ƏDƏBİyyatşÜnasliqda narratologiYA


Eksplisit yaxud uydurma müəllif



Yüklə 29,59 Kb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü29,59 Kb.
#82764
1   2   3   4   5   6
ƏDƏBİYYATŞÜNASLIQDA NARRATOLOGİYA

Eksplisit yaxud uydurma müəllif bədii uydurma aləminə məxsusdur və təhkiyəni öz adından aparır. O bəzi hallarda bütün əsərin, digərlərinə isə onun bir hissəsinin personajı qismində çıxış edir. T. Mannın “Doktor Faustus əsərinin qəhrəmnı Seytblom belə bir eksplisit müəllif misal ola bilər.

Eksplisit müəllifdən fərqli olaraq implisit yaxud mücərrəd müəllif təhkiyəçi-personaj qismində ədəbi-bədii nümunədə təcəssüm olunmur və mütaliə prosesində oxucu tərəfindən əsərin implisit müəllifi kimi yaradılır. Narratoloji təsəvvürlərə görə implisit müəllif ona uyğun gələn implisit oxucu ilə birlikdə bütövlükdə ədəbi nümunədə bədii kommunikasiyanın təmin olunması üçün cavabdehdir. H. Link implisit müəllif haqqında yazır: “O bütün təhkiyə üsullarının və mətnin xüsusiyyətlərinin “inteqrasiya nöqtəsi”dir. Bu nöqtədə mətnin obrazının bütün elementləri məna kəsb edirlər” (1976).

Amerikan tədqiqatçısı U. But keçən əsrin 60-cı illərində implisit müəllif konsepsiyasını ardıcıl şəkildə işləyib hazırlamışdır. O qeyd edirdi ki, yazıçı (“real müəllif”) “əsərini yazdıqca sadəcə olaraq ideal, simasız “ümumiyyətlə insan”ı deyil, “özünün” nəzərdə tutulan variantını yaradır. O nəzərdə tutulan müəlliflərdən, başqa əsərlərdə rast gəldiyimiz başqa insanlardan fərqlənir. Biz bu nəzərdə tutulan müəllifi “rəsmi yazar” yaxud Ketlin Tillotsonun yenidən dövriyyəyə buraxdığı “müəllifin ikinci “məni” adlandıra bilərik. Aydındır ki, mətnin dərk olunması prosesində oxucuda yaranan bu obraz müəllif təsirinin ən mühün effektlərindən biridir. O nə qədər simasız görünməyə cəhd göstərsə də, onun oxucusu labüd şəkildə “rəsmi yazar” portretini yaradacaq” (1961).

But xüsusilə qeyd edir ki, oxucu eyni sənətkarın müxtəlif əsərlərində müxtəlif implisit müəlliflərlə üz-üzə gəlir. Məsələn, Fildinqin “Conatan Uayld” əsərində nəzərdə tutulan müəlifdə “ictimai işlərlə və bu dünyada hakimiyyətə nail olmuş “böyük adamlar”ın çılğın şöhrətpərəstliyinin nəticələri son dərəcə güclü təlaş doğurur. Halbuki “Ameliya” əsərində bizi salamlayan İmplisit müəllif ciddiliyi ilə “Cozef Endrus” romanındakında isə zarafacıl və qayğısız xaraktei ilə fərqlənir”(1961). Beləliklə tədqiqatçı inandırıcı şəkildə sübuta yetirir ki, Fildinq özünün bu üç romanında üç müxtəlif, bir-birindən fərqli implisit müəllif obrazı yaratmağa nail olmuşdur.

İmplisit müəllif xüsusilə “etibarsız” təhkiyəçi ilə müqayisədə özünü açıq şəkildə büruzə verir. Bu müqayisənin mahiyyəti onunla bağlıdır ki, “etıbarsız”müəllifin dəyər və mənəviyyat prinsipləri yaxud verdiyi məlumatlar kitabın bütün məzmunundan doğan məlumatla, yəni nəzərdə tutulan müəllifin “təhkiyə normaları”ilə üst-üstə düşmür. Holland tədqiqatçısı E.A Haard bununla bağlı qeyd edir: “ Əgər konkret əsərlərdə mücərrəd müəllifin mühüm mövqeyə malik olduğu vurğulanırsa, onda “O kimdir?” sualı əsərin mövzusunun ifadə olunmasına bərabərdir. Bu halda, əlbəttə ki, müəyyən özbaşınalıq labüddür. Bununla yanaşı konkret hallarda mücərrəd müəllifə mənanın bəzi elementlərini, məsələn, birinci şəxsin adından təhkiyəni aparan sadəlövh təhkiyəçiyə istehzalı münasibət şamil etmək mümkündür” (1979).

İmplisit müəllif kateqoriyasının üzvlənməsində əsas problem onunla təhkiyəçi arasında məsafənin müəyyən olunması ilə bağlıdır. Bu xüsusilə şəxssiz təhkiyə üçüncü şəxs adından aparılanda böyük əhəmiyyət kəsb edir. Belə ki, amerikalı tədqiqatçı qeyd edir ki, təhkiyəçidən fərqli olaraq implisit müəllif “oxucuya heç bir şey “danışa” bilməz, çünki onun nə səsi, nə də kommunikasiya üçün digər vasitələri var” (1978). Tədqiqatçının fikrincə implisit müəllif təhkiyəçi də daxil olmaqla bütün təhkiyə vasitələrini təşkil edən prinsipdən başqa bir şey deyildir: “Dəqiq desək, aydın məsələdir ki, bütün deyimlər “vasitəlidirlər”, çünki onları kim isə uydurmuşdur. Hətta dialoqun özünü də hansı isə bir müəllif uydurmalıdır. Ancaq aydındır ki (nəzəriyyədə və tənqiddə ümumən qəbul olunmuşdur), biz təhkiyəçi və nəql edən arasında, yəni hal-hazırda hadisəni nəql edənlə fabulanın ali yaradıcısı olan müəllif arasında fərqi üzə çıxarmalıyıq. Yalnız müəllif nəql edənin lazım olub-olmaması və onun rolunun nə dərəcədə mühüm olması məsələlərini həll edir” (1978).




Yüklə 29,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə