma işlərində istifadə edilmiş
investisiyanın həcmi 2001-ci illə müqayisədə 5,9% artmışdır. 2002-ci ildə tikintisi vacib sayılan
obyektlərdə inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən sifarişçi təşkilatlara 163,5
milyard manat vəsait ayrılmış və onun 106,7 milyard manatından istifadə edilmişdir. 2002-ci ildə
əsas kapitala yönəldilmiş investisiyanın 4758,6 milyard manatı, başqa sözlə, bu məqsədlə
ayrılmış ümumi məbləğin 84,2%-i müəssisə və təşkilatların öz vəsaitləri, 292,3 milyard manatı,
yaxud 5,2%-i əhalinin şəxsi vəsaitləri, 360,4 milyard manatı, ya da 6,4%-i bank kreditləri, 118,2
milyard manatı /2,1%-i/ büdcə vəsaitləri və digər vəsaitlər olmuşdur. Əsas
kapitala yönəldilmiş
investisiyanın 1349,4 milyard manatı dövlət mülkiyyətində olan təşkilatların, 4299,8 milyard